Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-57/2022 27.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı "Göyçay Rayon Aqrar İslahat Komissiyasının 28.08.1998-ci il tarixli 41 nömrəli qərarı ilə ayrılmış 0,18 ha həyətyanı torpaq sahəsinə dair verilmiş JN-729A kod 40814028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1229/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı adına 31.03.2004-cü il tarixli JN729A kod 40814028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" tərtib edilmişdir. Həmin sənəddə göstərilmişdir ki, Göyçay Rayon Aqrar İslahat Komissiyasının 28.08.1998-ci il tarixli 41 nömrəli qərarına əsasən, Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, JN-729A kod 40814028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,18 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh sözügedən torpaq sahəsinin, DWG məlumatlarının təqdim edilməsi üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə yazılı sorğu verərək ********** nömrəli cavab almışdır. Həmin cavabda göstərilmişdir ki, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş elektron baza məlumatlarında sözügedən Şəhadətnamə barədə məlumat aşkarlanmadı. Bundan sonra cavabdeh torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etmiş və 29.06.2021-ci il tarixli **********72 nömrəli məktubla bildirmişdir ki, həmin JN-729A kod 40814028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən torpaq sahəsi Ərazi İdarəsinin kadastr elektron baza məlumatlarında və DWG xəritəsində bələdiyyə torpağı kimi işarələnmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, JN-729A kod 40814028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən torpaq sahəsi onun mülkiyyətində olduğuna görə onun mülkiyyət hüququ qeydiyyata alınmalıdır. Cavabdeh iddianı qəbul etməmiş və 27.08.2021-ci il tarixli **********62 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: İşdə olan, JN-729A kod 40814028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Göyçay Rayon Aqrar İslahat Komissiyasının 28.08.1998-ci il tarixli 41 nömrəli qərarına əsasən, Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Göyçay Rayon Aqrar İslahat Komissiyasının 28.08.1998-ci il tarixli 41 nömrəli qərarından görünür ki, həmin qərarla S.Vurğun adına Uİ və EM-si yerli aqrar islahat komissiyasının 07.08.1998-ci il tarixli 12 nömrəli, Xətai adına kolxoz yerli aqrar islahat komissiyasının 29.07.1998-ci il tarixli 6 nömrəli protokollarının təsdiq edilməsi və s. qərara alınmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən cavabdehə yazılmış ********** nömrəli məktubdan görünür ki, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş elektron baza məlumatlarında JN-729A kod 40814028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" barədə məlumat aşkarlanmamışdır. İşdə olan, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi X5 filialının 16.08.2021-ci il tarixli 79 nömrəli məktubundan görünür ki, Göyçay Rayon İcra Hakimiyyəti başçısının Şəadət kəndi üzrə nümayəndəliyinin İ Ərəbcəbirli kəndinin 1991-2000-ci illərə dair təsərrüfatbaşına kitabları yoxlanılarkən İddiaçı adına heç bir təsərrüfat qeydi aşkar edilməmişdir. İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 31.08.2021-ci il tarixli **********99 nömrəli məktubundan görünür ki, Göyçay rayonu İ Ərəbcəbirli kəndinin həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 12 oktyabr 2021-ci il tarixli, 2- 1(116)-1229/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı "Göyçay Rayon Aqrar İslahat Komissiyasının 28.08.1998-ci il tarixli 41 nömrəli qərarı ilə ayrılmış 0,18 ha həyətyanı torpaq sahəsinə dair verilmiş JN-729A nömrəli kod 40814028 olan "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1229/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdilər. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2-1(116)-1229/2021 saylı qərarı qəbul edilərkən maddi hüquq normaları kobud şəkildə pozulduğundan ləğv edilməli və yeni qərar qəbul edilərək iddia tələbim təmin edilməlidir. Belə ki, mübahisədən görünür ki, Göyçay Rayon Aqrar İslahat Komissiyasının 28.08.1998-ci il tarixli 41 nömrəli qərarı ilə mənə fərdi yaşayış evi tikmək üçün 0,18 ha həyətyasnı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə “Torpağın mülkiyyət verilməsinə dair JN-729 A kod 40814028 nömrəli Şəhadtnamə” hazırlanıb verilmişdir. Həmin şəhadətnamə X4 Komitəsinin Göyçay rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitununun vəzifəli şəxsləri tərəfindən 31 mart 2004-cü il və 21 mart 2004-cü il tarixdə imzalanaraq möhürlənmişdir. (DTXK-nin Göyçay rayon şöbəsinin müdiri Nofəl Fərzəliyev və Dövlət Yerquruluşu Layihə İnstitutunun vəzifəli şəxsi H.Əlisoltanov) Həmin şəxslərin möhürü və imzası ilə təsdiqlənmiş “Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə onun mülkiyyətimə verilən 0, 18 ha torpaq sahəsinin ona aid olmasını sübut edir. Lakin işə baxan təqdim olunan sübutları araşdırmadan, yəni şəhadətnamənin həqiqiliyini araşdırmadan ədalətsiz qərar qəbul etməklə məni mülkiyyət hüququmdan məhrum etmişdir. Məhkəmə onu da qeyd edir ki, JN-729 A kod 40814028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əvvəllər torpaqlar üzərində hüquqların qeydiyyatını aparan DTXK-nın Göyçay rayon şöbəsi tərəfindən 31.03.2004-cü ildə qeydiyyata alınmış, lakin hazırda elektron baza məlumatlarında aşkar edilməmişdir. Belə olan halda, şəhadətnamənin elektron xəritə bazasına yerləşdirilməməsi onun təqsiri deyil və bu mübahisə cavabdeh tərəfindən həll edilməlidir ki, kağızdaşıyıçı hesab olunan şəhadətnamədəki məlumatlar qanunvericiliyin tələbi baxımından elektron xəritələrdən daha üstün hüquqi qüvvəyə malikdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1229/2021 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(116)- 1229/2021 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçıməhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində deyilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsində deyilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Sadalanan normalardan göründüyü kimi, torpaq islahatı zamanı torpaq sahəsinin vətəndaşın mülkiyyətinə verilə bilməsi üçün həmin torpaq sahəsinin islahatdan əvvəl onun qanuni istifadəsində olması tələb olunur. Lakin müəyyən edildi ki, iddiaçının adına olan JN- 729A kod 40814028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmiş 0,18 ha torpaq sahəsinin torpaq islahatından əvvəl onun qanuni istifadəsində olmasını təsdiq edən heç bir sənəd yoxdur. Məhkəmənin 06.08.2021 tarixli sərəncamı ilə həmin 0,18 ha torpaq sahəsinin 1996-cı ildə, yaxud ondan əvvəl iddiaçının istifadəsinə verilməsini təsdiq edən qərar və ya digər sənədin məhkəməyə təqdim edilməsi iddiaçıya təklif edilsə də, o, məhkəməyə göndərdiyi 17.08.2021-ci il tarixli ərizəsində torpaq sahəsinin 1996-cı ildə və ondan əvvəl onun istifadəsində olmadığını və belə bir sənədin mövcud olmadığını bildirmişdir. Hətta Azərbaycan Respublikası Milli Arxiv İdarəsi X5 filialının 16.08.2021-ci il tarixli 79 nömrəli arayışı ilə müəyyən edildi ki, Göyçay Rayon İcra Hakimiyyəti başçısının Şəadət kəndi üzrə nümayəndəliyinin İ Ərəbcəbirli kəndinin 1991-2000-ci illərə dair təsərrüfatbaşına kitablarında İddiaçı adına heç bir təsərrüfat qeydi yoxdur. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 31.08.2021-ci il tarixli **********99 nömrəli məktubu ilə müəyyən edildi ki, Göyçay rayonu İ Ərəbcəbirli kəndinin həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı yoxdur. Göründüyü kimi, JN-729A kod 40814028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmiş 0,18 ha həyətyanı torpaq sahəsinin torpaq islahatından əvvəl iddiaçının istifadəsinə verilməsi barədə heç bir sənəd mövcud deyil. Deməli, həmin torpaq sahəsi islahatdan əvvəl iddiaçının qanuni istifadəsində olmamışdır. Faktiki istifadəsində olmuş olsa belə, bu istifadə qanuni sayılmır. Belə olan halda, həmin torpaq sahəsi "Torpaq islahatı haqqında" Qanuna uyğun olaraq iddiaçının mülkiyyətinə verilə bilməzdi. Birinci instansiya məhkəmə düzgün qeyd etmişdir ki, torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun yaranması üçün torpaq sahəsi torpaq islahatından əvvəl onun qanuni istifadəsində olmalı, iddiaçının adı mülkiyyətinə həyətyanı torpaq sahəsi veriməli olan şəxslərin siyahısına daxil edilməli, bu siyahı aqrar islahat komissiyası tərəfindən təsdiq edilməli və aqrar islahat komissiyasının müvafiq qərarı qəbul edilməli idi. Yalnız bundan sonra torpağa mülkiyyət hüququ yarana bilərdi. İddiaçının adına olan "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" özü-özlüyündə mülkiyyət hüququ verə bilməz, o, yalnız artıq mövcud olan mülkiyyət hüququnu təsbit edə bilər. Ona görə də məhkəmə hesab edir ki, işdə olan JN-729A kod 40814028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin verilməsi üçün qanuni əsaslar olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanunsuz və əsassızdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1229/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-57/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-57/2022
27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver