Məhkəmə qərarları › İş №2-1(107)-57/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-57/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-57/2025 04.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), X14 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “İddiaçı və onun ailə üzvlərinə JN-173A KOD 40100038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.22 ha həyətyanı torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınaraq reyestrdən çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2-1(116)-813/2024 nömrəli qərarından cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı və onun ailə üzvlərinə JN-173A KOD 40100038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.22 ha həyətyanı torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınaraq reyestrdən çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin Məhkəmənin 13 avqust 2024-cü il tarixli, 2-1(116)- 813/2024 saylı Qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “İddiaçı və onun ailə üzvlərinə JN-173A KOD 40100038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.22 ha həyətyanı torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınaraq reyestrdən çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi 0,03 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması hissəsində mümkün sayılmamışdır.

3. İddia ərizəsinə əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə 0.22 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə JN 173A KOD 40100038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. İddiaçı şəhadətnamə əsasında 0.22 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış və plan-ölçü sənədi verilməsi ilə bağlı cavabdehə müraciət etmiş,iddiaçının müraciətinə xx.xx.2023-cü il tarixdə imtina məktubu verilmişdir.

4. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, qeydiyyata alınması nəzərdə tutulan 0,22 ha həyətyanı torpaq sahəsinin 0,0708 ha hissəsi DWG xəritələrinə əsasən İddiaçı və ailə üzvlərinə məxsus JN173Q nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədinin cizgiləri ilə üstüstə düşdüyü məlum olmuşdur. Qeyd olunan 0,22 ha həyətyanı torpaq sahəsinin 0,0708 ha hissəsi DWG xəritələrinə əsasən X10 və ailə üzvlərinə məxsus JN-173Q nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədinin cizgiləri ilə üst-üstə düşdüyündən xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizənin icrasından imtina olunmuş və İddiaçı xx.xx.2023-cü il tarixli, 3- 21-3-47/2-792/2023 nömrəli bildirşlə məlumat verilmişdir. Əlavə olaraq məlumat veririk ki, qeyd olunan 0,22 ha həyətyanı torpaq sahəsinin 0,0708 ha hissəsi DWG xəritələrinə əsasən İddiaçı və ailə üzvlərinə məxsus JN-173Q nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədinin cizgiləri ilə üst-üstə düşür. Buna görə də onun ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-1-0027-8/2023 (**********83) nömrəli məktub ünvanlanmışdır.

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 13 avqust 2024-cü il tarixli, 2- 1(116)-813/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

7. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddiaya etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2-1(116)-813/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2-1(116)-813/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxslər iştirak etməmiş, iddiaçının vəkili ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, üçüncü şəxslər isə iştirak etməmə barədə hər hansı səbəb bildirməmişlər.

11. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

12. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - JN 173A KOD 40100038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X3 Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə 0.22 ha həyətyanı torpaq sahəsi verilmişdir. - 173Q nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədindən görünür ki, X3 Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə 2.19 ha həyətyanı torpaq sahəsi verilmişdir. - Balakən rayon İtitala İcra Nümayəndəliyinin 1991-2005-ci illərə aid təsərrüfatbaşına kitablarından görünür ki, X2 təsərrüfatı barədə məlumat qeyd edilmişdir. - Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarının surəti. - Balakən rayon İtitala kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlər siyahısından görünür ki, iddiaçının adı qeyd edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-ci il tarixli 3-21-3-42/2-2270/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

15. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır.

16. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

16. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir: 17 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi. 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

19. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. Məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, hazırkı iddia tələbinə əsasən hüquqi marağı İddiaçı və onun ailə üzvlərinə JN-173A KOD 40100038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.22 ha həyətyanı torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınaraq reyestrdən çıxarış və plan ölçü sənədinin verilməsindən ibarətdir.

25. Cavabdehin imtinasının əsası və apellyasiya şikayətinin dəlilləri qeydiyyata alınması nəzərdə tutulan 0,22 ha həyətyanı torpaq sahəsinin 0,0708 ha hissəsi DWG xəritələrinə əsasən İddiaçı və ailə üzvlərinə məxsus JN-173Q nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədinin cizgiləri ilə üst-üstə düşdüyü məlum olmuşdur. Qeyd olunan 0,22 ha həyətyanı torpaq sahəsinin 0,0708 ha hissəsi DWG xəritələrinə əsasən X10 və ailə üzvlərinə məxsus JN-173Q nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədinin cizgiləri ilə üst-üstə düşməsi və qeyd olunan 0,22 ha həyətyanı torpaq sahəsinin 0,0708 ha hissəsi DWG xəritələrinə əsasən İddiaçı və ailə üzvlərinə məxsus JN- 173Q nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədinin cizgiləri ilə üstüstə düşməsi ilə bağlıdır.

26. İşin hallarından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə 0.22 ha torpaq sahəsi X2 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsi vəfat edənədək iddiaçının faktiki istifadəsində olmuşdur.

27. Faktiki istifadə olunan torpaq sahəsinin xüsusiyyətlərini müəyyən etmək məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala İdarəsinin mütəxəssis rəyindən görünür ki, iddiaçıya verilmiş JN-173A KOD 40100038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN-173 nömrəli Dövlət Aktının DWJ və TEKUİS bazasında yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planı-1-də göstərilmişdir.

28. İddiaçı JN-173A KOD 40100038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və Dövlət Aktına əsasən verilmiş torpaq sahələrinin TEKUİS əsasında xüsusiyyətləri ilə bağlı müəyyən edilmişdir ki, mübahisələndirilən torpaq sahəsinin naturada ölçüləri 0.21 ha olmaqla bütövlüklə Balakən rayonu İtitala bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri torpaqları daxilində tikinti altında olan torpaqlar kimi işlənilmişdir.

29. Həmin torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdur və torpaq sahəsinin TEKUİS məlumatlarına əsasən yerləşmə vəziyyəti, naturada istifadə vəziyyəti, döngə nöqtələrinin koordinatları tərtib edilmiş yerquruluşu planı-2-də göstərilmişdir. Faktiki istifadə olunan torpaq sahəsi JN173A KOD 40100038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsi ilə qismən üst-üstə düşür.

30. JN-173A KOD 40100038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş 0.22 ha torpaq sahəsinin cizgisi ilə 173 nömrəli Dövlət Aktına əsasən verilmiş 173Q cizgisində göstərilən 0.07 ha torpaq sahəsi və digər mülkiyyətçi X4 adına tərtib edilmiş 119 nömrəli Dövlət Aktında göstərilən 119W cizgisində göstərilən 0.03 ha torpaq sahələri üst-üstə düşür.

31. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya ayrılan torpaq sahəsinin JN-173 nömrəli Dövlət Aktının koordinatları ilə üst-üstə düşməsi həmin sənədin tərtibi zamanı koordinatların doğru tərtib edilməməsi ilə bağlı olmuşdur.Belə ki,iddia olunan torpaq sahəsinin yaşayış məntəqələri torpaqları daxilində olmasına dair mütəxəssis rəyindən də göründüyü kimi həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmadığından yanlışlıqla Dövlət Aktının koordinatları ilə əhatə edilmişdir.

32. İş materiallarına əsasən müəyyən edilir ki, iddia olunan 0,22 ha torpaq sahəsinin 0,21 ha hissəsi naturada istifadə edilir ki, onun da 0,03 ha hissəsi digər Dövlət Aktına əsasən mülkiyyətə verilmişdir.Həmçinin,şəhadətnaməyə əsasən iddia olunan torpaq sahəsinn ölçüsü 0,20 ha-dır.

33. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə JN 173A KOD 40100038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 0,19 ha həyətyanı torpaq sahəsi üzərində (faktiki istifadə vəziyyətinə uyğun olaraq) İddiaçı, X5,X6, X1 və X8 ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq, çıxarışın verilməsi öhdəliyi qoyulmasına dair gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

34. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2-1(116)-813/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar