Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-571/2023 25.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 14 mart 2023cü il tarixli, 3-16-5/2-13936/2023 saylı imtinasının (imtinaedici aktının) qanunsuz hesab edilməsi və “Nicat” Sosial Təşəbbüslər İctimai Birliyin Dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 3 avqust 2023-cü il tarixli 2-1(116)-1821/2023 nömrəli qərarından iş üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 14 mart 2023-cü il tarixli, 3-16- 5/2-13-936/2023 saylı imtinasının (imtinaedici aktının) qanunsuz hesab edilməsi və “Nicat” Sosial Təşəbbüslər İctimai Birliyin Dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 22 dekabr 2022-ci ildə "Nicat" Sosial Təşəbbüskar İctimai birliyini təsis etmiş və onun təsis edilməsi haqqında qərar qəbul etmişlər. İctimai Birliyin əsas məqsədi sosial hüquqların təmin olunması istiqamətində monitorinqlər aparmaq, sosial problemlər sahəsində tədqiqatlar aparmaq və bu tadqiqatları dərc etmek, bu sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və tətbiq etmək, xarici ölkələrdə fəaliyyət göstərən təşkilatlarla əlaqə yaratmaq va onlarla əməkdaşlıq etməkdən ibarətdir. İddiaçılar lazım olan sanədləri toplayıb cavabdeh Ədliyyə Nazirliyinə təqdim etmişdir. Cavabdeh 14 mart 2023-cü il tarixli məktubla sənədləri geri qaytarmışdır.
3. Cavabdeh etirazında qeyd etmişdir ki, "Nicat" Sosial Taşəbbüslər İctimai Birliyi xx.xx.2022-ci il tarixdə təsis edilmişdir. Təşkilatın əsas məqsədi sosial hüquqların təmin olunması istiqamətində monitorinqlər aparmaq, sosial problemlər sahəsində tədqiqatlar aparmaq və bu tədqiqatları dərc etmək, bu sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və tətbiq etmək, xarici ölkələrdə fəaliyyət göstərən təşkilatlarla əlaqə yaratmaq və onlarla eməkdaşlıq etməkdən ibarətdir. Qurumun təsis sənedləri ilk dəfə xx.xx.2022-ci il tarixdə Ədliyyə Nazirliyinə təqdim olunmuş və qanunvericiliyə uygunluğu yoxlanıldıqdan sonra xx.xx.2022-ci il tarixdə nöqsanın aradan qaldırılmasının zəruriliyi barədə qeyd olunmaqla geri qaytarılmışdır. Belə ki, müraciət ərizəsi notariat qaydasında təsdiq olunmamışdır. Növbəti dəfə sənədlər xx.xx.2023-cü il tarixdə nazirliyə daxil olmuşdur.
4. Ərizə bütün təsisçilər tərəfindən imzalanmadığından tələbin icrasından imtina edilmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 3 avqust 2023-cü il tarixli 2- 1(116)-1821/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
7. İddiaçıların nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mübahisənin predmeti (mövzusu) “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.2ci maddəsinin maddi hüquqi baxımdan təfsiri təşkil edir. Cavabdeh və birinci instansiya məhkəməsi hesab edir ki, qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasına dair ərizə bütün təsisçilər tərəfindən imzalandığı halda etibarlı sayılır. Lakin iddiaçılar hesab edir ki, həmin ərizə təsisçilərin təsis yığıncağında səlahiyyət verdiyi qanuni təmsilçi tərəfindən imzalana bilər. Bu halda hazırkı iş üzrə əsas sual təsisçilərin belə qanuni təmsilçi müəyyən etməsinin aydınlaşdırılmasıdır. İşin faktiki hallarına əsasən hazırkı iş üzrə təsisçilər təsis yığıncağında İddiaçı1 qanuni təmsilçi kimi seçiblər (təyin ediblər). Bu halda iddiaçıların qanuni təmsilçi ilə hərəkət etmək iradəsi aşkardır. Bundan əlavə, təsisçi kateqoriyası aydındır. Lakin qanuni təmsilçi və vəkil edilmiş şəxs kateqoriyaları dəqiqləşdirilməlidir. Qanuni nümayəndə ilə vəkil edilmiş şəxs arasında fərq ondan ibarətdir ki, qanuni nümayəndə hüquqi şəxsin daxili hüquqi kimliyinin bir hissəsinə aid olan subyektdir və onun səlahiyyətləri təsis sənədlərindən irəli gəlir. Vəkil edilmiş şəxs isə hüquqi şəxsin daxili kimliyinin xaricində mövcud olur və etibarnamə və ya oxşar hüquqi qüvvəli sənədləşdirmə əsasında təmsilçilik səlahiyyətinə sahib olur. İmzalamaq səlahiyyəti hüquqi cəhətdən əqddir və əqd bağlamağa dair hüquqi iradə ona şamil edilir. Bu halda cavabdehin imtinası zərurət aspektindən o halda əsaslı sayıla bilər ki, ərizəçinin hüquqi sənədləşdirməni aparmağa dair iradəsi bariz olaraq müəyyən olsun. Lakin iddiaçıların təsis sənədlərindən görünür ki, belə bir iradəyə dair hər hansı hüquqi nöqsan mövcud deyil. Bu halda həmin ərizənin etibarsızlığına dair problem də meydana çıxmır. Bu baxımdan cavabdehin imtinasının hüquqi əsaslandırması mövcud deyil. Birinci instansiya məhkəməsi də öz növbəsində cavabdehlə razılaşsa belə, imtinanın əsaslarını aydınlaşdırmayıb. İşin halları əsasında müəyyən edilir ki, iddiaçılar qeydiyyat müraciətini qanuni təmsilçi variantı ilə həyata keçirmək istiqamətində addım atıb və bunu təsis sənədləri əsasında rəsmiləşdirib. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.2-ci maddəsi iddiaçılara bu alternativliyi seçmək imkanını tanıyıb. Bu halda iddia əsaslı hesab edilməlidir. Göründüyü kimi yuxarıda şərh edilmiş müvafiq qanunvericilik ərizənin imzalanması ilə əlaqədar alternativ rejim müəyyən edir. Buna uyğun olaraq ərizənin hər bir halda bütün təsisçilər tərəfindən imzalanmasına zərurət yoxdur və qanunvericiliyin buna dair tələbi mövcud deyil. Hazırkı işin halları ilə müəyyən edilir ki, təsisçilər təsis yığıncağında təsisçi İddiaçı1 qanuni təmsilçi kimi seçiblər və sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməsi vəzifəsini isə yenə İddiaçı1 həvalə ediblər. Buna uyğun olaraq ərizə qanuni təmsilçi kimi onun tərəfindən imzalanıb. Bu hal isə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.2-ci maddəsinə və “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nın 2.2-ci bəndinə uyğundur. Çünki təsisçilər qanuni təmsilçi seçməklə alternativ rejimə əsasən qanuni təmsilçi vasitəsilə ərizənin imzalanması istiqamətində iradə formalaşdırıblar və bununla qanunvericiliyin onlara verdiyi dispozitiv səlahiyyətdən istifadə ediblər. Bundan əlavə, qeyd edilən ərizə notarial qaydada təsdiq edilib. Əgər iddiaçılar ərizənin imzalanması ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş hüquqi rejimi pozsaydılar, bu ərizə notarial qaydada müvafiq səlahiyyətli notarius tərəfindən imzalanmazdı. Ərizənin notarial qaydada təsdiq edilməsini nəzərə alsaq, cavabdehin notarial təsdiqli ərizəni qanunazidd saymasının özü əsassızdır. İddiaçılar hesab edir ki, məhkəmənin və cavabdehin bu yanaşması qanunsuzdur. Çünki cavabdehin imtina kimi qeyd etdiyi hal “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 8.3-cü maddəsində nəzərdə tutulub. Həmin normaya əsasən, təqdim edilmiş sənədlərdə dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 20 gün müddət təyin edir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 3 avqust 2023-cü il tarixli 2-1(116)-1821/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.
TƏRƏFLƏRİN İZAHATLARİ
9. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər.
10. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
11. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
12. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən İctimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyrihökumət təşkilatdır. 17.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər. 17.3-cü maddəsinə görə qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz.
13. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.3-cü maddəsinə görə hüquqi şəxs statusu almaq istəyən qurum - hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edən şəxs və ya şəxslər qrupudur; 2.0.14-cü maddəsində deyilir ki, qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir. 5.1. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. 5.2. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. 11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda;
14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
15. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
16. İddiaçılar tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
17. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
18. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Birinci instansiya məhkəməsi iddia tələbini mahiyyət etibarilə əsaslı olmamasına görə təmin etməmişdir.
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
21. İş materiallarından görünür ki, hazırkı iddia tələbi üzrə iddiaçıların hüquqi marağı “Nicat” Sosial Təşəbbüslər İctimai Birliyin Dövlət qeydiyyatına alınmasından ibarətdir. Bu məqsədlə cavabdehə müraciət olunmuş, cavabdeh inzibati orqan tərəfindən tələb təmin olunmamışdır.
22. İddiaçıların cavabdeh inzibati orqana ilkin müraciəti, təqdim edilən sənədlər, habelə cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraat materialları nəzərdən keçirilmişdir.
23. Cavabdehin imtina məktubu və təqdim olunan etirazından görünür ki, imtinanın əsası olaraq ərizənin bütün təsisçilər tərəfindən imzalanmadığı qeyd edilmişdir. İddiaçılar tərəfindən isə təmsilçi vasitəsi ilə imzalanmanın kifayət etdiyi bildirilmişdir.
24. Yuxarıda qeyd olunan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələbinə əsasən ərizənin təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanmalı olduğu təsbit edilmişdir.
25. Göründüyü kimi iddiaçılar tərəfindən tələb olunan inzibati prosedura riayət edilməmiş, sənədlərin bütün təsisçilər tərəfindən imzalanması həyata keçirilməmişdir. Bu baxımdan cavabdeh tərəfindən iddiaçının qanuni mənafeyinin pozulmadığı, inzibati icraata qaydalarına uyğun nəticəyə gəldiyi müəyyən edilir.
26. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh inzibati orqanın iddiaçıların müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək belə qənaətə gəlir ki, iddiaçıların tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
28. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 14 mart 2023-cü il tarixli, 3-16-5/2-13936/2023 saylı imtinasının (imtinaedici aktının) qanunsuz hesab edilməsi və “Nicat” Sosial Təşəbbüslər İctimai Birliyin Dövlət qeydiyyatına alınmasından imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçıların apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
29. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 3 avqust 2023-cü il tarixli 2-1(116)-1821/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.