Məhkəmə qərarları › İş №2-1(107)-572/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-572/2025

13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-572/2025 13.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X5 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İddiaçı 2-ci dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 07 avqust 2025-ci il tarixli 2-1(116)-737/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “müvafiq əlillik dərəcəsinin təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müharibə veteranı olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərkən yaralanmış və kontuziya almışdır. 2007-ci ildə buna görə 2-ci dərəcə əlillik təyin olunmuşdur. Lakin 2022-ci ilin may ayından sonra əlillik dərəcəsi təyin edilmədi. Bundan sonra iddiaçı əlilliyin təyin edilməsi üçün iki dəfə müvafiq dövlət orqanına müraciətlər etsə də, əlillik dərəcəsi təyin edilmədi. Sonuncu dəfə müvafiq sənədləri də təqdim etməklə 26.12 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Kommisiyasına müraciət etdi. Kommisiya iddiaçının sənədlərini xx.xx.2024-cü il tarixdə qiymətləndirdikdən sonra əlillik dərəcəsi verməkdən imtina etmiş və səbəb kimi diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilmişdir. Halbuki, iddiaçının onlara təqdim etdiyi sənədlərdə diaqnozlarından birinin də “epilepsiya (G40)” olması barədə sənədləri də var idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavənin 6.7-ci bəndinə əsasən epilepsiya (G40) əlillik dərəcəsi təyin edilməsi üçün əsasdır. Bundan başqa qoyulmuş diaqnozlardan biri də keçirilmiş qapalı kəllə-beyin travması sonrakı vəziyyət (T-90.5) olmuşdur. 20 iyul 2023-cü il tarixli 235 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”ndə 6.1-ci bənd yeni redaksiyada verilmişdir. İddiaçı bildirir ki, o xəsarəti 1992-ci il tarixdə almışdır. Ona görə ona münasibətdə 2023-cü il tarixdə qəbul olunmuş vəziyyətini pisləşdirən qərara uyğun qərar qəbul oluna bilməzdi. Bundan başqa yuxarıda da göstərildiyi kimi qeyd edilən qərarın 6.1-ci bəndi ləğv olunmamışdır, yeni redaksiyada verilmişdir. Cavabdeh isə iddiaçının diaqnozuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd edilən qərarının yeni redaksiyasında əlillik dərəcəsi düşüb-düşmədiyini ümumiyyətlə araşdırmamışdır.

3. Cavabdeh orqan məhkəməyə təqdim olunmuş iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Ucar rayon sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3- 17-4/3-1- 9456/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 447 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsi" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. - Qeyd edirlər ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı başgicəllənməsindən şikayətlənmişdir. Anamnestik məlumatlarında hərbi xidmət zamanı başından güllə yarası aldığı, ondan sonra yalnız hərəkət edən zaman başgicəllənməsindən sonra yıxıldığını bildirmiş, hal-hazırda qəbul etdiyi dərmanların adlarını söyləyə bilməmişdir. Təqdim olunmuş hərbi qərarda güllə yaralanması haqqında məlumat öz əksini tapmamış, ekspertiza üçün əhəmiyyətli olan epitutmanı təsdiqləyən EEQ müayinəsinin dalğaları təqdim olunmamışdır. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir." kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı özündəngetmə, sol aşağı ətrafında qıcanma, bədəninin müxtəlif nahiyələrində qəlpələr olmasından şikayətlənmişdir. Səhhəti ilə bağlı şikayətlərinin hərbi qərar aldığı dövrdən yarandığını bildirmişdir. Medikamentoz preparatlardan tutmalarının sayı çoxaldığı zaman Depakin qəbul etdiyini söyləmişdir. Baxış zamanı başın təpə nahiyəsində, sağ beldə çapıq izlənilmiş, hərəkətləri sərbəst olmuşdur. Nevroloji defisit müəyyən edilməmişdir. Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi “Sol ön periventrikulyar lokalizasiyada fokal işemik xarakterli hipodens-fokal işemik xarakterli ocaq qeyd olunur. Sol gicgah payında kistik-qliotik ocaq qeyd olunur. Hər iki para-periventrikullyar lokalizasiyada qliozisə xarakter ocaqlar, mikroanqiopatiya ocaqları qeyd olunur. Beyincik şırımları dərinləşmiş, retroserebellar sahədə subaraxnoidal sahənin genişliyi artmışdır-kortikal atrofiya qeyd olunur. Arxa kəllə çuxurunda, retroserebellar lokalizasiyada araxnoidal genişlənmə qeyd olunur. Supravermian sisterna geniş izlənmişdir. Yan mədəciklərdə minimal genişlənmə qeyd olunur. Beyin şırımları gicgahtəpə paylarında dərinləşmişdir-kortikal atrofiya əlamətləri izlənir" kimi qeyd olunmuş, yaşla əlaqədar dəyişikliklər kimi qiymətləndirilmişdir. - Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Müayinə oyaqkən, fotostimulyasiya və hiperventilyasiya testləri zamanı çəkildi. Əsas ritm: Beta ritm üstünlük təşkil olunmuşdur. Çəkim boyunca bir neçə dəfə əzələ və elektrod atrefaktları qeyd edildi. Anormallıq: Çəkim boyunca zirvə-kəskin dalğa kompleksləri izlənilir. Yarımkürələrarası asimmetriyaya rast gəlinmədi. Hiperventilyasiya: Dəyişiklik meydana gətirmədi. Fotostimulyasiya: Dəyişiklik meydana gətirmədi" kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Ucar rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz “Keçirilmiş kəllə-beyin travmasından qalıq. Kəllədaxili hipertenziya. Qıcolma tutmaları ilə (ayda 5-6 dəfə)” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. X11 xx.xx.2023-cü il tarixli Laborator analizlərinin nəticəsi “Karbamazepin (Carbamazepine) 1.25 pq/mL (referans aralığı 4-12), Valproic asit 31.0 pq/mL (referans aralığı 50-100) ” kimi qeyd edilmiş, terapevtik dozadan aşağı olmuşdur. Anamnestik məlumatlarda, instrumental, laborator və əyani müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 447 nömrəli qərarının surəti; - TSEK-in qiymətləndirmə nəticələri; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli qərarı; - Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-2644/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir; - “Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyi”nin xx.xx.2025-ci il tarixli ekspert rəyi.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) 07 avqust 2025-ci il tarixli 2-1(116)-737/2025 nömrəli qərarı ilə iddia təmin edilərək Tibbi-Sosial Ekspert Komissiyasının 22 may 2024-cü il tarixli 3-17-4/3-3-3704-2024 nömrəli qərarının İddiaçı münasibətdə ləğv olunması, İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin Cavabdeh PHŞ-nin üzərinə qoyulması qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi ona əlilliyin təyin olunması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. - Hazırki işin hallarından müəyyən olunur ki, iddiaçının barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016cı il tarixli 447 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsi" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. - Daha sonra, iddiaçının vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş və nəticədə barəsində 22 may 2024-cü il tarixdə “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul olunmuşdur. - Məhkəmə qeyd etmişdir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətininobyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. - Cavabdeh orqan iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina etmiş, bu imtinanın isə qanuni olması iş materialları və iş üzrə təyin edilmiş Məhkəmə-X7 publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 700 nömrəli rəyi ilə təsdiq olunmur. - İş üzrə əldə edilmiş ekspert rəyində qeyd olunur ki, X2 hal-hazırda Üzvi emosionallabil (astenik) pozuntu (Psixi və davranış pozuntulannın beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) müəyyən edilir.” Həmin təsnifatda “Baş beyninin zədələnməsi və ya disfunksiyası yaxud fiziki xəstəlik nəticəsində digər psixi pozuntular” (F06)” bölməsində “Üzvi emosiaonal labil (astenik) pozuntu” diaqnozu F06.6 kodu ilə qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın “7. Psixi və davranış pozuntuları” bölməsinin 7.6-ci bəndində “Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular” qeyd edilmişdir. Məhkəmə hesab etmişdir ki, Tibbi-Sosial Ekspert Komissiyasının 22 may 2024-cü il tarixli 3-17-4/3-3-3704-2024 nömrəli qərarı İddiaçı münasibətdə ləğv olunmalı, iddiaçıya əlillyin təyin edilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır.

7. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Hüquqi Şəxsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 07 avqust 2025-ci il tarixli 2- 1(116)-737/2025 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. - Qeyd edirlər ki, müvafiq ekspert təyində bəhs edilən F06 XBT kodlu diaqnoz vətəndaşın imtina qərarı ilə nəticələnən sonuncu müraciəti üzrə olan göndərişdə nə əsas diaqnoz, nə də ağırlaşma kimi qeyd olunmamışdır. Sözügedən diaqnozu göndərişdə olan T90.5 diaqnozu ilə eyniləşdirib üzvi emosional labil pozuntunu kəllə beyin travması kimi qəbul etmək tamamilə absurddur. - Göndərişdə qeyd olunan diaqnoz vətəndaşın nə tibbi sənədləri üzrə, nə də göndərişdə aşkar edilmədiyi təqdirdə məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsi iddiaçının maraqlarına uyğunlaşdırmaqla iddia tələbini təmin etmişdir. - Maddi hüquq normalarının tələbləri baxımından Şəki İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Şəki İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini və tələbin dəyişdirilməsi barədə ərizəni müdafiə edərək cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin üzərinə “yoldaşı İddiaçı 2-ci dərəcə əlilliyin təyin edilməsi”-ni xahiş etdi. Əlavə olaraq hazırki iddianın təmin edilməsini, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2026-cı il tarixli, 2-1(107)-572/2025 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

12. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 3.1 Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Bənd 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Bənd 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Bənd 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.

4. Əlilliyin müddətləri … 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra - Meyarlar) "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

7. “Psixi və davranış pozuntuları” bölməsinin F07.0 kodu altında üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyi aşağıdakı qiymətləndirmələr üzrə əlilliyin dərəcəsinin 2 il müddətinə təyininə əsas verir: - (7.6.2.1) əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) – orqanizmin funksiyalarının 35 – 60 % pozulması;

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

Apellyasiya şikayətinin mümkünlüyü

19. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olsa da, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya xx.xx.2024-cü il tarixdən 2 il müddətinə OFP-nın 35-60 faizinin müəyyən olunması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.

21. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin təyin edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələ birinci instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

22. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə qismən razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində “xx.xx.2024-cü il tarixdən 2 il müddətinə orqanizmin funksiyalarının pozulmasının 35–60 faizinin müəyyən olunmasının” “əlillik dərəcəsinin təyin edilməsi” kimi ifadə olunması tətbiq edilən maddi hüquq normaları ilə uyğunluq təşkil etmir.

24. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3-cü bəndində Orqanizmin funksiyalarının pozulması faizləri əks edilmişdir. Qeyd edilmişdir ki, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

25. Məhkəmə kollegiyası bildirir ki, adı çəkilən Meyarlarda orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10 kodları ilə yanaşı, orqanizmin funksiyalarının pozulmasının faizlərlə göstərilməli olduğu qeyd edilmişdir. Lakin birinci instansiya məhkəməsi cavabdehin üzərinə OFP-nın 35-60 faiz pozulması halının qoyulması əvəzinə, əlillik dərəcəsi kimi qeyd etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsi Meyarların 3.2-ci bəndinə və Meyarlara Əlavənin tələblərinə uyğun olaraq dəyişdirilməklə, iddiaçının orqanizmin funksiyalarının pozulmasının 35-60 faizi müəyyən edilməlidir.

26. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən, psixi və davranış pozuntuları əlilliyin müəyyən edilməsi zamanı müstəqil qiymətləndirmə predmeti kimi nəzərdə tutulur. Həmin meyarların “Psixi və davranış pozuntuları” bölməsində baş beyninin zədələnməsi və ya disfunksiyası, yaxud somatik xəstəliklər nəticəsində yaranan digər psixi pozuntular F06 kateqoriyası üzrə təsnif edilir və bu kateqoriya daxilində üzvi emosional labil (astenik) pozuntu F06.6 kodu ilə müəyyən olunmuşdur. Qərarın 7.6-cı bəndinə uyğun olaraq, simptomatik daxil olmaqla üzvi psixi pozuntular insanın psixi fəaliyyətinin davamlı pozulmasına, emosional-iradi sahədə sabit olmayan vəziyyətə və həyat fəaliyyətinin əsas sahələrində məhdudlaşmaya səbəb olduqda, tibbi-sosial ekspertiza tərəfindən əlilliyin təyin edilməsi üçün əsas hesab edilir. Bu diaqnoz üzrə şəxsin klinik vəziyyəti, funksional məhdudiyyətlərinin dərəcəsi və sosial adaptasiya imkanları nəzərə alınmaqla, əlilliyin dərəcəsi, o cümlədən iki il müddətinə müəyyən edilməsi mümkündür və bu müddət ərzində müalicə, reabilitasiya və sosial müdafiə tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

27. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) halları üzrə qiymətləndirmə meyarları konkret müəyyən edilmişdir. Həmin meyarlara əsasən, bu hallarda orqanizmin funksiyalarının pozulması faizi 35–60%, müddəti isə 2 il olaraq nəzərdə tutulur.

28. İddiaçı tərəf isə tələbində ona 2-ci dərəcə (İİ dərəcə məhdudlaşma halının) əlilliyin təyin edilməsini xahiş edir.

29. Həmçinin cavabdeh orqan apellyasiya şikayətində göstərmişdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın.

30. Məhkəmə kollegiyası iddiaçının tələbini bu hissədə, həmçinin cavabdeh orqanın şikayətinin dəlilini əsaslı hesab etmir. Əlilliyin müəyyən olunması meyarları üzrə qiymətləndirmənin 7.6.2.1-ci bəndinə istinad edərkən isə iddiaçı barəsində toplanmış aşağıdakı sənədləri əsas götürür.

31. Belə ki, məhkəmə kollegiyası tərəfindən Məhkəmə-X7 publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 700 nömrəli rəyinə istinadən İddiaçı müəyyən edilmiş yuxarıda qeyd olunan xəstəliyin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hansı bəndinə uyğun gəlib-gəlmədiyinin, habelə həmin xəstəlik (diaqnoz) göstərilən meyarlardan hər hansı birinə uyğun olduğu halda, müvafiq qiymətləndirmə cədvəlinin hansı yarımbəndinə aid edilməsinin müəyyənləşdirilməsi məqsədilə Şəki Rayon Psixiatriya Xəstəxanasına rəsmi sorğu ünvanlanmışdır. Məhkəmə kollegiyasının sorğusu əsasında Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən təqdim edilmiş 08 yanvar 2025-ci il tarixli, 028 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı müəyyən edilən “üzvi emosional-labil (astenik) pozuntu” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavənin 7.6.2-ci bəndində nəzərdə tutulmuş diaqnoza uyğun gəlir. Həmin bəndə əsasən, bu vəziyyət əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərin meydana çıxmasına səbəb olan iki il müddətində ağır və müalicəyə rezistent simptomlarla xarakterizə olunur. Bununla yanaşı, ümumilikdə sərbəst yaşamaq bacarığı saxlanılsa da, bəzi hallarda, o cümlədən yüksək intihar riski zamanı, kənar şəxsin köməyinə ehtiyac yarana bilər. Qeyd olunan hallar qiymətləndirmə cədvəlinə uyğun olaraq 35–60 faiz həcmində, iki il müddətinə funksional məhdudiyyət kimi qiymətləndirilir.

32. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdeh orqanın imtinasının əsassızlığı barədə düzgün qənaətə gəlmişdir. Ona görə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Həmin təsnifatda “Baş beyninin zədələnməsi və ya disfunksiyası yaxud fiziki xəstəlik nəticəsində digər psixi pozuntular” (F06)” bölməsində “Üzvi emosiaonal labil (astenik) pozuntu” diaqnozu F06.6 kodu ilə qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın “7. Psixi və davranış pozuntuları” bölməsi.

33. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 447 nömrəli qərarından görünür ki, İddiaçı “Qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsi" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.

34. İş materiallarında olan Məhkəmə-X7 publik hüquqi şəxsin 14 fevral 2025-ci il tarixli məktubuna əlavə edilmiş 24 dekabr 2024-cü il tarixli 3768 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı hal-hazırda Üzvi emosional-iabil (astenik) pozuntu (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər və hal-hazırki müayinənin nəticələri - (İ Qarabağ döyüşlərdində iştirak etdiyi zaman, xx.xx.1992-ci ildə qranatomyot mərmisinin atılması nəticəsində xəsarət alması, inzibati iş materialına əlavə edilmiş MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 447 nömrəli qərarına görə X4 döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992ci ildə aldığı və xx.xx.1992-ci ildən 11,09.1992-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu zaman onda “Qapalı kəllə-beyin travması. Baş-beyin silkələnməsi" diaqnozunun müəyyən edilməsi, deməsinə görə sonradan onda ürəkkeçmə tutmaları, aşağı ətraflarında qıcolma baş verməsi, göstərilən hallarla əlaqədar Ucar Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2016-xx.xx.2016-cı il tarixədək, xx.xx.2017- xx.xx.2017-ci il tarixədək, xx.xx.2017- xx.xx.2017-ci il tarixədək stasionar müalicədə olması və ona “Keçirilmiş qapalı kəllə-beyin travmamın qalıq əlamətləri. Posttravmatik ensefalopatiya serebral hipertenziya cəngolma tutmaları” diaqnozunun müəyyən edilməsi, ona İİ qrup əlillik təyin edilməsi, ona təyin edilmiş əlillik dərəcəsinə imtina edildikdən sonra Akad. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasımda xx.xx.2022-ci il tarixdə müayinə olduğu zaman onda “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beynin silkələnməsindən sonrakı vəziyyət. Posttravmatik ensefalopatiya. Qıcolma sindromu. Kortinal atrofiya, asteno- nevrotik hal” diaqnozunun müəyyən edilməsi, həmçinin əlillik qrupu kəsildikdən sonra dəfələrlə Ucar Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicədə olması və ona “Keçirilmiş kəllə-beyin travmasından qalıq. Kəllədaxili hipertenziya. Qıcolma tutmaları ilə” diaqnozunun müəyyən edilməsi, hazırki müayinə zamanı psixi statusu, şikayətləri - sol ayağında qıcolma və həmin qıcolmanın sonra sağ aşağı ətrafa keçməsi, bir qədər əsəbiliyi, sorğu gedişatında az nəzərə çarpan astenizasiyası, lakin epilepsiya xəstəliyinə müvafiq əlamətlərin müəyyən edilməməsi sübut edir.

35. Bununla yanaşı, məhkəmə-psixiatrik ekspert rəyində ekspert qarşısında qoyulmuş suallar ətraflı şəkildə qiymətləndirilmiş və inzibati iş materiallarının, habelə aparılmış psixiatrik müayinənin nəticələrinin təhlili əsasında rəydə belə nəticəyə gəlinmişdir ki, X2 hal-hazırda Üzvi emosional-labil (astenik) pozuntu (Psixi və davranış pozuntulannın beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) müəyyən edilir.”

36. Göründüyü kimi, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əsassız olaraq iddiaçıya müvafiq əlillik təyinatından imtina etmişdir. Halbuki, iddiaçıda olan xəstəlik qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə «Əlilliyin müəyyən olunması meyarları»nın 7-ci bölməsində F06.6 kodu altında, Qiymətləndirmə: 7.6.2.1, orqanizmin funksiyalarının 35 – 60 % pozulması ilə, 2 il müddətinə nəzərdə tutulmuşdur.

37. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya qoyulmuş diaqnoz, barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş tibbi anamnez məlumatları, ekspert rəyi və iş materiallarında olan digər tibbi sənədlər nəzərə alınmaqla iddiaçının sağlamlıq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2.1-ci bəndi əsasında qiymətləndirilməlidir.

38. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçıya 2 il müddətinə OFP-nın 35-60 faizi müəyyən edilməlidir.

39. Eyni zamanda, cavabdeh orqanın “diaqnozun göndərişdə olan T90.5 diaqnozu ilə eyniləşdirib üzvi emosional labil pozuntunun kəllə beyin travması kimi qəbul etməməsi” barədə dəlili də həm ekspert rəyi, həm də Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən təqdim edilmiş 08 yanvar 2025-ci il tarixli, 028 nömrəli məktubla təkzib olunur.

40. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, diaqnoz vətəndaşın nə tibbi sənədləri üzrə, nə də göndərişdə aşkar edilmədiyi təqdirdə məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

41. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də "İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

42. Həmçinin iddiaçının diaqnozu həm tibbi sənədləri üzrə, həm də göndərişdə aşkar şəkildə qeyd edilmişdir.

43. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

44. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

45. Bu mənada apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması, diaqnoz öz təsdiqini tapmadığı halda (diaqnoz əsasında) şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu nöqteyi-nəzərdən qiymət verilməlidir.

46. Belə ki, nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

47. Bununla yanaşı, nəzərə alınmalıdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

48. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.

49. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini də birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

50. "İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

51. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.

52. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçıya qoyulmuş diaqnoz onun barəsində tərtib edilmiş göndərişdə göstərilmiş, göndərişdə göstərilmiş diaqnoz Əlilliyin müəyyən olunması meyarlarında göstərilən xəstəliklə eynilik təşkil etmiş, həmçinin hazırda onun həmin diaqnozla xəstə olması ekspert rəyi və işdə olan digər sənədlərlə öz təsdiqini tapmışdır.

53. Göründüyü kimi, iddiaçının xəstə olması iş materialları ilə öz təsdiqini tapdığından və ona qoyulmuş həmin diaqnozlar əlillik dərəcəsinin təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin müəyyən olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır.

54. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edildiyi hazırda mübahisələndirilən qərarından verdiyi apellyasiya şikayətinin ümumilikdə dəlilləri əsassızdır. Buna görə də iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını (“ona əlilliyin təyin edilməsi”) təmin etməkdə haqlı olmuşdur.

56. Beləliklə, kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddia qismən təmin edilməklə cavabdeh Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının 22 may 2024-cü il tarixli 3-17-4/3-3-3704-2024 nömrəli qərarı İddiaçı münasibətdə ləğv olunaraq, ona 22 may 2024-cü il tarixindən 2 il müddətinə OFP-nın 35-60 faizinin müəyyən olunması öhdəliyi qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

57. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 07 avqust 2025-ci il tarixli 2-1(116)-737/2025 nömrəli qərarı dəyişdirilsin. İddia qismən təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının 22 may 2024-cü il tarixli 3-17- 4/3-3-3704-2024 nömrəli qərarı İddiaçı münasibətdə ləğv edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı 22 may 2024-cü il tarixindən 2 il müddətinə OFP-nın 35-60 faizinin müəyyən olunması öhdəliyi qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar