Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-573/2023 26.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən, məruzəçi), X1 və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz Rayon Xalxal Bələdiyyəsinin adına hazırlanmış xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və A-446706 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi ilə qeydiyyata alınmış 150 kv.m torpaq sahəsinin koordinatlarının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2- 1(116)-2218/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Oğuz Rayon Xalxal Bələdiyyəsinin adına hazırlanmış xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və A-446706 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi ilə qeydiyyata alınmış 150 kv.m torpaq sahəsinin koordinatlarının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin araşdrıması zamanı məlum olmuşdur ki, iddiaçının hazırkı cavabdehə qarşı “Oğuz rayon Xalxal bələdiyyəsinin adına hazırlanmış 02 dekabr 2019-cu il tarixli ********** nömrəli çıxarışın və A seriyalı 446706 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” barədə iddia tələbi Şəki İnzibati Məhkəməsinin 2020-ci il 18 avqust tarixli, 2-1(116)-1093/2020 nömrəli qərarı ilə təmin edilmiş, həmin qərardan verilmiş apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 iyun tarixli, 2-1(107)-14/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2020-ci il 18 avqust tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1733/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 iyun tarixli, 2-1(107)- 14/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Hazırkı iddia tələbi ilə iddiaçının təkrar müraciəti Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2-1(116)-1438/2022 nömrəli qərardadı ilə mümkün sayılmamışdır.
5. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən 07 avqust 2023-cü il tarixli hüquqi yardım məktubu ilə iddiaçıya iddianın mümkünlüyü barədə məhkəmənin hüquqi mövqeyi izah olunmuşdur.
6. İddiaçı hüquq yardım məktubunu 15 avqust 2023-cü il tarixdə almış, məktuba münasibət bildirməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 21 avqust 2023-cü il tarixli, 2- 1(116)-2218/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
9. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun olaraq əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2-1(116)-2218/2023 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
10. Məhkəmə kollegiyasının iclasında iştirak İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2-1(116)-2218/2023 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi nümayəndəsinin iştirakını təmin etməmişdir.
12. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi.)
TƏTBİQ EDİLƏN HÜQUQ
13. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
15. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
17. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, ilk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.
18. Kollegiya tərəfindən işin hallarının araşdırılması zamanı müəyyən edilir ki, eyni tərəflər arasında eyni predmet üzrə və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur.
19. İddiaçı bundan əvvəl X2 iddia ərizəsi ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı Oğuz rayonu Xalxal bələdiyyəsi adına hazırlanmış xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və A446706 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin ləğv edilməsini xahiş etmişdir.
20. Şəki İnzibati Məhkəməsinin 2020-ci il 18 avqust tarixli, 2-1(116)-1093/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, həmin qərardan verilmiş apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 iyun tarixli, 2-1(107)- 14/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2020-ci il 18 avqust tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1733/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 iyun tarixli, 2-1(107)- 14/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Belə ki, iddia ərizəsindən və əlavə edilən sənədlərdən müəyyən edilir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı Oğuz Rayon Xalxal Bələdiyyəsinin adına hazırlanmış xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və A446706 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən torpaq sahəsinin koordinatlarının dəyişdirilməsindən ibarətdir.
23. İddiaçı iddia tələbini və ifadə formasını fərqli təqdim etməsinə baxmayaraq nail olmaq istədiyi hüquqi nəticə eyni qalmaqdadır. Belə ki,koordinatlarının dəyişdirilməsi tələb olunan torpaq sahəsi üzərində Oğuz Rayon Xalxal Bələdiyyəsinin mülkiyyət hüququ qeydə alınaraq çıxarış verilmişdir.Həmin koordinatların dəyişdirilməsi tələbi əslində dolayı yolla mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etməyə yönəldilmişdir.
24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli Plenum Qərarında qeyd olunur ki, prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir.
25. Yuxarıda qeyd olunan halları və iddiaçının hüquqi marağını,nail olmaq istədiyi hüquqi nəticəni nəzərə almaqla məhkəmə hesab edir ki,hazırkı iddia tələbinə müvafiq dəqiqləşdirmə aparılmasına zərurət mövcud olmamış,belə dəqiqləşdirmənin aparılması iddianın mümkünlük şərtlərinə təsir göstərməyəcəyindən hazırkı iddia ərizəsi çərçivəsində iddianın mümkünlüyünə hüquqi qiymət verilməlidir.
26. "C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında formalaşdırdığı mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir.
27. Yuxarıda qeyd olunanlardan göründüyü ki, hazırkı iddia ilə eynilik təşkil edən əvvəlki iddiaya artıq mahiyyəti üzrə baxılaraq qərar qəbul edilmişdir. Belə olan halda, göstərilən tələbə yenidən məhkəmədə baxıla bilməz.
28. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə əsasən, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
29. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
30. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2-1(116)- 2218/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2-1(116)-2218/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.