Məhkəmə qərarları › İş №2-1(107)-576/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-576/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-576/2023 25.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı “övladı xx.xx.2006-cı il təvəllüdlü X6 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 2-1(116)-1950/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, övladları xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2003-cü il təvəllüdlü X7 “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx xxxx 1980-ci ildə Kəlbəcər rayonu Zülfüqarlı kəndində anadan olmuşdur. Lakin erməni daşnaqlarının Azərbaycan Respublikasına qarşı hücumu nəticəsində iddiaçı öz doğma Zülfüqarlı kəndindən məcburi köçkün kimi gələrək, ilk əvvəl Tərtərdə, daha sonra isə Mingəçevir şəhərində məskunlaşıb yaşayır. İddiaçı 2001-ci ildə X13 ilə ailə qurmuşdur. Lakin yoldaşı Telman Xəlilov 2019-cu ildə rəhmətə getmişdir. İddiaçı özü məcburi köçkündür. Bu barədə ona AA seriyalı, 053030 nömrəli “Məcburi köçkün vəsiqəsi” verilmişdir. Eyni zamanda da iddiaçı məcburi köçkün kimi qeydiyyata alınaraq, dövlətin məcburi köçkünlərə etdiyi güzəştlərdən istifadə edir. Hazırda o, Mingəçevir şəhərində qaçqınlar və məcburi köçkünlər üçün salınmış 594 mənzilli qəsəbədə yaşayır.

3. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh 01/1748 nömrəli xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, 16 yaşı tamam olub Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Bildirilir ki, keçmiş həyat yoldaşı, mərhum X8 məcburi köçkün olduğunu təsdiq edən müvafiq sənədləri təqdim etdikdən sonra iddiaçı övladına məcburi köçkün statusunun verilib-verilməməsi məsələsinə baxıla bilər.

4. Cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 3- 36/2-1550/2023 nömrəli məktubuna əlavə olunmuş etirazında qeyd etmişdir ki, hazırkı inzibati iş üzrə iddia ərizəsi qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı Musayeva X3 Hakim Telman oğlunun və X5 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəməyə məhz öz adından müraciət etmişdir. xx.xx.2003-cü il təvəllüdlü X11 tam fəaliyyət qabiliyyətli, xx.xx.2006-cı il təvəllüdlü X12 isə məhdud fəaliyyət qabiliyyətli şəxsdir. X11 tam fəaliyyət qabiliyyətli şəxs olduğundan, hazırkı iddia tələbi üzrə iddiaçı qismində özü çıxış etməlidir. X12 isə məhdud fəaliyyət qabiliyyətli şəxs olduğundan, hazırkı iddia tələbi üzrə iddiaçı qismində özü çıxış etməli, lakin məhkəmə icraatı zamanı o, qanuni nümayəndəsi tərəfindən təmsil olunmalıdır. X7 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı Komitəyə heç bir müraciət daxil olmamışdır. X11 ilə bağlı Qaydalarda məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün müəyyənləşdirilmiş sənəd toplusu ilə Komitəyə müraciət edilməmiş və Komitə tərəfindən X7 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəsinin verilməsi ilə əlaqədar heç bir imtina cavabı təqdim edilməmişdir.

5. İddiaçı cavabdehdən imtina qərarını aldıqdan sonra və ya cavabdeh hərəkətsizlik etdiyi halda məhkəməyə iddia tələbi ilə müraciət edə bilər.

6. Qeyd olunanlara əsasən, müvafiq iddia tələbi “X7 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” hissəsində mümkün sayılmamalıdır.

7. İddiaçı övladı X6 məcburi köçkün vəsiqəsinin verilməsi barədə Komitəyə daxil olmuş 2023-cü il 31 mart tarixli müraciəti Komitənin 2023-cü il 10 aprel tarixli 01/1748 nömrəli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Bildiririk ki, iddiaçı keçmiş həyat yoldaşı mərhum X8 məcburi köçkün olduğunu təsdiq edən müvafiq sənədləri təqdim etdikdən sonra övladına məcburi köçkün statusunun verilib-verilməməsi məsələsinə baxıla bilər.

8. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2013-cü il 5 iyun tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir.

9. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.

10. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər.

11. Göründüyü kimi, Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır.

12. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi qəbul edir.

13. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır.

14. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir.

15. İşin faktiki hallarına əsasən, X4 X2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmamışdır və yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. X4 anası İddiaçı isə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq ünvan 2i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddia ərizəsinə əsasən, X13 2019-cu il tarixdə vəfat etmişdir.

16. X4 X2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmadığından və yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından - “Mingəçevir şəhəri” olduğundan, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, X6 məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, Qaydaların 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir.

17. Məhkəmənin diqqətinə çatdırılır ki, məcburi köçkün statusuna malik olan qadın işğaldan sonra məcburi köçkün statusuna malik olmayan şəxslə nikaha daxil olmaqla və ya olmadan ailə həyatı qurduqda, qadın öz əvvəlki yaşayış yerindən qeydiyyatdan çıxmasa belə, ailə həyatı qurduğu şəxsin yaşayış yeri ailənin yaşayış yeri hesab edilir. Nəticədə, onların işğaldan sonra doğulmuş uşaqlarının yaşayış yeri işğal zonası olmadığından həmin uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilmir. Qeyd olunan fikirlərin məntiqi yekunu olaraq bildirilir ki, iddiaçının X2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmadığından və yaşayış yeri üzrə işğaldan azad olunmuş rayonda (şəhərdə) qeydiyyatda olmadığından, X1 rayonundan məcburi köçkün düşə bilməzdi.

18. Bununla yanaşı, X4 X2nun vəfat etməsi halı X6 münasibətdə Qaydaların 4.1.6- cı bəndinin tətbiqini aradan qaldırmır. Belə ki, qeyd olunan xüsusat Qaydaların 4.1.6-cı bəndinin tətbiqini istisna edən hal kimi qanunvericilikdə müəyyən olunmamışdır.

19. Xüsusilə vurğulamaq lazımdır ki, Qaydaların digər bəndlərinə də uyğunluğu yoxlanılmaqla, həm atası, həm də anası məcburi köçkün statusuna malik olan uşaqlara məcburi köçkün statusu verilir. Lakin, valideynlərdən ana məcburi köçkün statusuna malik olmadığı halda, Qaydalar atanın məcburi köçkün statusuna malik olmasına istinad edərək uşağa məcburi köçkün statusunun verilməsinin mümkünlüyünü bildirir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin müvafiq məsələyə tətbiqi, ölkə əhalisinin tərkibində məcburi köçkünlərin sayının kəskin artmasına səbəb olacaqdır. Nəzərə almaq lazımdır ki, müvafiq yanaşmanın əsasında hüquqi faktorlarla yanaşı, həm də sosial, siyasi və iqtisadi faktorlar da dayanır.

20. Odur ki, vəfat etdiyi tarixədək iddiaçının övladı X4 X2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmadığından və yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatda olduğundan, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən X6 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməməsi qanunvericiliyə tam uyğundur.

21. Cavabdeh etirazında iddia tələbinin “X7 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəsin verilməsi” hissəsində mümkün sayılmaması barədə qərardad, “X6 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” hissəsində isə təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

22. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “övladı xx.xx.2006-cı il təvəllüdlü X6 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə həmçinin iddiaçının nümayəndəsi və vəkili tərəfindən imzalanmışdır. Məhkəmə iclasının qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul olunmuşdur.

23. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

24. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 17 avqust 2023-cü il tarixli 2-1(116)-1950/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

25. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

26. Cavabdeh apellyasiya şikayətini imtinanın dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 2-1(116)-1950/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 2-1(116)- 1950/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

28. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

29. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1980-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olmuş və hazırda həmin ünvanda qeydiyyatdadır. 817991 nömrəli “Doğum haqqında” şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2006-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. X2, anası İddiaçıdır. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. Onun 16 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur. Mingəçevir şəhər Mənzil-Kommunal İstismar Sahəsinin 537 nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı ünvan 5 ünvanında müvəqqəti məskunlaşıb. 053030 nömrəli “Məcburi köçkün vəsiqəsi”nin notariat qaydada surətindən görünür ki, iddiaçıya Dövlətqaçqınkomun xx.xx.2001-ci il tarixli qərarı ilə xx.xx.2001-ci il tarixdə “Məcburi köçkün vəsiqəsi” verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-145/2009 nömrəli xx.xx.2009-cu il tarixli qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X13 arasında xx.xx.2001-ci ildə Mingəçevir şəhər VVAQ şöbəsində qeydə alınmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2003-cü il təvəllüdlü X11 və xx.xx.2006-cı il təvəllüdlü X4 iddiaçının yanında qalmaları müəyyən edilmişdir. 982995 nömrəli “Ölüm haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.2019-cu ildə vəfat etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

31. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ-V hissələrinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

32. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli 668-İQ nömrəli Qanununun 1-ci maddəsinə görə məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər.

33. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Əsasnaməsinin 3.1-ci hissəsinə görə, Komitənin Əsasnamə ilə məyyən edilmiş vəzifələrə uyğun olaraq həyata keçirdiyi funksiyalardan biri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrum edilmədən ibarətdir.

34. Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ına əsasən: Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: ... 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; ... Əvvəlki redaksiyada deyilirdi: 4.1.6. Valideynlərindən hər ikisi “məcburi köçkün” statusuna malik olan və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; ...

35. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” xx.xx.1999-cu il tarixli 668-İQ nömrəli Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Prezidentinin həmin Qanunun tətbiq edilməsi barədə xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanına və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Əsasnaməsinin tələblərinə əsasən “məcburi köçkün” statusu, onu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrumetmə səlahiyyətləri Komitəyə (cavabdehə) həvalə edilmişdir.

36. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

37. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və lakin əsassızdır.

38. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

39. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

40. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

41. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Odur ki, cavabdehin imtinasının dəlilləri əsassız olduğundan iddia təmin edilməli və cavabdehin üzərinə İddiaçı övladı, xx.xx.2006-cı il təvəllüdlü X6 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi qoyulmalıdır.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

43. Cavabdeh xx.xx.2013-cü il tarixli 1 nömrəli qərarı ilə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarını müəyyən edən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları təsdiq etmişdir.

44. Hazırkı mübahisəyə münasibətdə məcburi köçkün statusunun və həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtinanın əsası kimi cavabdehin istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqəni almaq hüququna malik şəxslər olaraq müəyyən edilmişdir.

45. Qaydaların istinad edilən həmin bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun.

46. Hazırkı işdə iddiaçıya münasibətdə üçüncü şərtin ödənilməsi mübahisəsizdir. Cavabdeh də bunu mübahisələndirmir. Belə ki, X12 Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almışdır.

47. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili iddiaçının övladı X6 münasibətdə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 1-ci və 2-ci şərtlərin ödənilməməsi ilə bağlıdır. Yəni, cavabdeh bildirir ki, X4 atası məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyil və vəfat etdiyi tarixədək yaşayış yeri üzrə Mingəçevir şəhərində qeydiyyatda olmuşdur.

48. Birinci instansiya məhkəməsi birinci şərtə münasibətdə haqlı olaraq (valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan) hesab etmişdir ki, hazırkı tələb üzrə məcburi köçkün statusunun verilməsindən imtina edilərkən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinə istinad edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir.

49. Belə ki, həmin maddənin İ-V hissələrində təsbit edilmişdir ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

50. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, valideynlərindən yalnız atası məcburi köçkün statusuna malik olan uşaqlara məcburi köçkün statusunun veriləcəyinə dair Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulmuş müddəa Konstitusiyanın 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququnun pozuntusunu yaratmaqla, şəxslərə münasibətdə cinsi əlamətə görə qeyribərabər rəftara gətirib çıxarır.

51. İkinci şərtə münasibətdə (hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan) birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair sözügedən Qaydalarda təsbit edilmiş tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmamışdır. Başqa sözlə, Qaydalar “məcburi köçkün” statusunun verilməsi üçün Qanunla nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır.

52. Bununla yanaşı iddiaçının övladı onun himayəsində olmaqla qaçqınlar və məcburi köçkünlər üçün salınmış qəsəbədə yaşayır.

53. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2023-cü il tarixli 2-1(102)- 1099/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 2-1(102)-1618/2023 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir.

54. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının övladı xx.xx.2006-cı il təvəllüdlü X6 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsindən imtinası qanunauyğun olmamışdır.

55. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 2-1(116)-1950/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar