Məhkəmə qərarları › İş №2-1(107)-576/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-576/2024

30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-576/2024 30.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X5 üzrə Baş İdarəsinin Cavabdeh qarşı "cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna 160.19 manat və Dövlət Sosial Müdafiə Fonduna 2846.90 manat ödənilməmiş borclarına görə siyahıya alınmış qiyməti 12000 manat 2000-ci il buraxılışı olan gümüşü metalik rəngli “MERSEDES BENZ E-240 minik” markalı 90TX040 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması" tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2-1(116)-541/2024 nömrəli qərarından iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X5 üzrə Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna 160.19 manat və Dövlət Sosial Müdafiə Fonduna 2846.90 manat ödənilməmiş borclarına görə siyahıya alınmış qiyməti 12000 manat 2000-ci il buraxılışı olan gümüşü metalik rəngli “MERSEDES BENZ E-240 minik” markalı 90TX040 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müdətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun İcbari Tibbi Sığorta Fonduna və Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna yaranan 160.19 manat və Dövlət Sosial Müdafiə Fonduna 2846.90 manat borclarına görə 12000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********2 və **********9 saylı Protokollar tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna 160.19 manat və Dövlət Sosial Müdafiə Fonduna 2846.90 manat ödənilməmiş borcu qalmışdır.

3. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İddiaçı tərəfindən “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. - “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli **********2 və **********9 saylı protokollardan görünür ki, cavabdehə məxsus qiyməti 12000 manat 2000-ci il buraxılışı olan gümüşü metalik rəngli “MERSEDES BENZ E-240 minik” markalı 90TX040 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi iddiaçı tərəfindən siyahıya alınmışdır. - “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında haqqında” xx.xx.2023-cü il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak saxlanılması üçün cavabdehə təhvil verilmişdir. - “Fiziki şəxs haqqında məlumat”dan görünür ki, cavabdeh ( VÖEN ********** ) vergi ödəyicisi kimi qeydiyyatdadır.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 10 yanvar 2024-cü il tarixli 2- 1(116)-541/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, Vergi Məcəlləsinin 89.6-cı maddəsində vergi orqanı tərəfindən əmlakın siyahıya alınmasının həmin Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla ardıcıllığı müəyyən edilmişdir. Qeyd olunan müddəalara əsasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. İddiaçı tərəfindən qiyməti 12000 manat 2000-ci il buraxılışı olan gümüşü metalik rəngli “MERSEDES BENZ E-240 minik” markalı 90TX040 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin qadağan olunması barədə müraciət olunmuşdur. Göstərilən müddəalara əsasən vergi orqanı yalnız vergi öhdəliyinin yerinə yetirilməsi üçün «zəruri və kifayət olan həcmdə» əmlakın satılması barədə məhkəməyə müraciət edə bilər. Hazırkı iş üzrə vergi ödəyicisinin əmlakının siyahıya alınması həyata keçirilərkən İcbari Tibbi Sığorta Fonduna 160.19 manat və Dövlət Sosial Müdafiə Fonduna 2846.90 manat borcu qalmışdır. Digər tərəfdən əmlakın siyahıya alınması həyata keçirilərkən vergi orqanı tərəfindən yuxarıda qeyd olunan ardıcıllığın tələblərinə əməl olunmamış, dəyəri 12.000 manat olan avtonəqliyyat vasitəsi siyahıya alınmışdır ki, həmin əmlakın real dəyəri ilə cavabdehin borcu arasında kifayət qədər uyğunsuzluq mövcuddur. Vergi ödəyicisinin fəaliyyət göstərdiyi qeyri-yaşayış binasının siyahıya alınması və hərrac vasitəsilə satışa çıxarılması hazırkı iş üzrə borc məbləği vergitutmanın adekvatlılıq prinsipi və qərarının icrasının təmin olunması baxımdan məqsədəmüvafiq deyildir.

7. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X5 üzrə Baş İdarəsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-541/2024 nömrəli qərarının ləğv edilməsi və Baş İdarənin Cavabdeh qarşı siyahıya alınmış əmlakların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmasına dair iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2-1(107)-155/2024 nömrəli qərarı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2-1(116)- 541/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

9. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X5 üzrə Baş İdarəsi həmin qərardan kassasiya şikayəti vermişdir.

10. Kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2-1(102)- 1617/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2-1(107)- 155/2024 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Baş İdarə birinci instansiya məhkəməsinin mübahisəli qərarı ilə razılaşmır. Belə ki, məhkəmə 2-1(116)- 541/2024 nömrəli qərarında Baş İdarənin iddia tələbinin təmin edilməməsini cavabdehin İcbari Tibbi Sığorta Fonduna 160.19 manat və Dövlət Sosial Müdafiə Fonduna 2846.9 manat borcuna görə dəyəri 12.000 manat olan 2000-ci il buraxılışı olan gümüşü metallik rəngli “MERSEDES BENZ E-240 minik” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin real dəyəri ilə cavabdehin qalıq borcu arasında kifayət qədər uyğunsuzluğun mövcud olması ilə əsaslandırmağa çalışmışdır. Bununla bağlı bildirmək istəyirik ki, iddia tələbi üzrə borc məbləğinin təmin edilməsi məqsədi ilə vergi orqanı tərəfindən cavabdehin aktiv bank hesablarına - İcbari Tibbi Sığorta Fonduna 160.19 manat və Dövlət Sosial Müdafiə Fonduna 2846.9 manat borcunun alınmasına dair xx.xx.2023-cü il tarixli Sərəncamlar göndərilmişdir. Lakin qeyd olunan hesablaşma hesablarında pul vəsaitinin olmaması ilə əlaqədar alınmalı sərəncamların icrası təmin edilmədiyi üçün həmin sərəncamlar hələ də öz qüvvəsini saxlamaqdadır (Qeyd olunan Sərəncamlar şikayətə əlavə edilir). Diqqət yetirilməli məqam ondan ibarətdir ki, vergi orqanının uçot-baza məlumatlarında Cavabdeh hazırkı qərar üzrə siyahıya alınmış əmlakından başqa sahibkarlıq fəaliyyətində istifadə edilən digər əmlak, təsərrüfat subyekti və ya avadanlıqların olması aşkar edilməmişdir. (Fiziki şəxs haqqında uçot-baza məlumatı şikayətə əlavə edilir). Qeyd edilməlidir ki, məhkəmə Cavabdeh İcbari Tibbi Sığorta Fonduna 160.19 manat və Dövlət Sosial Müdafiə Fonduna 2846.9 manat borcuna görə dəyəri 12.000 manat olan 2000-ci il buraxılışı olan gümüşü metallik rəngli “MERSEDES BENZ E-240 minik” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin satılması hesabına ödənilməsini məqsədəmüvafiq hesab etməmiş və qeyd olunan borc məbləğinin dövlət büdcəsinə ödənilməməsinə səbəb olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinin 23.1.6-cı maddəsinə əsasən vergi orqanları müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin edir. Hesab edirik ki, məhkəmə tərəfindən Baş İdarənin Cavabdeh siyahıya alınmış əmlakların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmasına dair iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməklə vergi orqanının vergi borcunun alınması ilə əlaqədar qanunvericilikdə nəzərə tutulmuş hüquqları məhdudlaşdırılmışdır. - Eyni zamanda Məhkəmə qərar qəbul edərkən Vergi Məcəlləsinin 89.2-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilməsinin nəzərdə tutulmasına dair qanunvericiliyin müddəasını nəzərə almamışdır. Lakin iş üzrə qəbul edilmiş qərardan göründüyü kimi, məhkəmə tərəfindən bütün qeyd olunan məqamlar hərtərəfli qiymətləndirilmədən siyahıya alınmış əmlakların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə Baş İdarənin iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, vergi orqanı tərəfindən hesablanmış, vergi ödəyicisi tərəfindən ödənilməmiş vergi məbləğinin dövlət büdcəsinə ödənilməsinin təmin üsullarından biri vergi ödəyicisinin əmlakının siyahıya alınması və Vergi Məcəlləsi ilə vergi orqanı üçün nəzərdə tutulmuş sair hüquqlardır. Məhkəmə mübahisəli qərarı ilə vergi orqanının əsas vəzifəsi olan vergilərin vaxtlı-vaxtında dövlət büdcəsinə ödənilməsinin təmin edilməsinin icrası ilə bağlı çətinlik yaradır ki, bu da arzuolunmaz haldır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, qəbul edilmiş qərar cavabdehin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirilməsinin təmini üzrə vergi orqanlarım üzərinə qoyulmuş funksional vəzifələrin icrasının təmin edilməsini qeyri-mümkün edir. Bildirmək istəyirik ki, analoji işlər üzrə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən borclu (cavabdehlərə) vergi ödəyicisinə məxsus siyahıya alınmış əmlakının (avtonəqliyyat vasitəsinin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə iddia ərizələri ilə Şəki İnzibati Məhkəməsinə müraciət edilmişdir. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-1693/2023 nömrəli qərarı ilə cavabdehin mülkiyyətində olan avtonəqliyyat vasitəsinin qanunvericiliyin tələbinə əsasən satılması barədə iddia ərizəsi təmin edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

13. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X5 üzrə Baş İdarəsinin nümayəndəsi və Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 73.1. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

16.“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.

17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər. …. 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1 Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək …. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: …. 23.1.15-1. Hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək. … Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 89. Əmlakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. … Maddə 90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası 90.1 Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.

18. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 81.4. Maraqlı şəxs inzibati aktı onun üçün daha əlverişli olan qanuni üsul və vasitələrlə icra etməyə haqlıdır.

Apellyasiya şikayətinin mümkünlüyü

19. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, iddiaçının iddia tələbinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

21. İş materiallarından göründüyü kimi, cavabdeh fiziki şəxs kimi vergi orqanında qeydiyyata alınaraq adına ********** VÖEN verilmişdir. Cavabdehin İcbari Tibbi Sığorta Fonduna 160,19 manat və Dövlət Sosial Müdafiə Fonduna 2846,90 manat ödənilməmiş borcu qaldığından, iddiaçı vergi orqanı tərəfindən əmlakın siyahıya alınması haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş, xx.xx.2023-cü il tarixli **********2 nömrəli protokolla cavabdehə məxsus qiyməti 12000 manat olan 2000-ci il buraxılışlı, gümüşü metalik rəngli, “MERSEDES BENZ E-240 minik” markalı, 90TX040 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi siyahıya alınmışdır. İddiaçı vergi orqanı tərəfindən siyahıya alınmış əmlak xx.xx.2023-cü il tarixli akt əsasında cavabdehə təhvil verilmişdir.

22. Hazırda iddiaçının hüquqi marağı cavabdehin xx.xx.2023-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna yaranan 160.19 manat və Dövlət Sosial Müdafiə Fonduna 2846.90 manat borclarını ödəməsinə görə onun, qiyməti 12000 manat 2000-ci il buraxılışı olan gümüşü metalik rəngli “MERSEDES BENZ E-240 minik” markalı 90TX040 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmasından ibarətdir.

23. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, yuxarıda göstərilən vergi qanunvericiliyinin tələblərinə əsasən əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının qeyd edilən məktubuna münasibət bildirilməmiş, o cümlədən qeyd edilən borcların ödənilməsinə dair cavabdeh məhkəməyə hər hansı məlumat verməmiş, ötən müddət ərzində borcun ödənilməsi təmin edilməmişdir.

24. Bundan başqa, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2-1(102)-1617/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 21(107)-155/2024 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

25. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

26. Ali Məhkəmə hazırki iş üzrə 08 avqust 2024-cü il tarixli, 2-1(102)-1617/2024 nömrəli qərarda qeyd etmişdir ki, büdcə qarşısında öhdəlik davam etdiyi müddət ərzində öhdəliyin həcmindən asılı olmayaraq siyahıya alınmış əmlakın satılması əsaslı hesab olunmalıdır. Belə yanaşma, ödəyicinin siyahıya alınmış yeganə əmlakının olduğu hallara da aiddir. Lakin ayrı-ayrı işin halları mütənasiblik və ədalətlilik prinsipləri baxımından xüsusi yanaşmanı da tələb edə bilər. Məhkəmə məhz xüsusi hallardan çıxış etməklə və həmin xüsusi halları sözügedən prinsiplərin tələbləri ilə əlaqələndirməklə siyahıya alınmış əmlakın satılmasından imtina barədə qərar da verə bilər. Belə hallar o zaman yol verilən ola bilər ki, ödəyicinin nəzərə alınmalı olan ciddi diqqətəlayiq maraqları mövcud olsun. Eyni zamanda, nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 81.4-cü maddəsinə görə maraqlı şəxs inzibati aktı onun üçün daha əlverişli olan qanuni üsul və vasitələrlə icra etməyə haqlıdır.

27. Məhkəmə sözügedən qaydada davranmaq üçün əsasların mövcud olubolmadığı məsələsini həll edərkən bir sıra meyarlar baxımından qiymətləndirmə aparmalıdır. İlk növbədə, aşağıdakı məsələlərin aydınlaşdırılması və qiymətləndirilməsi təmin olunmalıdır: -borcun məbləği və ödənilməməsinin müddəti; -ödənilməmənin səbəbləri; -ödəyicinin büdcə öhdəliklərini yerinə yetirməyə yönəlmiş davranışlarına məcmu halda qiymət verildikdə onun vicdanlı hesab edilməsinin mümkünlüyü; -satılmalı olan əmlakın təyinatı, həmin əmlakın gələcəkdə ödəməni həyata keçirməyə imkan verən sahibkarlıq fəaliyyətində istifadəsinin mümkünlüyü; -əmlakın satılmasının ödəyicinin şəxsi, ailə və sahibkarlıq fəaliyyətində yaradacağı diqqətə alınmalı olan mümkün nəticələr; -ödəyicinin bildirdiyi diqqətəlayiq maraqların, eləcə də icranı onun üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təklifinin mövcudluğu; - vergi orqanının sərgilədiyi diqqətə alınmalı olan davranışlar və s.

28. Qeyd edilən halların araşdırılması və qiymətləndirilməsi məhkəmənin xidməti vəzifəsinə görə müstəqil qaydada toplayacağı sübutlarla yanaşı, həm də sübutetmə yükünün bölüşdürülməsi qaydasında tərəflərin hər birinin təqdim etməli olduğu sübutlardan da asılıdır. Ona görə də, məhkəmə sübutetmə yükünün bölüşdürülməsi qaydasından çıxış etməklə məsələni tərəflərlə müzakirə etməli, onlara müvafiq sübutları təqdim etmək hüququnu və təqdim etməmənin doğuracağı hüquqi nəticələri də izah etməlidir.

29. Ali Məhkəmənin həmin göstərişinə əsasən məhkəmə kollegiyası məhkəmə iclasında qeyd edilən xüsusat üzrə araşdırma aparmış və məlum olmuşdur ki, hazırda cavabdehin qeyd edilən borclar üzrə siyahıya alınmış əmlakının satılmaması üçün xüsusi hallar mövcud deyil və ona görə də, mütənasiblik və ədalətlilik prinsiplərinin tələbləri ilə əlaqələndirilməklə siyahıya alınmış əmlakın satılmasından imtina barədə qərar qəbul edilməsi qanunvericiliyin tələblərinə ziddir. Belə hallar o zaman yol verilən ola bilər ki, ödəyicinin nəzərə alınmalı olan ciddi diqqətəlayiq maraqları mövcud olsun.

30. Qeyd olunan halların araşdırılıb tərəflərlə müzakirə edilməsi üçün onlara məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, onlara müvafiq sübutları təqdim etmək hüququ və təqdim etməmənin doğuracağı hüquqi nəticələri bildirişlə izah olunmuş, lakin hər hansı səbəb gətirmədən tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə kollegiyası cavabdehin borcun əmlak hesabına ödənilməsi vəzifəsindən azad etməməsi qənaətindədir.

31. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qərarını onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə vergi ödəyicisinin əmlakının siyahıya alınması həyata keçirilərkən İcbari Tibbi Sığorta Fonduna 160.19 manat və Dövlət Sosial Müdafiə Fonduna 2846.90 manat borcu qalmışdır. Digər tərəfdən əmlakın siyahıya alınması həyata keçirilərkən vergi orqanı tərəfindən yuxarıda qeyd olunan ardıcıllığın tələblərinə əməl olunmamış, dəyəri 12.000 manat olan avtonəqliyyat vasitəsi siyahıya alınmışdır ki, həmin əmlakın real dəyəri ilə cavabdehin borcu arasında kifayət qədər uyğunsuzluq mövcuddur. Vergi ödəyicisinin əmlakının siyahıya alınması və hərrac vasitəsilə satışa çıxarılması hazırkı iş üzrə borc məbləği vergitutmanın adekvatlılıq prinsipi və qərarının icrasının təmin olunması baxımdan məqsədəmüvafiq deyildir.

32. Bununla bağlı qeyd olunmalıdır ki, Vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi üsulu kimi Vergi Məcəlləsinin 89 və 90-cı maddələrində əmlakın siyahıya alınması və siyahıya alınmış əmlakların satılmasına dair tənzimləmələr mövcuddur. Qeyd edilən tənzimləmələrin mənasına görə, yekun məqsədə xidmət edən, birbiri ilə əlaqəli, lakin iki müstəqil təmin etmə üsulu mövcuddur - əmlakın siyahıya alınması və siyahıya alınmış əmlakın məhkəmə qaydasında qəbul edilən qərar əsasında satılması.

33. Siyahıya alınmaya münasibətdə qanunvericinin riayət edilməsi məcburi olan şərt kimi müəyyən etdiyi hallardan biri də mütənasiblik və ardıcıllıqla bağlı tələblərə əməl olunmasıdır. Buna görə, yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Digər tərəfdən, əmlakın siyahıya alınması Vergi Məcəlləsinin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla və yenə Məcəllənin 89.6-cı maddəsində müəyyənləşdirilmiş ardıcıllığı riayət edilməklə həyata keçirilməlidir.

34. Siyahıya alınmış əmlakın məhkəmə qaydasında qəbul edilən qərar əsasında satılması imkanı isə vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə ödənilməsinin siyahıya alınma mərhələsindən sonra gələn təminat üsulu kimi çıxış edir. Qanunvericilikdə bu hüquqi imkandan istifadə edilməsinin qayda və şərtləri dəqiq tənzimlənmişdir. Buna görə, əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.

35. Beləliklə, vergi orqanı tərəfindən belə iddia verilənədək siyahıya alınma barədə qərar qəbul edilməli, həmin qərarın qəbul edilməsindən 30 gün keçməsinə baxmayaraq büdcə qarşısında olan öhdəlik yenə də yerinə yetirilməmiş olmalıdır.

36. Bundan başqa, yalnız siyahıya alınmış əmlakların satılması barədə qərar çıxarıla bilər, siyahıya alınmamış əmlaklar barəsində belə qərar verilə bilməz.

37. Məhkəmə siyahıya alınmış bütün əmlakların deyil, qərar qəbul edilən ana mövcud borc nəzərə alınmaqla zəruri və kifayət olan həcmdə əmlakların satılması haqqında qərar verməlidir. Bunun üçün məhkəmə, ilk növbədə, məhz qərar çıxardığı ana mövcud olan dəqiq borc məbləğini müəyyən etməli, aradan keçən zaman ərzində borcun ödənilməsinə yönəlmiş hərəkətlərin edilib-edilmədiyini araşdırmalıdır. Məhkəmə üçün həlledici olan həmin anda mövcud olan borc məbləğinin dəqiq müəyyənləşdirilməsidir. Çünki məhz qərar çıxarıldığı anda mövcud olan borc məbləğini ödəmək üçün zəruri və kifayət olan həcmdə əmlakların satılması haqqında qərar verilməlidir.

38. Vergi Məcəlləsinin 90.1-ci maddəsində istifadə olunan “zəruri və kifayət olan həcmdə” ifadəsi mütənasiblik və ədalətlilik prinsiplərinin tələblərinin nəzərə alınmasını tələb edir. Mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar.

39. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər.

40. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir.

41. Mütənasiblik prinsipinin tələbləri baxımından nəzərə alınmalı olan ümumi maraq qismində vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə alınmasının təmin edilməsi çıxış edir. Buna görə, sözügedən borclar dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Qeyd edilən ödənişlərin ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusion vəzifələrindən biridir. Vergi ödəyicilərinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir. Odur ki, sözügedən borclar ödəyicilər tərəfindən könüllü ödənilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş məcburetmə vasitələrinin tətbiqi ilə alına bilər. Digər tərəfdən, cəmiyyətin ümumi maraqları həmçinin onu tələb edir ki, həmin borcların mümkün qədər operativ qaydada və tam məbləğdə büdcəyə ödənilməsi təmin edilməlidir.

42. Şəxslərin diqqətə alınmalı olan maraqları qismində isə o hallar çıxış edir ki, əgər qanunvericilikdə nəzərdə tutulmuşdursa, tələb yönəldilə bilməyən əmlaklar satıla bilməz. Müvafiq olaraq siyahıya alınmasından asılı olmayaraq məhkəmələr belə əmlakların satılması barədə qərar verməməlidirlər. Bundan başqa, şəxslər satılma zamanı ardıcıllıqla bağlı tələblərə riayət olunmasını, eləcə də əmlakların dəyərinin düzgün müəyyənləşdirilməsini də tələb edə bilərlər. Dəyərin düzgün müəyyənləşdirilməsi ona görə əhəmiyyət kəsb edir ki, borcun ödənilməsi üçün kifayət edən əmlak satışa çıxarılmalıdır.

43. Məhkəmənin gəldiyi nəticə ona görə əsassızdır ki, siyahıya alınma zamanı ardıcıllıqla bağlı tələblərə riayət edilməsi üçün ilk növbədə, ödəyiciyə məxsus bir neçə əmlak mövcud olmalıdır. Hazırkı iş üzrə isə cavabdehə məxsus bir neçə əmlak olduğu müəyyən edilməmiş, cavabdeh də məhkəmə iclaslarına gəlməmiş, həmçinin başqa əmlakının olduğunu yazılı şəkildə bildirməmiş, eləcə də apellyasiya şikayətində iddiaçı cavabdehin hazırkı qərar üzrə siyahıya alınmış əmlakından başqa sahibkarlıq fəaliyyətində istifadə edilən digər əmlak, təsərrüfat subyekti və ya avadanlıqların olmasının aşkar edilmədiyini göstərmişdir.

44. Məhkəmənin büdcəyə olan borcun məbləği ilə avtomobilin dəyərini müqayisə etməklə əmlakın siyahıya alınması və hərrac vasitəsilə satışa çıxarılmasının hazırkı iş üzrə vergitutmanın adekvatlılıq prinsipi baxımından məqsədə müvafiq olmadığına dair gəldiyi nəticə də əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, bir qayda olaraq, büdcə qarşısında öhdəlik davam etdiyi müddət ərzində öhdəliyin həcmindən asılı olmayaraq siyahıya alınmış əmlakın satılması əsaslı hesab olunmalıdır. Belə yanaşma, dəyərindən asılı olmayaraq ödəyicinin siyahıya alınmış yeganə əmlakının olduğu hallara da aiddir. Lakin məhkəmə həm də nəzərə almalıdır ki, hər bir konkret işin xüsusi halları mütənasiblik və ədalətlilik prinsipləri baxımından xüsusi yanaşmanı da tələb edə bilər. Belə xüsusi hallarda yanaşmanın müəyyənləşdirilməsi yuxarıda qeyd olunun meyarlar nəzərə alınmaqla ümumi və xüsusi maraqların əlaqəli qiymətləndirilməsindən asılı olacaqdır. Hazırda araşdırma zamanı da cavabdehə münasibətdə xüsusi yanaşma halları müəyyən edilməmişdir.

45. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X5 üzrə Baş İdarəsinin Cavabdeh qarşı "cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna 160.19 manat və Dövlət Sosial Müdafiə Fonduna 2846.90 manat ödənilməmiş borclarına görə siyahıya alınmış qiyməti 12000 manat 2000-ci il buraxılışı olan gümüşü metalik rəngli “MERSEDES BENZ E-240 minik” markalı 90TX040 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlməmişdir.

46. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə qanunvericiliyin tələblərinə riayət etməmiş, iddiaçının hüquqi marağına uyğun olmayan səhv nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməlidir.

47. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2-1(116)-541/2024 nömrəli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdehin xx.xx.2023-cü il tarixə olan İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 160.19 manat və Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2846.90 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış qiyməti 12000 manat 2000-ci il buraxılışı olan gümüşü metalik rəngli “MERSEDES BENZ E-240 minik” markalı 90TX040 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satışını təşkil etmək öhdəliyi iddiaçının üzərinə qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar