Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-577/2024 03.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X3 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı «aksiz markası ilə markalanmamış tütün məmulatlarının müsadirə edilməsi» inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli 2-1(116)-2704/2024 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Cavabdeh yaşayış yeri üzrə aidiyyəti vergi orqanı olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) 4 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi uçota alınmışdır.
2. Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin 21 iyun 2024-cü il tarixli **********8630 nömrəli qərarına əsasən 27 iyun 2924-cü il tarixdə vergi ödəyicisi Cavabdeh məxsus təsərrüfat subyekti olan Ağsu şəhəri, S.Vurğun küçəsində yerləşən çayxanada operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir.
3. Operativ vergi nəzarəti tədbiri zamanı həmin obyektdə aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış, ümumi dəyəri 106,90 manat olan 59 qutu tütün məmulatları aşkar edilmişdir. Tütün məmulatlarının aşkar olunması faktı barədə akt tərtib olunmuşdur. Bundan sonra məmulatlar həmin tarixli müvafiq protokolla götürülmüşdür. Həmin mallar digər vergi ödəyicisində məsul saxlanmaya qoyulmuşdur.
4. İddiaçı Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi hazırda Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh qarşı «aksiz markası ilə markalanmamış tütün məmulatlarının müsadirə edilməsi» tələbini irəli sürür.
5. İddiaçı mövqeyini belə əsaslandırır ki (iddia ərizəsinə əsasən), vergi orqanı tərəfindən aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış malların müsadirə edilməsi barədə iddia ümumi hüquq münasibətlərindən irəli gələn məsələdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü maddəsinə görə məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına, 24-cü maddəsinə görə isə, vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.7, 34.1-ci maddələrinə əsaslanaraq Cavabdeh məxsus, aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış, ümumi dəyəri 106,90 manat olan 59 qutu tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur.
6. İddia ərizəsi birinci instansiya məhkəməsinə daxil olduqdan sonra İPM-in 47 və 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin müvafiq sərəncamına baxmayaraq, cavabdeh iddiaya qarşı yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.
7. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinə əlavə ərizə təqdim edərək, iş yükünün çoxluğu ilə əlaqədar olaraq şifahi məhkəmə baxışı iclasına gələ bilməyəcəyini qeyd etmiş, iclasın onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 4 sentyabr 2024-cü il tarixli 2- 1(116)-2704/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
9. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.1.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 fevral tarixli, 48 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması” Qaydalarının 3.1-ci bənində əsasən bu Qaydaların 2.1-ci bəndində qeyd edilən markalanmalı malların növündən asılı olaraq aşağıdakı markalar tətbiq olunur: 3.2.3-cü bəndinə əsasən "müsadirə” dedikdə məhkəmə qərarı ilə müsadirə edilmiş markalanmalı mallara tətbiq edilən aksiz markası. Yuxarıda qeyd olunan Vergi Məcəlləsinin normalarından və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qaydalarından məlum olur ki, aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış mallar məhkəmə qərarı əsasında müsadirə olunur, həmin mallar müsadirə olunduqdan sonra onlara "müsadirə” aksiz markası tətbiq olunur. X7 Məhkəməsi inzibati işə birtərəfli baxmış, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-ci maddəsini nəzərə almayaraq əsassız olaraq hazırkı işə məhkəmədə baxılmalı olmaması nəticəsinə gəlmiş, iddianı mümkün saymamışdır. Halbuki aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış mallar məhkəmə qərarı əsasında müsadirə olunması Azərbaycan Respublikası Vergi Məcəlləsində birbaşa qeyd olunmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi hazırkı inzibati işi hərtərəfli araşdırmamış, iddiaya Azərbaycan Respublikası İPM və MPM-in tələblərinə uyğun baxaraq hazırkı sahədə Azərbaycan Respublikası Vergi qanunvericiliyini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və Qaydalarını nəzərə almamışdır. Həmçinin onu da qeyd etmək lazımdır ki, oxşar inzibati işlər digər inzibati məhkəmələr tərəfindən təmin olunmuşdur. Belə ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 1(114)-2930/2023 nömrəli Qərarı ilə iddiaçı Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh X1 qarşı aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış ümumi dəyəri 152 manat olan 33 qutu tütün məmulatlarının müsadirə edilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X1 qarşı aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış ümumi dəyəri 152 manat olan 33 qutu tütün məmulatları müsadirə edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-2931/2023 nömrəli Qərarı ilə iddiaçı Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh X2 qarşı aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış ümumi dəyəri 12,60 manat olan 28 qutu tütün məmulatlarının müsadirə edilməsi tələbinə iddiası da təmin edilmişdir. Məhkəmənin qərardadda qeyd etdiyi Azərbaycan Respublikası CM və İXM-ə əsasən malların dövlət nəfinə müsadirə edilməsi ilə Azərbaycan Respublikası VM-nin 23.1.15 və 24.2.1 - 2-ci maddələrində nəzərdə tutulmuş məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışı eyniləşdirilə bilməz. Çünki aksizsiz mallar satış məqsədi ilə müsadirə edilərkən dövlət nəfinə alınmır və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli, 516 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xüsusi müsadirə edilmiş əmlakın dövlət nəfinə verilməsi” Qaydasının 1.4-cü bəndinə əsasən bu Qayda gömrük sahəsində cinayət işləri üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsinə və vergi sahəsində cinayət işləri üzrə məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışının təşkilinə şamil edilmir. Bundan başqa hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 25 dekabr 2003-cü il tarixli, N-3020 nömrə ilə dövlət qeydiyyatına alınmış, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 26 avqust 2003-cü il tarixli, A-162 nömrəli əmriylə təsdiq edilmiş "Məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışının təşkili” Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-ci maddəsinə uyğun olaraq, vergi orqanları tərəfindən öz səlahiyyətləri çərçivəsində keçirilən vergi nəzarəti zamanı aşkar edilən aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış malların (bundan sonra "malların") dövlət nəfinə keçməsi haqqında məhkəmə orqanlarının qərarlarının qüvvəyə minməsindən sonra qanunvericiliyə uyğun olaraq satışının təşkil olunması qaydalarını müəyyən edir. Şəki İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2-1(116)-2704/2024 nömrəli qərardadı qəbul edərkən məhkəmənin qərarı ilə aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışı məqsədi ilə müsadirə edilməsi Azərbaycan Respublikası CM-də nəzərdə tutulan malların dövlət nəfinə xüsusi müsadirə edilməsi kimi qəbul etmişdir. Halbuki qeyd olunan iki hal bir-birindən kəskin fərqlənir və eyniləşdirilə bilməz. Azərbaycan Respublikası İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Hazırki inzibati işdə də tərəflərindən satış məqsədi ilə müsadirəsi tələb olunan mallar əmlak olduğundan işə inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.2-ci bəndinə əsasən işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1 -ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin birinci instansiya məhkəməsi inzibati iş materiallarını kifayət qədər araşdırmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli 2-1(116)- 2704/2024 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir.
12. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2.7. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
14. Mülki Prosessual Məcəllə: Maddə 1.1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Maddə 1.4. Digər qanunlarda olan prosessual hüquq normaları bu Məcəllənin müddəalarına uyğunlaşdırılmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
15. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
17. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-ci maddəsinə görə məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına, 24.1.2-2-ci maddəsinə görə vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələrinə aid edilmişdi.
18. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
19. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.
20. Hazırkı işin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin tələbi “vergi ödəyicisinə (cavabdehə) məxsus aksiz markaları ilə markalanmamış tütün məmulatlarının müsadirə edilməsi” barədədir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3-cü maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi, qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi, sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi, təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması, rekvizisiya, müsadirə.
22. Həmin Məcəllənin 212-ci maddəsinə əsasən müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.
23. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.
24. Həmin Məcəllənin 7.0.4-cü maddəsinə əsasən cinayət təqibi – cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir.
25. Göründüyü kimi, mülkiyyətçisindən ona məxsus hər hansı əmlakın məcburi qaydada alınması formalarından biri kimi müsadirə institutunun tətbiqi onun birbaşa qanunla nəzərdə tutulması ilə şərtləndirilir. Mövcud qanunvericilikdə isə, məcburiyyət tədbiri qismində müsadirə yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuşdur.
26. Həm də nəzərə alınmalıdır ki, müvafiq malların (aksiz markaları ilə markalanmamış tütün məmulatlarının) müsadirəsi inzibati orqanın səlahiyyətləri dairəsinə daxil olsa da, onun inzibati icraat yox, cinayət-prosessual və inzibati xətalara dair işlər üzrə fəaliyyəti çərçivəsində prosessual hərəkətidir.
27. Bundan başqa, məhkəmə kollegiyası diqqətə çəkir ki, inzibati məhkəmə icraatında inzibati mübahisələrə baxılmasının və həll edilməsinin prosessual prinsip və qaydaları İPM-lə müəyyən edilir, bu Məcəllədə başqa qayda müəyyən edilmədiyi hallarda isə, prosessual prinsiplərə zidd olmaması şərtilə MPM-lə tənzimlənir. Odur ki, MPM-in 1.4cü maddəsinin məzmununa görə digər qanunlarda, o cümlədən Vergi Məcəlləsində müəyyən edilmiş qayda prosessual qanunvericilik aktlarına daxil edilməklə uyğunlaşdırılmadığından, malların müsadirə edilməsi ilə bağlı iddialara hazırda inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən deyil.
28. Qeyd olunanlar həm də belə qənaətə əsas verir ki, vergi orqanının “vergi ödəyicisinə məxsus aksiz markaları ilə markalanmamış tütün məmulatlarının müsadirə edilməsi” tələbinə dair iddiası İPM-in 2.2.7-ci maddəsində təsbit edilmiş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi qiymətləndirilə bilməz.
29. İPM-in 35.1-ci maddəsinin mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.
30. Beləliklə yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
31. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli 2-1(116)- 2704/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli 2-1(116)-2704/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.