Məhkəmə qərarları › İş №2-1(107)-578/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-578/2024

17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-578/2024 17.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və X9 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 və üçüncü şəxs X8 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 13 saylı qərarına əlavə olunmuş sxematik plan nəzərə alınmaqla xx.xx.2023-cü il tarixli 408-1/5533 inventar nömrəli texniki pasporta düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2-1(116)- 357/2024 nömrəli qərarından cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 16 saylı Ucar Ərazi İdarəsi və üçüncü şəxs X11 tərəfindən verilmiş аpellyаsiyа şikаyətlərinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 16 saylı Ucar ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qarşı “ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsinə dair verilmiş JN1362 saylı Dövlət Aktında göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına uyğun olaraq xx.xx.2023-cü il tarixli texniki pasportda müvafiq düzəlişlərin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2380/2023 nömrəli qərardadı ilə X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

3. İddiaçı tərəfindən tələb bir neçə dəfə dəqiqləşdirilmişdir. Sonuncu məhkəmə iclasında iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək “Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 13 saylı qərarına əlavə olunmuş sxematik plan nəzərə alınmaqla xx.xx.2023-cü il tarixli 408-1/5533 inventar nömrəli texniki pasporta düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

5. İddia ərizəsinin əsaslarına görə, Göyçay Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 13 nömrəli qərarı ilə ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi sahibkarlığın inkişafı məqsədi ilə atası X1. Bələdiyyənin sözügedən qərarı əsasında Ərziman Qasımova xx.xx.2006-cı il tarixli, 194 nömrə ilə qeydiyyata alınmış JN-1362 saylı torpağa mülkiyyət huququna dair Dövlət Aktı verilmişdir. Bundan sonra atası 2007-ci ildə həmin torpaq sahəsi üzərində qeyri-yaşayış sahəsi inşa etmiş və elə həmin ildən inşa edilmiş tikililər istismara verilmişdir. Tikinti işləri başa çatdıqdan sonra atası həmin tikintilər və 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş və mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır Bir müddət atası Ərziman Qasımov mülkiyyətində olan əmlak kompleksində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, sonradan yaşı ilə əlaqədar işlərin öhdəsindən gələ bilmədiyi uçun fəaliyyətini davam etdirməyi ona həvalə etmişdir. Eyni zamanda mülkiyyətində olan əmlak kompleksini və həmin kompleksin yerləşdiyi torpaq sahəsi xx.xx.2022-ci il tarixdə ona bağışlamış və bu barədə notarial qaydada bağışlama müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında sözügedən əmlak kompleksi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport almışdır. Qeyd edilən sənədləri cavabdeh inzibati orqandan aldıqdan sonra məlum olmuşdur ki, cavabdeh inzibatı orqan texniki pasportda yalnışlığa yol vermiş, torpaq sahəsinə dair verilmiş Dövlət Aktında qeyd edilən cizgilərə (plana) uyğun deyil, mühəndisin öz mülahizəsinə uyğun olaraq torpaq sahəsinin planı tərtib edilmişdir. Bu hal aşkar edildikdən sonra inzibatı orqana müraciət edilmiş və yol verilmiş texniki yalnışlığın aradan qaldırılması xahiş edilmişdir. Lakin cavabdeh orqan müraciətini təmin etməkdən imtina etmişdir. Buna səbəb kimi mübahisəli halın olduğu göstərilmişdir.

6. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, xx.xx.2006-cı il tarixli, JN-1362 saylı torpağa mülkiyyət hüququna dair Dövlət X3 adına tərtib edilmişdir. Sözügedən torpaq üzərində qeyri-yaşayış sahəsi inşa edilmişdir. xx.xx.2022-ci il tarixdə **********64-12301 çıxarış əsasında İddiaçı notarial qaydada bağışlanmışdır. Həmin müqavilə əasında vətəndaşa Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X15 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən çıxarış və texniki pasport verilmişdir. İddiaçı iddia etdiyi torpaq sahəsi və üzərində qeyri-yaşayış binası **********64-12301 reyestr nömrəli çıxarışla mülkiyyətinə olan 0,05 ha torpaq sahəsində yerləşməməklə mübahisə halının olduğu aşkar edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Göyçay rayon İH-nin Memarlıq və Tikinti şöbəsi tərəfindən tərtib edilmiş sxematik planda vətəndaşın iddia etdiyi ərazi və üzərində yerləşən qeyri-yaşayış obyekti qeyd edilməmişdir. Göyçay rayon İHB-nın obyektin istismara qəbulu haqqında aktında iddia olunan torpaq sahəsi üzərində inşa olunmuş qeyri-yaşayış obyekti nəzərə alınmamışdır.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxsin vəkili (nümayəndəsi) iddia iddia tələbinə etiraz edərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 25 iyul 2024-cü il tarixli, 2- 1(116)-357/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

11. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi və üçüncü şəxs X11 həmin qərardan apellyasiya şikayəti vermişlər.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

12. Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2-1(116)-357/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

13. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmədə araşdırma aparılarkən, Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 13 saylı qərarına əlavə olunmuş sxematik planda göstərilən torpaq sahəsinin Göyçay elektrik şəbəkəsinə məxsus torpaq sahəsi olub-olmaması hissəsində araşdırma aparılması barədə tərəfimizdən vəsatət verilməsinə baxmayaraq, məhkəmə tərəfindən nə Göyçay elektrik şəbəkəsinə nə də, Dövlət Əmlak Xidmətinə sorğu verilmişdir. Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 13 saylı qərarına əlavə olunmuş sxematik planda göstərilən torpaq sahəsinin naturada koordinatlarının və yerləşmə yerinin müəyyən edilməsi, həmin sxematik planın naturaya uyğun olub-olmaması hissəsində araşdırma aparılması barədə tərəfimizdən vəsatət verilmişdir. Məhkəmə tərəfindən bu hissədə araşdırma aparılması məqsədilə cavabdeh inzibati orqana sorğu verilmişdir. Sorğuya cavab olaraq bildirilmiş ki, Göyçay Bələdiyyesinin xx.xx.2003-cü il tarxli 13 saylı qerarı ile verilmiş 0.05 ha torpaq sahasi ila bağlı koordinatlar eks olunan sxematik plan mövcud olmadığı üçün sualı cavablandırmaq mümkün olmamışdır. Qərarının icrası öhdəliyi qoyulmuş inzibati orqanın 0.05 ha torpaq sahəsi ila bağlı koordinatlar eks olunan sxematik planın mövcud olmaması səbəbindən torpaq sahəsinin naturada koordinatlarının və yerləşmə yerinin müəyyən edilməsinin mümkün olmamasını qeyd etməklə verdiyi rəy nəzərə alınmadan çıxarılan qərar aşkar surətdə icrası mümkün olmayan qərardır. İş materialında bir-biri ilə ziddiyyətli olan bir neçə eskiz, sxem olmasına baxmayaraq, məhkəmə bu hissədə araşdırma aparmamışdır. Belə ki, Göyçay ZDSİK-nin xx.xx.1950-ci il tarixli, 113 saylı iclas protokoluna əlavə olunmuş sxem, Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 13 saylı qərarına əlavə olunmuş sxematik plan, Məmmədov Gündüzə tikinti üçün Göyçay RİH-nin memarlıq və tikinti şöbəsi tərəfindən verilmiş sxem, Qasımov Ərzumanın adına Göyçay RİH-nin memarlıq və tikinti şöbəsi tərəfindən verilmiş sxem əsasında müqayisəli araşdırma aparılmamışdır. Məhkəmə xx.xx.2023-cü il tarixli 408-1/5533 inventar nömrəli texniki pasporta düzəliş edilməsi öhdəliyi qoyarkən, həmin ərazinin dövlət mülkiyyətində olan torpaq sahəsi olmasını nəzərə almamışdır. Həmin torpaq sahəsinin dövlət mülkiyyətinə aid olmasını təsdiq edən sübutlar iş materialında olan Göyçay rayonu Göyçay Bələdiyyəsinin iş üzrə 3-cü şəxs Məmmədov Gündüzə ünvanladığı xx.xx.2022-ci il tarixli, 566 saylı məktub və cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyləridir. Göyçay rayonu Göyçay Bələdiyyəsinin iş üzrə 3-cü şəxs MəmmədovGündüzə ünvanladığı xx.xx.2022-ci il tarixli, 566 saylı məktubda Məmmədov Gündüzün istifadəsində olan 22 kv.m torpaq sahəsinin dövlət mülkiyyətinə aid olması qeyd olunmuşdur. Cavabdeh tərəfindən verilmiş mütəxəssis rəylərində isə qeyd olunmuşdur ki, sözügedən 16 kv.m torpaq sahəsi elektron baza məlumatlarında dövlət mülkiyyətinə aid torpaq sahəsidir. Həmin torpaq sahəsinin dövlət mülkiyyətinə aid olmasını təsdiq edən digər sübut iş materialına əlavə etdiyimiz həmin tikiliyə bitişik tikintinin altında olan torpaq sahəsinə dair ƏMDX ilə Məmmədov Rəşad arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 4369 saylı dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədir. Hətta həmin torpaq sahəsi üzərindəki tikili və torpaq sahəsi üzərində Məmmədov Rəşadın mülkiyyət və istifadə hüququ dövlət qeydiyyatına alınaraq, çıxarış və texniki pasport da verilmişdir. Hazırki iş üzrə iddiaçının Göyçay rayon Məhkəməsinə verdiyi i ddia ərizəsi üzrə baxılan işdə Məmmədov Gündüzlə bərabər Məmmədov Rəşad da,cavabdeh kimi iştirak edir. Həmin torpaq sahəsinin dövlət mülkiyyətində olmasının məhkəmə tərəfindən nəzərə alınmaması mülkiyyət hüququnun pozuntusudur. Dövlət mülkiyyətinə aid torpaq sahəsinə dair baxılan iş üzrə Əmlak Məsələləri Dövlət Xidməti 3-cü şəxs kimi icraata cəlb olunmadan, dövlətin ziyanına qərar çıxarılmışdır. Məhkəmə qərar qəbul edərkən, iddiaçının eyni tələblə cavabdeh inzibati orqana müraciət etmədiyini nəzərə almamışdır. Belə ki, iş materialında olan imtina məktubundan görünür ki, iddiaçı dövlət reyestrində qeydiyyata alınmış hüququnun təkrar dövlət qeydiyyatına alınması barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Belə olan halda isə iddia tələbi məhkəmə tərəfindən İPM-nin 35-ci maddəsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı əsas götürülməklə, iddia tələbi mümkün sayılmamalı idi. Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 13 saylı qərarına əlavə olunmuş torpaq sahəsinin yerləşmə vəziyyətinə dair rayonun baş memarının və DT və XK-nin Göyçay rayon şöbəsinin birgə təsdiq etdiyi sxematik planda torpaq sahəsinin ölçüləri məhkəmə tərəfindən düzgün nəzərə alınmamışdır. Belə ki, Məhkəmə sxemdə həmin torpaq sahəsinin eninin 22,5 m, uzunluğunun isə 26,5 göstərilməsi qənaətinə gəlmişdir. Lakin, sxemdə ölçülərin işarələnmiş tikililərin sərhəddinə qədər olduğu və dəyişkən şəkildə qeyd olunduğu aydın şəkildə görünür. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2-1(116)- 357/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2-1(116)-357/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü X8 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2-1(116)-357/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətlərinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2-1(116)- 357/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu. - JN-1362 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, xx.xx.2023-cü il tarixli 408-1/5533 inventar nömrəli Texniki pasport. - xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış. - Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarı və ona əlavə olunmuş sxematik plan. - Cavabdehin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli məktubları və onlara əlavə olunmuş mütəxəssis rəyləri.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

20. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. Cavabdeh orqanın və üçüncü şəxsin apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməi zəruri hesab edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur..

27. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı xx.xx.2023-cü il tarixli 408-1/5533 inventar nömrəli texniki pasportun Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 13 saylı qərarına əlavə olunmuş sxematik plana uyğunlaşdırılmasıdır.

28. Cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəylərində qeyd edilmişdir ki, “Göyçay rayonu, Göyçay yaşayış məntəqəsi ərazisində xüsusi mülkiyyətə, bələdiyyə mülkiyyətinə və dövlət mülkiyyətinə verilmiş torpaqların planı” üzərində JN-1362 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0.05 ha torpaq sahəsinin koordinatları daxil edildikdə sözügedən torpaq sahəsi İddiaçı Arzuman oğlunun faktiki istifadəsində olan torpaq sahəsindən 374 metr şimala düşür. 0,05 ha torpaq sahəsinin dövlət aktında göstərilən cizgisində qonşu istinad nöqtəsi göstərilməmişdir. Bu səbəbdəndə torpaq sahəsinin yerləşmə vəziyyəti naturada müəyyən etmək mümkün olmadı.

29. İddiaçı Arzuman oğlunun faktiki istifadəsində olan torpaq sahəsi TEKUİS baza məlumatlarında yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, tikinti altında olan torpaqlar uqodiyalı olmaqla faktiki istifadə vəziyyətinə uyğun olaraq, bələdiyyə mülkiyyətinə aid torpaqlar kimi göstərilmişdir.

30. JN-1362 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0,05 ha torpaq sahəsinin sxemini **********64-12301 reyestr nömrəli çıxarışa əlavə olunmuş 408- 1/5533 inventar nömrəli Texniki Pasportda göstərilən yerləşmə sxemi ilə müqayisələndirdikdə məlum oldu ki, X8 faktiki istifadəsində olan qeyri-yaşayış obyektinin 16 kv.m hissəsi JN-1362 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşür.

31. Həmçinin, **********64-12301 reyestr nömrəli çıxarışa əlavə olunmuş 408- 1/1533 invertar nömrəli “Texniki Pasport’da göstərilən D “liter”inin 18.7 kv.metr hissəsi JN1362 X16 sxemindən kənarda yerləşir. Texniki Pasport tərtib edilən zaman üzərində İddiaçı Arzuman oğlunun faktiki istifadə etdiyi tikili (Texniki Pasportda D literi kimi görünən ərazidə yerləşən) X8 faktiki istifadəsində olan torpaq sahəsinin 16 kv.metr hissəsi torpaq sahəsi ilə əvəzləşdirilmış və sözügedən 16 kv.m torpaq sahəsi elektron baza məlumatlarında dövlət mülkiyyətinə aid torpaq sahəsi olaraq göstərilmişdir.

32. İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 13 saylı qərarı əsasında X2. Sözügedən qərar əlavə olunmuş torpaq sahəsinin yerləşmə vəziyyətinə dair rayonun baş memarının və DT və XK-nin Göyçay rayon şöbəsinin birgə təsdiq etdiyi sxematik planda torpaq sahəsinin eni 22,5 m, uzunluğu isə 26,5 göstərilmişdir..

33. Mübahisələndirilən texniki pasportda isə torpaq sahəsinin uzunluğu mübahisəli hissədə 23,6 m olmaqla ilkin sənəddən 2,9 m azdır. Həmçinin ilkin torpaqayırma sənədinə və texniki pasporta müqayisəli baxış keçirilərkən müəyyən olunur ki, faktiki olaraq ayrılmış torpaq sahəsi səkiyə paralel olmaqla trapesiya formasındadır. Mübahisənin olduğu 16 kv.m hissə də, ilkin torpaqayırma sənədində iddiaçıya məxsus ərazinin tərkib hissəsi olaraq öz əksini tapmışdır. Təqdim edilmiş mütəxəssis rəyində də, X8 faktiki istifadəsində olan qeyriyaşayış obyektinin 16 kv.m hissəsinin JN1362 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0.05 ha torpaq sahəsi ilə üst-üstə düşməsi qeyd edilmişdir.

34. Lakin, mübahisəli torpaq sahəsinin üçüncü şəxsin istifadəsində olması nəzərə alınaraq iddiaçıya məxsus texniki pasportda həmin hissə sol tərəfə sürüşdürülmüş və torpaq sahəsi ilkin sənəddən fərqli konfiqurasiyada təsvir edilmişdir. Torpaq sahəsinin uzunluğu 2,9 m, eni isə 5,8 m hissə olmaqla sol tərəfə sürüşdürülməsi 16,82 kv.m hissədə texniki pasportun ilkin torpaqayrıma sənədinə uyğunsuzluğunun yaranmasına səbəb olmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçı və üçüncü şəxs arasında olan mübahisə də, məhz 16 kv.m torpaq sahəsi ilə bağlıdır.

35. Mütəxəssis tərəfindən sözügedən sürüşmənin edilməsi onunla əsaslandırılmışdır ki, **********64-12301 reyestr nömrəli çıxarışa əlavə olunmuş 408-1/1533 invertar nömrəli “Texniki Pasport’da göstərilən D “liter”inin 18.7 kv.metr hissəsi JN-1362 X16 sxemindən kənarda yerləşir. Texniki Pasport tərtib edilən zaman üzərində İddiaçı Arzuman oğlunun faktiki istifadə etdiyi tikili (Texniki Pasportda D literi kimi görünən ərazidə yerləşən) X8 faktiki istifadəsində olan torpaq sahəsinin 16 kv.metr hissəsi torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Yəni, iddiaçının faktiki istifadəsində olan tikili ona məxsus torpaq sahəsində yerləşmədiyindən mübahisələndirilən ölçüdə torpaq sahəsi həmin tikinti olan sahəyə sürüşdürülməklə ona məxsus tikili üzərində hüquqların dövlət qeydiyyatı aparılmışdır.

36. Məhkəmə kollegiyası cavabdeh orqanın dəlilini əsassız hesab edir. Belə ki, tərtib edilmiş texniki pasport onun tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədinin məzmununa zidd ola bilməz. O cümlədən, cavabdeh orqan iddiaçının faktiki istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsinin ona aid olmaması qənaətində idisə bu həmin hissədə hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya səbəb ola bilərdi. Odur ki, müvafiq əvəzləşmənin aparılmasında ifadə olunan cavabdeh orqanın hərəkətləri mahiyyət etbarilə əsassız olmuşdur. Hər bir halda iddiaçıya sənəd üzrə məxsus olan torpaq sahəsinin ölçüsü 0.05 hektardan artıq olmamalı və həmin torpaq sahəsinin yerləşmə vəziyyəti torpaq sahəsini ayıran qurumun iradə ifadəsinin əks olunduğu sxematik planda göstərilən yerləşmə vəziyyətindən və ölçülərdən kənara çıxmamalıdır.

37. Hazırkı halda isə cavabdeh orqan ilkin sənəddə öz əksini tapmış 16 kv.m (mübahisələndirilən hissə nəzərdə tutulur) torpaq sahəsini texniki pasportdan çıxartmaqla iddiaçının faktiki istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsinə əlavə etmiş, qeyd olunan hal isə texniki pasportun həmin hissədə ilkin torpaqayrıma sənədinə uyğunsuzluğuna gətirib çıxartmışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 13 saylı qərarına əlavə olunmuş sxematik plan nəzərə alınmaqa xx.xx.2023-cü il tarixli 408-1/5533 inventar nömrəli texniki pasporta düzəliş edilməsini tələb etməkdə haqlı olmuşdur.

38. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 13 saylı qərarına əlavə olunmuş sxematik plan nəzərə alınmaqla xx.xx.2023-cü il tarixli 408-1/5533 inventar nömrəli texniki pasporta düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdeh orqanın və üçüncü şəxsin apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətləri təmin edilməməlidir.

39. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi və üçüncü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2-1(116)-357/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar