Məhkəmə qərarları › İş №2-1(107)-58/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-58/2020

06.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-58/2020 06.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinə qarşı "64 yaşının tamam olduğu xx.xx.2019-cu ildən yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1381/2019nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. İddiaçı xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək Şəki rayonu Orconikidze adına Taxılçılıq sovxozunda fəhlə işləmişdir. İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.1976-cı ildən xx.xx.2000-ci ilədək Şəki rayonu Orconikidze adına Taxılçılıq sovxozunda tornaçı işləmişdir. İddiaçı xx.xx.2019-cu ildə pensiya yaşına çatmışdır. O, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu bundan imtina etmiş və xx.xx.2019-cu il tarixli **********9 nömrəli məktubunda bildirmişdir ki, onun cəmi 23 il 7 ay sığorta stajı və buna uyğun olaraq 17039,47 manat pensiya kapitalı vardır, bu isə pensiya təyin olunması üçün kifayət etmir. Əmək kitabçasındakı 2 nömrəli qeyddə onun xx.xx.1974-cü ildə işdən azad olunması göstərilsə də, hərbi biletində xx.xx.1974-cü ildən hərbi xidmətdə olması qeyd edilmişdir. Bundan başqa, Taxılçılıq sovxozunun sənədləri 1992-ci ilədək Dövlət Arxivinə təhvil verilmədiyi üçün işdən çıxma əmrini yoxlamaq mümkün olmadığına görə 1973-1974-cü illər sosial sığorta stajına daxil edilmir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Cavabdeh iddianı qəbul etməmiş və xx.xx.2019-cu il tarixli etirazını belə əsaslandırmışdır ki, iddiaçıya pensiya təyin edilməsi üçün 25 il sığorta stajı, yaxud da 23040 manat pensiya kapitalı tələb olunur. İddiaçının cəmi 23 il 7 ay sosial sığorta stajı və buna uyğun 17039,47 manat pensiya kapitalı vardır. Əmək kitabçasında xx.xx.1974-cü ildə işdən azad olunması qeyd edilsə də, hərbi biletində xx.xx.1974-cü ildən hərbi xidmətdə olması qeyd olunmuşdur. Taxılçılıq sovxozunun sənədləri 1992-ci ilədək Dövlət Arxivinə təhvil verilmədiyi üçün işdən çıxma əmrinin yoxlanması mümkün deyildir. Buna görə də 1973-1974-cü illər sosial sığorta stajına daxil edilməmişdir. Şəki İnzibati-İqtisаdi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1381/2019 saylı qərarı ilə (hаkim Vidadi Qasımov) iddia təmin edilmiş, İddiaçı 64 yaşının tamam olduğu xx.xx.2019-cu ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin üzərinə qoyulmasıqərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsiŞəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1381/2019 saylı qərarından apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1381/2019nömrəli qərarının ləğv edilməsini və iddia tələbin rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati-İqtisadiMəhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1381/2019 nömrəli iş üzrə qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati- İqtisadiMəhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1381/2019 nömrəli iş üzrə qərarını ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. İddiaçının adına olan ИТ-1 № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, Şəki rayonu Orconikidze adına Taxılçılıq sovxozunda xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək fəhlə, xx.xx.1976-cı ildən xx.xx.2000-ci ilədək isə tornaçı işləmişdir. İddiaçının adına olan ГЗ № 042166 nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək Sovet Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialının xx.xx.2019-cu il tarixli 424 nömrəli arayışına əsasən, Şəki rayonu Orconikidze adına Taxılçılıq sovxozunun işçi və qulluqçularının əmr kitabları və zəhmət haqqı cədvəlləri 1991-ci ilin dekabr ayına kimi həmin filiala təhvil verilməmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialının xx.xx.2019-cu il tarixli 424 nömrəli digər arayışına əsasən, İddiaçı Şəki rayonu Orconikidze adına Taxılçılıq sovxozunda işləyən zaman 1992-ci ilin 11 ayı, 1993-cü ilin 10 ayı, 1994-cü ilin 11 ayı, 1995-ci ilin 11 ayı, 1996-cı ilin 11 ayı, 1997-ci ilin 10 ayı, 1998-ci ilin 3 ayı, 1999-cu ilin 1 ayı ərzində əmək haqqı almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin təqdim etdiyi xx.xx.2020-ci il tarixli, **********5 nömrəli arayıçdan görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək olan hərbi xidmət dövrü və əmək kitabçasına əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.2000-ci il tarixədək olan müddət sosial sığorta stajına daxil ediləcəyi təqdirdə, cəmi 25 il 4 ay 9 gün sosial sığorta stajı müəyyənləşir. Bu staj da vətəndaşa yaşa görə əmək pensiyası təyin olunması üçün yetərlidir və xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunacaqdır. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, İddiaçı yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün onun 64 yaşa çatması, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, xx.xx.2019-cu ildə pensiya yaşına (64 yaş) çatmışdır. Onun xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək, yəni 2 il 7 gün müddətində Sovet Silahlı Qüvvələrində hərbi xidmətdə olması hərbi bileti ilə təsdiq edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən, xx.xx.1992-ci ilədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü də sığortaolunanın sığorta stajına daxil edilir. Cavabdehin mövqeyinə görə, sovxozun 1992-ci ilədək müddətə aid sənədləri arxivə təhvil verilmədiyinə görə iddiaçının işdən çıxma əmrinin yoxlanılması mümkün deyil, bu səbəbdən də 1973-1974-cü illər iddiaçının sosial sığorta stajına daxil edilməməlidir. Cavabdehin dəlilinə görə, iddiaçının aldığı əmək haqqı barədə arxiv arayışında 1998ci ildə yalnız 3 ay, 1999-cu ildə yalnız 1 ay üçün əmək haqqı verildiyinə görə həmin 2 il üzrə cəmi 4 ay staj kimi qəbul edilə bilər. Birinci instansiya məhkəməsi bununla da razılaşmamış və qeyd etmişdir ki, "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsində aşağıdakılar müəyyən olunmuşdur: birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. üçüncü hissəsinə əsasən, iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; səkkizinci bəndinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddələrin tələbləri belə izah olunur ki, xx.xx.2002-ci ilədək olan dövr üzrə işçilərin əmək fəaliyyəti ümumi iş stajına həmçinin o halda da daxil edilməlidir ki, əgər həmin dövrdə işcilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalıdır. Bu müddətə münasibətdə sosial sığorta haqlarının ödənilməməsi həmin müddətin şəxsin əmək stajına daxil edilməməsi üçün hüquqi əsas kimi qiymətləndirilməmişdir. Qanunvericiliyin əlaqəli təhlili o nəticəni yaradır ki, iddiaçının iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və həmin dövrdə o, dövlət sosial sığortası ilə əhatə olunmalı olduğundan, həmin dövrə münasibətdə onun əmək haqqının alınması və ondan müvafiq qaydada sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin müəyyən edilməsi xx.xx.2002ci il tarixinə qədər olan müddətə münasibətdə zəruri olmamışdır. Şərh olunan hüquqi mövqe 2-1(102)-278/19 nömrəli başqa bir oxşar inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmişdir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraqhesab etmişdir ki, iddiaçının 1998-ci ilin 9 ayında, 1999-cu ilin 11 ayında əmək haqqı almamasına və həmin aylar üçün ondan sosial sığorta haqqı tutulmamasına baxmayaraq, həmin illər bütövlükdə onun sosial sığorta stajına daxil edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Bundan başqa, o, hərbi xidmətdən əvvəl, yəni xx.xx.1973-cü ildə Şəki rayonu Orconikidze adına Taxılçılıq sovxozunda fəhlə işləməyə başlamış və hərbi xidmətə getməsi ilə əlaqədar xx.xx.1974-cü ildə həmin işdən azad edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işdən azad edilməsi barədə əmək kitabçasında olan qeydin tarixi xx.xx.1974-cü il göstərilsə də, o, hərbi xidmətə xx.xx.1974cü ildə getdiyinə görə, işdən çıxdığı tarix kimi hərbi xidmətə getdiyi gündən bilavasitə əvvəlki gün, yəni xx.xx.1974-cü il götürülməlidir. Belə olan halda, həmin işdə iddiaçının stajı 8 ay 12 gün təşkil edir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçının hərbi xidmətə getməsi ilə əlaqədar işdən çıxarılması barədə əmrin onun hərbi xidmətə getməsindən bir neçə gün sonra verilməsində hər hansı qanunsuzluq yoxdur və bu hal iddiaçının xx.xx.1973-cü ildən hərbi xidmətə getdiyi günədək (xx.xx.1974-cü il) sovxozda işləməsini şübhə altına almaq üçün əsas vermir. Bundan başqa, iddiaçı hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1976-cı ildə Şəki rayonu Orconikidze adına Taxılçılıq sovxozunda (sonrakı adı - "Turan" taxılçılıq sovxozu) tornaçı işinə götürülmüş və aqrar islahatla bağlı sovxoz ləğv edildiyinə görə xx.xx.2000-ci ildə işdən azad edilmişdir. Həmin müddətin cəmi 23 il 5 ay 2 gün təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1381/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Gündüz Abbasov Rövşən Rəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar