Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-58/2022 08.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “İddiaçı mənzillə (daimi yaşayış sahəsi ilə) təmin olunmasına dair cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2-1(116)-815/2021 saylı qərarından İddiaçı tərəfindən apellyasiya şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Cavabdeh1nə qarşı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “mənzillə (daimi yaşayış sahəsi ilə) təmin olunmasına dair cavabdehlərin üzərinə inzibati öhdəlik qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 09.02.2021-ci il tarixli, 2-1(120)-566/2021 saylı qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş 19.04.2021-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin dəftərxanasına daxil olmuş və həmin tarixdən icraata götürülmüş sayılmışdır. 22.04.2021-ci il tarixdə məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım barədə məktub göndərilmiş və cavabdeh inzibati orqanlardan birinə qarşı tələbi yönəltməklə 10 gün müddətində iddia ərizəsinin dəqiqləşdirilməsi təklif edilmişdir. 17.05.2021-ci il tarixdə iddiaçı məhkəməyə “iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək Cavabdeh1 cavabdehlərdən sırasından çıxarılmasını və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı dövlət hesabına mənzillə təmin olunması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2-1(116)-815/2021 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı 01.08.1985-ci ildə X1 Mühəndisləri Məktəbinə kursant olaraq daxil olmuş, 1990-cı ildə X1 Mühəndisləri Məktəbin bitirmiş, 05.08.1992-ci ilədək SSRİ Silahlı Qüvvələrində xidmət etmişdir. 05.08.1992-ci ildən – 16.11.2007-ci ilədək isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində xidmət etmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi müddət 15 il olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 10 noyabr 2007-ci il tarixində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “V” (xəstəliyə görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həqiqi hərbi xidmət keçdiyi dövrdə və ehtiyata buraxıldıqdan sonra mənzillə (daimi yaşayış sahəsi ilə) təmin olunmamışdır. Beləliklə, iddiaçı SSRİ və Azərbaycan Respublikası Silahlı Qüvvələrində ümumilikdə 22 (iyirmi iki) təqvim ili müddətində həqiqi hərbi xidmət keçmiş, ümumi hərbi xidmətinin 7 ilini SSRİ Silahlı Qüvvələrində, 15 ilini isə Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. Xidmət etdiyi dövrdə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) Yubiley Medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) Yubiley Medalı, “Qüsursuz Xidmətə görə” 3-cü dərəcəli medallarla da təltif olunmuşdur. İddiaçı 20 (iyirmi) təqvim ili və daha artıq qüsursuz xidmət keçmiş hərbi qulluqçu kimi dövlət hesabına mənzillə təmin olunmaq üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı 08.06.2021-ci il tarixli etirazını iddiaçının 1991-ci ildən, 10 noyabr 2007-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində cəmi, N il N ay xidmət etməsi, iddiaçının 20 il və daha çox qüsursuz xidmət etməsinin sübuta yetirilməməsi ilə əsaslandırmış, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin 07.12.2020-ci il tarixli məktubu, SHXÇÜDX-nin Zərdab rayon bölməsinin 15.12.2020-ci il tarixli arayışı, ZE seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surəti, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalın vəsiqəsi. Şəki İnzibаti Məhkəməsinin (hakim Vüqar Musayev) 15 oktyabr 2021-ci il tarixli, 2- 1(116)-815/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzillə (daimi yaşayış sahəsi ilə) təmin olunmasına dair cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair iddiası təmin edilmişdir. Şəki İnzibati Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2-1(116)-815/2021 saylı qərarından İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qərarda maddi hüquq normalarını düzgün tətbiq etməmiş, həmçinin prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının tələblərini özü üçün aydınlaşdıra bilməmiş və həmin Fərmana düzgün istinad edə bilməmişdir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, keçmiş SSRİ Respublikalarının ərazisində 1992-ci il yanvarın 1-dək olan xidmət dövrü pensiya təyinatı zamanı nəzərə alınır. 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında açıq şəkildə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Belə olduğu təqdirdə cavabdeh Müdafiə Nazirliyinin onun Azərbaycan Ordusu sıralarında xidmət müddətimin 20 təqvim ilindən az olduğu səbəbindən mənzillə təminatdan imtina etməsi qanunsuzdur. Hesab edir ki, cavabdeh onun hərbi xidmətimi təkcə Azərbaycan Ordusundakı xidmətlə məhdudlaşdırmağa çalışmış, məhkəmə isə onun mənzillə təmin olunma hüququnu kobud şəkildə pozmağa yönəlmiş və qanunsuz qərar qəbul etmişdir. Ona görə də, Şəki İnzibati Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2-1(116)-815/2021 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əsaslandırma hissəsi: Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə əsasən, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibаti- Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2-1(116)-815/2021 saylı qərarı ləğv edilməli, iddia tələbi mümkün hesab edilməməlidir. İş materiallarından görünür ki, Zərdabrayon Zərdab bələdiyyəsinin 30 oktyabr 2012ci il tarixli 13 saylı qərarı ilə “Həbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə uyğun olaraq iddiaçıya yaşayış evi tikintisi üçün dəyəri ödənilmədən, əvəzsiz olaraq 0,06 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. (Seriya RX №0081113 Çıxarış)) İddia tələbi əlaqədar olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28.12.2011-ci il tarixli, 569 nömrəli Fərmanının 1-ci bəndində deyilir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Həmin Fərmanın 2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə aşağıdakı tərkibdə Komissiya yaradılsın. Həmin Fərmanın 3, 3.1, 3.2-ci bəndlərinə müvafiq olaraq Komissiyaya tapşırılsın ki: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Beləliklə sözügedən Fərmanın müddəalarından göründüyü kimi, bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq adıçəkilən Komissiyaya tapşırılmış və hazırlanmış siyahının Maliyyə Nazirliyinə təqdim edilməsi vəzifə olaraq müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına istinad etsə də, hazırkı inzibati mübahisəni həll edərkən, əslində həmin Fərmanın müddəalarını nəzərə almamışdır. Belə ki, sözügedən Fərmanda birbaşa, aydın və konkret şəkildə qeyd edilmişdir ki, dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiya yaradılır. Beləliklə adı çəkilən siyahının hazırlanması səlahiyyəti yuxarıda artıq göstərildiyi kimi, Müdafiə Nazirliyinə deyil, məhz həmin Fərmanla yaradılmış Komissiyaya verilmişdir. Lakin İddiaçı iddia ərizəsində irəli sürdüyü tələblə bağlı sözügedən Komissiyaya müraciət etməsi iş materiallarından görünmür. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin normanın tələbləri də təmin olunmamışdır. Belə ki, məhkəmə yuxarıda qeyd edilən normaların tələblərinin hazırkı işə münasibətdə tətbiqi imkanını nəzərə almalı, iddianın həmin normaların tələblərinə uyğunlaşdırılması üçün İPM-in 13-cü maddəsində nəzərdə tutulmuş vəzifəni icra etməli idi. Məhkəmə kollegiyası İPM-in 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsini özündən asılı olmayan obyektiv səbəblər üzündən yerinə yetirə bilməmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, İPM-in 13-cü maddəsi ilə tənzimlənən məhkəmənin yardım etmək vəzifəsi birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələrdə qaldırılan iddialarla əlaqədar məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsini nəzərdə tutur. Apellyasiya icraatı qaydasında apellyasiya şikayəti üzrə işlərə baxılarkən apellyasiya məhkəmələrinin inzibati kollegiyaları birinci instansiya məhkəmələri tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPM-in 13-cü maddəsinin də tələbinə əməl edilib-edilməməsini yoxlamalıdırlar. Həmin qərarda həmçinin vurğulanmışdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası birinci instansiya məhkəmələrində işə baxılması ilə bağlı inzibati məhkəmə icraatına şamil olunur və inzibati apellyasiya icraatında tətbiq edilə bilməz. Yəni, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlük şərtləri yoxlanılmadan iddiaya mahiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçılar hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki İnzibаti Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2-1(116)-815/2021 saylı qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87, 89, 90 və 94-cü mаddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyəti qismən təmin edilsin. Şəki İnzibаti Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2-1(116)-815/2021 saylı qərarı ləğv edilisin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “İddiaçı mənzillə (daimi yaşayış sahəsi ilə) təmin olunmasına dair cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair” iddiası mümkün sayılmasın. Qərаrdаddаn rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyаsiyа Məhkəməsi (AZ-5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vаsitəsilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikаyəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-1(107)-58/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-58/2022
08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver