Məhkəmə qərarları › İş №2-1(107)-58/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-58/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-58/2023 26.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “İddiaçı1 verilmiş 0,08 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2-1(116)-263/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “Zərdab rayonu Məlikli kəndi ərazisində yerləşən, Məlikli Bələdiyyəsinin mülkiyyətində olan Zərdab Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 06 nömrəli qərarına əsasən İddiaçı1 Məcid oğlu, mərhum atası X17 və ailə üzvləri X9, İddiaçı2, X2, X21 və X8 fərdi yaşayış evi tikmək məqsədilə verilmiş 0,08 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydə alınmasından imtinanın qanunsuz hesab edilməsi, 0,22 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişlər.

2. İddia tələbinin əsaslarına görə, Zərdab Rayon Aqrar İslahat Komissiyasının 24 avqust 1997-ci il tarixli, 06 nömrəli qərarı ilə iddiaçıya, İddiaçı1, mərhum atası X10 və ailə üzvləri X5, İddiaçı2, X1, X12 və X8 fərdi yaşayış evi tikmək məqsədilə 0,22 ha həyətyanı torpaq sahəsi ayrılıb verilmişdir. İddiaçıya həmin torpağın 0,14 hektarı üçün “Torpağın mülkiyyətə verilməsinə dair” JN-075 kod 90510018 nömrəli Şəhadətnamə verilmişdir. Neçə illərdir ki, qalan 0,08 hektar torpaq sahəsinin şəhadətnaməsini ala bilmir. İddiaçı onu da qeyd edir ki, islahat gedəndən bu günə kimi həmin torpaq onu istifadəsindədir və heç bir mübahisəli hal yoxdur. İddiaçılar şəhadətnamə olmadığına görə həmin torpağı sənədləşdirə bilmirlər. İddiaçı1 bildirilmişdir ki, Şəhadətnamə aldığı 0,14 hektar torpaq sahəsi mərhum atası X10 məxsus olan torpaqdır. Həmin torpağı onların adına sənədləşdirib onlara Torpağın mülkiyyətə verilməsinə dair JN 075A, KOD 90510018 nömrəli Şəhadətnamə vermişlər. İddiaçı1 cavabdehə müraciət edərək 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır.

3. Cavabdeh xx.xx.2021-ci il tarixli **********91 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Zərdab rayonu Məlikli kəndində yerləşən 0,08 hektar torpaq sahəsinin qeydiyyatı ilə bağlı Zərdab rayon Arxivindən Zərdab rayonu Məlikli kənd İnzibati Ərazi Vahidliyinin 1996-2000-ci illərə aid Təsərrüfatbaşına kitabından çıxarışından arayışı əsas sənəd kimi təqdim edilmişdir. İddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas kimi təqdim etdiyi sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmışdır. İddiaçıya və ailə üzvlərinə Zərdab Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 06 saylı qərarına əsasən 0,14 hektar torpaq sahəsinə JN-075A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Bu Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Bu səbəbdən Zərdab rayonu Məlikli kəndində yerləşən 0,08 hektar həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinin icrası mümkün olmamışdır.

4. Cavabdeh xx.xx.2021-ci il tarixli **********15 nömrəli etiraz məktubunda imtina məktubunda göstərilənləri qeyd etmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixdə keçirilmiş iclasında iddiaçılar ərizə təqdim edərək, “qaytanlanmış kitabda qeyd edilmiş, İddiaçı1 verilmiş 0,08 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişlər. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.

6. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-263/2022 nömrəli qərardadı ilə X9, X21, X13, X2 və Zərdab Rayonu Məlikli Bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşlar.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubununun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 20 sentyabr 2022-ci il tarixli 2-1(116)-263/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

10. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə inzibati iş üzrə mütəxəssis rəyinin verilməsi qərara alınmış, mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssislərinə həvalə edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, islahatdan əvvəl iddiaçıya 0.08 ha torrpaq sahəsi ayrılmasına baxmayaraq Zərda RAİK tərəfindən ona və ailə üzvlərinə 0.14 ha torpaq sahəsi verilmiş və onların adlarına JN-075A saylı şəhadətnamə tərtib edilmişdir. Bu hal araşdırma ilə tam təsdiqini tapmışdır. Lakin, Zərdab RAİK tərəfindən torpaq sahəsinin normadan artıq verilməsi nəzərə alınmadan məhkəmə də əlavə 0.08 ha torpaq sahəsinin qeydiyyata alınması öhdəliyini qoymuşdur. İddiaçı iddia ərizəsində atası Salamov Mecidə və ailə üzvlərinə 0.22 ha torpaq sahəsi verilməsini həmin torpaq sahəsinin 0.14 ha hissəsinin onların mülkiyyətinə verilməsini, 0.08 ha hissəsinə sənəd verilməməsini bildirmişdir. Məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır. Belə ki, ümumiyyətlə Salamov Mecidə torpaq sahəsi ayrılmasına dair heç bir araşdırma aparılmamışdır. Sadəcə olaraq vətəndaşın ərizəsinin icrasından imtina olunması əsasının aradan qaldırılması üçün 0.14 ha (0.22 ha) torpaq sahəsinin Salamov Mecidə ayrılması variantından istifadə olunduğunu güman etmişlər. Məhkəmə tərəfindən tam araşdırma aparılmamasını sübut edən hallardan biri də torpaq sahəsinin yeri ilə bağlı mübahisəli haldır. Belə ki, vətəndaş məhkəmə iclasları zamanı da cavabdeh inzibati orqana təqdim etdiyi sənədlərdə də JN-075A saylı şəhadətnamə ilə mülkiyyətlərinə verilmiş torpaq sahəsindən kənarda (təxminən 650 m) yerləşən başqa torpaq sahəsinə iddia etməsini bildirmişdir. Lakin mütəxəssislər tərəfindən araşdırma aparılan zaman Salamov Mecidə ayrılması iddia olunan Zərdab RAİK tərəfindən İddiaçı1 və ailə üzvlərinə verilmiş, JN-075A saylı şəhadətnamədə qeyd olunan torpaq sahəsini göstərmişdir. Məhkəmə də vətəndaşın iddia etdiyi deyil, başqa torpaq sahəsinə münasibətdə araşdırma aparmışdır. Yəni, vətəndaşın iddia etdiyi torpaq sahəsinin onun istifadəsində olubolmaması, hansı ölçüdə olması, başqa şəxsin mülkiyyətinə verilib-verilməməsi araşdırılmamışdır. İş materialında olan bütün arxiv sənədləri İddiaçı1 istifadəsində 0.08 ha torpaq sahəsi olmasını təsdiq edir. Bu 0.08 ha torpaq sahəsinin JN-075A saylı şəhadətnamədə qeyd olunan torpaq sahəsi olması ehtimalını gücləndirir. Belə ki, iddiaçının JN-075A saylı şəhadətnamədə qeyd olunan torpaq sahəsində evi olması nəzərə alınsa adına torpaq sahəsinin qeyd olunması normal haldır. Həmçinin, iddia etdiyi digər torpaq sahəsində evin mövcud olmaması bu ehtimalı reallığa çevirir. İş materialında olan bütün arxiv sənədləri 1986-2000-ci illəri əhatə edir. 2001-2005, 2006-2010-cu illərə aid kitablarda torpaq sahəsi daha artıq qeyd olunub. Buna səbəb də islahatın iddiaçıya və onun ailə üzvlərinə artıq torpaq sahəsi ayırmasından sonra təsərrüfatın torpağının sahəsinin ölçüsünün artmasıdır. Birinci instansiya məhkəməsinin sübut kimi istinad etdiyi Zərdab rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 33 nömrəli məktubunda qeyd olunmuşdur ki, 1983-1985-ci illərə aid kitablarda da iddiaçının istifadəsində 0.08 ha torpaq sahəsi qeyd olunmuşdur. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X9 və qeyriləri 3-cü şəxs kimi icraata zəruri cəlb olunmuşdur. Lakin qəbul olunan qərarın 3-cü şəxslərlə heç bir əlaqəsi yoxdur. Ona görə də Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2-1(116)-263/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2-1(116)- 263/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2-1(116)-263/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı1, üçüncü şəxslər X9, X13, X21, X2 məhkəmə iclasına gəlməmiş, Zərdab Rayonu Məlikli Bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmişdir.

16. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (İPM-in 63.1-ci maddəsi).

17. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - 161478 nömrəli “Ölüm haqqında” şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X18 xx.xx.1990-cı ildə vəfat etmişdir. - 230478 nömrəli “Evlənmək haqqında” şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 ilə X11 arasında xx.xx.1974-cü ildə nikah bağlanmış və Səadət Muradova “Salamova” soyadını qəbul etmişdir. - Zərdab rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 02 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Zərdab rayonu Engels adına kolxozun Məlikli kənd torpaqlarına dair qaytanlanmış kitabında qeyd edilmişdir ki, həmin kolxozun xx.xx.1986-cı il tarixli qərarı ilə Məlikli kənd sakini İddiaçı1 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. - Zərdab RİH başçısının Məlikli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 244 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı1 Zərdab rayon Məlikli kəndində qeydiyyatda olmaqla Məlikli kəndində yaşayır. - Zərdab rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 57 nömrəli məktubuna əlavə olunmuş təsərrüfatbaşına kitablarının təsdiq olunmuş arxiv nüsxələrindən görünür: 1986-1990-cı illərdə X19 həmin təsərrüfatda ailə başçısı olmaqla qeydiyyatda olmuşdur. 1991-1995-ci illərdə İddiaçı1 ailə başçısı olmaqla X9, İddiaçı2, X2, X21 və X14 həmin təsərrüfatda qeydiyyatda olmuşlar. “Məlumatlar torpaq kadastrı kitabının beşinci bölməsindən yazılır” qrafasında cəmi torpaq sahəsi 1991-1995-ci illər üzrə 0,08 ha qeyd olunmuşdur. 1996-2000-ci illərdə İddiaçı1 ailə başçısı olmaqla X9, İddiaçı2, X2, X21 və X14 həmin təsərrüfatda qeydiyyatda olmuşlar. Cəmi torpaq sahəsi 1996-2000-ci illər üzrə 0,08 ha qeyd olunmuşdur. - Cavabdehin xx.xx.2022-ci il tarixli etiraz məktubuna əlavə olunmuş JN-075A kod 90510018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Zərdab Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 06 nömrəli qərarı ilə 0,14 ha həyətyanı torpaq sahəsi İddiaçı1 Məcid oğlu, X9, İddiaçı2, X2, X21 və X8 verilmişdir. - Cavabdehin etiraz məktubuna əlavə olunmuş Zərdab rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 25 nömrəli arxiv arayışında qeyd olunur ki, Zərdab rayonu Məlikli kənd inzibati ərazi vahidliyinin 1996-2000-ci illərə aid “Təsərrüfatbaşına kitab”ına əsasən İddiaçı1nn xüsusi mülkiyyətində 0,08 ha torpaq sahəsi var. - Cavabdehin etiraz məktubuna əlavə olunmuş Məlikli Bələdiyyəsinin cavabdehə ünvanladığı məktubda qeyd olunur ki, Məlikli kənd sakini İddiaçı1 Məcid oğluna Məlikli kənd İƏD-nin 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitabına əsasən həyətyanı məqsədilə 800 kv.m torpaq sahəsinin verilməsi barədə həmin kitabda qeydlər aparılmış və həmin torpaq sahəsi ona məxsusdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2021ci il tarixli **********20 nömrəli məktubuna əlavə olunmuş Zərdab rayon AİK tərəfindən təsdiq edilmiş subyektlər siyahısının təsdiq olunmuş surətində 103 nömrəli dövlət aktına əsasən İddiaçı1 Məcid oğlu, X9, İddiaçı2, X2, X21 və X8 0,08 ha həyətyanı torpaq sahəsinin verildiyi göstərilmişdir. - Zərdab Rayonu Məlikli Bələdiyyəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 14 nömrəli məktubunda qeyd edilmişdir ki, Məlikli kənd sakini İddiaçı1 Zərdab rayon Engels adına kolxozun Məlikli kənd torpaqlarına dair qaytanlanmış kitabının xx.xx.1986-cı il tarixli qərarına əsasən 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Odur ki, həmin torpaq sahəsinin Məlikli bələdiyyəsi tərəfindən verilən eskizdə göstərilən vəziyyətinə uyğun olaraq Dövlət reyestrində qeydiyyata alınmasına etiraz edilmir. Həmin ərazi ilə bağlı heç bir iddiaları yoxdur. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********32 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, **********60 DƏQKİS nömrəsi ilə Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən Şəki İnzibati Məhkəməsinə göndərilən mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında İddiaçı2 naturada göstərdiyi 0,21 ha torpaq sahəsinin 0,12 ha hissəsi Zərdab rayonu Məlikli kəndinin kompleks yerquruluşu islahat layihəsinə əsasən JN-075A nömrəli (Kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin yerləşdiyi ərazi ilə üst-üstə düşür, xüsusi mülkiyyətə verilmiş torpaqlara aiddir. İddiaçı2 naturada göstərdiyi torpaq sahəsi 0,21 ha torpaq sahəsinin 0,09 ha hissəsi bələdiyyə mülkiyyətinə aiddir. Torpaq sahəsinin uqodiyası X3 X4 tikinti altında olan torpaqlar kimi göstərilmişdir. Torpaq sahəsinin koordinatları mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında təsvir edilmişdir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016- cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X3 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli 250s nömrəli Sərəncamı ilə Dövlət və bələdiyyə mülkiyyətinə, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqları elektron kadastr X4 JN-075A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə naturaya uyğun olaraq təsbit edilərək yerləşdirilmişdir. - Zərdab rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 33 nömrəli məktubu ilə qaytanlanmış kitabdan və 1983-1985-ci illərə dair təsərrüfatbaşına ktabdan çıxarışlar məhkəməyə təqdim edilmişdir. 237-ci sırada İddiaçı1 adı, qarşısında cəmi torpaq sahəsi isə 0,08 ha qeyd olunmuşdur. - Üçüncü şəxslər X9, X21 və X2 tərəfindən məhkəmənin elektron poçt ünvanına göndərilmiş ərizələrdə bildirilmişdir ki, onların iddiaya qarşı heç bir tələbləri yoxdur. - Üçüncü şəxs X7 eyni məzmunlu ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. - Üçüncü şəxs Zərdab Rayonu Məlikli Bələdiyyəsi xx.xx.2022-ci il tarixli məktubla Məhkəmənin xx.xx.2022-ci il tarixli məktubuna cavab olaraq bildirmişdir ki, üçüncü şəxs olaraq heç bir iddiaları yoxdur. - DƏDKR PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, idarənin elektron baza məlumatına əsasən, İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə Zərdab Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə verilmiş JN-075A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə verilmiş 0.14 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, fərdi yaşayış uqodiyalı olmaqla, xüsusi mülkiyyətə verilmiş torpaqlara aiddir. Məlikli kəndinin kompleks yerquruluşu islahat layihəsində JN- 075A nörməli şəhadətnamə ilə verilmiş 0.14 ha torpaq sahəsinin 230 kv.m hissəsi mülkiyyətçinin cənub qonşusunun faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Elektron bazada təqdim olunan AzCad məlumatlarında isə JN-075A nömrəli şəhadətnamə ilə verilmiş 0.14 ha torpaq sahəsi tamamilə iddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan 0.21 ha torpaq sahəsinin daxilində göstərilmişdir. Baxış zamanı iddiaçı mütəxəssislərə JN-075A nömrəli şəhadətnamənin yerləşdiyi ərazidən 705 m cənub-şərqdə yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, bələdiyyə mülkiyyətinə məxsus ərazidə yerləşən, ümumi sahəsi 0.18 ha olan torpaq sahəsinin 0.08 ha hissəsini göstərmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5- ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

20. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir.

21. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1- dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar.

22. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

23. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, qaytanlanmış kitabda və təsərrüfatbaşına kitabda iddiaçının adı qeyd edilmiş, həmçinin, torpaq sahəsinin ölçüsü göstərilmişdir. İş üzrə mütəxəssis rəyi ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin 0,09 ha hissəsinin bələdiyyə mülkiyyətinə aid olduğu, torpaq sahəsinin uqodiyasının X3 X4 tikinti altında olan torpaqlar kimi göstərildiyi müəyyən edilmişdir. Zərdab Rayonu Məlikli Bələdiyyəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və məhkəməyə ünvanlanmış məktublarda qeyd edilmişdir ki, Məlikli kənd sakini İddiaçı1 Zərdab rayon Engels adına kolxozun Məlikli kənd torpaqlarına dair qaytanlanmış kitabının xx.xx.1986-cı il tarixli qərarına əsasən 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Odur ki, həmin torpaq sahəsinin Məlikli Bələdiyyəsi tərəfindən verilən eskizdə göstərilən vəziyyətinə uyğun olaraq Dövlət reyestrində qeydiyyata alınmasına etiraz edilmir. Həmin ərazi ilə bağlı heç bir iddiaları yoxdur.

29. Bundan əlavə DƏDKR PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, idarənin elektron baza məlumatına əsasən, İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə Zərdab Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə verilmiş JN-075A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə verilmiş 0.14 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, fərdi yaşayış uqodiyalı olmaqla, xüsusi mülkiyyətə verilmiş torpaqlara aiddir. Məlikli kəndinin kompleks yerquruluşu islahat layihəsində JN- 075A nörməli şəhadətnamə ilə verilmiş 0.14 ha torpaq sahəsinin 230 kv.m hissəsi mülkiyyətçinin cənub qonşusunun faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Elektron bazada təqdim olunan AzCad məlumatlarında isə JN-075A nömrəli şəhadətnamə ilə verilmiş 0.14 ha torpaq sahəsi tamamilə iddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan 0.21 ha torpaq sahəsinin daxilində göstərilmişdir. Baxış zamanı iddiaçı mütəxəssislərə JN-075A nömrəli şəhadətnamənin yerləşdiyi ərazidən 705 m cənub-şərqdə yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, bələdiyyə mülkiyyətinə məxsus ərazidə yerləşən, ümumi sahəsi 0.18 ha olan torpaq sahəsinin 0.08 ha hissəsini göstərmişdir.

30. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır.

31. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

32. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur.

33. Beləliklə, məhkəmə kollegiyаsı yuxarıda sadalanan maddi hüquq normalarını müqayisəli təhlil edərək belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

34. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı1 verilmiş 0,08 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, çıxarışın verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

35. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2-1(116)-263/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar