Məhkəmə qərarları › İş №2-1(107)-580/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-580/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-580/2023 25.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ona verilmiş xx.xx.2013-cü il tarixli 000923 nömrəli lisenziyanın ləğv edilməsi hissəsində ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 3 avqust 2023-cü il tarixli 2-1(116)-761/2023 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ona verilmiş xx.xx.2013-cü il tarixli 000923 nömrəli lisenziyanın ləğv edilməsi hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azerbaycan Respublikasının Mərkəzi Bankının verdiyi xx.xx.2013-cü il tarixli 000923 nömrəli lisenziya əsasında sığorta agenti fəaliyyəti ilə məşğul olur və vergi organlarında ********** nömreli VÖEN-lə uçotdadır. Lakin cavabdeh Azerbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli qərarı ilə 28 nəfərin, o cümlədən də onun həmin lisenziyası ləğv edilmişdir. Qeyd edilən qərarda lisenziyanın ləğv edilməsinin səbəbi kimi lisenziya sahiblarinin lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmamaları göstərilmişdir. Qeyd olunanlara əsaslanaraq iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı birinci instansiya məhkəməsinə təqdim etdiyi etiraz ərizəsində göstərmişdir ki, Bununla bağlı əvvəla bildirilir ki, "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 93.2-3-cü maddəsinə görə hüquqi şəxs olan sığorta brokerləri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslar istisna olmaqla, sığorta vasitəçiləri müvafiq sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı rüblük hesabatı rüb başa çatdıqdan sonra 20 gün müddətində Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi formada Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidirlər. Mərkəzi Bankın xx.xx.2013-cü il tarixli, 000923 nömrəli lisenziyası əsasında sığorta agenti kimi fəaliyyat göstərən İddiaçı 2022-ci ilin 1-ci rübü üzrə hesabatı həmin müddətdə Mərkəzi Banka təqdim etmədiyinə görə lisenziyanın qüvvəsinin dayandırılması üçün xx.xx.2022-ci il tarixdə inzibati icraata başlanılmış və 01.16-3-2022-5640 nömrəli məktubla iddiaçıya bu barədə məlumat verilməklə xx.xx.2022-ci il tarixdə Mərkəzi Banka dəvət edilməsi bildirilmişdir. Qeyd edilən məktub sifarişli poçtla iddiaçının yaşadığı ünvana göndərilmiş və xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən imza edilməklə şəxsən qəbul olunmuşdur. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmədən xahiş edirik ki, hazırkı iş üzrə İddiaçı cavabdeh qismində Mərkəzi Banka qarşı "inzibati aktın ləğv edilməsi"nə dair iddia tələbi mümkün sayılmasın.

4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 3 avqust 2023-cü il tarixli 2- 1(116)-761/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

6. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

7. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə əsaslandırılmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 3 avqust 2023-cü il tarixli 2- 1(116)-761/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 3 avqust 2023-cü il tarixli 2-1(116)-761/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

10. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

11. İnzibati Prosessual Məcəllə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

12. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1ci maddəsinə əsasən, sığorta fəaliyyətinə və təkrarsığorta fəaliyyətinə lisenziyanın verilməsi, lisenziyanın qüvvəsinin müvəqqəti dayandırılması, məhdudlaşdırılması və ləğv edilməsi bu Qanunla müəyyən edilmiş qaydada Mərkəzi Bank tərəfindən həyata keçirilir. 82.1-ci maddəsində əsasən sığorta agentləri və sığorta brokerləri sığorta vasitəçiləri hesab edilir. 93.2-3-cü maddəsində deyilir ki,sığorta vasitəçiləri fəaliyyətləri barədə hesabatları Mərkəzi Banka təqdim etməlidirlər. Həmin hesabatların forması, məzmunu və təqdim edilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir. 103.1.3-ci maddəsində qeyd olunan “lisenziyanın qüvvəsini dayandırmaq” Mərkəzi Bankın tətbiq etdiyi sanksiyalardan biri olaraq təsbit edilmişdir.

13. Lisenziyanın qüvvəsinin dayandırılması barədə Qanunun 106.1.10-ci maddəsində sığorta vasitəçisinin bu Qanunun 88.3-cü və (və ya) 93.2-3-cü maddələrinin tələblərinə riayət etməməsi göstərilmişdir.

14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

15. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 3 avqust 2023-cü il tarixli 2-1(116)-761/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

16. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).

17. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.

18. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi). APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Birinci instansiya məhkəməsi iddia tələbini mahiyyət etibarilə əsaslı olmamasına görə təmin etməmişdir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

21. İş materialları ilə müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən 05 may 2022-ci il tarixdə iddiaçıya hesabatların təqdim edilmədiyi barədə xəbərdarlıq məktubu göndərilərək xx.xx.2022-ci il tarixdə görüşə dəvət olunmuşdur. Həmin məktubun nəticəsinə əsasən 31 may 2022-ci il tarixli “lisenziyanın qüvvəsini dayandırmaq” haqqında qərar qəbul edilmiş, elektron və kağız daşıyıcıda aidiyyəti üzrə təqdim edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya müəyyən edilmiş müddət ərzində dayandırılmaya əsas olan halların aradan qaldırılmadığı barədə xəbərdarlıq məktubu göndərilərək xx.xx.2022-ci il tarixdə görüşə dəvət olunmuşdur. Yekun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankın İdarə Heyəti xx.xx.2022-ci il tarixli İclasının 44 saylı Protokoluna əsasən iddiaçı və qeyrilərinin lisenziyanın ləğvi barədə qərar qəbul edilmişdir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə qərarın qanuni və əsaslı olması müəyyən olunmuş, cavabdeh orqan əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir.

23. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən tələb olunan hesabatların təqdim edilmədiyi, barəsində qəbul edilmiş “lisenziyanın dayandırılmasına dair” qərarın mübahisələndirilmədiyi müəyyən edilmişdir.

24. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının qanuni mənafeyinin pozulmadığı, inzibati icraata qaydalarına uyğun nəticəyə gəldiyi müəyyən edilir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək belə qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

26. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli qərarı ilə ona verilmiş xx.xx.2013-cü il tarixli 000923 nömrəli lisenziyanın ləğv edilməsi ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

27. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 3 avqust 2023-cü il tarixli 2-1(116)-761/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar