Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-580/2025 04.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 44 nömrəli sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 06 avqust 2025-ci il tarixli 2-1(116)-2005/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 44 nömrəli sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respulikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən 2022-ci ilin mart-may aylarında Cavabdehndə aparılan istintaq tədbirləri çərçivəsində 16 aprel 2022-ci il tarixdə həmin idarə tərəfindən şübhəli şəxs qismində saxlanılmış və daha sonra təqsirli şəxs qismində cəlb edilmişdir, məhkəmənin müvafiq qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Binəqədi rayon Məhkəməsinin 28 may 2022-ci tarixli qərarına əsasən ev dustaqlığına buraxılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 1 (091)-14/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinib 46.2-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə həmin cəza iddiaçıya 3 (üç) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, üzərinə sınaq müddətində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. Eyni zamanda, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(091)-14/2023 saylı qərarı ilə barəsində CM-nin 178.2.2, 78.2.3 və 178.2.4-cü maddələri ilə başlanılmış cinayət təqibinə CM-nin 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla xitam verilmiş və iddiaçı CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad olunmuşdur. Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli 1(107)-270/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 1(091)-14/2023 saylı hökmü və Şəki Ağır Cinayətiər Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 1(091)-14/2023 saylı qərarı ləğv edilmiş, CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməyinə dair cinayət işi üzrə CM-nin 32.4, 312.2-ci maddələri ona verilmiş ittihamdan xaric edilmiş, CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü rnaddələri ilə təqsirli bilinmiş və barəsində CM-nin 73-1.2ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad olunmuş, CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməyinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024cü il tarixli 1(102)-811/2024 saylı qərarı ilə müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli 1(107)-270/2023 nömrəli qərarı həmin kassasiya şikayətinə və əlavəyə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. - Cavabdeh Başçısının 19 aprel 2022-ci il tarixli 44 saylı sərəncamı ilə RİHB-nin Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilmiş və bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Sadalananlardan göründüyü kimi, Cavabdeh tərəfindən 19 aprel 2022-ci il tarixli 44 saylı sərəncam qəbul edilərkən Konstitusiyada təsbit olunmuş əmək hüquqları, eləcə də təqsirsizlik prezumpsiyası hüququ kobud şəkildə pozulmuş, işdən kənarlaşdırılmaq əvəzinə işdən azad edilərək, bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Nəzərinizə çatdırılır ki, iddiaçıya Cavabdeh Başçısının 19 aprel 2022-ci iİ tarixli 44 saylı sərəncamı nə poçt, nə də elektron poçt vasitəsi ilə göndərilməmiş, surəti şəxsən təqdim edilməmişdir. İddiaçı sözügedən sərəncamın mövcudluğundan 2024-cü ilin dekabr ayının əvvəllərində məlumat almışdır. Belə ki, istintaq orqanı tərəfindən şübhəli şəxs qismində saxlandığı andan hesab etmişdir ki, cavabdeh inzibati orqan istintaq müddəti dövründə, eləcə də, barəsində çıxarılacaq yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin "c” bəndinə əsasən işdən kənarlaşdırılmışdır. Özünə gəldikdən sonra, işinin başına qayıtmaq üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Müraciət etdiyi zaman iddiaçıya bəlli olmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən işdən kənarlaşdırılmaq əvəzinə işdən azad edilmişdir. Bundan dərhal sonra rəsmi şəkiidə müraciət etməklə, sərəncamın surətini 12 dekabr 2024-cü il tarixdə müvafiq məktubla birlikdə almışdır. Göründüyü kimi, işdən azad olunmağından, eləcə də, hazırda mübahisələndirildiyi sərəncamın mövcudluğundan yalnız 12 dekabr 2024-cü il tarixdə xəbər tutmuşdur. Cavabdeh Başçısının 19 apreı 2022-ci il tarixli 44 saylı sərəncamı 12 dekabr 2024-cü il tarixdə rəsmi şəkildə təqdim edildiyinə görə, 30 günlük iddia müddəti tərəfindən ötürülməmişdir. Göstərilənlərə əsasən, Cavabdeh Başçısının 19 aprel 2022-ci il tarixli 44 saylı sərəncamının ləğv edilməsini xahiş edir.
3. Cavabdehdən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubda qeyd olunur ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun internet saytında yerləşdirilmiş rəsmi məlumata əsasən müəyyən edilmişdir ki, həmin dövrdə rayon icra hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.4cü maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş korrupsiya və qulluq mənafeyi əleyhinə olan cinayətlərdə ittiham olunduğundan və barəsində həbs qətimkan tədbiri seçildiyi üçün rayon icra hakimiyyəti başçısının 44 nömrəli, 19 aprel 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilmişdir.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(102)-811/2024 nömrəli qərarı; - Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(107)-270/2023 nömrəli qərarı; - Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli 44 nömrəli sərəncamından görünür ki, İddiaçı rayon icra hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilərək dövlət qulluğuna xitam verilmiş və İddiaçıla rayon icra hakimiyyəti arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) 06 avqust 2025-ci il tarixli 2-1(116)-2005/2025 nömrəli qərarı ilə İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının 19.04..2022-ci il tarixli 44 nömrəli sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əsas dəlili ondan ibarətdir ki, Cavabdeh Başçısının 19 aprel 2022-ci il tarixli 44 saylı sərəncamı qəbul edilərkən onun barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi tətbiq edilə bilməzdi, çünki onun barəsində həmin dövrdə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olmamışdır. Onunla bağlı istintaq aparılan zaman o işdən azad deyil, işdən kənarlaşdırılmalı idi. - Məhkəmə qeyd etmişdir ki, həmin dövrdə iddiaçı barəsində qəbul edilmiş mübahisəli aktda cavabdeh tərəfindən maddi hüquq normaları səhf tətbiq edilsə də, hazırkı vəziyyət həmin aktın qanunsuz olmasını deməyə əsas vermir. - Belə ki, mübahisələndirilən sərəncamın qəbul edilməsinə əsas iddiaçı barəsində cinayət işinin başlanılması olmuş və artıq iddiaçı barəsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Bu isə öz növbəsində ona münasibətdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.10-cu maddəsinin dispozisiya şərtlərinin mövcudluğu ilə nəticələnir ki, həmin şərt dövlət qulluğuna xitam verilməsi üçün əsasdır. Yəni hazırkı vəziyyətdə mübahisələndirilən sərəncamın qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu tam sübuta yetirilir. - Qeyd olunmalıdır ki, “dövlət qulluğundan azad edilmə” intizam tənbehinin tətbiqi həm “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbləri baxımından mütənasib addım kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, dövlət qulluğuna qəbul edilmiş vətəndaş kimi o, vəzifəsinin icrasına başlamamışdan əvvəl ...”dövlət qulluğunun ona verdiyi hüquqları və üzərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücü ilə və vətənin mənafeyi naminə həyata keçirəcəyinə” and içmişdir. X6 Məhkəməsi Cinayət Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli 1(107)-270/2023 nömrəli qərarı iddiaçıya münasibətdə həmin müddəaların uzlaşmadığını deməyə əsas verir.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 06 avqust 2025-ci il tarixli 2-1(116)-2005/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından göründüyü kimi ona qarşı irəli sürülmüş maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməmiş, barəsində ittiham hökmü çıxarılmamışdır. Əksinə, ona qarşı Azərbaycan Respublilkası CM-nin 32.4, 312.2-ci maddələri ilə irəli sürülmüş ittiham bəraətverici əsaslarla ittihamdan xaric edilmiş, CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə isə CM-nin 73-1.2-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad olunmuşdur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarında da vurğulandığı kimi, artıq Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinməyi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud deyil. - Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən sərəncamın qəbul edilməsinə əsas iddiaçı barəsində cinayət işinin başlanılması olmuş və artıq iddiaçı barəsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Bu isə öz növbəsində ona münasibətdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.10-cu maddəsinin dispozisiya şərtlərinin mövcudluğu ilə nəticələnir ki, həmin şərt dövlət qulluğuna xitam verilməsi üçün əsasdır. Halbuki, “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.10-cu maddəsinə əsasən, dövlət qulluğuna xitam verilməsi üçün əsaslardan biri məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmünün olmasıdır. - Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinməsi barədə qanuni qüvvəyə minmiş nə məhkəmə hökmü, nə də qərarı olmadığı halda, birinci instansiya məhkəməsi əsassız və qanunsuz olaraq mübahisələndirilən qərarda qeyd edilən maddələr üzrə təqsirli bilinməsi barədə qərarların mövcud olduğunu göstərmişdir. Halbuki, bir daha ciddi şəkildə vurğulanmalıdır ki, barəsində ittihamedici hökm və ya qərar mövcud deyil. - Birinci instansiya məhkəməsi ittihamedici hökm və ya qərarı mahiyyət etibarı ilə fərqli təbiətə malik olan, Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının yuxarıda qeyd olunan qərarını eyniləşdirməklə, ciddi hüquq pozuntusuna yol vermiş, nəticə etibarı ilə mənim konstitusion hüquqlarını pozmuşdur. Bir daha qeyd edir ki, nə mübahisələndirilən sərəncam verilərkən, nə də sonrakı mərhələdə ona qarşı irəli sürülmüş maddələr üzrə təqsirli bilinməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü mövcud olmamışdır. Belə olan halda, həmin sərəncam verilərkən qeyd edilən maddi hüquq normalarının tələbləri pozulmuş, eləcə də tətbiq edilən maddi norma düzgün tətbiq edilməmişdir. Bu da öz növbəsində həmin sərəncamın qanunsuz inzibati akta çevrilməsinə səbəb olmuşdur. - Birinci instansiya məhkəməsi ittiham hökmü ilə cinayət məsuliyyətindən azad etmə barədə məhkəmə aktının hansı hüquqi nəticələr doğurmasının mahiyyətinə varmamışdır. Qanunverici dövlət qulluğuna xitam verilməsini yalnız qanuni qüvvəyə minmiş ittihamedici məhkəmə hökmünün olması ilə əlaqələndirmişdir. Sərəncamın verildiyi dövrdə mövcud olan qanunvericiliyin tələbləri yuxarıda qeyd edildiyi kimi səhv tətbiq edilmişdir. Cavabdeh başçısı xx.xx.2022-ci il tarixdə sərəncam verərkən, onun barəsində cinayət işi üzrə yalnız istintaq hərəkətləri aparılırdı və onun təqsirli bilinməsi barədə heç bir məhkəmə hökmü yox idi. Belə bir vəziyyətdə cavabdeh onu işdən tam azad etmək əvəzinə, Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq, müvəqqəti olaraq işdən kənarlaşdırmalı idi. Məhkəmənin qərarında bu əsaslı arqumentə heç bir münasibət bildirilməmişdir. Şəki İnzibati Məhkəməsi öz qərarında Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına istinad edərək, onun cinayət məsuliyyətindən azad edildiyini qeyd edir, lakin təqsirli bilinmə faktının qalmasını əsas gətirir. Bu, hüquqi cəhətdən əsassız bir yanaşmadır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 06 avqust 2025-ci il tarixli 2-1(116)-2005/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 06 avqust 2025-ci il tarixli 2-1(116)-2005/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. İnzibati Prosessual Məcəllə: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 13.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. Maddə 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı; 18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli; 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; 18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir Maddə 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Maddə 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Maddə 25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. Maddə 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Maddə 25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. Maddə 25.8. İntizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən, onun imzalandığı gündən 7 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət vermək olar. Bu zaman həmin orqan tərəfindən intizam tənbeh tədbiri 10 iş günü müddətində ləğv olunmalı və ya qüvvədə saxlanılmalıdır. Tətbiq olunmuş intizam tənbeh tədbirindən şikayət verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. Maddə 25.9. Dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər. Maddə 25.10. Dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə Azərbaycan Respublikasının dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaiti hesabına ödənilir. Maddə 25.11. Dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 33.1.2. dövlət orqanı ləğv edildikdə; 33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; 33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; 33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; 33.1.7. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 33.1.8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; 33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; 33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; 33.1.11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; 33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda. 33.2. Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. 33.3. Dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər.
14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 62.1. İşəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə; Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
Apellyasiya şikayətinin mümkünlüyü
16. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
18. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
19. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
20. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
21. İş materiallarından görünür ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı onun Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilərək dövlət qulluğuna və onunla rayon icra hakimiyyəti arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 44 nömrəli sərəncamının ləğv edilməsindən ibarətdir.
22. Həmçinin, məhkəmə kollegiyasının iclasında iddiaçı tələbini, sərəncamın ləğvindən sonra işə bərpa edilməsi, lakin yenidən öz ərizəsi ilə işdən azad edilməsi kimi əsaslandırmışdır.
23. Məhkəmə kollegiyası hesab edir ki, hər bir halda iddiaçı sərəncamın ləğvindən sonra işə bərpa olunmasını tələbində qeyd etməsə də, nəticə etibari ilə onun hüquqi marağı bəllidir. Əks halda iddia tələbi mümkünlük şərtlərinə cavab verə bilməz. Odur ki, məhkəmə iclasında dinlənilmə hüququnun təmin edilməsi nəticəsində kollegiyanın qənaətinə görə iddia tələbi mümkünlük şərtlərinə cavab verir.
24. İş materiallarından müəyyən olunur ki, iddiaçı Azərbaycan Respulikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən 2022-ci ilin martmay aylarında Cavabdehndə aparılan istintaq tədbirləri çərçivəsində 16 aprel 2022-ci il tarixdə həmin idarə tərəfindən şübhəli şəxs qismində saxlanılaraq təqsirli şəxs qismində cəlb edilmişdir, məhkəmənin müvafiq qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Bununla əlaqədar Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 44 nömrəli sərəncamı ilə iddiaçı işdən azad edilərək dövlət qulluğuna xitam verilmişdir. Daha sonra Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2023-cil tarixli 1(091)-14/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinib 46.2-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə həmin cəza iddiaçıya 3 (üç) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, üzərinə sınaq müddətində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. Eyni zamanda, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(091)- 14/2023 saylı qərarı ilə barəsində CM-nin 178.2.2, 78.2.3 və 178.2.4-cü maddələri ilə başlanılmış cinayət təqibinə CM-nin 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla xitam verilmiş və iddiaçı CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad olunmuşdur.
25. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli 1(107)-270/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 1(091)-14/2023 saylı hökmü və Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 1(091)-14/2023 saylı qərarı ləğv edilmiş, CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməyinə dair cinayət işi üzrə CM-nin 32.4, 312.2-ci maddələri ona verilmiş ittihamdan xaric edilmiş, CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və barəsində CM-nin 73-1.1-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad olunmuş, CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməyinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(102)- 811/2024 sayıı qərarı ilə müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli 1(107)-270/2023 nömrəli qərarı həmin kassasiya şikayətinə və əlavəyə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır.
26. Cavabdeh orqanın 19 aprel 2022-ci il tarixli sərəncamından görünür ki, iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi və “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsi rəhbər tutularaq RİHB-nin Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilmiş və bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
27. İddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, ona qarşı irəli sürülmüş maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməmiş, barəsində ittiham hökmü çıxarılmamış, təqsirli bilinməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud deyil. Dövlət qulluğuna xitam verilməsi üçün əsaslardan biri isə məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmünün olmasıdır.
28. Həmçinin, Cavabdeh Başçısının 19 aprel 2022-ci il tarixli 44 saylı sərəncamı qəbul edilərkən onun barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi tətbiq edilə bilməzdi, çünki onun barəsində həmin dövrdə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olmamışdır. Onunla bağlı istintaq aparılan zaman o işdən azad deyil, işdən kənarlaşdırılmalı idi.
29. Məhkəmə kollegiyası qeyd edir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.10-cu maddəsinə əsasən, dövlət qulluqçusunun vəzifəsinə xitam verilməsi üçün əsaslardan biri onun barəsində qanuni qüvvəyə minmiş ittiham hökmünün və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcud olmasıdır.
30. Kollegiya birinci instansiyanın gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, mübahisələndirilən sərəncamın qəbul edilməsinə əsas iddiaçı barəsində cinayət işinin başlanılması olmuş və artıq iddiaçı barəsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsi barədə qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli 1(107)- 270/2023 nömrəli məhkəmə qərarı mövcuddur. Bu isə öz növbəsində ona münasibətdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.10-cu maddəsinin dispozisiya şərtlərinin mövcudluğu ilə nəticələnir ki, həmin şərt dövlət qulluğuna xitam verilməsi üçün əsasdır. Yəni hazırkı vəziyyətdə mübahisələndirilən sərəncamın qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu tam sübuta yetirilir.
31. Bundan başqa, iddiaçı onun barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verildiyini dəlillərində qeyd etsə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(102)-811/2024 saylı qərarından görünür ki, iddiaçı tərəf apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli 1(107)-270/2023 nömrəli qərarının ləğv edilməsini, işə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Onun şikayəti isə təmin edilməmişdir.
32. Həmçinin, qanuni qüvvəyə minmiş qərarla iddiaçı barəsində CM-nin 73-1.2-ci maddəsi tətbiq olunmaqla o, cinayət məsuliyyətindən azad olunmuşdur.
33. Həmin maddənin tələblərindən də görünür ki, Cinayət Məcəlləsinin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.
34. Göründüyü kimi, iddiaçı barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməmiş, onun Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsi barədə məhkəmə qərarı qəbul edilmiş və qərar qanuni qüvvəyə minmişdir.
35. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı haqqında cinayət əməli faktının məhkəmə qaydasında təsdiq olunması dövlət qulluğuna etimad prinsipinə birbaşa təsir edən haldır və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün qanunun tələb etdiyi etibar, dürüstlük və nüfuz meyarları bu halda təmin olunmur. Bu baxımdan birinci instansiya məhkəməsinin dövlət qulluqçusunun davranış standartlarının pozulması və dövlət qulluğundan azad edilmə tədbirinin mütənasib olması barədə nəticəsi tam doğru hesab edilir.
36. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin gəldiyi qənaət əsaslı olmuşdur. Belə ki, yuxarıda istinad olunan maddi hüquq normalarından göründüyü kimi barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslərin dövlət qulluqçusu vəzifəsində işləməsini qanunvericilik birbaşa qadağan edir.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, həmin dövrdə iddiaçı barəsində qəbul edilmiş mübahisəli aktda cavabdeh tərəfindən maddi hüquq normaları səhv tətbiq edilsə də, hazırkı vəziyyət həmin aktın qanunsuz olmasını deməyə əsas vermir.
38. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ilk tələbi (cavabdehin sərəncamının ləğvi) əsassız olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan dinlənilmə əsasında müəyyən edilən ikinci (işə bərpa) tələb də, belə bir hüquqi zərurət artıq aradan qalxdığı üçün, müzakirə edilmədən rədd edilməlidir.
39. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir.
40. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin iddiaçını vəzifəsindən azad edilməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.1), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin mübahisəli sərəncamı qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır (İPM-70.1), sərəncam cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsi).
41. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
42. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 06 avqust 2025-ci il tarixli 2-1(116)-2005/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.