Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-581/2023 26.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nünmayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1 Mərkəzi Filialına qarşı “01 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 08 avqust 2023-ci il tarixli, 2-1(116)-448/2023 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1 Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1 Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ümumi iş stajını, o cümlədən 1980-ci ildən 1998-ci ilə kimi qaynaqçı kimi işlədiyini nəzərə alaraq xx.xx.2019-cu ildən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək “01 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.Məhkəmənin 30 may 2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə təmin edilmişdir.
3. İddia ərizəsinə əsasən iddiaçı 1976-cı ildən etibarən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu barədə əmək kitabçasında müvafiq qeydlər edilmişdir. Belə ki, xx.xx.1976-cı ildə Şəki 55-N-li maşın quraşdırma idarəsində 4-cü dərəcəli rəngsaz kimi işə qəbul olmuşdur. xx.xx.1977-ci ildə hərbi xidmətə getdiyi üçün işdən azad olmuşdur. xx.xx.1979cu ildən qaynaqçı vəzifəsinə işə qəbul olunmuşdur. Həmin vəzifədə xx.xx.1998-ci ilə kimi işləmişdir. xx.xx.2016-cı ildən isə Şəki Kommunal Təsərrüfa İstehsalat Birliyində fəhlə kimi işə qəbul olunmuşdur. xx.xx.2010-cu ilə kimi orda işləmişdir. Qaynaqçı kimi 19 il işləmişdir. Həmin vəzifə ağır iş sayıldığı üçün güzəştli müddətlərə daxildir. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmiş,xx.xx.2022ci il tarixli məktuba əsasən tələbinin icrasından imtina edilmişdir.
4. Cavabdeh orqan məhkəyəmə təqdim olunmuş iddia tələbinə xx.xx.2022-ci il tarixli etirazında bildirmişdir ki, aparılan inzibati araşdırma zamanı inzibati orqan tərəfindən aidiyyəti üzrə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq "xxxx" ASC-nin arxivində iddiaçının işləməsinə dair əməkhaqqı cədvəllərinin aşkarlanmadığı, həmçinin adıçəkilən müəssisə tərəfindən 1992-ci ildən sonra məcburi dövlət sosial sığorta haqlarının ödənilibödənilmədiyini müəyyən etmək mümkün olmadığı bildirilmişdir. Qeyd olunan faktlar müəssisə tərəfindən xx.xx.2022-ci il tarixli akt ilə təsdiq edilmişdir. Bu səbəbdən də həmin dövrün İddiaçı əmək stajına daxil etmək mümkün olmadığı üçün onun ümumi iş staiı 25 ildən az (14 il 8 av(xx.xx.1976-xx.xx.1977-ci il. xx.xx.1977-xx.xx.1979- cu il xx.xx.1979xx.xx.1983-cü il. xx.xx.1984-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər)) güzəştli iş stajı isə 12 il 6 aydan az (2 il 11 ay 1 qün(xx.xx.1980-xx.xx.1983-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabı sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560.00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13713.65 manat təşkil edir. Göründüyü kimi, İddiaçı tələb olunan ümumi (25 il) və güzəştli (12 il 6 ay) iş stajına eyni zamanda tələb olunan (34560 manat) pensiya kapitalına malik olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.
5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsinə və iş materiallarına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 08 avqust 2023-ci il tarixli, 2- 1(116)-448/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
8. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1 Mərkəzi Filialı tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
9. Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazın dəlilləri ilə əsaslandırmış, apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 08 avqust 2023-ci il tarixli, 2-1(116)-448/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nünmayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 08 avqust 2023-ci il tarixli, 2-1(116)-448/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını və Şəki İnzibati Məhkəməsinin 08 avqust 2023-ci il tarixli, 2-1(116)- 448/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli xx.xx.1979-cu il tarixdə tərtib olunmuş əmək kitabçası; - İddiaçıya məxsus НЗ № ******* nömrəli xx.xx.1976-ci il tarixdə tərtib olunmuş hərbi bilet; - İddiaçıya məxsus PB № 1438 nömrəli xx.xx.1976-cu il tarixdə tərtib olunmuş attestat. - Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə şalışmasına dair 29 iyul 2022ci il tarixli arayış; - Azərbaycan Respublikasının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023- cü il tarixli A/D-23-05 nömrəli məktubu; - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublikası X2 Filialının xx.xx.2022ci il tarixli 559 nömrəli arxiv arayışı.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
14. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
16. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...
17. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
18. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
21. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, 13 iyun 1997-ci il tarixli Qanunla Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
24. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
25. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
26. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla)
27. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.
28. İş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumilikdə iş stajı 25 il 03 ay 20 gün,güzəştli şərtlərlə pensiya hüququ verən peşədə işlədiyi müddət 17 il 02 ay 20 gün olmaqla aşağıdakı kimi hesablanmalıdır: xx.xx.1974 - xx.xx.1976-ci il, Şəki texniki peşə məktəbində təhsil dövrü 01 il 10 ay 23 gün; xx.xx.1976 - xx.xx.1977-ci il, 55 nömrəli Şəki TQİ-də rəngsaz 09 ay 07 gün; xx.xx.1977 - xx.xx.1979-cu il, müddətli hərbi xidmət 2 il 08 gün; xx.xx.1979 - xx.xx.1983-cü il, 03 il 11 ay 24 gün; həmin dövrün 02 il 11 ay hissəsi elektrik qaynaqçısı. xx.xx.1984 - xx.xx.1998-ci il "xxxx" ASC-nin müxtəlif səyyar mexaniki dəstələrində qaynaqçı; 14 il 03 ay 20 gün; xx.xx.2016 - xx.xx.2016-ci il, Şəki KTİB-də fəhlə;05 ay 29 gün; xx.xx.2017- xx.xx.2018-ci il Şəki KTİB-də fəhlə;11 ay 13 gün; xx.xx.2019- xx.xx.2020-ci il DOST İş mərkəzi köməkçi 10 ay 16 gün.
29. Nəzərə alınmalıdır ki, formalaşmış məhkəmə təcrübəsi və iddiaçının fəaliyyət göstərdiyi müəssisənin xarakterinə əsasən məhkəmə hesab edir ki, iddiaçının yuxarıda qeyd edilən vəzifələrdə həyata keçirdiyi fəaliyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahıya əsasən 23200000—19906 kodunda nəzərdə tutulmuşdur. Odur ki, həmin müddət xüsusi iş stajı kimi nəzərə alınmalıdır.
30. Beləliklə, iddiaçı 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin tələb olunan yaş həddinə çatması müəyyən edilir.
31. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2022-ci ildən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1958-ci ildə doğulub). Həmçinin, iddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən həmin dövr üçün pensiya kapitalı tələbi yoxdur.
32. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1 Mərkəzi Filialına qarşı “01 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
33. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin Xüsusi X1 Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 08 avqust 2023-ci il tarixli, 2-1(116)-448/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.