Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-583/2025 04.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının əmək kitabçası, təqdim edilən sənədlər və fərdi uçot məlumatlarında öz təsdiqini tapan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən bütün dövrlərin iş stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən əmək pensiyasının təyin edilərək ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 07 avqust 2025-ci il tarixli 2-1(116)-1111/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçının əmək kitabçası, təqdim edilən sənədlər və fərdi uçot məlumatlarında öz təsdiqini tapan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən bütün dövrlərin iş stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2024cü il tarixdən əmək pensiyasının təyin edilərək ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli staj kimi cavabdehin nəzərə aldığı dövrlərdən əlavə xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü ilədək (02 il 06 ay 15 gün) McDermott X9, xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilədək (02 il 09 ay 23 gün) X4 LLC və xx.xx.2009-cu ildən xx.xx.2011-ci ilədək (02 il 07 ay 22 gün) Technical Management & Trade MMC-də quraşdrıcı vəzifəsində işləmişdir. Qeyd edir ki, həmin şirkətlərdəki 2006-cı ildən sonrakı fəaliyyəti onun fərdi uçot məlumatlarında öz əksini tapmışdır. Lakin cavabdeh yuxarıda qeyd edilən dövrləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək stajına daxil etməmişdir. Halbuki cavabdehin güzəştli stajına daxil etdiyi, işlədiyi Bos Shelf MMC-də olduğu kimi o yuxarıda qeyd edilən müəssisələrdə də eyni vəzifədə, eyni şəraitdə, eyni şərtlərlə işləmişdir. Nəzərə çatdırır ki, cavabdehin tələb etdiyi güzəştli pensiya hüququ verən işdə çalışdığına dair iş yeri tərəfindən verilməli olan arayışın alınması üçün 2 saylı Bakı “ASAN xidmət" mərkəzinə və digər müvafiq qurumlara müraciət etmişdir. Lakin işlədiyi şirkətlərin Azərbaycan Respublikasında fəaliyyəti dayandırıldığından həmin arayışın alınması mümkün olmamışdır.
3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilən “Bos Şelf’ MMC-nin 31 iyul 2023-cü il tarixli HR2Q23/BOS/GHA/R-00/176 nömrəli arayışına əsasən iddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək həmin müəssisədə quraşdırıcı, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək metal konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı köməkçisi, xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək metal konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı vəzifəsində işləmiş və iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 il 10 ay 20 gün (xx.xx.2011-xx.xx.2013-cü il, xx.xx.2015-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil etmişdir. - İddiaçı iddia ərizəsində xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək McDermott X9, xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək X4 LLC və xx.xx.2009cu il tarixdən xx.xx.2011-ci il tarixədək Technical Management & Trade MMC-də quraşdırıcı vəzifəsində işlədiyini və həmin vəzifələrin güzəştli iş stajına daxil edilməli olduğunu qeyd etmişdir. Lakin iddiaçı güzəştli sahədə işlədiyini iddia etdiyi dövrlərlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2 nömrəli əlavəsində nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş güzəştli arayışı cavabdehə təqdim etməmiş, bu səbəbdən müvafiq dövrlərin güzəştli iş stajına daxil edilməsi mümkün olmamışdır. İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçının qanunvericiliklə tələb olunan 12 il 6 ay güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu; - AR SHXÇDX-nin xx.xx.2024-cü il tarixli arayışı; - AR X11 Filialının xx.xx.2024-cü il tarixi arxiv arayışı; - BOS ŞELF MMC-nin xx.xx.2023-cü il tarixli Güzəştli Arayış; - McDermott X7. iddiaçı barəsində təlimə cəlb etmə vərəqəsi; - X5 MMC-nin iddiaçıya məxsus əməkhaqqı cədvəlləri; - İddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - İddiaçıya məxsus Əmək kitabçasının surəti; - İddiaçının fərdi şəxsi hesabından sosial arayış.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 07 avqust 2025-ci il tarixli 2- 1(116)-1111/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən çoxdur. Cavabdeh tərəfindən də bu hal mübahisələndirilməmişdir. - Lakin, cavabdeh üçüncü şərtə münasibətdə iddiaçının güzəştli iş stajını 12 il 6 aydan az- 9 il 10 ay 20 gün (xx.xx.2011-xx.xx.2013-cü il, xx.xx.2015-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər) qəbul edir. - Belə ki, “Bos Şelf’ MMC tərəfindən təqdim edilən 1 iyul 2023-cü il tarixli arayışda iddiaçının xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək həmin müəssisədə quraşdırıcı, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək metal konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı köməkçisi, xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək metal konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı vəzifəsində işlədiyi qeyd edilir. Cavabdeh orqan məhz iddiaçının burada çalışdığı xx.xx.2011-xx.xx.2013-cü il, xx.xx.2015-xx.xx.2023-cü il tarixləri arasındakı dövrləri (cəmi 9 il 10 ay 20 gün) güzəştli iş stajı kimi qəbul edir. - Belə ki, iddiaçının əmək kitabçasına əsasən xx.xx.2002-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək “McDermott X9” və “X4 LLC”-də işləmiş olduğu güzəştli şərtlərlə çalışdığını sübut edən arayışı əldə edə bilməməsinin səbəbi həmin müəssisələrin artıq fəaliyyət göstərməməsidir. Lakin İddiaçı həmin müəssisələrdə də eyni vəzifələrdə çalışması əmək kitabçasından görünür. Həmçinin iş materiallarında mövcud olan əməkhaqqı cədvəlləri, iddiaçının bu müəssisələrdə müxtəlif təlimlərə cəlb edilməsi əmək fəaliyyətini təsdiq edir. Odur ki, həmin müəssisələrin fəaliyyətinin olmaması, iddiaçıdan asılı olmayan səbəblərdən arayışın əldə edilə bilməməsi iddiaçının ziyanına şərh edilə bilməz. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bölməsində (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) “quraşdırıcı” peşəsi güzəştli iş kimi nəzərdə tutulmuşdur. - İddiaçının “McDermott X9” və “X4 LLC”-də əmək fəaliyyəti göstərdiyi dövrlərdə müxtəlif dərəcəli quraşdırıcı peşəsində çalışması həmin kodla eyniləşdirilməsi imkanını yaradır. Həmin şirkətlər beynəlxalq səviyyədə tanınmaqla Azərbaycanda neft-qaz platformalarının inşası sahəsində fəaliyyət göstərmişdir. - Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, uyğunluğun müəyyən edilməsi zamanı nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Həmin peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna təminat verir. Yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının güzəştli şərtlərlə iş stajı tələb olunan minimum dövrdən artıq olduğundan iddia tələbi əsaslıdır.
7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 07 avqust 2025-ci il tarixli 2-1(116)-1111/2025 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh orqanın apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. - Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - İstinad olunan Qanunun məzmunundan göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər vardır: 1. tələb olunan yaş həddinə çatmalı (kişilər üçün 60, qadınlar üçün 58.5); 2. azı 25 il sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli; 3. stajın 12 il 06 ayını əmək şəraiti zərərli və ağır işlərdə işləməlidir. - Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün yuxarıda qeyd edilən bütün şərtlər ödənilməlidir. - Üçüncü şərtə münasibətdə qeyd etmək istərdik ki, iddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC-nin 31 iyul 2023-cü il tarixli HR2023/BOS/GHA/R-00/176 nömrəli arayışına əsasən iddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək həmin müəssisədə quraşdırıcı, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək metal konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı köməkçisi, xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək metal konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı vəzifəsində işləmiş və iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 il 10 ay 20 gün (xx.xx.2011-xx.xx.2013-cü il, xx.xx.2015-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil etmişdir. - Məhkəmə qərarın əsaslandırma hissəsində iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək McDermott X9, xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək X4 LLC və xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Technical Management & Trade MMC-də quraşdırıcı vəzifəsində işlədiyini və həmin vəzifələrin güzəştli iş stajına daxil edilməli olduğunu qeyd etmişdir. - Lakin iddiaçının güzəştli sahədə işlədiyini iddia etdiyi dövrlərlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2 nömrəli əlavəsində nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş güzəştli arayış iş materiallarına əlavə edilməmiş, bu səbəbdən müvafiq dövrlərin güzəştli iş stajına daxil edilməsi mümkün olmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 07 avqust 2025-ci il tarixli 2-1(116)-1111/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 07 avqust 2025-ci il tarixli 2- 1(116)-1111/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1 İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.
15. 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
16. “Əmək pensiyaları haqqında” Qanun: 5.3-cü maddəsinə əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
17. İnzibati icraat haqqında Qanun Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı”: Bənd 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri
Apellyasiya şikayətinin mümkünlüyü
19. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
27. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ümumi və xüsusi iş stajı tamamlandığından, iddiaçının özü də xx.xx.2024-cü il tarixdən pensiya təyin edilməsini tələb etdiyindən ona münasibətdə ƏMHQ-nun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixdən sonra, yəni hazırda qüvvədə olan redaksiyası tətbiq edilməlidir.
29. Belə ki, hazırda qüvvədə olan ƏMHQ-nun 9.1-ci maddəsinin tələbləri baxımından 2 element mövcud olmalıdır: 1) 25 ildən az olmayan ümumi iş stajı; 2) 12 il 6 ay güzəştli iş stajı.
30. Müəyyən edilir ki, iddiaçı xx.xx.1964-cü ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb.
31. İş materiallarından görünür ki, iddiaçının 25 ildən az olmayan ümumi iş stajı mövcuddur, bu hal cavabdeh tərəfindən mübahisələndirilmir.
32. Cavabdeh orqan iddiaçının xüsusi iş stajını mübahisələndirsə də, iş materiallarından görünür ki, iddiaçının 12 il 6 aydan çox güzəştli şərtlərlə iş stajı mövcuddur.
33. Belə ki, işdə olan iddiaçı tərəfindən təqdim edilən “Bos Şelf’ MMC-nin 31 iyul 2023-cü il tarixli HR2Q23/BOS/GHA/R-00/176 nömrəli arayışına əsasən iddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək həmin müəssisədə quraşdırıcı, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək metal konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı köməkçisi, xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək metal konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı vəzifəsində işləmiş və iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən güzəştli iş stajı 9 il 10 ay 20 gün (xx.xx.2011xx.xx.2013-cü il, xx.xx.2015-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil etmişdir.
34. Həmçinin iddiaçı iddia ərizəsində xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək McDermott X9, xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək X4 LLC və xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Technical Management & Trade MMCdə quraşdırıcı vəzifəsində işlədiyini və həmin vəzifələrin güzəştli iş stajına daxil edilməli olduğunu qeyd etmişdir.
35. Cavabdehin mübahisələndirdiyi hal və apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək McDermott X9, xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək X4 LLC və xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Technical Management & Trade MMC-də işlədiyi quraşdırıcı vəzifələri güzəştli iş stajına daxil edilməməlidir. Həmin dövrlərə dair güzəştli iş arayışı iş materiallarına əlavə edilməmişdir.
36. Kollegiya tərəfindən açıq internet mənbələrdə aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, McDermott X9 və X4 LLC Azərbaycanın Xəzər sektorunda neft-qaz platformalarının qurulması, iri metal konstruksiyaların montajı və yığılması, dəniz obyektlərinin tikintisi və quraşdırılması kimi fəaliyyətlə məşğul olmuş beynəlxalq podratçı şirkətlərdir. Bu məlumatlar həm müvafiq şirkətlərin öz rəsmi profil və tarixçələrində, həm də açıq sənaye mənbələrində öz təsdiqini tapır.
37. İddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək McDermott X9 və xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək X4 LLC-də quraşdırıcı vəzifəsində işləməsi məhkəmədə şübhə yaratmır. Belə ki, həmin şirkətlərin mövcudluğu və orada həmin vəzifədə işlədiyi əmək kitabçasındakı qeydlərlə təsdiq edilir.
38. Məhkəmə kollegiyası iddiaçının işlədiyi həmin şirkətlər tərəfindən güzəştli arayışın təqdim edilməməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, işin araşdırılmış hallarından da göründüyü kimi iddiaçının işləmiş olduğu güzəştli şərtlərlə çalışdığını sübut edən arayışı əldə edə bilməməsinin səbəbi həmin müəssisələrin artıq fəaliyyət göstərməməsidir. Lakin İddiaçı həmin müəssisələrdə də eyni vəzifələrdə çalışması əmək kitabçasından görünür. Həmçinin iş materiallarında mövcud olan əməkhaqqı cədvəlləri və iddiaçının bu müəssisələrdə müxtəlif təlimlərə cəlb edilməsi əmək fəaliyyətini təsdiq edir. Odur ki, həmin müəssisələrin fəaliyyətinin olmaması, iddiaçıdan asılı olmayan səbəblərdən arayışın əldə edilə bilməməsi iddiaçının ziyanına şərh edilə bilməz.
39. Həmçinin aparılan araşdırma nəticəsində kollegiya müəyyən etmişdir ki: Bu şirkətlərin fəaliyyət istiqamətləri "xxxx" MMC-nin fəaliyyəti ilə eynidir və iddiaçı bütün bu istehsalatlarda eyni tip quraşdırıcı işlərini icra edib. Beləliklə bu, işin faktiki xarakterinin yəni ağır və zərərli istehsalatda quraşdırıcı işinin eyni olduğunu bir daha təsdiq edir.
40. Belə ki, uyğunluğun müəyyən edilməsi zamanı nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Həmin peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna təminat verir.
41. Beləliklə, iddiaçının 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Qeyd edilən sahələr üzrə isə iddiaçının xüsusi iş stajı 12 il 6 aydan artıq olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
42. Bununla əlaqədar qeyd edilməlidir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduqda və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədikdə digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1566/2024 nömrəli, 2- 1(102)-1830/2024 nömrəli, 2-1(102)-1832/2024 nömrəli, 2-1(102)-1715/2024 nömrəli, 2- 1(102)-1763/2024 nömrəli qərardadları).
43. Göründüyü kimi, iş materialları iddiaçının qeyd olunan işdə və müddətlərdə əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir, hazırki araşdırma isə iddiaçının həqiqətən sosial sığorta stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini mötəbər qaydada müəyyən edir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də cavabdehin etiraz ərizəsindən irəli gələn və hazırda apellyasiya şikayətində təkrarlanan dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edildiyindən, işin faktiki halları ilə bağlı məhkəmənin araşdırmaları yetərli hesab olunur.
45. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2024-cü il tarixdən ümumi və xüsusi iş stajı tamamlandığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
46. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
47. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
48. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamış və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
49. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
50. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 07 avqust 2025-ci il tarixli 2-1(116)-1111/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.