Məhkəmə qərarları › İş №2-1(107)-584/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-584/2025

10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-584/2025 10.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illəri sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 avqust 2025-ci il tarixli 2-1(116)-1172/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı “işlədiyi illəri sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. X6 Qanuna əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmış və cavabdeh orqana əmək pensiyası almaq üçün sənədlərini təqdim etmişdir. Cavabdeh iddiaçıya əmək pensiyası təyin etməkdən imtina etmişdir. İmtinanın səbəbi, “əmək fəaliyyətini təsdiq edən sənədlərdəki qeydlərin mötəbərliyi araşdırılmamışdır. Ona görə ki, əmək stajı 25 ildən azdır. İddiaçı cavabdehin imtinası ilə razı deyil. Cavabdeh imtinasında iddiaçının 24 il 1 ay 15 gün əmək stajının olduğunu qeyd edir. Lakin cavabdeh təqdim olunmuş sənədlərdəki müddətləri düzgün hesablamamışdır. Əmək fəaliyyəti aşağıdakı qaydada əmək kitabçasında, hərbi biletində və elektron məlumatlarda qeyd olunmuşdur.

1. xx.xx.1976 il – xx.xx.1976 il = 7 ay 28 gün Zaqatala Raypoittifaq

2. xx.xx.1978 il – xx.xx.1979 il = 6 ay 17 gün Avtoşkola

3. xx.xx.1979 il – xx.xx.1981 il = 2 il 1 ay 1 gün Azərittifaq

4. xx.xx.1981 il – xx.xx.2000 il = 19 il 2 ay 20 gün Azərittifaq

5. xx.xx.1976 il – xx.xx.1978 il = 1 il 11 ay 19 gün Hərbi xidmət. - İddiaçı 2022-ci ilin dekabr ayında DSMF-na 20 manat 08 qəpik pul ödəmişdir, 2023cü ilin yanvar ayında 17 manat 63 qəpik, fevral ayında 20 man. 27 qəp, mart ayında 20 man. 27 qəp., aprel ayında 20 man. 27 qəp., oktyabr ayında 20 man. 27 qəp., noyabr ayında 20 man. 27 qəp., dekabr ayında 20 man. 27 qəp DSMF-yə pul ödəmişdir. - Yəni 2022-ci ildə 1 ay, 2023-cü ildə isə 7 ay əmək stajı vardır. Bu faktlar fərdi uçot məlumatlarından görünür. Beləliklə əmək kitabçası və hərbi xidməti cəmi 24 il 5 ay 25 gün təşkil edir, elektron məlumatlarda isə 8 ay əmək stajı vardır. Cəmi 25 il 1 ay 25 gün sığorta stajının olduğu təqdim etdiyi sənədlərlə sübuta yetir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur.

3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, “X6" Qanunun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. - Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. - Bildirirlər ki, İddiaçı təqdim etdiyi ******* №li hərbi biletin surətində qeyd olunan məlumata əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətində qeyd olunan məlumata əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan əmək fəaliyyəti dövrləri, Şəki-Zaqatala regional filialı tərəfindən təqdim edilmiş X2 xx.xx.2025-ci il tarixli əməkhaqqı arayışına əsasən 1979- 2000-ci illər üzrə 17 il 1 ay əmək haqqı aldığı dövr və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin pensiya altsistemində olan məlumatlara əsasən fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək qeydə alınmış pensiya kapitalına uyğun 9 ay sığorta stajı nəzərə alınmaqla onun ümumilikdə 20 il 11 ay 20 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. - Həmçinin bildirirlər ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. - Əlavə olaraq bildirirlər ki, İddiaçı təqdim etdiyi 200 №-li təhsil haqqında sənədin (attestatın) surətində qeyd olunan məlumata əsasən təhsil aldığı dövr əmək fəaliyyəti ilə üst-üstə düşdüyündən qeyd edilən dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. - Fondun Şəki-Zaqatala regional filialının xx.xx.2025-ci il tarixli əməkhaqqı arayışına əsasən İddiaçı Azərittifaqın “Zaqatala Avtobaza”sında xx.xx.1979-cu il tarixdən xx.xx.2000-ci il tarinədək olan əmək fəaliyyəti zamanı 1997-ci ildə 1 ay, 1998-ci ildə 5 ay, 1999-cu ildə 11 ay onun adına əməkhaqqı hesablanmamışdır. Həmçinin arayışda 1981-ci ilin əməkhaqqı cədvəlləri təqdim edilmədiyindən, 1984-cü ilə aid əməkhaqqı kitabının birinci vərəqi yararsız halda olduğundan, 1999-cu ilin yanvar ayından 2000-ci ilin dekabrınadək əməkhaqqı cədvəllərində iddiaçının əməkhaqqı alması barədə qeydlər aşkar olunmamışdır. - Buna görə də, əməkhaqqı hesablanmayan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün edilmədiyindən iddiaçının sığorta stajına daxil edilməmişdir - 15 may 2020-ci il tarixli “X6" Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən məsələyə “X6" Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı əsas təməl prinsipinə uyğun deyil: əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi. - “X6” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - Maddələrin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən iddiaçı T.Abdurahmanovun təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxil olma və işdən azad olma əmrləri eyni xətt və eyni qələmlə yazılıb) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. - İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli № 186 Qərarın 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. - Qərarın 3.4-cü bəndinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün ceydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. - “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “a" bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. - İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə. onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - Konstitusiyada əksini tapan sosial təminat hüququ 38-ci maddənin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. - Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. - Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair" 1 dekabr 2010-cu il tarixli Qərarı). - Bütün bu halları nəzərə alaraq düşünürlər ki, məhkəmə qərarlarında qanunvericinin sosial təminat sistemi ilə bağlı qanunvericilikdə mülahizə sərbəstliyini tanımalı, onun bütün faktorları nəzərə alaraq formalaşdırdığı sistemə ziddiyyət təşkil edəcək tövsifdən və təfsirdən çəkinməli, qanunun ümumi məqsədlərini nəzərə almalıdır. - Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbatı aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb elməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Nəticə etibarilə nəzərə alınmalıdır ki. cavabdeh inzibatı orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür; - X7 Aparat Rəhbərinin xx.xx.2025-ci il tarixli AAŞ-14/15 nömrəli məktubunun surəti; - Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur; - İddiaçıya məxsus 200 nömrəli attestatın surəti; - İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi bilet; - İddiaçıya məxsus 1976-cı il tarixli əmək kitabçasının surəti.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) 18 avqust 2025-ci il tarixli 2-1(116)-1172/2025 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illəri sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasi təmin edilməmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına və iddiaçıya məxsus əmək kitabçasına əsasən onun tələb olunan 25 il sosial sığorta stajı mövcud deyildir. Belə ki,iddiaçı xx.xx.1976 il – xx.xx.1976 ilə qədər hərbi xidmət dövrü, müxtəlif yerlərdə əmək fəaliyyəti göstərdiyi dövrlər nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyini şərtlərindən biri olan minimum sosial sığorta stajı tələbinin ödənilmədiyi müəyyən edilir. Fondun Şəki- Zaqatala regional filialının xx.xx.2025-ci il tarixli əməkhaqqı arayışına əsasən İddiaçı Azərittifaqın “Zaqatala Avtobaza”sında xx.xx.1979-cu il tarixdən xx.xx.2000-ci il tarinədək olan əmək fəaliyyəti zamanı 1997-ci ildə 1 ay, 1998-ci ildə 5 ay, 1999-cu ildə 11 ay onun adına əməkhaqqı hesablanmamışdır. Həmçinin arayışda 1981-ci ilin əməkhaqqı cədvəlləri təqdim edilmədiyindən, 1984-cü ilə aid əməkhaqqı kitabının birinci vərəqi yararsız halda olduğundan, 1999-cu ilin yanvar ayından 2000-ci ilin dekabrınadək əməkhaqqı cədvəllərində iddiaçının əməkhaqqı alması barədə qeydlər aşkar olunmamışdır. - İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının 20 il 11 ay 20 gün mübahisələndirilməyən sığorta stajının mövcudluğunu bildirsə də iddiaçı ümumi sosial sığorta stajının 25 il 1 ay 25 gün olmadığını iddia edir. - İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 13 saylı Ərazi Vergilər İdarəsi ünvanladıqları müraciətə cavab olaraq bildirir ki, vergi ödəyicisi İddiaçı (VÖEN: **********) xx.xx.2022-ci il tarixdə “Taksi fəaliyyəti" növü üzrə vergi orqanında qeydiyyata alınmışdır. - Eyni zamanda vergi ödəyicisi İddiaçı (VÖEN: **********) vergi orqanına təqdim etdiyi "fəaliyyətin dayandırılması və bərpası ərizələrinə" əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək olan dövrlər üzrə fəaliyyəti aktiv olmuşdur. - İş materiallarına əlavə edilmiş X7 Aparat Rəhbərinin xx.xx.2025-ci il tarixli AAŞ- 14/15 nömrəli məktubundan görünür ki, İddiaçı Azərittifaqın tabeliyində olan Zaqatala avtobazasında 1979-2000-ci illərdə işləməsi haqda heç bir məlumat təqdim edə bilmirlər. Zaqatala avtobazası Azərittifaqın idarə Heyətinin 18 avqust 2006-cı il tarixdən 183 №-İi qərarı ilə ləğv edilib. Eyni zamanda Zaqatala avtobazası Azərittifaqın arxivinə heç bir sənəd təhvil verməyib. - Məhkəmə cavabdehin dəlilləri ilə razılaşaraq qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması ilə yanaşı, onun təhsil aldığı dövrünün əmək fəaliyyəti ilə üst-üstə düşdüyü də müəyyən edilir. - Bununla yanaşı Fondun Şəki-Zaqatala regional filialının xx.xx.2025-ci il tarixli əməkhaqqı arayışına əsasən İddiaçı Azərittifaqın “Zaqatala Avtobaza”sında xx.xx.1979-cu il tarixdən xx.xx.2000-ci il tarinədək olan əmək fəaliyyəti zamanı 1997-ci ildə 1 ay, 1998-ci ildə 5 ay, 1999-cu ildə 11 ay onun adına əməkhaqqı hesablanmadığı, 1981-ci ilin əməkhaqqı cədvəllərinin təqdim edilmədiyi, 1984-cü ilə aid əməkhaqqı kitabının birinci vərəqinin yararsız halda olduğu, 1999-cu ilin yanvar ayından 2000-ci ilin dekabrınadək əməkhaqqı cədvəllərində iddiaçının əməkhaqqı alması barədə qeydlər aşkar olunmadığı qeyd edilmişdir. - Məhkəmə hesab etmişdir ki, bu hallarda cavabdeh tərəfindən əməkhaqqı hesablanmayan dövrlərin sığorta stajına daxil edilməsindən imtina etməsi əsaslı olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi “X6" Qanunun 7-ci maddəsinin dispozisiya şərtlərində müəyyən edilmiş 25 il sığorta stajı ilə uzlaşmadığından iddia əsaslı hesab edilə bilməz.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 18 avqust 2025-ci il tarixli 2-1(116)-1172/2025 nömrəli qərarının ləğv edilməsinə və iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, kollegiyanın diqqətinə çatdırır ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfin ona və məhkəməyə hansı səbəbdən müxtəlif etirazlar verdiyini aydınlaşdırmamışdır. Belə ki, cavabdeh ona ünvanladığı imtina məktubunda qeyd etmişdir ki, onun cəmi sığorta stajı 24 il 1 ay 15 gün təşkil edir. Məhkəməyə təqdim etdiyi etirazda isə onun sığorta stajı 20 il 11 ay 20 gün olduğu qeyd edilmişdir. - Daha sonra birinci instansiya məhkəməsi qərarında qeyd edir ki, fondun Şəki – Zaqatala Regional filialının əmək haqqı arayışına əsasən onun əmək fəaliyyəti dövründə 1997-ci ildə 1 ay, 1998-ci ildə 5 ay, 1999-cu ildə 11 ay əmək haqqı almamış, 1981-ci illərin əmək haqqı cədvəlləri təqdim edilməyib, 1984-cü ilə aid əmək haqqı kitabının 1-ci vərəqi yararsız halda olub, 1999-cu ilin yanvar ayından 2000-ci ilin dekabrınadək əmək haqqı alması barədə qeydlər aşkar olunmayıb və məhkəmə hesab etmişdir ki, bu hallarda ona əmək haqqı hesablanmayan dövrlər sığorta stajına daxil edilməməsi səbəbi ilə cavabdehin verdiyi imtina əsaslıdır. - Məhkəmənin bu fikri tamamilə absurtdur. Belə ki, məhkəmənin nəzərinə çatdırır ki, əmək haqqı hesablanmayan 1 ayda məzuniyyətdə ola bilər. Digər 5 ayda, 11 ayda ağır əməliyyatlar keçirərək xəstə vəziyyətində işə çıxmaya bilər. 1980-cı illərdə isə sığorta haqqı deyilən bir tutulmalar və yaxud da pensiya fondu adlı bir təşkilat, bir yığım yox idi. - 1981-ci ilin əmək haqqı cədvəllərinin qorunması, arxivlərə təhvil verilməsi və cavabdeh təşkilata təqdim edilməsi onun vəzifəsi deyildir. - 1984-cü ilə aid əmək haqqı kitabının 1-ci vərəqinin yararsız hala düşməsinin günahkarı və onu yararlı halda saxlamaq onun vəzifəsi deyildir. - 1994 və 2000-ci illərin aldığı əmək haqqlarının əmək haqqı cədvəllərində və yaxud da kitablarda qeyd olunması isə onun vəzifəsi olmamışdır. - Məhkəmənin nəzərinə çatdırır ki, heç bir şəxs əmək haqqı almadığı halda həmin təşkilatda uzun müddət, yəni 1999-cu ilin yanvar ayından 2000-ci ilin dekabr ayınadək, 2 ilədək bir müddətdə heç bir təşkilatda qalıb işləməz. - Göründüyü kimi, məhkəmə onun vəzifəsi olmayan öhdəliklər əsasında onun pensiya hüququnu pozaraq iddianı rədd etmişdir. - Bundan başqa, məhkəmə öz qərarında cavabdehin etirazının üzünü köçürdərək peşə məktəbində təhsil almağına dair attestatı da işlədiyi illərlə üst-üstə düşdüyünü qeyd etmişdir. Halbuki o, təhsil aldığı attestatda göstərilən müddəti iddia ərizəsində göstərməmişdir. - Bir daha məhkəməyə əmək kitabçasında, hərbi biletində və elektron məlumatlarda qeyd olunmuş əmək fəaliyyətini təqdim edir:

1. xx.xx.1976 il – xx.xx.1976 il = 7 ay 28 gün Zaqatala Raypoittifaq

2. xx.xx.1978 il – xx.xx.1979 il = 6 ay 17 gün Avtoşkola

3. xx.xx.1979 il – xx.xx.1981 il = 2 il 1 ay 1 gün Azərittifaq

4. xx.xx.1981 il – xx.xx.2000 il = 19 il 2 ay 20 gün Azərittifaq

5. xx.xx.1976 il – xx.xx.1978 il = 1 il 11 ay 19 gün Hərbi xidmət.

6. 2022-ci ilin dekabr ayında DSMF-na 20 manat 08 qəpik pul ödəmiş, 2023-cü ilin yanvar ayında 17 manat 63 qəpik, fevral ayında 20 man. 27 qəp, mart ayında 20 man. 27 qəp., aprel ayında 20 man. 27 qəp., oktyabr ayında 20 man. 27qəp., noyabr ayında 20 man. 27 qəp., dekabr ayında 20 man. 27 qəp DSMF-yə pul ödəmişdir. Yəni 2022-ci ildə 1 ay, 2023-cü ildə isə 7 ay əmək stajı vardır. Bu faktlar fərdi uçot məlumatlarından görünür. - Beləliklə, əmək kitabçası və hərbi xidməti cəmi 24 il 5 ay 25 gün təşkil edir, elektron məlumatlarda isə 9 ay əmək stajı vardır. Cəmi 25 il 2 ay 25 gün sığorta stajının olduğu təqdim etdiyi sənədlərlə sübuta yetir. - Oxşar tələblə bağlı işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyindən isə görünür ki, işləməyi əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, xx.xx.2021-ci il tarixli, 2-1(102)- 45/2021 nömrəli qərarları, 2-1(102)-1737/2021). - Hesab edir ki, şikayətində göstərdiyi faktlar apelyasiya məhkəməsi tərəfindən müzakirə olunaraq düzgün hüquqi qiymət veriləcək. Hesab edir ki, iddia təmin edilməlidir, ona görə ki, iddia həm qanuni, həm də mahiyyət etibari ilə əsaslıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Cavabdeh orqan apellyasiya şikayətinə vermiş olduğu etirazı və apellyasiya şikayətinə etiraza əlavəsini birinci instansiya məhkəməsi zamanı iddia ərizəsinə vermiş olduğu etiraz ərizəsinin məzmunu ilə eyni əsaslandıraraq apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraza və apellyasiya şikayətinə etiraza əlavəyə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 2-1(116)-1172/2025 nömrəli qərarının dəyişdirmədən qüvvədə saxlanılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı hazırki məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Maddə 129. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. 24 fevral 2009-cu il tarixli 771-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 129-cu maddənin 2-ci hissəsində “müddəti” sözündən sonra “altı aydan çox olmayaraq” sözləri əlavə edilmişdir.

15. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədən düşmüş): Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; b) yaradıcılıq ittifaqları və peşəkar birlikləri üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə respublika Pensiya Fonduna sığorta haqqı keçirdikdə; v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olub-olmamasından asılı olmayaraq hərbiləşdirilmiş mühafizə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq; ə) işsizlik müavinətinin verildiyi müddət, yaxud haqqı ödənilən ictimai işlərdə iştirak etdiyi müddət, müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə bir yaşayış məntəqəsindən digərinə köçmək və işə düzəlmək üçün müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət; [49] j) iş dövründə başlanmış müvəqqəti əmək iqtidarsızlığı müddəti; z) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən işləməyən İ və İİ qrup əlillərin pensiyada olduqları müddət; i) zabit heyəti, praporşik, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçu arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları dövr, lakin 10 ildən artıq olmamaq şərti ilə; ı) müalicə-əmək müəssisələrində məcburi müalicə dövründə iş müddəti; k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt; g) şəxsin qanunsuz tutulma, həbsdə olma və cəza çəkmə müddətləri, eləcə də işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət. İşin hər ili üçün pensiyanın məbləği artırılarkən bu maddənin “a”—”z” və "g" bəndlərində göstərilən dövrlər nəzərə alınır. Yaşa görə pensiya təyin olunandan sonrakı əmək fəaliyyəti ümumi əsaslarla iş stajına daxil edilir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən xüsusilə zərərli və ağır iş sahələri üzrə iş stajı hesablanarkən (13-cü maddənin “a” bəndi) həmin işdə alınmış əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlillik müddəti göstərilən staja daxil edilir. İşin hər ili üçün pensiyanın məbləği artırılan zaman yaşa görə pensiya təyin edildikdən sonrakı iş stajı nəzərə alınmır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

16. “X6” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: ... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

18. “X6” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

Apellyasiya şikayətinin mümkünlüyü

21. İddiaçı tərəfindən apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

29. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona işlədiyi illəri sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

30. İddiaçının mübahisələndirdiyi hal və apellyasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, onun 1979–2000-ci illərə aid bəzi əmək fəaliyyəti dövrləri əsassız olaraq sığorta stajına daxil edilməmiş, nəticədə ümumi sosial sığorta stajı düzgün hesablanmamışdır. İddiaçı hesab edir ki, sənədlərin olmaması və ya natamamlığı onun təqsiri ilə bağlı deyil və həmin dövrlər staja daxil edilməli, ümumi staj 25 il 1 ay 25 gün kimi müəyyən olunmalıdır.

31. Cavabdeh orqan isə apellyasiya şikayətinə etirazında göstərir ki, iddiaçının mübahisələndirdiyi dövrlər üzrə əməkhaqqının hesablanmasını və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiq edən ilkin uçot sənədləri mövcud olmadığından həmin müddətlərin sığorta stajına daxil edilməsindən imtina edilməsi qanunvericiliyin tələblərinə tam uyğundur, birinci instansiya məhkəməsi iş üzrə sübutlara düzgün hüquqi qiymət vermiş, iddiaçının 20 il 11 ay 20 gün mübahisələndirilməyən sığorta stajı əsaslı şəkildə müəyyən edilmiş və 25 illik tələb olunan stajın tamamlanmadığı barədə düzgün nəticəyə gəlinmişdir, bu səbəbdən qərarın dəyişdirilməsi və ya ləğvi üçün hüquqi əsas mövcud deyildir.

32. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cavabdeh inzibati orqanın mübahisələndirilən dövrlərin sığorta stajına daxil edilməsindən imtinası qanuni və əsaslı olmuşdur.

33. Kollegiya qeyd edir ki, yaşa görə əmək pensiyasının təyin edilməsinin digər əsasını şəxsin fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək qeydə alınmış pensiya kapitalı təşkil edir. Bu dövrlərin qeydiyyatı, sığorta ödənişlərinin mövcudluğu və əmək haqqının təsdiqi işin hüquqi bazasını müəyyən edir.

34. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan aydın olur ki, iddiaçı xx.xx.2022-ci il tarixdə “taksi fəaliyyəti” növü üzrə vergi orqanında qeydiyyata alınmış və fəaliyyəti yalnız xx.xx.2022–xx.xx.2023, xx.xx.2023– xx.xx.2023 və xx.xx.2023–xx.xx.2024-cü il tarixləri arasında aktiv olmuşdur. Bu, sığorta stajının hesablanmasında yalnız rəsmi qeydiyyat və sosial sığorta ödənişlərinin əsas götürüldüyünü bir daha təsdiqləyir.

35. Eyni zamanda, iş materiallarında mövcud olan X7 Aparat Rəhbərinin xx.xx.2025ci il tarixli AAŞ-14/15 nömrəli məktubuna əsasən, iddiaçının 1979–2000-ci illərdə Zaqatala avtobazasında işləməsi barədə heç bir arxiv sənədinin mövcud olmadığı, müəssisənin 18 avqust 2006-cı il tarixli qərarla ləğv olunduğu və sənədlərin arxivə təhvil verilmədiyi göstərilmişdir. Bu hal mübahisələndirilən dövrlər üzrə əlavə sübutların olmadığını təsdiqləyir.

36. Bundan əlavə, Fondun Şəki-Zaqatala regional filialının xx.xx.2025-ci il tarixli əməkhaqqı arayışına əsasən, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.2000-ci il tarixədək X1 əmək fəaliyyəti göstərmiş, lakin 1997-ci ildə 1 ay, 1998-ci ildə 5 ay, 1999-cu ildə 11 ay əməkhaqqı hesablanmamışdır; həmçinin 1981-ci ilin əməkhaqqı cədvəlləri təqdim edilməmiş, 1984-cü ilə aid əməkhaqqı kitabının birinci vərəqi yararsız vəziyyətdə olmuş və 1999-cu ilin yanvar ayından 2000-ci ilin dekabrınadək əməkhaqqı cədvəllərində qeydlər aşkar edilməmişdir.

37. Həmçinin kollegiyanın xx.xx.2026-cı il tarixli məhkəmə iclası zamanı iddiaçı izahatında bildirmişdir ki, 1999-cu ildə yalnız işə çağırıldığı aylarda fəaliyyət göstərmiş, 2000-ci ildə isə müəssisənin fəaliyyətinin dayandırılması səbəbindən ümumiyyətlə işləmədiyini etiraf etmişdir.

38. Göründüyü kimi, iddiaçı apellyasiya şikayətində 1999-cu ilin yanvar ayından 2000-ci ilin dekabrına qədər fasiləsiz işlədiyini bildirsə də, iddiaçının izahatında həmin dövrlərdə yalnız işə çağırıldığı aylarda fəaliyyət göstərdiyini, 2000-ci ildə isə müəssisənin fəaliyyətinin dayandırılması səbəbindən ümumiyyətlə işləmədiyini qeyd etmişdir.

39. Həmçinin, iş materiallarından iddiaçının 1999-2000-ci illərdə, yəni iki il ödənişsiz məzuniyyətdə olduğu da öz təsdiqini tapmamışdır. İddiaçı apellyasiya şikayətində mübahisələndirilən dövrlərdə xəstə ola bilməsini, əməliyyat keçirməli olmasını qeyd etsə də, bununla bağlı yalnız ehtimallara əsaslanmış, əlavə sübut təqdim etməmişdir.

40. Kollegiya qeyd edir ki, iddiaçı 1999-2000-ci illərdə ödənişsiz məzuniyyətdə olmuş olsa belə həmin illərə aid dövrdə qüvvədə olan əmək qanunvericilik normasına əsasən əməkhaqqı saxlanılmadan qısamüddətli məzuniyyət verilməsi nəzərdə tutulmuşdur. Həmçinin, sonrakı dövrlərə (1999-2002) aid qüvvədə olan əmək qanunvericilik normasının tələbinə əsasən işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər (Əmək Məcəlləsinin 129-cu maddəsi). Həmçinin, Əmək Məcəlləsinin 128-ci maddəsinin tələbinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.

41. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı qısamüddətli məzuniyyətdə olmamış (1999-2000-ci il) və qanunvericiliklə müəyyən edilmiş ödənişsiz məzuniyyətin verilməsi üçün əsas olmuş hallar mövcud olmamışdır. Həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, həm də “X6” Qanunda xx.xx.2006cı ilədək ödənişsiz məzuniyyət dövrünün pensiya təyini zamanı ümumi iş stajına aid edilməsi nəzərdə tutulmamışdır.

42. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin 17 may 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına əsasən, əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.

43. Əmək Məcəlləsinin 129-cu maddəsinin dispozitiv şərtləri nəzərə alınmaqla, hətta 6 ay məzuniyyətdə olduğu müddət iddiaçının iş stajına daxil edilsə belə, yenə də qanunla tələb olunan ümumi iş stajı şərti ödənilmir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının qanunla tələb olunan ümumi iş stajı tamamlanmadığından, cavabdeh inzibati orqan ona əmək pensiyasının təyin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, indiki halda iş materialları əsasında işəgötürən tərəfindən iddiaçıya ödəniş edilməsi halları müəyyən edilmir. İddiaçı tərəfindən həmin hala dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, habelə məhkəmə araşdırması zamanı həmin halların müəyyən edilməsi mümkün olmamışdır.

44. Bundan başqa, kollegiya bildirir ki, iddiaçının kollegiyanın iclasında təqdim etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-19/2-A-2xx-xx/2025 saylı arayışına əsasən, vergi ödəyicisi İddiaçı (VÖEN: **********) xx.xx.2022-ci ildən bu günə qədər ümumilikdə 214,20 manat məbləğində sosial sığorta haqqı ödədiyi bildirilmişdir.

45. Məhkəmə kollegiyası iddiaçının yaşa görə pensiya təyin olunması tələbinə dair iddiasının bu arayışa əsasən göstərilən dövrlərə münasibətdə dəyişdirilməsinə də zərurət görmür, ona görə ki, hər bir halda iddiaçının sosial sığorta stajı yaşa görə pensiya təyin olunması barədə şərtlərə cavab vermir. Yəni, iddiaçının sığorta stajına daxil etməklə hesabladığı 1999-2000-ci ilə (iki il) dair iş stajı yuxarıda qeyd olunan əsaslara görə staja daxil edilə bilməz. Bu iki il sığorta stajına daxil edilə bilmədiyindən, həmin illər istisna olmaqla iddiaçının işlədiyi digər illəri, sığorta haqqları ödədiyi ayları və cavabdeh tərəfindən mübahisələndirilən sığorta stajlarını topladıqda belə 25 il sığorta stajı tamamlanmır. Bu baxımdan onun iddiası da uğurlu olmayacaqdır.

46. İddiaçının məhkəmə kollegiyasının iclasında 1999-cu ildə yalnız işə çağırıldığı aylarda fəaliyyət göstərməsi, 2000-ci ildə isə müəssisənin fəaliyyətinin dayandırılması səbəbindən ümumiyyətlə işləmədiyi barədə izahatı da digər sübutlarla yanaşı əsas götürülməklə, kollegiya hesab edir ki, digər dövrlər daxil edilsə belə onun qanunvericilikdə tələb olunan 25 il ümumi iş stajının tamamlanması barədə cavabdeh orqanın gəldiyi nəticə düzgün olmuşdur. Odur ki, iki ilin (1999-2000) staja daxil edilməsi mümkün olmadığından kollegiya hesab edir ki, cavabdeh və iddiaçı tərəfindən mübahisələndirilən digər illərin sığorta stajına daxil edilib-edilməməsinin qanunauyğunluğunun araşdırılmasına zərurət yoxdur.

47. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də cavabdehin etiraz ərizəsindən irəli gələn və hazırda iddiaçının iddia ərizəsi ilə apellyasiya şikayətində təkrarlanan dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edildiyindən, işin faktiki halları ilə bağlı məhkəmənin araşdırmaları yetərli hesab olunur.

48. Beləliklə, iş üzrə toplanmış bütün sübutlar məntiqi ardıcıllıqla və məcmu şəkildə qiymətləndirilərək göstərir ki, iddiaçının bəzi dövrlər üzrə əməkhaqqının hesablanmaması, sosial sığorta haqlarının qeydə alınmaması və həmin dövrləri təsdiq edən ilkin sənədlərin mövcud olmaması səbəbindən müvafiq müddətlərin sığorta stajına daxil edilməməsi cavabdeh inzibati orqan tərəfindən qanuni və əsaslı həyata keçirilmişdir.

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdeh tərəfindən verilmiş imtinanın (hazırki iş üzrə araşdırma həddində) əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamışdır. İddiaçının tələbi ona münasibətdə yaşa görə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə tam cavab vermir.

50. Belə olan halda məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində iddiaçının tələbindən imtinası qanunsuz hərəkət sayıla bilməz.

51. Odur ki, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı qaldırılmış olduğu iddia tələbində qeyd olunan dövrlər üçün yaşa görə əmək pensiyasının ödənilməsi tələbi əsaslı sayıla bilməz.

52. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

53. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 18 avqust 2025-ci il tarixli 2-1(116)-1172/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar