Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-587/2025 09.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “20 il 2 ay təşkil edən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2019-cu ildən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 07 avqust 2025-ci il tarixli 2-1(116)-443/2025 nömrəli qərarından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraicət edərək, 20 il 2 ay təşkil edən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2019-cu ildən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək X1 toxucu istehsalatında əyrici işləmişdir. (iş stajı 11 ay 04 gün). xx.xx.1981xx.xx.1983-cü ilədək Mingəçevir “Azərrezintexnika” zavodun hazırlıq sexində kauçuk buraxılışı üzrə ambardar vəzifəsində işləmişdir. (güzəştli şərtlərlə iş stajı 2 il 1 ay 19 gün). xx.xx.1984-xx.xx.2002-ci ilədək Mingəçevir “Azərrezintexnika” zavodun texniki nəzarət şöbəsində 1 nömrəli rezin qarışığı hazırlığı sexində rezin qarışığının hazırlanması və rezin kley üzrə əməliyyatlararası texnoloji prosesə nəzarət üzrə nəzarətçi, daha sonra 5 nömrəli razvari qayışlar istehsalı sexində sınaqçı-çilingər vəzifəsində işləmişdir. (güzəştli şərtlərlə iş stajı 18 il 4 ay 11 gün) xx.xx.2011-xx.xx.2011-ci ildə Mingəçevir Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində dalandar işləmişdir. (iş stajı 3 ay 13 gün). xx.xx.2012-xx.xx.2019cu ildə Mingəçevir Şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsində süpürgəçi-fəhlə işləmişdir. (iş stajı 6 il 6 ay 19 gün). Beləliklə iddiaçının ümumi iş stajı 27 il 11 ay 5 gün, güzəştli şərtlərlə iş stajı 20 il 2 ay təşkil edir. İddiaçı ümumi iş stajı, eləcə də güzəştli şərtlərlə pensiya almaq hüququ əldə etdiyindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciət etmişdir, lakin cavabdeh xx.xx.2020-ci il tarixli, **********2 saylı məktubla həmin pensiyanın təyin edilməsindən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, “Əmək pensyaları haqqında” Qanunun 21.1-ci maddəsinə istinad edərək xx.xx.1997-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində uzun müddətli ödənişsiz məzuniyyətdə olmuş və sığorta haqqı ödəməmiş və həmin dövr iş stajına daxil edilmədiyindən ümumi iş stajı 20 ildən az olmuşdur. Cavabdeh güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajını düzgün dəyərləndirməmiş və əsassız olaraq pensiya təyin etməkdən imtina etmişdir.
3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, “Mərkəzi Filial tərəfindən müraciətə baxılaraq İddiaçı xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim olunmuş “X6” ASC-nin 1 iyul 2020-ci il tarixli 294 nömrəli arayışında qeyd olunmuşdur ki, iddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək öz hesabına, yəni əməkhaqqı saxlanılmamaqla məzuniyyətdə olmuşdur. - İddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində iş stajına daxil edilən əmək fəaliyyəti dövrləri arasında işçinin ödənişsiz məzuniyyətdə olduğu dövrlərin iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçının öz hesabına məzuniyyətdə olduğu dövrün onun stajına daxil edilməsinin qanunvericilik əsası yoxdur. Nəzərinizə çatdırırıq ki, iddiaçı S.X4 təqdim etdiyi sənədlərə əsasən mübahisələndirilməyən ümumi iş stajı qanunvericiliklə tələb olunan 20 ildən az (15 il 08 ay) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 39600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16951,82 manat təşkil edir. Məhz bu səbəblərə görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Cavabdehin xx.xx.2020-ci il tarixli imtina məktubu;
2. xx.xx.2020-ci il tarixli tarixli güzəştli arayışın surəti.
3. xx.xx.2020-ci il tarixli arxiv arayışının surəti.
4. İddiaçıya məxsus ИТ-0596872 seriya nömrəli əmək kitabçası;
5. İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxiyyət vəsiqəsinin surəti.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) xx.xx.2025-ci il tarixli 2- 1(116)-443/2025 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “20 il 2 ay təşkil edən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2019-cu ildən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində iş stajına daxil edilən əmək fəaliyyətinin növləri sadalanmışdır. Qeyd olunan normada ödənişsiz məzuniyyət müddətlərinin iş stajı kimi nəzərə alınması müəyyən edilməmişdir. - İş üzrə müəyyən edilir ki, iddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək ödənişsiz, yəni əməkhaqqı saxlanılmamaqla məzuniyyətdə olmuşdur (“X6” ASC-nin 1 iyul 2020-ci il tarixli 294 nömrəli arayışı). Qanunvericilikdə iş stajına daxil edilən əmək fəaliyyəti növlərinin arasında sosial və ödənişsiz məzuniyyət hesab olunan dövrlər nəzərdə tutulmadığından həmin dövrlər sosial sığorta stajı kimi nəzərə alına bilməz. - Yuxarıda qeyd olunanlara əsasən iddiaçının ümumi iş stajı 20 ildən az (15 il 8 ay) olduğundan iddia tələbi uğursuzdur. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab etmişdir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
7. İddiaçı nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 07 avqust 2025-ci il tarixli 2-1(116)-443/2025 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Hesab edir ki, məhkəmə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsini yanlış təfsir etməklə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 15.2-ci və 19.1-ci maddəsini tətbiq etməməklə iddiaçının pensiya təminatı hüququnu pozmuş olur. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. - Məhkəmə nəzərə almamışdır ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi vəzifəsi idarə, müəssisə və təşkilatın üzərinə düşür. Müvəkkilinin ödənişsiz məzuniyyətdə olması işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsinin xitamına səbəb olmur və bu münasibət davamlı xarakter daşıyır. İşəgötürən tərəfindən işçinin öz hesabına məzuniyyətdə olduğu zaman məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi işçidən asılı olmayan haldır. Belə olan vəziyyətdə müəssisənin məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi nəticəsində borc yaranmış və bu borca dövlət tərəfindən amnistiya tətbiq edilərək borclar silinmişdir. Bu öz növbəsində işəgötürənlə işçi arasındakı əmək münasibətlərin fasiləsiz davam etməsinə dəlalət edir və mübahisəli iş dövrü sığorta stajı kimi qəbul edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Cavabdeh orqan apellyasiya şikayətinə vermiş olduğu etiraz ərizəsini birinci instansiya məhkəməsi zamanı iddia ərizəsinə vermiş olduğu etiraz ərizəsinin məzmunu ilə eyni əsaslandıraraq apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Şəki İnzibati Məhkəməsinin 07 avqust 2025-ci il tarixli 2-1(116)-443/2025 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Maddə 129. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. 24 fevral 2009-cu il tarixli 771-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 129-cu maddənin 2-ci hissəsində “müddəti” sözündən sonra “altı aydan çox olmayaraq” sözləri əlavə edilmişdir.
15. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədən düşmüş): Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; b) yaradıcılıq ittifaqları və peşəkar birlikləri üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə respublika Pensiya Fonduna sığorta haqqı keçirdikdə; v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olub-olmamasından asılı olmayaraq hərbiləşdirilmiş mühafizə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq; ə) işsizlik müavinətinin verildiyi müddət, yaxud haqqı ödənilən ictimai işlərdə iştirak etdiyi müddət, müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə bir yaşayış məntəqəsindən digərinə köçmək və işə düzəlmək üçün müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət; [49] j) iş dövründə başlanmış müvəqqəti əmək iqtidarsızlığı müddəti; z) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən işləməyən İ və İİ qrup əlillərin pensiyada olduqları müddət; i) zabit heyəti, praporşik, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçu arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları dövr, lakin 10 ildən artıq olmamaq şərti ilə; ı) müalicə-əmək müəssisələrində məcburi müalicə dövründə iş müddəti; k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt; g) şəxsin qanunsuz tutulma, həbsdə olma və cəza çəkmə müddətləri, eləcə də işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət. İşin hər ili üçün pensiyanın məbləği artırılarkən bu maddənin “a”—”z” və "g" bəndlərində göstərilən dövrlər nəzərə alınır. [51] Yaşa görə pensiya təyin olunandan sonrakı əmək fəaliyyəti ümumi əsaslarla iş stajına daxil edilir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən xüsusilə zərərli və ağır iş sahələri üzrə iş stajı hesablanarkən (13-cü maddənin “a” bəndi) həmin işdə alınmış əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlillik müddəti göstərilən staja daxil edilir. İşin hər ili üçün pensiyanın məbləği artırılan zaman yaşa görə pensiya təyin edildikdən sonrakı iş stajı nəzərə alınmır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: ... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
18. “İnzibati İcraat Haqqında” Qanun Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
Apellyasiya şikayətinin mümkünlüyü
19. İddiaçının nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
20. İddiaçının nümayəndəsi və vəkili tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
27. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona 20 il 2 ay təşkil edən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2019-cu ildən təyin edilməsindən ibarətdir.
28. İddiaçının mübahisələndirdiyi hal və apellyasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, iddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək öz hesabına, yəni əməkhaqqı saxlanılmamaqla məzuniyyətdə olmuşdur. İşçi ilə işəgötürən arasında əmək müqaviləsinə xitam verilməmişdir və işəgötürən tərəfindən işçinin öz hesabına məzuniyyətdə olduğu zaman məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi işçidən asılı olmayan haldır. Belə olan vəziyyətdə müəssisənin məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi nəticəsində borc yaranmış və bu borclar dövlət tərəfindən silinmişdir. Bu öz növbəsində işəgötürənlə işçi arasındakı əmək münasibətlərin fasiləsiz davam etməsinə dəlalət edir və mübahisəli iş dövrü sığorta stajı kimi qəbul edilməlidir.
29. Cavabdeh orqan isə iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində iş stajına daxil edilən əmək fəaliyyəti dövrləri arasında işçinin ödənişsiz məzuniyyətdə olduğu dövrlərin iş stajına daxil edilməsinin nəzərdə tutulmadığını bildirmişdir. Belə ki, cavabdeh orqanın mövqeyi ondan ibarətdir ki, iddiaçının öz hesabına məzuniyyətdə olduğu dövrün onun stajına daxil edilməsinin qanunvericiliklə heç bir əsası yoxdur. İddiaçı S.X4 təqdim etdiyi sənədlərə əsasən mübahisələndirilməyən ümumi iş stajı qanunvericiliklə tələb olunan 20 ildən az (15 il 08 ay) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 39600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16951,82 manat təşkil edir.
30. İş materiallarından da görünür ki, iddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək ödənişsiz, yəni əməkhaqqı saxlanılmamaqla məzuniyyətdə olmuşdur (“X6” ASC-nin 1 iyul 2020-ci il tarixli 294 nömrəli arayışı).
31. Kollegiya qeyd edir ki, iddiaçının ödənişsiz məzuniyyətdə olduğu 1997-1999-cu illərə aid dövrdə qüvvədə olan əmək qanunvericilik normasına əsasən əməkhaqqı saxlanılmadan qısamüddətli məzuniyyət verilməsi nəzərdə tutulmuşdur. Həmçinin, sonrakı dövrlərə (1999-2002) aid qüvvədə olan əmək qanunvericilik normasının tələbinə əsasən işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər (Əmək Məcəlləsinin 129-cu maddəsi). Həmçinin, Əmək Məcəlləsinin 128-ci maddəsinin tələbinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
32. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı qısamüddətli məzuniyyətdə olmamış (1997-2002-ci il) və qanunvericiliklə müəyyən edilmiş ödənişsiz məzuniyyətin verilməsi üçün əsas olmuş hallar mövcud olmamışdır. Həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, həm də “Əmək pensiyaları haqqında” Qanunda xx.xx.2006cı ilədək ödənişsiz məzuniyyət dövrünün pensiya təyini zamanı ümumi iş stajına aid edilməsi nəzərdə tutulmamışdır.
33. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin 17 may 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına əsasən, əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.
34. Əmək Məcəlləsinin 129-cu maddəsinin dispozitiv şərtləri nəzərə alınmaqla, hətta 6 ay məzuniyyətdə olduğu müddət iddiaçının iş stajına daxil edilsə belə, yenə də qanunla tələb olunan ümumi iş stajı şərti ödənilmir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının qanunla tələb olunan ümumi iş stajı tamamlanmadığından, cavabdeh inzibati orqan ona əmək pensiyasının təyin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, indiki halda iş materialları əsasında iddiaçının ödənişsiz məzuniyyətdə olmasına səbəb boşdayanma halının olması, bunun işəgötürənin təqsiri nəticəsində baş verməsi, boşdayanmanın başlanması barədə iddiaçının işəgötürənə məlumat verməsi, işəgötürən tərəfindən iddiaçıya ödəniş edilməsi halları müəyyən edilmir. İddiaçı tərəfindən həmin hala dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, habelə məhkəmə araşdırması zamanı həmin halların müəyyən edilməsi mümkün olmamışdır.
35. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə pensiya təyin olunması tələbinə dair iddiasının qanunvericilikdə edilmiş dəyişikliklərə münasibətdə dəyişdirilməsinə də zərurət görmür, ona görə ki, hər bir halda iddiaçının stajı güzəştli şərtlərlə pensiya təyin olunması barədə şərtlərə cavab vermir. Bu baxımdan iddiası da uğurlu olmayacaqdır.
36. Belə ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yuxarıda sadalanan qanunvericiliyin tələblərinə əsasən iddiaçıya münasibətdə xx.xx.2006cı ilə kimi 20 il ümumi iş stajı, 10 il xüsusi iş stajı, 29 iyun 2022-ci ilə kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı, həmin tarixdən sonra isə 25 il ümumi iş stajı, 12 il 06 ay xüsusi iş stajı olmalıdır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də cavabdehin etiraz ərizəsindən irəli gələn və hazırda iddiaçının iddia ərizəsi ilə apellyasiya şikayətində təkrarlanan dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edildiyindən, işin faktiki halları ilə bağlı məhkəmənin araşdırmaları yetərli hesab olunur.
38. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət hazırki tələbinə münasibətdə aparılan araşdırma nəticəsində cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın (hazırki iş üzrə araşdırma həddində) əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamışdır. İddiaçının tələbi ona münasibətdə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə tam cavab vermir.
39. Belə olan halda məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində iddiaçının tələbindən imtinası qanunsuz hərəkət sayıla bilməz.
40. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanı nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası iddiaçının hazırki tələbinə münasibətdə qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
41. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı
İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 07 avqust 2025-ci il tarixli 2-1(116)-443/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.