Məhkəmə qərarları › İş №2-1(107)-588/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-588/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-588/2023 02.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9in Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1983xx.xx.1985-ci illərdə X1, xx.xx.1985-xx.xx.1992-ci illərdə “Azərittifaqın” Göyçay Avtobazasında və xx.xx.1992-xx.xx.1999-cu illərdə Ağdaş rayon İstehlak Cəmiyyətində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək,ona əliliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 avqust 2023-ci il tarixli, 2-1(116)-1183/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X9inin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı “xx.xx.1983-xx.xx.1985-ci illərdə X1, xx.xx.1985xx.xx.1992-ci illərdə “Azərittifaqın” Göyçay Avtobazasında və xx.xx.1992-xx.xx.1999-cu illərdə Ağdaş rayon İstehlak Cəmiyyətində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək,ona əliliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən səhhəti ilə əlaqədar olaraq üçüncü dərəcə əlillik verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X9in 2 saylı X6 filialının Ağdaş Qəbul şöbəsinə xx.xx.2022-ci il tarixdə əliliyə görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. O, 1978-1983- cü illərdə X2 əyani (indiki "X7 Kolleci" X9) təhsil almışdır. Təhsil aldığı müddət ərzində xx.xx.1979 - xx.xx.1981- ci illərdə Sovet Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuş və yenidən əyani təhsilini davam etdirmişdir. O, xx.xx.1983-xx.xx.1985-ci illərdə X1, xx.xx.1985-ci illərdə “Azərittifaqın” Göyçay Avtobazasında və xx.xx.1992 - xx.xx.1999-cu illərdə Ağdaş rayon İstehlak Cəmiyyətində işləmişdir. Hal-hazırda X10 Sənaye və Ticarət AŞ-nın filialında sürücü işləyir. Lakin işlədiyi müəssisələrin müəyyən illərinin əmr kitabları və əmək haqqı cədvəlləri saxlanılmadığı üçün cavabdeh ona əlilliyə görə əmək pensiyası hesablamağın qanunamüvafıq olmaması haqqında cavab verilmişdir.

3. Cavabdehin məhkəməyə təqdim etdiyi 07 mart 2023-cü il tarixli etirazını belə əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının (bundan sonra - TSEK) 03 may 2022-ci il tarixli qərarı ilə əlillik səbəbi - “Ümumi xəstəlik” olmaqla (Oynaqların ortopedik implantatlarının olması, Sağ bud çanaq endoprotezi) müddətsiz İİİ dərəcəli əlillik təyin edilmişdir. 03 iyun 2022-ci il tarixdən 120 manat məbləğində İİİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. Daha sonra, 23 iyun 2022-ci il tarixdə, iddiaçı İİİ dərəcə əlilliyə görə sosial müavinətin dayandırılaraq İİİ dərəcə əlilliyə görə pensiyanın təyin edilməsi barədə ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir.

4. İddiaçının müraciəti cavabdeh tərəfindən araşdırılmış və 09 sentyabr 2022-ci il tarixli **********8 nömrəli məktuba əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. İddiaçı tərəfindən mərkəzi filiala təqdim edilən əmək kitabçasının surətinə əsasən onun ümumi sosial sığorta stajının müddəti 23 il 11 ay 22 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (15 il 4 ay) çox olmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 30236,83 manat təşkil etmişdir ki, bu da qanunvericiliklə tələb olunan 31795,20 manat pensiya kapitalından azdır. xx.xx.2006-cı il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində 11636,79 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 18600,04 manat pensiya kapitalı qeydə alınmışdır. Qeyd olunanlara əsasən İddiaçı İİİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Əlavə olaraq qeyd etməyi zəruri hesab edirik ki, Fondun 2 saylı X6 filialının müvafiq məktubuna əsasən iddiaçıya məxsus əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixinədək Ağdaş rayon İstehlak Cəmiyyətinin əmr kitabları və əmək haqqı cədvəlləri Ağdaş rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin müəssisələrdə onun əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmadığından qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməmişdir.

5. Cavabdeh etiraza əlavəsində bildirmişdir ki, işin faktiki hallarına görə M.X3 təqdim etdiyi X7 Kollecinin xx.xx.2022-ci il tarixli 328 nömrəli arxiv arayışına əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək təhsil və 1979-cu il tarixdən 1981-ci il tarixədək hərbi xidmət illəri, xx.xx.1985- ci il tarixində tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1983-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək və xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən ümumi iş stajı 14 il 2 ay 22 gün, həmin sığorta stajına münasibətdə hesablanmış pensiya sığorta kapitalı əlilliyin müəyyən edildiyi xx.xx.2022-ci il tarixinədək indeksləşdirilməklə 11568,92 manat, xx.xx.2023-cü il tarixinədək indeksləşdirilməklə 13176,26 manat təşkil edir. Eyni zamanda, təqdim edilmiş Ağdaş rayon İstehlak kooperativinin xx.xx.2022-ci il tarixli 05 nömrəli arayışında İddiaçı xx.xx.1994-cü ildə 53/1 nömrəli sərəncamla işdən çıxdığı və xx.xx.1994- cü il tarixinədək əməkhaqqı alması qeyd olunmuşdur. Bu səbəbdən iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək Ağdaş rayon İstehlak Cəmiyyətində əmək fəaliyyəti dövrləri onun ümumi iş stajına daxil edilməmişdir. Ağdaş rayon Dövlət Arxivinin 31 iyul 2022-ci il tarixli 48 nömrəli arayışına əsasən Ağdaş rayon İstehlak Cəmiyyətinin 1992-ci il tarixdən 1999-cu il tarixədək sənəd və materialları Ağdaş rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən də həmin dövrlər onun sosial sığorta stajına daxil edilməmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 30 avqust 2023-ci il tarixli, 2- 1(116)-1183/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9inin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. Cavabdeh orqanın apellyasiya şikayətini iddia tələbinə etirazın dəlilləri ilə əsaslandırmış, Şəki İnzibati Məhkəməsinin 30 avqust 2023-ci il tarixli, 2-1(116)-1183/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 avqust 2023-ci il tarixli, 2-1(116)-1183/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 30 avqust 2023-ci il tarixli, 2-1(116)- 1183/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - İşdə olan, İT-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1983-cü ildən bugünədək müxtəlif yerlərdə işləmişdir. - İşdə olan, ДТ seriyalı 768301 nömrəli diplomun surətindən və Azərbaycan Respublikası Təhsil Nazirliyi X7 Kolleci X9in xx.xx.2022-ci il tarixli 328 nömrəli arayışından görünür ki, İddiaçı 1978-ci ildən xx.xx.1983-cü ilədək X2 təhsil almışdır. - İşdə olan, SHXÇDX-nin Ağdaş Rayon şöbəsinin 23 iyun 2022-ci il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3- cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınaniş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;. 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir; 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. 4-cü maddəsinə əsasən əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 29.1-1-ci maddəsinə görə, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

17. 1 yanvar 2006-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

18. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

19. "Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyildir. və Şəki İnzibati Məhkəməsinin 30 avqust 2023-ci il tarixli, 2-1(116)-1183/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.

26. Məhkəmə kollegiyası ilk olaraq onu qeyd etməyi zəruri hesab edir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

27. Hazırkı qərarın 16-cı bəndində qeyd edilən maddələrin tələblərinə görə İİ və İİİ qrup əlillərə pensiya hüququnun yaranmasının şərtlərinə şəxsin müvafiq sığorta stajına malik olması və müəyyən məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanması aiddir. Əlilliyə görə əmək pensiyasının təyin edilməsinin müddətinin başlanğıcı isə əlilliyin müəyyən edildiyi gün hesab edilir.

28. Məhkəmə kollegiyası cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri ilə razılşamayaraq qeyd edir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəyə əsasən, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün eyni vaxtda 2 şərtin təmin olunması tələb olunur: 1) iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, 2) iddiaçının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmalıdır.

29. iddiaçıya əlilliyin təyin olunduğu tarixə onun 61 yaşı olduğuna görə əmək qabiliyyətli yaş dövrü (61-15=46) 46 il təşkil edir. Həmin 46 ilin hər ili üçün 4 ay olmaqla (46 il x 4 ay = 184 ay = 15 il 4 ay 15 il 4 ay sığorta stajının olması tələb olunur.Tələb olunan pensiya kapitalı isə 31795 manat təşkil edir.

30. Deməli, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 31795 manat pensiya kapitalı və eyni zamanda 15 il 4 ay sığorta stajı olmalıdır.

31. Cavabdeh tərəfindən iddiaçının qəbul edilən sosial sığorta stajı 23 il 11 ay 22 gündür. Cavabdeh tərəfindən qəbul edilməyən və mübahisələndirilən sosial sığorta stajı iddiaçının Ağdaş rayon istehlak cəmiyyətində 1992-1999-cu illərdə işlədiyi dövrü əhatə edir. Cavabdehin 17 iyul 2023-cü il tarixli etiraza əlavə ərizəsində həmin dövrün qəbul edilməməsinə dair dəlili iddiaçının təqdim etdiyi əmək kitabçasında 1992-1999-cu illər barədə qeydlər kiril əlifbası ilə aparılmasına əsasən sonradan doldurulmasından ibarətdir.

32. Həmin dəlilə münasibətdə məhkəmə qeyd edir ki, yazıların kiril əlifbası ilə olması əmək kitabçasının saxlaşdırılmasına dəlalət etmir. Əmək kitabçasında qaralama mövcud deyil,möhürün birbaşa klişeden vurulması vizual müşahidə ilə ayırd edilə bilir. Həmçinin, nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası . Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür.

33. İddiaçının əmək kitabçasından görünür ki, onun ümumi iş stajı 23 il 11 ay 22 gün və məhkəmə tərəfindən mötəbərliyi qəbul edilən 6 il 7 ay 17 gün olmaqla, cəmi 30 il 7 ay 9 gündür. Həmin müddət iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 15 il 4 aydan artıqdır.

34. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının miqdarı ilə əlaqədar isə məhkəmə aşağıdakıları qeyd edir.

35. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) pensiya sığorta kapitalının (PSK) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi (SH=PSK/T) müəyyən edilir.

36. Yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.

37. Müəyyən edildi ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının miqdarı tələb olunan 31795 manatdan çoxdur və cəmi 33844,55 manat təşkil edir. Həmin məbləğ bu qaydada hesablanmışdır: (20 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 10 ay 09 gün) = 6382,65 manat + 8,3 % + 16,7 % + 20,8 % + 1,5 % + 5,7 % + 7,9 % + 1,1 % + 2,4 % + 1,4 % + 4 % + 12,4 % + 5,7 % + 3 % = 15070,60 manat. Bu məbləğ əlilliyin təyin olunduğu tarixədək indeksləşdirilmiş xx.xx.2006-cı ilə qədər yığılmış pensiya kapitalıdır.Cavabdehin təqdim etdiyi məlumata əsasən iddiaçının xx.xx.2006-cı il tarixdən əlilliyin müəyyən edildiyi xx.xx.2022-ci il tarixinədək pensiya kapitalı 18773,95 manat təşkil edir.Yəni,cəmi olaraq hesablasaq iddiaçının pensiya kapitalı 15070,60 + 18773,95 = 33844,55 manatdır.İddiaçıya əlillik təyin olunan xx.xx.2022-ci ildə minimum pensiya məbləği 200 manat olmuşdur.

38. Göründüyü kimi, iddiaçının kifayət qədər sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının miqdarı tələb olunan məbləğə uyğundur. Belə olan halda isə, ona əlilliyə görə əmək pensiyası təyin edilməlidir. Ona görə də iddia təmin edilməlidir.

39. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilən işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan kollegiyanın qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

41. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 avqust 2023-ci il tarixli, 2-1(116)-1183/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar