Məhkəmə qərarları › İş №2-1(107)-588/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-588/2025

04.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-588/2025 04.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli **********343700 nömrəli əmri ilə verilmiş töhmətin ləğv edilməsi və 2023-cü ilin oktyabr, noyabr ayları üçün və iddia tələbi üzrə qəbul ediləcək qərar icra edilən günədək hesablanmalı olan əmək haqqına əlavələrin və 8 Noyabr Zəfər bayramı münasibətilə bağlı verilmiş olan mükafatın və iddia tələbi üzrə qəbul ediləcək qətnamə icra edilən günədək ona verilməli olan mükafatların hesablanaraq cavabdehdən tutularaq verilməsi" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 avqust 2025-ci il tarixli 2- 1(116)-2197/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx.xx.2023cü il tarixli **********343700 nömrəli əmri ilə verilmiş töhmətin ləğv edilməsi və 2023-cü ilin oktyabr, noyabr ayları üçün və iddia tələbi üzrə qəbul ediləcək qərar icra edilən günədək hesablanmalı olan əmək haqqına əlavələrin və 8 Noyabr Zəfər bayramı münasibətilə bağlı verilmiş olan mükafatın və iddia tələbi üzrə qəbul ediləcək qətnamə icra edilən günədək ona verilməli olan mükafatların hesablanaraq cavabdehdən tutularaq verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iyul 2018-ci il tarixdə xidmətdə irəli çəkilərək kameral vergi yoxlamaları şöbəsinin rəisi təyin olunmuşdur, 16 fevral 2022-ci il tarixdən isə Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi vəzifəsinə keçirilmişdir. Hazırda həmin şöbədə, şöbə rəisi kimi çalışır. 12 aprel 2023-cü il tarixdə rəisi olduğu şöbənin 2022-ci ilin 4-cü rübü üzrə fəaliyyətinin yoxlanması barədə məktub daxil olmuş və həmin məktubda şöbənin fəaliyyətində bəzi nöqsanlara yol verildiyi göstərilmişdir. Bununla bağlı 17 aprel 2023-cü il tarixdə izahat verərək bildirdi ki, bu şöbədə qısa müddətdir ki, işləyir və şöbənin qiymətləndirilən xidmət kriteriyalarını tam mənimsəməmişdir. İzahatında gələcəkdə nöqsanları aradan qaldırmaqla bu kimi nöqsanlara yol verilməsinin qarşısını alacağına söz verdi. Lakin şöbədə qısa müddət ərzində işləməyi nəzərə alınmadan, xətanı törədən əməkdaşlar barədə heç bir araşdırma görülmədən yalnız xəbərdarlıq olundu. Eyni zamanda 2023-cü ilin 2-ci rübü yoxlanan zaman yoxlamanın 12 aprel 2023cü il tarixdən sonrakı dövrü əhatə etməli olduğu halda yenidən həmin tarixdən əvvəlki dövrdən, yəni 10 aprel 2023-cü il tarixdə göndərilmiş bildiriş qiymətləndirilmişdir. Eyni ilə 2023-cü ilin 2-ci rübünün yoxlamasına dair daxil olmuş məktubda aşkar olunmuş nöqsan barədə heç bir araşdırma aparmadan yenə də yalnız intizam tənbeh tədbiri olan töhmət verilmişdir. Bu hallar şöbənin əməkdaşlarını məsuliyyətdən kənarda qoyur, bütün nöqsanlara görə yalnız cəzalandırılır və şöbənin nöqsana yol verən əməkdaşlarının məsuliyyətsizliyinin daha da artmasına səbəb olur. - Dövlət vergi orqanlarında xidmət haqqında əsasnamənin 50-ci maddəsinə (50. İntizam tənbehi, intizam xətası törətmiş vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt, habelə törədilmiş xətadan 6 ay, müvafiq təftiş və ya yoxlamanın nəticələrinə görə isə onun törədildiyi gündən 2 ildən artıq vaxt keçdikdən sonra tətbiq edilə bilməz. Vergi orqanının vəzifəli şəxsinin.məzuniyyətdə, ezamiyyətdə və xəstə olduğu vaxt, habelə cinayət və ya inzibati xəta haqqında işlər üzrə icraat vaxtı bu müddətə daxil edilmir.) və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən İntizam tənbehi intizam xətasını törətmiş əməkdaşa verilməlidir. Göründüyü kimi Əsasnamənin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddələrində intizam xətasını törətmiş əməkdaşa cəzanın verilməsi nəzərdə tutulmasına baxmayaraq həmin əməkdaş barədə heç bir tədbir görülməmişdir. İddiaçı hesab edir ki, izahat vediyi zaman yaranmış nöqsanın 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi ödəyicisinə göndərilmiş bildirişlər nəticəsində yarandığını qeyd etməyinə baxmayaraq, həmin əməkdaşdan izahat alınmamış, onun bu xətanı törətməsinin səbəbləri araşdırılmamışdır və barəsində qərəzli şəkildə töhmət intizam tənbeh tədbiri görülmüşdür. Əmək Məcəlləsinin və Dövlət vergi orqanlarında xidmət haqqında əsasnamənin "tədbir görülməli əməkdaş barədə" tələbləri pozulmuşdur. Baş İdarə rəisinə yazdığı xx.xx.2024-cü il tarixli **********324300 nömrəli məktubda barəsində görülmüş olan intizam tənbeh tədbirinin əsassız və ləğv edilməli olduğunu və hesablanmamış əməkhaqqına əlavələrin hesablanmasını xahiş etməyinə baxmayaraq, xx.xx.2024-cü il tarixli **********915700 nömrəli məktubla "tərəfindən nöqsanlara yol verilməsini təkzib edən faktlar" təqdim etmədiyi üçün əmrin ləğv edilməsinin mümkün olmadığını bildirmiş və məktubda qeyd etdiyi faktlar, tənbeh tədbiri görülən zaman yol verilmiş pozuntu halları Əmək Məcəlləsinin, Əsasnamənin və Qaydaların tələblərinə müvafiq olaraq tam və ətraflı araşdırılmamışdır. Ona görə də, intizam tənbeh tədbirinin ləğv edilməməsi üçün göstərilmiş səbəb tamamilə əsassız və ədalətsizdir.

3. İddiaçı xx.xx.2025-ci il tarixdə təqdim etdyi ərizəsinə əlavədə aşağıdakıları bildirmişdir: 1) Əmr hazırlanarkən tələbləri pozulmuş hal kimi qeyd edilmiş və öz hüquqi qüvvəsini itirmiş qanunvericilik aktına (Dövlət vergi orqanlarında daxili xidməti intizam qaydalarının 4.1-ci və 4.9-cu maddələrinə) istinad edərək intizam tənbeh tədbiri olan töhmətin verilməsinin qanunsuz olması barədə olan əsaslı fakt barədə, cavabdeh tərəfindən hansı səbəbdən qüvvədən düşmüş normativ akta əsaslanmağı haqqında heç bir tutarlı səbəb bildirilə bilməmiş, əksinə müxtəlif fikirlər bildirilərək əsas məsələdən yayınmağa çalışmışdır; 2) Mövcud olmayan qanunvericilik aktına (Vergi orqanlarında xidmət kanallarından istifadə Qaydalarının Dövlət vergi orqanları əməkdaşlarının etik davranış qaydalarının 3.1.2-ci yarımbəndi) istinad edərək intizam tənbeh tədbiri olan töhmətin verilməsinin qanunsuz olması barədə olan əsaslı fakt barədə, müxtəlif fikirlər səsləndirilmiş, sonda isə əmr hallanarkən durğu işarəsi olan vergüldən istifadə etmədiyi üçün qeyd olunan halın yarandığı bildirilərək məsələdən yayınmağa çalışmışdır; 3) Əmr hazırlanarkən İddiaçı işini vicdansızcasına yerinə yetirdiyi qeyd edilmişdir, iclas zamanı vəkil Sevda xanım Bəkirova tərəfindən cavabdehə qeyd olunan məsələlərdə vicdansızlığın nə olması barədə sual verilmiş, lakin cavabdeh tərəfindən töhmət verilərkən pozuntu halı kimi qeyd olunmuş vicdansızlıq halı heç bir halda əsaslandırıla bilməmişdir; 4) Əmr hazırlanarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunları və daxili intizam, xidməti informasiya və rəftar qaydalarının pozulduğu qeyd olunmuşdur, lakin iclas zamanı cavabdeh tərəfindən Konstitusiyanın hansı maddəsinin, hansı informasiya, hansı rəftar qaydalarının pozulması barədə heç bir tutarlı səbəb bildirilə bilməmişdir. Göründüyü kimi töhmət verilərkən İstinad olunan 4 halın heç biri barədə əsaslandırılmış fikirlər bildirilməmiş və istinad olunan halların müdafiə edilməsi mümkün olmamışdır; 5) İddia ərizəsində göstərilmiş tənbeh verilməsi üçün müəyyən olunmuş 6 aylıq müddətin buraxılması faktı barədə, hansı səbəbdən İntizam xətasına görə intizam tənbehinin verilməsi müddətinin 2 il olması barədə fikirlərini əsaslandıra bilməmiş, tənbeh tədbirinin görülməsi üçün nəzərdə tutulan 2 illik müddətin intizam xətasına görə deyil, Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri ilə aşkar edilmiş pozuntulara görə tətbiq edilə biləcəyi cavabdehin diqqətinə çatdırılmışdır; 6) 2023-cü ilin 2-cl rübündə göstərilmiş analoji nöqsanların 11 saylı ƏVBİ-i ilə eyni zamanda digər 2 ərazidə də müəyyən olunduğunu, lakin digər ərazilərdə analoji nöqsanların ağırlıq dərəcəsi, xətanın xarakteri nəzərə alınaraq heç bir intizam tənbeh tədbiri görülməmiş, yalnız 11 saylı ƏVBİ tərəfindən intizam tənbeh tədbiri olan töhmət verilmişdir. (İddiaçı). Bu hal da inzibati icraatda bərabərlik prinsipinin pozulması deməkdir; 7) İntizam tənbeh tədbiri olan töhmət verilməzdən əvvəl İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnsan Resursları Baş İdarəsinin rəisi Aytən xanım Kərimovanın əmrin dərkənarında olan rəyi, yəni məktubda qeyd olunun nöqsanlara görə töhmət tədbirinin ağır olduğu və töhmət intizam tənbehi tədbirinin görülməsini bir daha nəzərdən keçirilməsi təklif edilməsinə baxmayaraq hansı səbəblərdən ki, İdarə rəisinin rəyinin nəzərə alınmaması barədə əsaslandıran heç bir tutarlı səbəb göstərilə bilməmişdir, İddiaçı rəisi olduğu şöbənin yoxlamasının ilk dəfə xx.xx.2023-cü il tarixdə aparıldğını, qeyd olunan nöqsanlar barədə xx.xx.2023-cü il tarixdə izahat verərək nöqsanlarla tanış olduğunu və bundan sonrakı dövr üzrə şöbənin fəaliyyətində qeyd olunan istiqamətlər üzrə düzəlişlərin aparılacağı bildirilməsinə baxmayaraq, yenidən xx.xx.2023-cü il tarixdən əvvəl, yəni analoji nöqsanların baş verdiyi xx.xx.2023-cü il tarixli sənədin hansı səbəbdən yoxlanması barədə heç bir tutarlı səbəb göstərilə bilməmişdir; 8) Cavabdeh tərəf məhkəmə iclası zamanı iddia ərizəsində töhmətin əsassız verildiyini göstərən faktlar barədə təkzibedici sübutlar təqdim edə bilməməsi ilə bərabər, töhmətin verilməsi üçün 3 əsas səbəb qeyd etmişdir: 1. Vergi ödəyicisinə göndərilmiş bildirişdə linkin səhv olması, 2. Vergi ödəyicisinə göndərilmiş məktubda sosial sığorta barədə güzəştlərin göstərilməməsi, 3. Qiymətləndirmə zamanı nəticənin vergi orqanları işində sonuncu olması. 9) Cavabdehin göstərdiyi hər 3 əsasın əsassız olduğu, hər 3 halın töhmət kimi ağır bir cəzanın verilməsinə səbəb ola bilməyəcəyi, eyni zamanda qeyd olunan nöqsanlara görə 6 ay ərzində əmək haqqının və ona əlavələrin verilməməsinə səbəb ola bilməyəcəyi və Qiymətləndirmə zamanı müəyyən olunan hədəfə çatmadıqdan sonra qiymətləndirmədə sonuncu, 5-ci və ya 6-cı olmağının heç bir əhəmiyyət kəsb etmədiyi, hədəfə çatmayan bütün vergi orqanlarının xidmət strukturunun rəislərindən izahatlar alındığı, lakin fərqli cəza növlərinin tətbiq edildiyi cavabdehin diqqətinə çatdırılmış və vahid pəncərə olmasına baxmayaraq müxtəlif cəzaların hansı səbəblərdən tətbiq edilməsinin səbəbləri soruşulduqda isə Baş İdarə rəisi Vüsal Məmmədovun mövqeyinin töhmət olduğu bildirilmişdir.

4. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən sözügedən xidməti məktubun icrası ilə bağlı Baş İdarə üzrə 2022-ci ilin 4-cü rübündə görülmüş işlərdən təsadüfi olaraq seçilərək araşdırma aparılmış və müəyyən edilmiş nöqsanlara görə məktubların göndərilməsinə cavabdeh olan vəzifəli şəxs Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi İddiaçı xx.xx.2023-cü il tarixdə izahatı alınmış və keyfiyyət göstəricisi 80%-dan aşağı olmasına baxmayaraq, əvvəlki rüblə müqayisədə keyfiyyət göstəricisində 7,5 bal artım olmasını və əməkdaşın həmin şöbəyə rəhbərlik etdiyi müddətin çox olmaması və vergi ödəyicilərinə xidmət sahəsi üzrə təcrübəsinin az olması nəzərə alınaraq onun barəsində xx.xx.2023-cü il tarixli **********130500 nömrəli yazılı xəbərdarlıq edilmişdir. Daha sonra Dövət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin “Yazışmaların keyfiyyətinin qiymətləndirilməsinin nəticələri haqqında” xx.xx.2023-cü il tarixli **********376800 nömrəli xidməti məktubuna əsasən 2023-cü ilin 2-cü rübü üzrə araşdırma və təhlillər aparıldığı, yazışmaların orta keyfiyyət göstəricisi təkrar olaraq 80%-dan aşağı olan vergi ödəyicilərinə xidmət strukturlarının rəhbərlərinin izahatları alınaraq barələrində məsuliyyət və digər tədbirlərin görülməsinə dair tapşırıqlar verilmişdir. Bununla bağlı Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi İddiaçı xx.xx.2023-cü il tarixdə izahatı alınmış, xidməti məktubda göstərilən nöqsanlarla əlaqədar olaraq yol verilmiş hər bir pozuntu üzrə əməkdaşa sual təqdim olunmuş, verilmiş cavablar qiymətləndirilmiş, eyni zamanda xidməti məktubda göstərilən göstəricilər müqayisə edilən zaman 11 saylı ƏVBİ üzrə yazışmaların orta keyfiyyət göstəricisinin Respublika üzrə vergi idarələri arasında 62,2 bal (əvvəlki qiymətləndirmə ilə müqayisədə 7,1 bal azalma) göstərici ilə ən aşağı nəticə ilə sonuncu olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən yol verilmiş intizam pozuntusunun xarakteri, ağırlıq dərəcəsi, oxşar nöqsana təkrar yol verməsi, intizam pozuntusuna yol verildiyi zaman mövcud olmuş hallar nəzərə alınaraq əməkdaşa xx.xx.2023-cü il tarixli **********343700 nömrəli əmrlə intizam tənbehi olaraq “töhmət” verilmişdir. - İddiaçının bildirdiklərindən də göründüyü kimi onun həmin vəzifəyə təyin olunduğu vaxtdan qiymətləndirilmə aparıldığı dövr 2022-ci ilin 4-cü rübünə qədər 7 (yeddi) aydan artıq vaxt keçmişdir. Ancaq nəzərə alsaq ki, əməkdaş barəsində sınaq müddəti müəyyən edilməsi nəzərdə tutulmasa da Əmək Məcəlləsinə əsasən işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir. Göründüyü kimi əməkdaşın 7 ay müddətində şöbə rəisi vəzifəsində çalışmasına baxmayaraq, özünün də bildirdiyi kimi işi tam mənimsəyə bilmədiyini bildirməklə yanaşı xətanı törədən əməkdaşlar barədə heç bir araşdırma aparmadan və hər hansı bir tədbir görmədən yalnız ona xəbərdarlıq edilməsini bildirməsi biri digərinə əks fikirlərdir. Bununla bağlı qeyd olunmalıdır ki, 2022-ci ilin 4-cü rübü üzrə aşkar edilmiş nöqsanların hər biri xx.xx.2023-cü il tarixli **********226300 nömrəli xidməti məktubla araşdırılmış və nöqsan aşkar edilmiş məktubların tarixi, nömrəsi, nöqsanın nədən ibarət olması və düzgün həlli yolu həmin xidməti məruzədə konkret göstərilmişdir. Odur ki, iddiaçının araşdırma aparılmadığını bildirməsi iş materialları üzrə sənədlərlə təkzib olunur. - Belə ki, yazışmaların keyfiyyətinin qiymətləndirilməsi aparılmış və nöqsan aşkar edilmiş məktubların (xx.xx.2022-ci il **********446900, xx.xx.2022-ci il **********578200, xx.xx.2022-ci il **********802200, 28.11,2022-ci il **********986800, xx.xx.2022-ci il **********708200, 02.11,2022-ci il **********190300) hər biri əməkdaşlar tərəfindən hazırlanmış, baxılması və viza verilməsi üçün şöbə rəisi olaraq Ruhun Vəliyevə verilmiş, lakin nöqsanları gördüyü və görməli olduğu halda, sözügedən məktublarda olan nöqsanların aradan qaldırılması üçün tədbirlər görmədən və yaxud vizasına verilmiş məktubları yoxlamadan işinə məsuliyyətsiz yanaşaraq həmin məktubları yuxarı rəhbər vəzifəli şəxslərin viza və imzasına verməsi ilə nöqsana yol vermişdir. Nəzərə alınmalıdır ki, yazışmaların keyfiyyətinin qiymətləndirilməsi əməkdaşların fərdi olaraq qiymətləndirilməsi üçün deyil, vergi orqanları üzrə ümumi göstəricilərin hansı səviyyədə olması, nöqsanların təkrarlanmaması və keyfiyyətin yüksəldilməsi üçün aparılır. Nəticə etibarı ilə fərdi olaraq əməkdaşların nöqsanlara yol verməsinin yekunda Baş idarə üzrə ümumilikdə qiymətləndirmə aparılan zaman 11 saylı ƏVBİ-nin keyfiyyət göstəricilərinin aşağı olmasına səbəb olmuş və bu hal birbaşa həmin sahə üzrə məsul şəxs olan şöbə rəisinin vəzifəsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Ərazi Vergilər Baş İdarələrinin Əsasnaməsi ilə müəyyən edilmiş qaydada icra etməməsi və əməkdaşlar tərəfindən görülən işlərə nəzarət etməməsi nəticəsində yaranmışdır. İddiaçının yuxarıda qeyd etdiyi fikirlərdən də göründüyü kimi iddiaçı Baş İdarənin mühüm struktur vahidi olan Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi olduğu halda özünü tabeliyində olan əməkdaşlardan biri kimi hesab edərək məsuliyyətdən yayınmaq üçün yol verilmiş nöqsanları birbaşa rəhbəri olduğu şöbənin əməkdaşları ilə bölüşməklə özünün heç bir məsuliyyətinin olmadığı qənaətindədir. - İddiaçının bildirdiyi fikrə münasibətdə qeyd etmək lazımdır ki, 1-ci qiymətləndirmə 2022-ci ilin 4-cü rübünü əhatə etmiş (2022-ci ilin oktyabr, noyabr, dekabr) və xx.xx.2023cü il tarixli **********226300 nömrəli xidməti məktubla rəsmiləşdirilmişdir. 2-ci qiymətləndirmə isə 2023-cü ilin 2-ci rübünü əhatə etmiş və iddiaçının istinad etdiyi xx.xx.2023-cü il tarixli **********182200 nömrəli məktub isə məhz 2-ci rübdə göndərilmiş məktubdur ki, buradan da görünür ki, iddiaçı illər üzrə rübləri müəyyənləşdirməkdə düzgün nəticəyə gələ bilməmişdir. İddiaçının iddia ərizəsinin 2-ci bəndində “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 50-ci bəndinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinin tələblərinin pozulması ilə bağlı əsaslarına münasibətdə bildiririk ki, iddiaçı göstərilən qanunvericilik aktlarının tələblərini öz vəzifəsinin icrasını başa düşdüyü və yerinə yetirdiyi tərzdə yarımçıq halda qeyd etmişdir. Belə ki, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 50-ci bəndinə əsasən intizam tənbehi, intizam xətası törətmiş vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt, habelə törədilmiş xətadan 6 ay, müvafiq təftiş və ya yoxlamanın nəticələrinə görə isə onun törədildiyi gündən 2 ildən artıq vaxt keçdikdən sonra tətbiq edilə bilməz. Vergi orqanının vəzifəli şəxsinin məzuniyyətdə, ezamiyyətdə və xəstə olduğu vaxt, habelə cinayət və ya inzibati xəta haqqında işlər üzrə icraat vaxtı bu müddətə daxil edilmir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə- təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. - Göründüyü kimi qanunvericilik aktında müvafiq təftiş və ya yoxlamanın nəticələrinə görə onun törədildiyi gündən 2 ildən artıq vaxt keçdikdən sonra intizam tənbehi tətbiq edilə bilmədiyi qeyd olunmuşdur. Bundan başqa, iddiaçının bildirdiyi kimi onun barəsində intizam tənbehi təkcə xx.xx.2023-cü il tarixli məktuba görə deyil, xx.xx.2023-cü il tarixli **********976100 nömrəli, xx.xx.2023-cü il tarixli **********134700 nömrəli, xx.xx.2023- cü il tarixli **********182200 nömrəli və xx.xx.2023-cü il tarixli **********329400 nömrəli məktublarda yol verilmiş nöqsanlara və qiymətləndirmənin nəticəsinə görə 11 saylı ƏVBİnin yazışmaların keyfiyyət göstəricilərinin Respublika üzrə vergi idarələri arasında ən aşağı göstərici olmasına görə verilmişdir. Qeyd olunanlardan da göründüyü kimi iddiaçının həmin məsələ ilə bağlı gətirdiyi arqument əsassız və qanunvericiliyin tələbinə tam zidd olan dəlillərdir.

5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Yazışmaların keyfiyyətinin qiymətləndirilməsinin nəticələri haqqında Xidməti Məktubun surəti. - Cavabdehin xx.xx.2023-cü il tarixli, **********343700 №-li əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi 1-ci dərəcəli müfəttiş İddiaçı töhmət verilməsi barədə . - İlkin mediasiya sessiyası xx.xx.2023-cü il tarixə təyin edilmiş, həmin tarixdə Yevlax 1 saylı Mediasiya Təşkilatı tərəfindən “Mediasiya haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. - Yevlax Rayon Məhkəməsi tərəfindən qeyd edilən məsələyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması səbəbilə mülki işin icraatına xitam verilməsinə dair xx.xx.2024-cü il tarixdə qərardad qəbul edilmişdir. - Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubu ilə iddiaçıya xx.xx.2023-cü il tarixli, **********343700 №-li əmrin qəbul edilməsinə əsas olmuş nöqsanların aradan qaldırılmasını vacib edən halların olmaması səbəbindən əmrin ləğvi üçün əsas yoxdur. Eyni zamanda mükafatların hesablanmaması ilə bağlı bildirilmişdir ki, “Vergi orqanlarında işçilərin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nın 2.5.6-cı bəndinə əsasən barəsində intizam tənbehi tədbiri görülmüş işçilərə tənbeh qüvvədə olduğu dövr üçün aylıq vəzifə maaşı əlavələr hesablanmır. - Cavabdehin xx.xx.2025-ci il tarixli etirazı və ona əlavə edilən sənədlər.

6. Şəki İnzibati Məhkəməsinin (X4) 15 avqust 2025-ci il tarixli 2-1(116)-2197/2025 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli **********343700 nömrəli əmri ilə verilmiş töhmətin ləğv edilməsi və 2023-cü ilin oktyabr, noyabr ayları üçün və iddia tələbi üzrə qəbul ediləcək qərar icra edilən günədək hesablanmalı olan əmək haqqına əlavələrin və 8 Noyabr Zəfər bayramı münasibətilə bağlı verilmiş olan mükafatın və iddia tələbi üzrə qəbul ediləcək qətnamə icra edilən günədək ona verilməli olan mükafatların hesablanaraq cavabdehdən tutularaq verilməsi" tələbinə dair iddiası təmin edilməmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının dəlillərini əsaslı hesab etmir. Belə ki, mübahisə predmeti olan 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 23,10.2023-cü il tarixli **********343700 nömrəli əmrin verilməsinə əsas Dövət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin “Yazışmaların keyfiyyətinin qiymətləndirilməsinin nəticələri haqqında” xx.xx.2023-cü il tarixli **********376800 nömrəli xidməti məktubunda qeyd olunan məsələlərin araşdırması olmuşdur. - Cavabdeh tərəfindən yazışmaların keyfiyyətinin qiymətləndirilməsi aparılmış və nöqsan aşkar edilmiş məktubların (xx.xx.2022-ci il **********446900, xx.xx.2022-ci il **********578200, xx.xx.2022-ci il **********802200, xx.xx.2022-ci il **********986800, xx.xx.2022-ci il **********708200, xx.xx.2022-ci il **********190300) hər biri əməkdaşlar tərəfindən hazırlanmış, baxılması və viza verilməsi üçün iddiaçıya verilmiş, lakin sözügedən məktublarda olan nöqsanların aradan qaldırılması üçün tədbirlər görülmədiyi aşkar edilmişdir. - Bununla yanaşı iş üzrə mübahisəsiz halda təsdiq olunur ki, Baş İdarə üzrə ümumilikdə qiymətləndirmə aparılan zaman 11 saylı ƏVBİ-nin keyfiyyət göstəriciləri aşağı olmuşdur. Bu halın mövcudluğu iş üzrə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, **********226300 nömrəli “Yazışmaların keyfiyyətinin qiymətləndirilməsinin nəticələri haqqında” xidməti məktubda əksini tapmışdır. - Yuxarıda göstərilən müddəaların tələbləri baxımından məhkəmə hesab etmişdir ki, işin faktiki halları nəzərə alındığında hazırkı iş üzrə diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. Belə ki, Dövət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin “Yazışmaların keyfiyyətinin qiymətləndirilməsinin nəticələri haqqında” xx.xx.2023-cü il tarixli **********376800 nömrəli xidməti məktubunda digər məsələlərlə yanaşı “yazışmaların keyfiyyətinin qiymətləndirilməsi nəticəsində xidməti məktuba əlavə olunan hər bir kənarlaşma ilə bağlı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin, 3 saylı Ərazi Vergilər İdarəsinin, 4 saylı Ərazi Vergilər İdarəsinin, 11 saylı Ərazi Vergilər İdarəsinin, 12 saylı Ərazi Vergilər İdarəsinin, 13 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicilərinə xidmət strukturunun rəhbərlərinin (orta keyfiyyət göstəricisi 80%-dan aşağı olan), Zəngilan, Ağdam və Kəlbəcər rayon Vergilər Şöbələrində keyfiyyət göstəricisi 80%-dan aşağı olan məktubların göndərilməsinə cavabdeh olan vəzifəli şəxslərin izahatları alınaraq barələrində məsuliyyət tədbirlərinin görülməsi” qeyd olunmuşdur. İddiaçı barəsində aparılmış araşdırma yuxarıda qeyd olunan məktubda göstərilən hallarla bağlı olmuş və bu zaman qanunla cavabdehə verilmiş səlahiyyətlərdən kənara çıxması halının mövcudluğu iş üzrə müəyyən olunmamışdır. - Göründüyü kimi qanunverici törədilən əməlin ağırlıq dərəcəsindən asılı olaraq intizam tənbehləri növlərindən hansının tətbiq edilməsi ilə bağlı seçim hüququnu müvafiq işəgötürənə vermişdir. Ümumiyyətlə qeyd olunmalıdır ki, hazırkı iddianın predmetini intizam tənbehləri növünə aid olan verilmiş töhmət təşkil edir. Yəni mübahisə mahiyyətcə tərəflər arasında mövcud olan əmək münasibətləri, konkret olaraq əmək və icra intizamının pozulması ilə bağlıdır. - Subyektiv mənada əmək intizamı işçinin əmək hüquq münasibətinin elementi və onun idarədaxılı nizam qaydalarına, əmək intizamına əməl etmək vəzifəsidir. Bu anlayış mövcud hüquq normaları ilə müəyyən olunmuş qaydalara əmək prosesinin bütün iştirakçıları tərəfindən ciddi əməl olunmasını nəzərdə tutur. Hüquq normalarının insanların davranışına təsiri onun vasitəsi ilə əldə edilir ki, normalar hüquq münasibətlərinin bir tərəfi üçün dövlət müdafiəsi ilə təminat verilən müəyyən mümkün davranış növü və həddini müəyyən edir. Digər tərəf üçün isə dövlət tərəfindən müəyyən edilmiş hüquqlarda zəruri hallarda işəgötürəni lazımi davranışın müəyyən növünə və həddinə məcbur edir, lazımi (məcburi) davranış və mümkün (səlahiyyətli) davranış hüquq normasına uyğun olmalıdır, yəni qanunauyğun olmalıdır. - Beləliklə, subyektiv mənada əmək intizamı konkret işəgötürənlə hüquq münasibətləri hüdudunda əmək prosesi iştirakçılarının subyektiv hüquq və vəzifələrinin lazımi səviyyədə realizəsi zamanı əmək prosesinin bütün iştirakçılarının qanuna uyğun davranışıdır. Əmək intizamı istənilən müəssisədə hər bir işçinin səlahiyyətlərini həyata keçirməsi və vəzifələrini ciddi və şüurlu olaraq yerinə yetiriliməsində ifadə olunan hüquq qaydası tələblərinə tabe olma deməkdir. Əmək intizamının subyektiv cəhətinə, həmçinin işəgötürənin vəzifələri də aid edilməlidir, çünki əmək hüquq münasibəti ikitərəfli münasibətdir. - Əmək intizamı təsbit olunmuş qaydadır və həmin qayda qorunmadan müəssisələrdə işçilərin birgə əmək prosesində uzlaşdırılmış fəaliyyətini təmin etmək mümkün deyildir. Hüquqi kateqoriya kimi əmək intizamının əhəmiyyəti ondan ibarətdir ki, o, birincisi, ayrıca götürülmüş işçinin və bütövlükdə bütün istehsalın yüksək keyfiyyətli əmək nəticələrinin əldə etməsinə kömək edir; ikincisi, işçiyə tam qüvvə ilə işləməyə, əməkdə ağıllı təşəbbüs və yenilik göstərməyə imkan verir; üçüncüsü, istehsalın səmərəliliyi və hər bir işçinin əmək məhsuldarlığı artır; dördüncüsü, əmək fəaliyyəti müddətində sağlamlığın mühafizəsinə, hər bir işçinin va bütövlükdə bütün kollektivin əməyinin mühafizəsinə kömək edir. - Yuxarıda qeyd olunanları ümumiləşdirərək, əmək intizamına konkret işəgötürənlə hüquq münasibətləri hüdudunda əmək prosesi iştirakçılarının subyektiv hüquq və vəzifələrinin lazımi səviyyədə realizəsi zamanı əmək prosesinin bütün iştirakçılarının qanunauyğun davranışı kimi nəzərə almaq olar. - Əmək intizamı bütün işçilərin müvafiq qanunvericiliklə və müəssisədaxili intizam qaydaları ilə müəyyən edilmiş davranış qaydalarına mütləq tabe olmalarıdır. İcra intizamı əmək kollektivi üzvləri və ya ayrı-ayrı işçilər tərəfindən əmək vəzifələrinin, işəgötürənlərin (sərəncamların, təlimatların, göstərişlərin) vaxtında və dürüst yerinə yetirilməsidir. - İntizam xətasına onu digər hüquq pozuntularından fərqləndirən və hu anlayışın məzmununu əks etdirən bir sıra əlamətlər xasdır. Birincisi, intizam xətası ictimai təhlükəli əməl deyildir, çünki yalnız cinayət qanunu ilə qadağan olunmuş əməl ictimai təhlükəli əməldir. İntizam xətası konkret müəssisədaxili (idarədaxili) intizam qaydalarının işəgötürənə bu və yaxud digər zərər yetirmiş pozuntudan ibarətdir. - İkincisi intizam xətası yalnız həmin işəgötürənlə əmək hüquq münasibətlərində olan işçilər tərəfindən törədilə bilər. Əmək vəzifələrinin pozulmasının intizam xətası olub olunması üçün işçi əmək hüquq fəaliyyət qabiliyyətinə və delikt qabiliyyətinə, yəni törətdiyi hüquq pozuntusuna görə şəxsi məsuliyyət daşımaq qabiliyyətinə malik olmalıdır. - Üçüncüsü, intizam xətası işçinin onun üzərinə əmək müqaviləsi müəssisədaxili intizam qaydalarını tənzimləyən normativ aktlar və əmək hüququnun digər normaları ilə qoyulmuş əmək vəzifələrini hüquqazidd olaraq təqsirli surətdə icra etməməsində, yaxud lazımınca icra etməməsində ifadə olunur. Dördüncüsü, intizam xətasına görə məsuliyyət, bir qayda olaraq, həmin təşkilatın işəgötürənləri qarşısında, yaxud yuxarı orqan qarşısında yaranır. Bu zaman intizam xətası intizam tənbehi tədbirlərinin, işəgötürənin əmlakına zərər yetirildikdə isə təsbit olunuş qaydada maddi məsuliyyətin tətbiqini şərtləndirir. - Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, yalnız 11 saylı ƏVBİ üzrə yazışmaların orta keyfiyyət göstəricisinin Respublika üzrə vergi idarələri arasında 62,2 bal (əvvəlki qiymətləndirmə ilə müqayisədə 7,1 bal azalma) göstərici ilə ən aşağı nəticəsinin olması və bu halın təkrar baş verməsi iddiaçı tərəfindən əmək və icra intizamı qaydalarına lazımi səviyyədə əməl etmədiyini təsdiq edir. - Buna görə də, məhkəmə hesab etmişdir ki, iddiaçıya töhmət növündə intizam tənbeh tədbiri adekvat seçimdir. - Beləliklə işin məhkəmə araşdırılması ilə cavabdehin xx.xx.2023-cü il tarixli **********343700 nömrəli əmrinin cavabdeh tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilməsi iş üzrə müəyyən edilmədiyindən sözügedən akt ləğv edilə bilməz. - İddia tələbinin “2023-cü ilin oktyabr, noyabr ayları üçün və iddia tələbi üzrə qəbul ediləcək qərar icra edilən günədək hesablanmalı olan əmək haqqına əlavələrin və 8 Noyabr Zəfər bayramı münasibətilə bağlı verilmiş olan mükafatın və iddia tələbi üzrə qəbul ediləcək qətnamə icra edilən günədək ona verilməli olan mükafatların hesablanaraq cavabdehdən tutularaq ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tələbin bu hissəsi bilavasitə xx.xx.2023-cü il tarixli **********343700 nömrəli əmrin qanuniliyi ilə bağlı olan məsələdir. Yəni ödənişlərin verilməsini tələb etmək hüququ sözügedən əmr yalnız ləğv ediləndən sonra hasil olur. Hazırkı halda isə məhkəmə xx.xx.2023-cü il tarixli **********343700 nömrəli əmrin ləğv edilməsini əsaslı hesab etmədiyindən ödənişlərin hesablanaraq verilməsi ilə bağlı tələbi də əsaslı saymır və bununla bağlı əlavə məhkəmə araşdırılmasına lüzum görmür. - Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli **********343700 nömrəli əmri ilə verilmiş töhmətin ləğv edilməsi və 2023-cü ilin oktyabr, noyabr ayları üçün və iddia tələbi üzrə qəbul ediləcək qərar icra edilən günədək hesablanmalı olan əmək haqqına əlavələrin və 8 Noyabr Zəfər bayramı münasibətilə bağlı verilmiş olan mükafatın və iddia tələbi üzrə qəbul ediləcək qətnamə icra edilən günədək ona verilməli olan mükafatların hesablanaraq cavabdehdən tutularaq verilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilə bilməz.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 15 avqust 2025-ci il tarixli 2-1(116)-2197/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin mövqeyi qərəzlidir. Çünki "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının qanununa istinad etməsi tamamilə əsassızdır. Belə ki, vergi orqanı dövlət qulluğunun xüsusi növü olduğu üçün vergi orqanı əməkdaşlarının həvəsləndirilməsi və intizam tənbeh tədbirinin görülməsi Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnaməyə əsasən aparılır. Çünki "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının qanununda göstərilən intizam tənbeh tədbirlərindən heç birindən halhazırda Dövlət Vergi Xidmətində istifadə olunmur və aktual deyil. - Hesab edir ki, möhtərəm hakim töhmətin əsaslı verildiyi göstərməyə çalışdığı üçün bu qənaətə gəlmişdir. Möhtərəm hakim Qərarda özünün də qeyd etdiyi kimi "intizam tənbeh tədbirlərindən biri" verilir. İddiaçı töhmət verilməklə bərabər 6 ay müddətində onun əməkhaqqısı da kəsilmiş və iddia ərizəsində də qeyd edilmişdir. Əgər möhtərəm hakim 1 cəza tədbirinin görülməli olduğunu qeyd edib, 2 cəza tədbirinin görüldüyünü və bunu bildiyi halda heç bir münasibət bildirməməyi işə formal olaraq yanaşdığını və qərəzli qərar çıxardığını bir daha sübut edir. Yəni bilinən nəticəyə görə məhkəmə tərəfindən əsassız və formal səbəblər yazılmışdır. - Eyni zamanda hakim Qərarın 9-cu səhifəsində 11 saylı ƏVBİ-i bərabər, 2 saylı ƏVBİ, 12 saylı ƏVBİ, 3 saylı ƏVİ, 4 saylı ƏVİ, 13 saylı ƏVİ-nin xidmət strukturunun rəhbərlərinin də izahatları alınaraq barələrində məsuliyyət məsələsinə baxılmasını qeyd edir, lakin adı çəkilən vergi orqanlarının xidmət strukturunun rəhbərləri barədə heç bir intizam tənbeh tədbiri görülməmişdir, baxmayaraq ki, adı qeyd olunan digər ərazilərdə 2 və ya 3 dəfə ardıcıl olaraq hədəfə çatılmayıb və ya azalma olmuşdur, tədbir yalnız 11 saylı ƏVBİ-nin xidmət strukturunun rəisi İddiaçı barədə görülmüşdür. Bu isə görülmüş tədbirin bir daha qərəzli olduğunun açıq-aşkar sübutudur. Qeyd olunan nöqsanlarla bağlı töhmət intizam tənbehinin ağır olması və azalma balı daha çox olan ərazilərin olmasına baxmayaraq onlar barədə heç bir tədbir görülmədiyi barədə Dövlət Vergi Xidmətinin İnsan Resursları Baş İdarəsinin rəisi Aytən xanım Kərimovanın əmrin dərkənarında olan "İddiaçı veriləcək olan töhmət tədbirinin ağır olması və intizam tənbeh tədbirinin növünə yenidən baxılması" barədə rəyinə heç bir münasibət bildirməmişdir. - X4 11 saylı ƏVBİ-nin göstəricisinin ən aşağı olmasını və təkrar baş verməsini əsas gətirərək töhmətin verildiyinin əsaslı olmasını qeyd etmişdir. Xüsusi olaraq bildirirəm ki, məhkəmə zamanı digər ərazi vergi orqanının (6 saylı ƏVBİ) 3 rub (4/2024, 1/2025, 2/2025) davamlı olaraq hədəfə çatmadığı, balının azaldığı barədə təsdiqedici sənədləri təqdim etməyimizə və həmin Baş İdarənin xidmət struktunun rəisi barədə heç bir tədbir görülmədiyini bildirməyimizə baxmayaraq Hakim tərəfindən heç bir münasibət bildirilməmişdir. Göründüyü kimi analoji nöqsanların ağırlıq dərəcəsi və xətanın xarakteri nəzərə alınıb, 3 rüb davamlı olaraq hədəfə çatmamasına baxmayaraq heç bir tədbir görülməmişdir. xx.xx.2022-ci il tarixdən tədbir yalnız İddiaçı haqqında görülmüşdür. Nəticə olaraq hər vergi orqanında bir cür yanaşmanın olması Bərabərlik prinsipinin pozulması deməkdir. Digər vergi orqanlarında nəticələrin davamlı aşağı olmasına baxmayaraq heç bir tədbir görülməməsi, yalnız İddiaçı barədə tədbirin görülməsi tədbirin qərəzli olduğunu bir daha sübut edir. - Qərarın 11-ci səhifəsində "Mübahisəli əmrdə Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin "a" bəndinə, "Vergi orqanlarında xidmət kanallarından istifadə Qaydaları"na, "Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları"nın 3.1.2-ci yarımbəndinə, "Dövlət vergi orqanlarında daxili xidməti intizam Qaydaları"nın 4.1-ci və 4.9-cu bəndinə, "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 34-cü bəndinin 1-ci və 5-ci abzaslarına, "Ərazi Vergilər Baş İdarələrinin Əsasnaməsi"nin 5.7.11-ci bəndinə və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavinlərinə və digər vəzifəli şəxslərinə insan resurslarının idarə olunması sahəsində bir sıra səlahiyyətlərin verilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********771200 nömrəli əmrinə istinad olunmuşdur." qeyd edilmişdir. - Bildirmişdir ki, X4 tərəfindən töhmətin verilməsi zamanı göstərilən istinad hissələri belə düzgün qeyd edilməmişdir. Bu isə Qərarın nə qədər formal olaraq hazırlandığını, nəticəyə uyğun olaraq əsassız sübütlar göstərməyə çalışdığını bir daha göstərir. Belə ki, "Ərazi Vergilər Baş İdarələrinin Əsasnaməsinin 5.7.11-ci bəndi və "səlahiyyətlərin verilməsi haqqında" xx.xx.2020-ci il tarixli **********771200 nömrəli əmr DVX-nin rəhbər vəzifəli şəxslərinin səlahiyyət bölgüsü haqqında olan əmrlərdir. - Məhkəmə tərəfindən əmrin əsassız olduğunu iddia ərizəsində göstərmiş olduğumuz aşağıdakı səbəblərin heç birinə ümumiyyətlə münasibət bildirilməmişdir: 1) Öz hüquqi qüvvəsini itirmiş qanunvericilik aktına (Dövlət vergi orqanlarında daxili xidməti intizam qaydalarının 4.1-ci və 4.9-cu maddələrinə) istinad olunması; 2) Mövcud olmayan qanunvericilik aktına (Vergi orqanlarında xidmət kanallarından istifadə Qaydalarının Dövlət vergi orqanları əməkdaşlarının etik davranış qaydalarının 3.1.2-ci yarımbəndi) istinad olunması; 3) işini vicdansızcasına yerinə yetirdiyi hüquqi cəhətdən əsaslandırıla bilməməsi; 4) Azərbaycan Respublikasının Konstitusiyasını, qanunları və daxili intizam, xidməti informasiya və rəftar qaydalarının pozulmadığı; 5) İddia ərizəsində göstərilmiş tənbeh verilməsi üçün müəyyən olunmuş 6 aylıq müddətin buraxılması; 6) Bərabərlik prinsipinin pozulması; 7) İntizam tənbeh tədbiri olan töhmət verilməzdən əvvəl İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnsan Resursları Baş İdarəsinin rəisi Aytən xanım Kərimovanın əmrin dərkənarında olan rəyi; 8) Analoji nöqsanların baş verdiyi xx.xx.2023-cu il tarixli sənədin yoxlanması. Göründüyü kimi, məhkəmə iddia ərizəsində göstərilmiş dəlil və sübutları araşdırmamış, işin mahiyyətinə aid olmayan qanunlara əsaslanmaqla və töhmətin verilməsinə əsas ola bilməyəcək Əsasnamənin maddəsinə istinad edərək Azərbaycan Respublikasının adından qərəzli qərar qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

Tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. İnzibati Prosessual Məcəllə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

14. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu 1.1.3-cü maddəsinə əsasən dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. Həmin Qanunun 18-ci maddəsində dövlət qulluqçusunun əsas vəzifələri, 20-ci maddəsində dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər müəyyən olunmuşdur. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur.

15. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergİ orqanlarında xİdmət haqqında” Əsasnamə:

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

Apellyasiya şikayətinin mümkünlüyü

17. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

19. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

20. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

21. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 16 fevral 2022-ci il tarixdən xidmətdə “Vergi ödəyicilərinə xidmət şöbəsi”nin rəisi təyin edilmişdir. Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin “Yazışmaların keyfiyyətinin qiymətləndirilməsinin nəticələri haqqında” xx.xx.2023-cü il tarixli **********226300 nömrəli xidməti məktubuna əsasən 2022-ci ilin 4-cü rübü üzrə “Vergi orqanlarında xidmət kanallarından istifadə Qaydaları”nın 2.3-cü bəndinə əsasən vergi ödəyicilərinə xidmət sahəsi üzrə funksional nəzarəti həyata keçirən struktur vahid tərəfindən yazışmaların keyfiyyətinin qiymətləndirilməsi üçün araşdırma və təhlillər aparıldığı, yol verilmiş nöqsanlarla bağlı keyfiyyət göstəricisi 80%-dan aşağı olan məktubların göndərilməsinə cavabdeh olan vəzifəli şəxslərin izahatları alınaraq barələrində məsuliyyət tədbirinin görülməsi barədə və digər tapşırıqlar verilmişdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən sözügedən xidməti məktubun icrası ilə bağlı Baş İdarə üzrə 2022-ci ilin 4-cü rübündə görülmüş işlərdən təsadüfi olaraq seçilərək araşdırma aparılmış və müəyyən edilmiş nöqsanlara görə məktubların göndərilməsinə cavabdeh olan vəzifəli şəxs Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi İddiaçı xx.xx.2023-cü il tarixdə izahatı alınmış və keyfiyyət göstəricisi 80%-dan aşağı olmasına baxmayaraq, əvvəlki rüblə müqayisədə keyfiyyət göstəricisində 7,5 bal artım olmasını və əməkdaşın həmin şöbəyə rəhbərlik etdiyi müddətin çox olmaması və vergi ödəyicilərinə xidmət sahəsi üzrə təcrübəsinin az olması nəzərə alınaraq onun barəsində xx.xx.2023-cü il tarixli **********130500 nömrəli yazılı xəbərdarlıq edilmişdir. Bundan sonra Dövət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin “Yazışmaların keyfiyyətinin qiymətləndirilməsinin nəticələri haqqında” xx.xx.2023-cü il tarixli **********376800 nömrəli xidməti məktubuna əsasən 2023-cü ilin 2-cü rübü üzrə araşdırma və təhlillər aparıldığı, yazışmaların orta keyfiyyət göstəricisi təkrar olaraq 80%-dan aşağı olan vergi ödəyicilərinə xidmət strukturlarının rəhbərlərinin izahatları alınaraq barələrində məsuliyyət və digər tədbirlərin görülməsinə dair tapşırıqlar verilmişdir. Bununla bağlı xidməti məktubda göstərilən göstəricilər müqayisə edilən zaman 11 saylı idarə üzrə yazışmaların orta keyfiyyət göstəricisinin Respublika üzrə vergi idarələri arasında 62,2 bal (əvvəlki qiymətləndirmə ilə müqayisədə 7,1 bal azalma) göstərici ilə ən aşağı nəticə ilə sonuncu olduğu müəyyən edilmiş və yol verilmiş intizam pozuntuya görə iddiaçıya xx.xx.2023-cü il tarixli **********343700 nömrəli əmrlə intizam tənbehi olaraq “töhmət” verilmişdir.

23. İddiaçının hüquqi marağı həmin əmrin ləğv edilməsi və əmr qüvvədə olduğu müddətdə ona ödənilməyən əmək haqqına əlavələrin və mükafatların ödənilməsindən ibarətdir.

24. İddiaçının apellyasiya şikayətinin ilk dəlili ondan ibarətdir ki, məhkəmənin "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının qanununa istinad etməsi tamamilə əsassızdır. Belə ki, vergi orqanı dövlət qulluğunun xüsusi növü olduğu üçün vergi orqanı əməkdaşlarının həvəsləndirilməsi və intizam tənbeh tədbirinin görülməsi Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnaməyə əsasən aparılır.

25. Məhkəmə kollegiyası qeyd edilən dəlillə bağlı qeyd edir ki, Ərazi Vergilər Baş İdarələri və İdarələri Vergi ödəyicilərinə xidmət şöbəsinin “Şöbə rəisi”nin “Vəzifə təlimatı” ilə Ərazi Vergilər Baş İdarələri və İdarələrinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisinin vəzifə öhdəliklərini, kvalifikasiya tələblərini, səriştə səviyyələrini, məsuliyyətini, hüquq və səlahiyyətlərini müəyyən etmişdir. Həmin təlimatın 2.23-cü, 2.23.1-ci, 2.23.2-ci və 2.24-cü bəndlərinə əsasən “Vergi orqanlarında xidmət kanallarından istifadə Qaydaları” ilə müəyyən edilmiş hallarda və qaydada yazışma xidmət kanalı vasitəsi ilə məlumatlandırma işlərinin həyata keçirilməsinə rəhbərlik və nəzarət etmək; daxil olmuş müraciətlərin cavablandırılmasına rəhbərlik və nəzarət etmək; vergi orqanının təşəbbüsü ilə vergi ödəyicisinə məlumatların göndərilməsinə rəhbərlik və nəzarət etmək; yazışmaların keyfiyyətinin artırılması üçün qarşıya çıxan problemlərin aradan qaldırılması və təkrar baş verməməsi üçün zəruri tədbirlərin görülməsini təmin etmək xidmət şöbəsinin rəisinin vəzifə öhdəliklərindən biri kimi müəyyən edilmişdir.

26. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergİ orqanlarında xidmət haqqında” Əsasnamənin 46-cı maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsi bu Əsasnamənin 10-cu və 34-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda), onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 1) töhmət; 2) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 3) 6 ay müddətinə aşağı vəzifəyə keçirmə; 4) xüsusi rütbəni bir pillə aşağı salma; 5) vergi orqanlarında xidmətinə xitam verilmə. Göründüyü kimi qanunverici törədilən əməlin ağırlıq dərəcəsindən asılı olaraq intizam tənbehləri növlərindən hansının tətbiq edilməsi ilə bağlı seçim hüququnu müvafiq işəgötürənə vermişdir. Yuxarıda qeyd olunanlar isə birinci instansiya məhkəməsi tərəfindən iddiaçının şikayətində göstərilən dəlilləri təkzib edir.

27. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçıya töhmət verilməklə bərabər 6 ay müddətində onun əməkhaqqısı da kəsilmiş, yəni onun barəsində iki intizam tənbeh tədbiri olaraq həm töhmət verilmiş, həm də əmək haqqına əlavə və bayram mükafatları kəsilmişdir.

28. Qeyd edilən dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli qərarı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədilə, habelə dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydaları təsdiq edilmişdir.

29. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən Büdcədənkənar vəsaitdən İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir: - 3.1.1.işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılmasına; - 3.1.2. işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə; - .... - 4.1.1. işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi; - ... - 4.1.3. qanunla müəyyən edilmiş milli bayram günləri ilə, həmçinin digər əlamətdar hadisələrlə əlaqədar.

30. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin reyestrində qeydiyyata alınmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********563200 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nın 2.5-ci bəndinə əsasən aylıq vəzifə maaşına əlavə aşağıdakı hallarda hesablanmır: ... 2.5.6. barəsində intizam tənbehi tədbiri görülmüş işçilərə tənbehin qüvvədə olduğu dövr üçün.

31. Göründüyü kimi, iddiaçının şikayətinin qeyd edilən dəlili əsassız olmaqla mülahizələrdən ibarətdir və qanunvericilik aktının normasından da göründüyü kimi işçilərin kollektiv mükafatlandırılması, əməkhaqqına əlavələrin verilməsi işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə görə verildiyindən sözügedən Qaydalara əsasən də iddiaçı işini vaxtında görməmiş və işinə məsuliyyətsiz yanaşaraq keyfiyyətsiz nəticələr göstərməsi ilə intizam tənbehi tədbiri görülmüş işçi kimi mükafatlandırılması istisna edilmişdir.

32. Beləliklə, iddiaçının qeyd etdiyi kimi, onun barəsində iki tənbeh növü tətbiq edilməmişdir. Onun barəsində töhmət növündə tənbeh növü tətbiq edilmiş, həmin tənbehin də nəticəsi olaraq barəsində intizam tənbeh tədbiri görülmüş işçi kimi tənbehin qüvvədə olduğu dövr üçün aylıq vəzifə maaşına əlavələr hesablanmamışdır.

33. Bundan əlavə iddiaçıya işin nəticələrinə görə verilən mükafatların məbləği onun fəaliyyətinin nəticələrindən asılı olaraq qulluq keçdiyi orqanın rəhbəri tərəfindən müəyyən edilir və onun yuxarı həddi məhdudlaşdırılmır. Dövlət qulluqçularının fərdi mükafatlandırılması onun qulluq keçdiyi struktur bölmə rəhbərinin və ya yuxarı dövlət orqanının təqdimatı, habelə attestasiya komissiyasının tövsiyəsi əsasında onun qulluq keçdiyi dövlət orqanı rəhbərinin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir.

34. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, 11 saylı ƏVBİ-i ilə bərabər, 2 saylı ƏVBİ, 12 saylı ƏVBİ, 3 saylı ƏVİ, 4 saylı ƏVİ, 13 saylı ƏVİ-nin xidmət strukturunun rəhbərlərinin də izahatları alınaraq barələrində məsuliyyət məsələsinə baxılmasını qeyd edilmiş, lakin adı çəkilən vergi orqanlarının xidmət strukturunun rəhbərləri barədə heç bir intizam tənbeh tədbiri görülməmişdir, baxmayaraq ki, adı qeyd olunan digər ərazilərdə 2 və ya 3 dəfə ardıcıl olaraq hədəfə çatılmayıb və ya azalma olmuşdur, tədbir yalnız 11 saylı ƏVBİ-nin xidmət strukturunun rəisi kimi ancaq onun barəsində görülmüşdür.

35. Qeyd edilən dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Dövət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin “Yazışmaların keyfiyyətinin qiymətləndirilməsinin nəticələri haqqında” xx.xx.2023-cü il tarixli **********376800 nömrəli xidməti məktubda qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixli **********875700 nömrəli əmr ilə təsdiq edilmiş "Vergi orqanlarında xidmət kanallarından istifadə Qaydaları”nın (bundan sonra Qaydalar) 2.3-cü bəndinə əsasən vergi ödəyicilərinə xidmət sahəsi üzrə funksional nəzarəti həyata keçirən struktur vahidi tərəfindən yazışmaların keyfiyyətinin qiymətləndirilməsi üçün rüb ərzində hər bir vergi orqanı və hal üzrə bir ədəddən az olmamaqla (bütün Rayon Vergilər Şöbələri üzrə ümumilikdə hər hal üzrə 1 ədəd) məktub təsadüfi olaraq seçilir və tələblər üzrə meyarlara əməl edilməsi vəziyyəti 0-3 ballıq olmaqla 100 ballıq sistemlə qiymətləndirilir.

36. Qaydaların 5.4-cü və 5.5-ci bəndlərinə əsasən vergi qanunvericiliyinə və inzibatçılığına dair müraciətlərin cavablandırılmasının və vergi ödəyicisinin müraciəti olmadan vergi orqanı tərəfindən göndərilən məktubların keyfiyyəti minimum 80% təşkil etməlidir.

37. Qaydaların tələblərinə uyğun Vergi ödəyicilərinə xidmət baş idarəsi tərəfindən vergi orqanları üzrə 2023-cü ilin 2-ci rübü üzrə aparılmış yazışmaların keyfiyyəti qiymətləndirilərək (ətraflı məlumat əlavə olunur) qiymətləndirilmiş məktubların 43-nün (67,2%) nəticəsi hədəfdən yüksək olduğu (64 haldan 43-ü) müəyyən edilmişdir. Müqayisə üçün qeyd edək ki, əvvəlki qiymətləndirmə nəticəsilə bu faiz 50,8% təşkil etmişdir (63 haldan 32-i). Eyni zamanda əvvəlki qiymətləndirmənin nəticələrinə əsasən respublika üzrə orta keyfiyyət göstəricisi 73,8% olduğu halda, sonuncu qiymətləndirmə nəticəsində 80,2 % təşkil etmişdir.

38. Vergi orqanları tərəfindən həyata keçirilən yazışmalar zamanı eyni nöqsanlara təkrar yol verildiyindən iki hal üzrə nümunəvi məktub formaları mətn və infoqrafika şəklində hazırlanmış və xx.xx.2022-ci il tarixli **********850400 nömrəli xidməti məktubla vergi orqanlarına təqdim olunmuşdur. Lakin 2023-ci ilin 2-ci rübü üzrə aparılmış yazışmaların keyfiyyətinin qiymətləndirilməsi nəticəsində bir sıra hallarda vergi orqanları tərəfindən əvvəlki rüblər ilə müqayisədə təkrar olaraq nöqsanlara yol verildiyi və Vergi ödəyicilərinə xidmət baş idarəsi tərəfindən təqdim olunan nümunəvi məktub formaları nəzərə alınmadan vergi ödəyicilərinə məktubların göndərildiyi müəyyən olunmuşdur.

39. Xidməti məktubda digər məsələlərlə yanaşı “yazışmaların keyfiyyətinin qiymətləndirilməsi nəticəsində xidməti məktuba əlavə olunan hər bir kənarlaşma ilə bağlı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin, 3 saylı Ərazi Vergilər İdarəsinin, 4 saylı Ərazi Vergilər İdarəsinin, 11 saylı Ərazi Vergilər İdarəsinin, 12 saylı Ərazi Vergilər İdarəsinin, 13 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicilərinə xidmət strukturunun rəhbərlərinin (orta keyfiyyət göstəricisi 80%-dan aşağı olan), Zəngilan, Ağdam və Kəlbəcər rayon Vergilər Şöbələrində keyfiyyət göstəricisi 80%dan aşağı olan məktubların göndərilməsinə cavabdeh olan vəzifəli şəxslərin izahatları alınaraq barələrində məsuliyyət tədbirlərinin görülməsi” qeyd olunmuşdur. İddiaçı barəsində aparılmış araşdırma yuxarıda qeyd olunan məktubda göstərilən hallarla bağlı olmuş və bu zaman qanunla cavabdehə verilmiş səlahiyyətlərdən kənara çıxması halının mövcudluğu iş üzrə müəyyən olunmamışdır.

40. Həmçinin qeyd edilməlidir ki, digər vergi orqanlarının xidmət strukturunun rəhbərləri barədə hər hansı bir intizam tənbeh tədbirinin görülüb-görülməməsi hazırkı iş üzrə iddiaçıya, cavabdeh inzibati orqanın səlahiyyəti çərçivəsində tənbeh tədbiri tətbiq edilə bilməməsini istisna etmir.

41. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, cavabdeh orqan öz hüquqi qüvvəsini itirmiş qanunvericilik aktına (Dövlət vergi orqanlarında daxili xidməti intizam qaydalarının 4.1-ci və 4.9-cu maddələrinə) istinad etmişdir.

42. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Dövlət Vergi Xidmətinin xx.xx.2018-ci il tarixli **********875700 nömrəli əmr ilə təsdiq edilmiş “Vergi orqanlarında xidmət kanallarından istifadə Qaydaları” hal-hazırda qüvvədə olmaqla göstərilən nöqsanlar həmin Qaydaların tələblərinə əməl olunmamaqla yaranmışdır.

43. Əmək Məcəlləsinin 10-cu maddəsinin a) bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək işçinin əsas vəzifəsidir.

44. “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydalarının 3.1.2-ci yarımbəndinə əsasən əməkdaş bu Qaydaların və vergi orqanlarında xidmətlə bağlı digər hüquqi aktların tələblərinə əməl etməlidir.

45. “Dövlət vergi orqanlarında daxili xidməti intizam Qaydaları”nın 4.1-ci və 4.9-cu bəndlərinin əvvəlki redaksiyasına əsasən - 4.1. Vergi orqanlarının vəzifəli şəxsləri (və ya əməkdaşları) əmək funksiyalarını yerinə yetirərkən Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, Vergilər Nazirliyinin və bilavasitə tabe olduqları rəhbər vəzifəli şəxslərin səlahiyyətləri daxilində verdikləri əmr və göstərişlərə əməl etməlidirlər. - 4.9. Vergi orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini dəqiq və peşəkarlıqla yerinə yetirməli, qanunvericiliyin tələblərinə və yüksək əxlaqi prinsiplərə riayət etməlidirlər.

46. “Dövlət vergi orqanlarında daxili xidməti intizam Qaydaları”nın yeni redaksiyasına əsasən - 4.1.1. əməkdaş əmək funksiyalarını yerinə yetirərkən Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, Xidmətin və bilavasitə tabe olduqları rəhbər vəzifəli şəxslərin səlahiyyətləri daxilində verilmiş əmr və göstərişlərə əməl etməli; - 4.1.3. əməkdaş xidməti vəzifələrini dəqiq və peşəkarlıqla yerinə yetirməli, xidmət intizamını pozmamalı, qanunvericiliyin tələblərinə, yüksək əxlaqi prinsiplərə və subordinasiyaya riayət etməli;

47. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 34-cü bəndinin 1-ci və 5-ci abzaslarına əsasən - 34. Vergi orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur: - 1-ci abzas Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ aktlarına riayət etmək; - 5-ci abzas vergi orqanlarında müəyyən edilən daxil intizam və xidməti informasiya və rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək;

48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci və 61.2-ci maddələrinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.

49. Qeyd olunan normalardan belə müəyyən olunur ki, yazılı şəkildə əsaslandırılmalı olan inzibati aktda işin faktiki və hüquqi halları, bu halları təsdiq və ya rədd edən sübutlarla yanaşı, inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.

50. Mübahisəli əmrdə Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinə, “Vergi orqanlarında xidmət kanallarından istifadə Qaydaları”na, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.1.2-ci yarımbəndinə, “Dövlət vergi orqanlarında daxili xidməti intizam Qaydaları”nın 4.1ci və 4.9-cu bəndinə, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 34-cü bəndinin 1-ci və 5- ci abzaslarına, “Ərazi Vergilər Baş İdarələrinin Əsasnaməsi”nin 5.7.11-ci bəndinə və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyini yanında Dövlət Vergi Xidmətinin rəis müavinlərinə və digər vəzifəli şəxslərinə insan resurslarının idarə olunması sahəsində bir sıra səlahiyyətlərin verilməsi haqqında" xx.xx.2020-ci il tarixli **********771200 nömrəli əmrinə istinad olunmuşdur.

51. Əmrdə “Dövlət vergi orqanlarında daxili xidməti intizam qaydaları”nın qüvvədən düşən bəndinə istinad əsas etibarı ilə əmrin mahiyyətinə və tənzimlədiyi münasibətin xarakterinə təsir etmir.

52. Belə ki, sözügedən Qaydaların 4-cü bölməsi xidmət əməkdaşlarının “Xidməti intizam”la bağlı məsələlərinə aiddir. Töhmət tənbeh tədbiri isə "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən verilmişdir. Bu anlamda hazırda formal olaraq əmrdə hər hansı normanın qeyd edilib-edilməməsi işin faktiki və hüquqi hallarını dəyişmir.

53. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, cavabdeh orqan tərəfindən tənbeh verilməsi üçün müəyyən olunmuş 6 aylıq müddət buraxılmışdır.

54. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 50-ci bəndinə əsasən intizam tənbehi, intizam xətası törətmiş vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt, habelə törədilmiş xətadan 6 ay, müvafiq təftiş və ya yoxlamanın nəticələrinə görə isə onun törədildiyi gündən 2 ildən artıq vaxt keçdikdən sonra tətbiq edilə bilməz. Vergi orqanının vəzifəli şəxsinin məzuniyyətdə, ezamiyyətdə və xəstə olduğu vaxt, habelə cinayət və ya inzibati xəta haqqında işlər üzrə icraat vaxtı bu müddətə daxil edilmir.

55. Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə- təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

56. Göründüyü kimi qanunvericilik aktında müvafiq təftiş və ya yoxlamanın nəticələrinə görə onun törədildiyi gündən 2 ildən artıq vaxt keçdikdən sonra intizam tənbehi tətbiq edilə bilmədiyi qeyd olunmuşdur.

57. Bundan başqa, iddiaçının bildirdiyi kimi onun barəsində intizam tənbehi təkcə xx.xx.2023-cü il məktuba görə deyil, xx.xx.2023-cü il tarixli **********976100 nömrəli, xx.xx.2023-cü il tarixli **********134700 nömrəli, xx.xx.2023-cü il tarixli **********182200 nömrəli və xx.xx.2023-cü il tarixli **********329400 nömrəli məktublarda yol verilmiş nöqsanlara və qiymətləndirmənin nəticəsinə görə 11 saylı ƏVBİ-nin yazışmaların keyfiyyət göstəricilərinin Respublika üzrə vergi idarələri arasında ən aşağı göstərici olmasına görə verilmişdir.

58. Bundan başqa, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddia tələbinin “2023-cü ilin oktyabr, noyabr ayları üçün və iddia tələbi üzrə qəbul ediləcək qərar icra edilən günədək hesablanmalı olan əmək haqqına əlavələrin və 8 Noyabr Zəfər bayramı münasibətilə bağlı verilmiş olan mükafatın və iddia tələbi üzrə qəbul ediləcək qətnamə icra edilən günədək ona verilməli olan mükafatların hesablanaraq cavabdehdən tutularaq ödənilməsi” hissəsi bilavasitə xx.xx.2023-cü il tarixli **********343700 nömrəli əmrin qanuniliyi ilə bağlı olan məsələdir. Yəni ödənişlərin verilməsini tələb etmək hüququ sözügedən əmr yalnız ləğv ediləndən sonra hasil olur. Hazırkı halda məhkəmə xx.xx.2023-cü il tarixli **********343700 nömrəli əmrin ləğv edilməsini əsaslı hesab etmədiyindən ödənişlərin hesablanaraq verilməsi ilə bağlı tələbi də əsaslı saymır və bununla bağlı əlavə məhkəmə araşdırılmasına lüzum görmür.

59. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddianın ilk tələbi (cavabdehin əmrinin ləğvi) əsassız olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan ikinci (2023-cü ilin oktyabr, noyabr ayları üçün və iddia tələbi üzrə qəbul ediləcək qərar icra edilən günədək hesablanmalı olan əmək haqqına əlavələrin hesablanaraq cavabdehdən tutularaq verilməsi) və üçüncü (8 Noyabr Zəfər bayramı münasibətilə bağlı verilmiş olan mükafatın və iddia tələbi üzrə qəbul ediləcək qərar icra edilən günədək ona verilməli olan mükafatların hesablanaraq cavabdehdən tutularaq verilməsi) tələblər də, belə bir hüquqi zərurət artıq aradan qalxdığı üçün, müzakirə edilmədən rədd edilməlidir.

60. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir. İddiaçının dəlilləri iş materialları, qanunvericiliyin müvafiq normaları ilə ziddiyyət təşkil etdiyindən təmin edilə bilməz.

61. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin iddiaçıya intizam tənbeh tədbiri kimi töhmət verilməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.1), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin mübahisəli əmri qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır (İPM-70.1), əmr cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsi).

62. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

63. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 avqust 2025-ci il tarixli 2-1(116)-2197/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar