Məhkəmə qərarları › İş №2-1(107)-589/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-589/2023

01.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-589/2023 01.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “İddiaçı Mingəçevir SES Silsiləsi MMC-nin 16 saylı, 04 may 2004-cü il tarixli qərarı ilə “Bahar kollektivi” bağçılıq təsərrüfatından ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüuqunun dövlət qeydiyyatına alınması və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2-1(116)-569/2023 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, İddiaçı Mingəçevir SES Silsiləsi MMC-nin 16 saylı, 04 may 2004-cü il tarixli qərarı ilə “Bahar kollektivi” bağçılıq təsərrüfatından ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüuqunun dövlət qeydiyyatına alınması və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-569/2023 nömrəli qərardadı ilə Mingəçevir bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilmişdir.

3. İddia ərizəsinin əsaslarına görə, İddiaçı uzun müddət Azər Enerji sahəsində müxtəlif vəzifələrdə işlədiyi üçün Mingəçevir SES Silsiləsi MMC-nin 16 saylı 04 may 2004cü il tarixli qərarı ilə "Bahar kollektivi" bağçılıq təsərrüfatından 0.06 ha torpaq sahəsi ayrılmışdır.

4. Bundan başqa "Torpaq sahəsinin planı və ölçüsü nümunələrinin və təsvirlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 536 nömrəli Fərmanına əsas götürülərək, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 698.99 kv.m torpaq sahəsi (fərdi bağ sahəsi) ilə bağlı torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Həmin qeyd olunan torpaq sahəsi (fərdi bağ sahəsinin) iddiaçıya ayrılan vaxtdan hal-hazırda istifadəsindədir və torpaq sahəsində müxtəlif meyvə (bar) ağacları tərəfindən əkilmiş və becərilir.

5. Həmin qeyd olunan torpaq sahəsinin (fərdi bağ sahəsinin) sənədləşdirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək, yuxarıda qeyd olunan torpaq sahəsinin "Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinə uyğun formada "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsini xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubu vermişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 23 avqust 2023-cü il tarixli 2- 1(116)-569/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsinin və iş üzrə 3-cü şəxs kimi cəlb olunmuş Mingəçevir şəhər bələdiyyəsinin nümayəndəsinin məhkəmədə iştirakını təmin etmədən birtərəfli qaydada cavabdehin mövqeyindən çıxış etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi iş üzrə əhəmiyyətli olan sənədlərə və ifadələrə ikinci dərəcəli sübutlar kimi baxmışdır. Belə ki, iddiaçı tərəfindən mübahisə olunan torpaq sahəsində tikilmiş evin fotolarını, həmin evə çəkilmiş su, işıq və qaz xətlərinin qanuni əsaslarla çəkilməsi barədə və həmin su, işıq və qaz xətləri üzərinə quraşdırılmış sayğaclarla bağlı sənədlər və kommunal ödənişləri məhkəməyə təqdim olunmuşdur. Eyni zamanda onun həmin evdə yaşaması barədə yaşayış yerindən müvafiq arayış təqdim etməsinə baxmayaraq, nədənsə birinci instansiya məhkəməsi təqdim olunmuş bu qanuni dövlət sənədlərinə düzgün qiymət verməmiş və yekun qərarında bu sənədləri nəzərə almadan əsassız qərar qəbul etmişdir. Bundan başqa, məhkəmənin özünün sorğu məktubu ilə yerində baxış etmiş müvafiq dövlət orqanının nümayəndələri də həmin ünvanda olarkən onun həmin mübahisə olunan torpaq sahəsində tikilmiş yaşayış evində uzun illər yaşayış olduğunu və həmin torpaq sahəsində digər yardımçı tikililərin olduğunu müəyyən etmişlər. Bundan başqa, birinci instansiya məhkəməsi onun tərəfindən təqdim olunmuş Mingəçevir Şəhər İcra Hakimiyyətinin nəzdində X2 və Bağ evləri Tikintisi, İstismarı və İnkişafı İdarəsi tərəfindən ona Mingəçevir SES Silsiləsi MMC-nin saylı, 04 may 2004-cü il tarixli qərarı ilə “Bahar kollektivi” bağçılıq təsərrüfatından ayrılmış 0,06 ha torpaq sahəsinə dair (inv № 17/59) Pasporta və həmin torpaq sahəsinin “planı və ölçüsü sənədi” olmasına baxmayaraq, nədənsə məhkəmə bu sənədlərin qeydiyyata alınmadığını bildirərək, heç bir əsaslı arqument gətirmədən və təqdim olunmuş sənədlərə əhəmiyyət vermədən onun hüquqlarının pozulmasına səbəb olan qanunsuz qərar qəbul etmişdir. Bundan başqa, məhkəmə təqdim olunmuş mübahisə olunan torpaq sahəsinin “planı və ölçüsü sənədinin” faktiki istifadə olunan torpaq sahəsinin koordinatlarının 116 m aralı məsafədə yerləşdirildiyini bildirmişdir. Eyni zamanda, məhkəmə qərarının “müəyyən etdim” hissəsində göstərilmişdir ki, mübahisə olunan və onun faktiki istifadəsində olan torpaq sahəsi başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür. Belə olan halda, məhkəmə iş üzrə araşdırma apararkən, bu sahədə xüsusi biliyi olan mütəxəssisləri məhkəməyə dəvət etməmiş və hazırkı dövrdə çox sayda torpaq sahələrinin bu cür sürüşmələrdə yerləşdiyi barədə real vəziyyətə uyğun halları da araşdırmadan və nəzərə almadan qeyri-obyektiv qərar qəbul etmişdir. Ancaq birinci instansiya məhkəməsi obyektivliyin təmin edilməsi məqsədi ilə, həmin mübahisə olunan torpaq sahəsinə yerində baxış keçirməklə, mövcud vəziyyətə düzgün qiymət versə idi, onda onun faktiki istifadəsində olan həmin mübahisə olunan torpaq sahəsinin qanuni əsaslarla 04 may 2004-cü il tarixli qərarı ilə “Bahar kollektivi” bağçılıq təsərrüfatı tərəfindən ayrılmış 0,06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə tam əsaslı qərar qəbul etmiş olardı. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2-1(116)-569/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2-1(116)-569/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh və üçüncü şəxs nümayəndələrinin iştirakını təmin etməmişdir.

13. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən (sənədin tarixi və nömrəsi yoxdur) görünür ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamı ilə 698.99 kv.m torpaq sahəsi verilmişdir. - 1977-ci il tarixli Vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki pasportundan görünür ki, Mingəçevir şəhər SES zonası ətrafı SES “Bahar” bağçılıq yoldaşlığı İddiaçı 600 kv.m torpaq sahəsi verilmişdir. - “Bahar” kollektiv bağçılıq təsərrüfatı tərəfindən verilmiş vəsiqədən görünür ki, İddiaçı Mingəçevir SES Silsiləsi MMC-ni xx.xx.2004-cü il tarixli 16 saylı qərarı ilə “Bahar” kollektiv bağçılıq təsərrüfatında 0,06 ha torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli **********09 nömrəli məktubundan görünür ki, Mərkəzin arxivində Mingəçevir şəhəri üzrə bağ siyahısında bağçılıqların adları göstərilməmişdir. - Həmin məktuba əlavə edilmiş Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı hazırlanmış yerquruluşu sənədləri təsdiq edilmişdir. - Həmin məktuba əlavə edilmiş Mingəçevir şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən bağ sahələrinə aid siyahının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı adı 4541-ci sırada göstərilmiş və 0,07 ha torpaq sahəsi verilməsi nəzərdə tutulmuşdur. Həmin siyahı Şəhər İHB-nın şəhər təsərrüfatı üzrə müavini V.Əliyev, Fərdi yaşayış sahələrinə xidmət idarəsinin MMC-nin müdiri E.Rəşidov, Mingəçevir şəhər bələdiyyəsinin sədri C.Yusubov, Mingəçevir şəhər Memarlıq və Tikinti şöbəsinin müdiri E.Abdullayev, şəhər bələdiyyəsinin “Ərazi, torpaq və memarlıq” komissiyasının sədri C.Abdullayevf, şəhər bələdiyyəsinin “Ərazi, torpaq və memarlıq” komissiyasının üzvü İ.Kərimov, DTXK-nın Mingəçevir şəhər şöbəsinin müdiri Ş.Məhərrəmov imzalanaraq təsdiq edilmişdir. X3 Monitorinqi və İnformasiya Mərkəzi tərəfindən verilmiş siyahıya əsasən İddiaçı mülkiyyətinə 0,07 ha torpaq sahəsi verilmişdir. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli Sərəncamı ilə Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı hazırlanmış yerquruluşu sənədləri təsdiq edilmişdir. - Həmin məktuba əlavə edilmiş X3, Monitorinqi və İnformasiya Mərkəzi tərəfindən verilmiş siyahıdan çıxarışınj təsdiq edilmiş surətindən görünür ki, İddiaçı mülkiyyətinə 0,07 ha torpaq sahəsi verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli **********28 nömrəli məktubundan görünür ki, Mingəçevir şəhəri bağlar idarəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş “Bahar” bağçılıq təsərrüfatının adlı siyahısında İddiaçı adı qeyd edilməmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-1347/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, X3 kitabında İddiaçı adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədi qeydiyyata alınmamışdır. Elektron baza məlumatlarında mövcud olan Mingəçevir bələdiyyəsinin TEKUİS-ndəki xəritəsinə əsasən İddiaçı adına tərtib edilmiş **********2004 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeydə alınmış koordinatlar daxilində yerləşən 698.99 kv.m torpaq sahəsinin təyinatı sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahəsi, uqodiyası təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar, mülkiyyətçisi Mingəçevir bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. **********2004 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeydə alınmış koordinatlar daxilində yerləşən torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi ilə sənəd üzrə olan torpaq sahəsi arasında hava xətti ilə 116 m məsafə mövcuddur. İddiaçının naturada göstərdiyi və iddia etdiyi 600 kv.m torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqla, uqodiyası meyvə bağları (kənd təsərrüfatına yararlı torpaqlar), mülkiyyətçisi Mingəçevir bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddia olunan və sənəd üzrə olan torpaq sahəsi başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür. - Mingəçevir şəhər Bağlar Təsərrüfatının, Fərdi və Bağ evlərinin Tikintisi, İstismarı və İnkişafı İdarəsinin 1765 nömrəli inventarlaşdırma vərəqəsindən görünür ki, İddiaçı Mingəçevir şəhər SES zonası ətrafında SES “Bahar” bağçılıq yoldaşlığı təsərrüfatından 850 kv.m torpaq sahəsi ayrılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. “Torpaq islahatı haqqında” Qanunun: - 9-cu maddəsində qeyd edilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsində qeyd edilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. - 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir.

17. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Qanunverici vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi ilə bərabər, həmin torpaqların vətəndaşların mülkiyyətinə onların qanuni istifadəsində olan ölçüdə verilməsini də tənzimləmişdir.

18. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə həmin sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; mənziltikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının adı bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında təsbit edilmədiyindən, iddiaçı ona ayrılmış torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən hüquqi və texniki sənədlərə malik olmadığından iddia tələbinin təmin olunması istisna edilir. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi “Torpaq sahəsinin planı və ölçüsü” sənədi müvafiq qurum tərəfindən qeydiyyata alınmamış, sənədin tarixi və nömrəsi olmamaqla birgə imza və möhürlə təsdiq olunamamışdır. Həmin hallardan görünür ki, sözügedən plan-ölçü sənəd kimi hüquqi əhəmiyyətə malik deyildir. Həmçinin, orada göstərilən koordinatlar iddiaçının faktiki istifadəsini deyil, 116 m məsafədə yerləşən koordinatlara uyğundur. Hazırkı iddia tələbində iddia olunan torpaq sahəsi TEKUİS xəritəsinə əsasən təyinatı təyinatı sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahəsi, uqodiyası təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar olmaqla, mülkiyyətçisi Mingəçevir Bələdiyyəsidir. İddia olunan və iddiaçının naturada istifadəsində olan torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair nə iddiaçı tərəfindən hər hansı hüquqmüəyyənedici sənəd təqdim olunmuş,nə də məhkəmə araşdırması zamanı belə bir sənəd aşkar olunmuşdur. Belə olan halda cavabdeh inzibati orqan qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olmuşdur.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin müvafiq qurum tərəfindən qeydiyyata alınmaması, sənədin tarixi və nömrəsinin olmaması, birgə imza və möhürlə təsdiq olunmaması ilə bağlı mövqeyində razılaşsa da qeyd edir ki, iddiaçının adının bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında təsbit edilməməsi, iddiaçının ona ayrılmış torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən hüquqi və texniki sənədlərə malik olmaması ilə bağlı mövqeyi əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi inzibati işin faktiki hallarını tam araşdırmadan iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlməmişdir.

27. Belə ki, iş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən təqdim edilmiş 1977-ci il tarixli Vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki pasportundan görünür ki, Mingəçevir şəhər SES zonası ətrafı SES “Bahar” bağçılıq yoldaşlığı təsərrüfatından İddiaçı 600 kv.m torpaq sahəsi verilmişdir. Mingəçevir şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən bağ sahələrinə aid siyahıda İddiaçı adı 4541-ci sırada göstərilmiş və 0,07 ha torpaq sahəsi verilməsi nəzərdə tutulmuşdur. Həmin siyahı Şəhər İHB-nın şəhər təsərrüfatı üzrə müavini V.Əliyev, Fərdi yaşayış sahələrinə xidmət idarəsinin MMC-nin müdiri E.Rəşidov, Mingəçevir şəhər bələdiyyəsinin sədri C.Yusubov, Mingəçevir şəhər Memarlıq və Tikinti şöbəsinin müdiri E.Abdullayev, şəhər bələdiyyəsinin “Ərazi, torpaq və memarlıq” komissiyasının sədri C.Abdullayevf, şəhər bələdiyyəsinin “Ərazi, torpaq və memarlıq” komissiyasının üzvü İ.Kərimov, DTXK-nın Mingəçevir şəhər şöbəsinin müdiri Ş.Məhərrəmov imzalanaraq təsdiq edilmişdir. X3 Monitorinqi və İnformasiya Mərkəzi tərəfindən verilmiş siyahıya əsasən İddiaçı mülkiyyətinə 0,07 ha torpaq sahəsi verilmişdir. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli Sərəncamı ilə Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı hazırlanmış yerquruluşu sənədləri təsdiq edilmişdir.

28. Yuxarıda sadalanan maddi hüquq normalarının tələblərindən də göründüyü kimi, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmçinin, qanunverici həmin torpaq sahələrinin vətəndaşların mülkiyyətinə hansı ölçüdə verilməsini müəyyən edərək göstərmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

29. Eyni zamanda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia olunan torpaq sahəsinin TEKUİS xəritəsinə əsasən təyinatının sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahəsi, uqodiyasının təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar olmaqla, mülkiyyətçisinin Mingəçevir bələdiyyəsi olması ilə bağlı mövqeyini də əsassız hesab edərək qeyd edir ki, iş materiallarından da göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi 1977-ci il tarixdən iddiaçıya verilmiş və həmin vaxtdan da iddiaçı tərəfindən sahibliyində olmaqla istifadə edilir. Bununla yanaşı iş üzrə üçüncü şəxs olan Mingəçevir bələdiyyəsinə məhkəmə kollegiyası tərəfindən məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumat verilməsinə dair bildiriş və iddia tələbinə rəsmi münasibət bildirilməsi barədə sərəncam göndərilmiş, lakin bələdiyyə tərəfindən iddia tələbinə hər hansı münasibət bildirilməmişdir.

30. İş materiallarında olan cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş iddia tələbinə etiraz məktubunda göstərilmişdir ki, iddiaçının istifadəsində olan bağ sahəsinə dair ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən cavabdeh inzibati orqana təhvil verilmiş Mingçevir şəhəri Mİngəçevir SES Silsiləsi MMC-nin “Bahar” bağçılığının adlı siyahısında İddiaçı adı qeyd edilməmişdir.

31. Məhkəmə kollegiyası cavabdehin etirazının həmin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən təsdiq edilərək birinci instansiya məhkəməsinə təqdim edilmiş Mingəçevir şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən bağ sahələrinə aid siyahıda İddiaçı adı 4541-ci sırada göstərilmiş və 0,07 ha torpaq sahəsi verilməsi nəzərdə tutulmuşdur. Həmin siyahı Şəhər İHB-nın şəhər təsərrüfatı üzrə müavini V.Əliyev, Fərdi yaşayış sahələrinə xidmət idarəsinin MMC-nin müdiri E.Rəşidov, Mingəçevir şəhər bələdiyyəsinin sədri C.Yusubov, Mingəçevir şəhər Memarlıq və Tikinti şöbəsinin müdiri E.Abdullayev, şəhər bələdiyyəsinin “Ərazi, torpaq və memarlıq” komissiyasının sədri C.Abdullayevf, şəhər bələdiyyəsinin “Ərazi, torpaq və memarlıq” komissiyasının üzvü İ.Kərimov, DTXK-nın Mingəçevir şəhər şöbəsinin müdiri Ş.Məhərrəmov imzalanaraq təsdiq edilmişdir. X3 Monitorinqi və İnformasiya Mərkəzi tərəfindən verilmiş siyahıya əsasən İddiaçı mülkiyyətinə 0,07 ha torpaq sahəsi verilmişdir. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli Sərəncamı ilə Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı hazırlanmış yerquruluşu sənədləri təsdiq edilmişdir.

32. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11-ci bəndinə əsasən, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; 3.0.17-ci bəndinə əsasən, qanunla müəyyən edilmiş müddətədək daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını aparmış dövlət orqanlarının verdikləri dövlət reyestrində saxlanılmalı olan məlumatları dövlət reyestrinə daxil etmək; 3.0.23-cü bəndinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; 3.0.29-cu bəndinə əsasən, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindəndir.

33. Bundan başqa cavabdeh iddia tələbinə etirazında göstərmişdir ki, müayinə zamanı məlum olmuşdur ki, iddia edilən torpaq sahəsi yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolağında yerləşir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən torpaq sahəsi ilə elektrik xətti arasında olan mühafizə zolağı gözlənilməlidir. Bununla da torpaq sahəsi ilə elektrik xətti arasında olan qorunma zolağı gözlənilməmişdir.

34. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinin də tələbindən göründüyü kimi, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Bununla yanaşı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarında cavabdeh tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasının 15-ci maddəsində qeyd edilən əsaslara görə imtinası nəzərdə tutulmamışdır.

35. Məhkəmə kollegiyası hesab edir ki, inzibati iş üzrə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-in 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuşdur.

36. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçıya verilmiş mübahisə predmeti olan torpaq sahəsinə əsasən “Torpaq sahəsinin planı və ölçüsü sənədi” müvafiq orqan tərəfindən təsdiq olunmasa da, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq ünvanlanmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli **********09 nömrəli məktubuna əlavə edilmiş 1977-ci il tarixli Vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki pasportundan görünür ki, Mingəçevir şəhər SES zonası ətrafı SES “Bahar” bağçılıq yoldaşlığı təsərrüfatından İddiaçı 600 kv.m torpaq sahəsi verilmişdir. Mingəçevir şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən bağ sahələrinə aid siyahıda İddiaçı adı 4541-ci sırada göstərilmiş və 0,07 ha torpaq sahəsi verilməsi nəzərdə tutulmuşdur. Həmin siyahı Şəhər İHB-nın şəhər təsərrüfatı üzrə müavini V.Əliyev, Fərdi yaşayış sahələrinə xidmət idarəsinin MMC-nin müdiri E.Rəşidov, Mingəçevir şəhər bələdiyyəsinin sədri C.Yusubov, Mingəçevir şəhər Memarlıq və Tikinti şöbəsinin müdiri E.Abdullayev, şəhər bələdiyyəsinin “Ərazi, torpaq və memarlıq” komissiyasının sədri C.Abdullayevf, şəhər bələdiyyəsinin “Ərazi, torpaq və memarlıq” komissiyasının üzvü İ.Kərimov, DTXK-nın Mingəçevir şəhər şöbəsinin müdiri Ş.Məhərrəmov imzalanaraq təsdiq edilmişdir. X3 Monitorinqi və İnformasiya Mərkəzi tərəfindən verilmiş siyahıya əsasən İddiaçı mülkiyyətinə 0,07 ha torpaq sahəsi verilmişdir. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli Sərəncamı ilə Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı hazırlanmış yerquruluşu sənədləri təsdiq edilmişdir. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli Sərəncamı ilə də Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı hazırlanmış yerquruluşu sənədləri təsdiq edilmişdir. Belə ki, sözügedən torpaq sahəsi 1977-ci ildə iddiaçıya verilmişdir, həmin vaxtdan indiyə kimi onun sahibliyində olmaqla nəzarətində və istifadəsindədir, həmin torpaq sahəsinin iddiaçıya ayrılmasına, iddiaçının torpaq sahəsindən istifadə etməsinə heç bir fiziki və ya hüquqi şəxs tərəfindən etiraz edilməmişdir və iddia olunan və sənəd üzrə olan torpaq sahəsinin başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşməməsi də DƏDKR PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilməmişdir.

37. Bundan başqa torpaq sahəsi iddiaçıya verilsə də, torpaq sahəsinin ayrılması prosedurunun qanunvericiliyin tələbi baxımından tam başa çatdırılmaması, həmin torpaq sahəsinin naturada (yerində) hüdudlarının müəyyən edilməməsi sonuncunun təqsirindən baş verməmiş, iddiaçıya Mingəçevir Şəhər İcra Hakimiyyətinin nəzdində olan X1 və Bağ evlərinin Tikintisi, İstismarı və İnkişafı İdarəsi tərəfindən torpaq sahəsinin verilməsi barədə qərar qəbul edilmiş ki, həmin qərar iddiaçının hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır. İddiaçıya torpaq sahəsinin verilməsinə dair qərar xx.xx.2004-cü il tarixdə qəbul edilmiş, Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı hazırlanmış yerquruluşu sənədlərinin təsdiq edilməsi barədə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı xx.xx.2008-ci il tarixdə verilmişdir.

38. Eyni zamanda DƏDKR PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində mübahisə predmeti olan torpaq sahəsinin Mingəçevir bələdiyyəsinin mülkiyyətinə aid olması qeyd edilmiş, lakin bələdiyyə həmin torpaq sahəsinin iddiaçıya verilməsinə dair münasibət bildirməsə də, İddiaçı adı qeyd olunan Mingəçevir şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən bağ sahələrinə aid siyahı Mingəçevir şəhər bələdiyyəsinin sədri C.Yusubov və digər müvafiq orqanların səlahiyyətli şəxsləri tərəfindən imzalanaraq təsdiq edilmişdir.

39. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək və apellyasiya şikayətinin dəlillərinı əsaslı hesab edərək belə qənaətə gəlir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuşdur. “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan lazımi qaydada araşdırma aparmadan iddiaçının müraciətinin təmin edilməsindən əsassız olaraq imtina etmişdir.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə İddiaçı Mingəçevir SES Silsiləsi MMC-nin 16 saylı, 04 may 2004-cü il tarixli qərarı ilə “Bahar kollektivi” bağçılıq təsərrüfatından ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüuqunun dövlət qeydiyyatına alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmalı, apellyasiya şikayəti təmin edilməlidir.

41. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2-1(116)-569/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə İddiaçı Mingəçevir SES Silsiləsi MMC-nin 16 saylı, 04 may 2004-cü il tarixli qərarı ilə “Bahar kollektivi” bağçılıq təsərrüfatından ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüuqunun dövlət qeydiyyatına alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar