Məhkəmə qərarları › İş №2-1(107)-59/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-59/2021

29.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-59/2021 29.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Oğuz rayon filialına qarşı “cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, xx.xx.2006cı il tarixdən xx.xx.2019-cu il tarixədək verilməmiş müharibə veteranları üçün müəyyən edilmiş aylıq müavinətlərin hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1008/2020 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Oğuz rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək verilməmiş müharibə veteranları üçün müəyyən edilmiş aylıq müavinətlərin hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçıya Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx xxxxx 2019-cu il tarixdə M/V seriyalı 085685 nömrəli müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Həmin vaxtdan veteranlar üçün nəzərdə tutulmuş Prezident təqaüdü ona ödənilir. Lakin əvvəlki dövrlər üçün nəzərdə tutulmuş social müavinət ona ödənilməmişdir. O, sənədlərini cavabdeh orqana təqdim edərək, xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək veteranlar üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan xx xxxxx 2020-ci il tarixli, **********0 nömrəli məktubla x xxxxx 2019-cu il tarixdən Prezident təqaüdünün təsis edildiyini əsas gətirərək əvvəlki dövrlər üçün nəzərdə tutulmuş müavinətin ona ödənilməsindən imtina etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, vətəndaş İddiaçı xx.xx.2019-cu il tarixli müraciəti əsasında təqdim etdiyi Azərbaycan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 085685 №- li vəsiqəyə əsasən vəsiqəni aldığı xx.xx.2019-cu il tarixdən 80 manat Prezident təqaüdü təyin edilmişdir. İddiaçı qaydalara uyğun olaraq Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli 085685 nömrəli vəsiqə əsasında veteranlıq vəsiqəsi aldığı xx.xx.2019-cu il tarixdən veteranlığa görə Azərbaycan Prezidentinin təqaüdü təyin edilmişdir. Cavabdeh orqan məlumat üçün bildirir ki, İddiaçı filial tərəfindən heç bir növ pensiya almır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-1008/2020 saylı qərarı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Oğuz rayon filialına qarşı “cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək verilməmiş müharibə veteranları üçün müəyyən edilmiş aylıq müavinətlərin hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir Apellyasiya şikayətinin dəlilləri İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə işin faktiki hallarını və hüquqi tərəfini obyektiv, hərtərəfli və tam araşdırmamış, iş üzrə mübahisəli hüquq münasibətlərinə iş üzrə tətbiq edilməli olan Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ,İİ 16-cı maddəsinin İ, 24-cü maddəsinin İ,İİ,İİİ, 25-ci maddəsinin İ,İİİ, İV, V, Vİ, 26-cı maddəsinin İ, İİ, 38-ci maddəsinin İ, İİİ, İV, 60-cı maddəsinin İ, İİ, İİİ, 71- ci maddəsinin İ, İİ, 125-ci maddəsinin Vİİ, 127-ci maddəsinin İİ, İV, Vİİ, 129- cu maddəsinin İİİ hissələrini, «Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında» Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2001-ci il tarixli, 613 N-li Fərmanını, «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında» Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2005-ci il tarixli, 257№-li Fərmanını, «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında » Azərbaycan Respublikası Qanununun 1, 2, 4, 5ci maddələrini, 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarını, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3 və 7-ci maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995- ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş müharibə veteranı, silahlı qüvvələr veteram və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri haqqında Əsasnamə»nin 4-cü bəndini, «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 9.1, 10.1, 10.3, 10.4, 10.5, 10.6-cı maddələrini və «Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Sərəncamının və Azərbaycan Respublikası Prezidentinin “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2008- ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2011-ci il 19 yanvar tarixli 370 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının müddəalarını tətbiq etməmiş, iş üzrə tətbiq etdiyi «Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında » Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli 640 №-li Fərmanının 2.1.1, 2.1.2. 3-ci bəndlərini isə düzgün tətbiq və şərh etməmiş və bununla da maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu hallar da AR MPM-nin 385.1.1-ci və AR İPM- nin 82, 87.6 və 87.7-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin qərarının apellyasiya qaydasında ləğvi üçün əsasdır. Qərarın qanunsuz və əsassız hesab edilməsinə dair ikinci dəlilim ondan ibarətdir ki, məhkəmə iddianın təmin edilməməsini qərarın əsaslandırıcı hissəsində (qərarın 2-ci səhifəsinin 7-ci abzasında) gəldiyi nəticəni ümumi olaraq belə əsaslandırmışdır : İddia mahiyyət etibarı ilə əsassızdır. Belə ki, xx.xx.2019-cu il tarixədək müharibə veteranlarına sosial müavinətin ödənilməsi «Sosial müavinətlər haqqında» Qanununun tələblərinə uyğun həyata keçirilirdi Məhkəmənin öz qərarını bu qaydada əsaslandırması tamamilə qanunsuz və əsassızdır. Belə ki, mənim təqaüd almağımı müharibə veteranı kimi sosial müavinət almagımla əlaqələndirib sosial müavinət almaq hüququndan məhrum edilməyim haqq-ədalətə əsaslanmır və bu iddiaçı kimi mənim Konstitusiyada və Beynəlxalq-hüquqi Aktlarda öz əksini tapan sosial təminat hüququmun pozulmasına gətirib çıxarır ki, bu da iş üzrə tətbiq edilmiş normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmadığını göstərir. Çünki məhkəmə xx.xx.2019-cu il tarixədək müharibə veteranlarına sosial müavinətin ödənilməsinin «Sosial müavinətlər haqqında» Qanununun tələblərinə uyğun həyata keçirildiyini təsdiq edirsə və mən də xx.xx.2019-cu il tarixədək müharibə veteranlarına verilməli olan sosial müavinətin ödənilməsini tələb etmişdimsə bu halda mənə həmin sosial müavinətlər verilməli idi. Lakin birinci instansiya məhkəməsi isə bu xüsusatlara diqqət yetirmədiyi üçün iddianın təmin edilməməsi barədə qərar çıxartmış və bununla da maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu hallar da AR MPM- nin 385.1.1-ci və AR İPM-nin 82, 87.6 və 87.7-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin qərarının apellyasiya qaydasında ləğvi üçün əsasdır. Qərarın qanunsuz və əsassız hesab edilməsinə dair üçüncü dəlilim ondan ibarətdir ki, məhkəmə iddianın təmin edilməməsini qərarın əsaslandırıcı hissəsində (qərarın 3-cü səhifəsinin 5-ci abzasında) gəldiyi nəticəni ümumi olaraq belə əsaslandırmışdır : Beləliklə, xx xxxxx 2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olataq həmin ödənişə münasibətdə «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Məhkəmnin öz qərarını bu qavdada əsaslandırması tamamilə qanunsuz və əsassızdır. Belə ki, onun təqaüd almağını müharibə veteranı kimi sosial müavinət almağı ilə əlaqələndirib sosial müavinət almaq hüququndan məhrum edilməyi haqq-ədalətə əsaslanmır və bu iddiaçı kimi onun Konstitusiyada və Beynəlxalq-hüquqi Aktlarda öz əksini tapan sosial təminat hüququmun pozulmasına gətirib çıxarır ki, bu da iş üzrə tətbiq edilmiş normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmadığını göstərir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(116)-1008/2020 saylı qərarını ləğv edib, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1008/2020 qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2- 1(116)-1008/2020 tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 07999617 nömrəli X1 surəti, DSMF-nin Şəki şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********7 nömrəli imtina məktubu, xx.xx.2020-ci il tarixli 033966 nömrəli müharibə veteranı vəsiqəsinin təsdiqlənmiş surəti, DSMF-nin Şəki şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubu aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1008/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: İşdə olan cavabdehin xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubundan görünür ki,İddiaçı xx.xx.2019-cu il tarixdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən müharibə veteranı adı və vəsiqəsi verilmiş və həmin tarixdən qanunamüvafiq olaraq müharibə veteranlarına ödənilən Prezident təqaüdü təyin edilmişdir və ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın xx.xx.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il aprelin 1- dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Həmin Fərmanın 2.1.2-ci maddəsinə əsasən, dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Bundan başqa, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində social müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman xx.xx.2019-cu il tarixindən tətbiq edilir. Beləliklə, xx.xx.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra xx.xx.2019-cu il tarixindən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, normayaradıcı müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı yeni yanaşma qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hakimiyyətlər bölgüsünə dair konstitusiya prinsipinə görə məhkəmə orqanları hakimiyyətin digər qolunun səlahiyyətinə aid bu məsələnin tənzimlənmə qaydasına müdaxilə etmək hüququna malik deyildirlər. Məhkəmələrin belə mübahisələrə baxarkən rolları ondan ibarətdir ki, qanunvericilikdə baş vermiş bu dəyişikliklərin şəxslərin qazanılmış hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmasına yol verməsinlər. Nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bunun əksi ümumi qəbul edilmiş “qanuni gözlənti”, “qazanılmış hüquq”və “hüquqi müəyyənlik” prinsiplərinə zidd olardı. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə minənədək şəxslərin artıq qazanılmış hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2019-cu il tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki, təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası iddiaçının nəzərinə çatdırır ki, belə olan vəziyyətdə iddiaçının tələbinin təmin edilməsi üçün heç bir hüquqi və faktiki əsas yoxdur. Belə ki, müraciət edilməzdən əvvəlki üç il üçün ödənilmə o halda tətbiq edilə bilər ki, şəxsə veteran vəsiqəsi xx xxxxx 2019-cu il tarixdən əvvəl verilsin. Belə ki, 2019-cu il 1 aprel tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. 2019-cu il 1 aprel tarixindən əvvəl müharibə veteranı vəsiqəsi və statusu almış şəxslərə münasibətdə isə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq olunmaqla müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır. Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının 3.2-ci bəndinə əsasən, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi qərara alınmışdır. Bununla bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx xxxx 2020-ci il tarixli, 2-1(102)-754/2020 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apelyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Oğuz rayon filialına qarşı “cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək verilməmiş müharibə veteranları üçün müəyyən edilmiş aylıq müavinətlərin hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini təmin etməməkdə haqlıdır. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1008/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar