Məhkəmə qərarları › İş №2-1(107)-59/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-59/2023

11.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-59/2023 11.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli 2-1(116)-942/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 17 oktyabr 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyası təyin edildiyi tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1956-cı ildə doğulmuşdur. Onun 2021-ci il 17 oktyabr tarixində 65 yaşı tamam olmuşdur. Bununla da iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. İddiaçı bununla bağlı cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.

3. Cavabdeh xx.xx.2022-ci il tarixli **********8 nömrəli imtina məktubunda qeyd etmişdir ki, təqdim edilən sənədlərin surətlərinə əsasən iddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1973-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil aldığı dövr, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı xx.xx.2006-cı il tarixinədək 16 il 3 ay təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16 il 3 ay sığorta stajına uyğun olaraq 12383,64 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 34.560 manat, minimum pensiya təminatı isə 240 manat müəyyən edilmişdir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Balakən Rayon İcra Hakimiyyəti Balakən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli № 03 saylı arxiv arayışına əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1990-cı il tarixindən xx.xx.1994-cü il tarixinədək Balakən rayon Təsərrüfat Hesablı Təmir-Tikinti Müəssisəsinin, xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək Balakən rayon “Firma” mağazasının və xx.xx.1996-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək Balakən SMD-nin arxiv sənədləri X3 filialına təhvil verilmədiyinə və hal-hazırda həmin müəssisələr fəaliyyət göstərmədiyinə görə qeyd olunan dövrlər iddiaçının sığorta stajına əlavə edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli **********3 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

5. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır.

6. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 65 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq. 2) azı 25 il sığorta stajı olduqda.

7. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

8. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.

9. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin surətinə əsasən onun əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1973-cü il tarixdən xx.xx.1978-ci il tarixədək təhsil aldığı dövr, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı xx.xx.2006-cı il tarixədək 16 il 3 ay təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16 il 3 ay sığorta stajına uyğun olaraq 12383,65 manat təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir.

10. İddiaçının əmək kitabçasında qeyd edilən və iddiaçının işlədiyini iddia etdiyi xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Balakən rayon Təsərrüfat Hesablı Təmir-Tikinti Müəssisəsinin, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Balakən rayon “Firma” mağazasının və xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Balakən SMD-nin arxiv sənədləri X3 filialına təhvil verilmədiyinə və hal-hazırda həmin müəssisələr fəaliyyət göstərmədiyinə görə qeyd olunan dövrlər (ümumilikdə 9 il) sığorta stajına əlavə edilməmişdir.

11. Göstərilənlərə əsasən İddiaçı nə azı 25 il sığorta stajına malik olduğuna, nə də fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (112383,64 manat indeksləşdirilməklə) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə görə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi ərizəni təmin edə bilməz.

12. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

13. İddiaçı xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş ərizəsində iddianın həcmini azaldaraq “xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.

14. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

15. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

16. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 4 oktyabr 2022-ci il tarixli 2-1(116)-942/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

17. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

18. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin surətinə əsasən onun əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1973-cü il tarixdən xx.xx.1978-ci il tarixədək təhsil aldığı dövr, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı xx.xx.2006cı il tarixədək 16 il 3 ay təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16 il 3 ay sığorta stajına uyğun olaraq 12383,65 manat təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçının əmək kitabçasında qeyd edilən və iddiaçının işlədiyini iddia etdiyi xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Balakən rayon Təsərrüfat Hesablı Təmir-Tikinti Müəssisəsinin, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Balakən rayon firma mağazasının və xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Balakən SMD-nin arxiv sənədləri X3 filialına təhvil verilmədiyinə və hal-hazırda həmin müəssisələr fəaliyyət göstərmədiyinə görə qeyd olunan dövrlər (ümumilikdə 9 il) sığorta stajına əlavə edilməmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsini 4 oktyabr 2022-ci il tarixli 2-1(116)- 942/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli 2-1(116)-942/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli 2-1(116)- 942/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

21. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - İddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. xx.xx.2021-ci il tarixdə iddiaçının 65 yaşı tamam olmuşdur. - Balakən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 37 nömrəli məktubunda qeyd olunur ki, Balakən rayon təsərrüfat hesablı Təmir Tikinti Müəssisəsinin, Balakən rayon “Firma” mağazasının, Balakən SMD-nin sənədləri Balakən rayon Dövlət Arxivinə təhvil verilməmişdir. - 026126 nömrəli diplomun notariat qaydasında təsdiq olunmuş surətinə əsasən, iddiaçı xx.xx.1973-cü ildən xx.xx.1978-ci ilədək “S.M.Kirov” adına X5 ordenli Azərbaycan Dövlət Universitetində təhsil almışdır. - İddiaçıya məxsus BO 075833 nömrəli hərbi biletə əsasən o, 1978-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1977-ci ildə Azərbaycan Dövlət Universiteti nəzdində müvafiq istiqamət üzrə hərbi hazırlıq keçmişdir. 279 nömrəli xx.xx.1978-ci il tarixli əmrlə leytenant rütbəsi verilmişdir. (cəmi 4 il 10 ay) - İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti dövrü aşağıdakı kimidir: xx.xx.1978-ci ildən xx.xx.1982-ci ilədək 1 nömrəli Talalar orta məktəbində riyaziyyat müəllimi və tərbiyə işləri üzrə direktor müavini işləmişdir (3 il 10 ay 15 gün); xx.xx.1982-ci ildən xx.xx.1985-ci ilədək X1 xidmət keçmişdir (3 il 28 gün); xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilədək baş iqtisadçı, əmək və əmək haqqı üzrə iqtisadçı (1 il 11 ay 11 gün); xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilədək “Oktyabr” kolxozunda sədr müavini olmuşdur (2 il 6 ay 17 gün); xx.xx.1990-cı ildən xx.xx.1994-cü ilədək Balakən təsərrüfat hesablı təmir tikinti sahəsində iqtisadçı (3 il 6 ay 28 gün); xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək Balakən rayon təsərrüfat hesablı “Firma” mağazasında baş mühasib (1 il 10 ay 25 gün); xx.xx.1996-cı ildən xx.xx.1999-cu ilədək Balakən SMD-də iqtisadçı (3 il 5 ay 7 gün) işləmişdir. - İddiaçı tərəfindən əldə edilmiş Balakən təsərrüfat hesablı “Firma” mağazasının əmək haqqı kitabları məhkəməyə təqdim olunmuş, kitablar iş materiallarına əlavə edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

22. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

23. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

36. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, 1 iyul 2020-ci il tarixdən etibarən kişilərə münasibətdə yaşa görə əmək pensiyası hüququ verən yaş həddi 65 yaş olmuşdur. 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

27. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli 2-1(116)-942/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

28. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

29. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

30. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır.

32. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. xx.xx.2021-ci il tarixdə iddiaçının 65 yaşı tamam olmuşdur. Balakən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 37 nömrəli məktubuna əsasən, Balakən rayon Təsərrüfat Hesablı Təmir-Tikinti Müəssisəsinin, Balakən rayon “Firma” mağazasının, Balakən SMD-nin sənədləri Balakən rayon Dövlət Arxivinə təhvil verilməmişdir. 026126 nömrəli diploma əsasən, iddiaçı xx.xx.1973-cü ildən xx.xx.1978-ci ilədək “S.M.Kirov” adına X5 ordenli Azərbaycan Dövlət Universitetində təhsil almışdır. İddiaçıya məxsus BO 075833 nömrəli hərbi biletə əsasən o, 1978-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1977-ci ildə Azərbaycan Dövlət Universiteti nəzdində müvafiq istiqamət üzrə hərbi hazırlıq keçmişdir. 279 nömrəli xx.xx.1978-ci il tarixli əmrlə leytenant rütbəsi verilmişdir. (cəmi 4 il 10 ay) İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti dövrü aşağıdakı kimidir: xx.xx.1978-ci ildən xx.xx.1982-ci ilədək 1 nömrəli Talalar orta məktəbində riyaziyyat müəllimi və tərbiyə işləri üzrə direktor müavini işləmişdir (3 il 10 ay 15 gün); xx.xx.1982-ci ildən xx.xx.1985-ci ilədək X1 xidmət keçmişdir (3 il 28 gün); xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilədək baş iqtisadçı, əmək və əmək haqqı üzrə iqtisadçı (1 il 11 ay 11 gün); xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilədək “Oktyabr” kolxozunda sədr müavini olmuşdur (2 il 6 ay 17 gün); xx.xx.1990-cı ildən xx.xx.1994-cü ilədək Balakən təsərrüfat hesablı təmir tikinti sahəsində iqtisadçı (3 il 6 ay 28 gün); xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək Balakən rayon təsərrüfat hesablı “Firma” mağazasında baş mühasib (1 il 10 ay 25 gün); xx.xx.1996-cı ildən xx.xx.1999-cu ilədək Balakən SMD-də iqtisadçı (3 il 5 ay 7 gün) işləmişdir. İddiaçı tərəfindən əldə edilmiş Balakən təsərrüfat hesablı “Firma” mağazasının əmək haqqı kitabları məhkəməyə təqdim olunmuş, kitablar iş materiallarına əlavə edilmişdir.

33. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirirərək qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması.

34. xx.xx.1956-cı il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olmuş iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. Cavabdeh tərəfindən mübahisələndirilən əmək kitabçasında göstərilən müddətlərin iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır. Belə ki, müəyyən edilmişdir ki, yuxarıda göstərilənlərə və əmək kitabçasında aparılmış qeydlərə əsasən iddiaçının ümumi 25 il 2 ay 11 gün iş stajı vardır. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçası ilə öz təsdiqini tapan əmək stajının müddətləri müxtəlif dövrlərə aid olan hissədə mübahisələndirilsə də, iddiaçının həmin illərə dair əmək stajını təkzib edən və ya işləməməsini təsdiq edən mötəbər dəlillər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.

35. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2021-ci il tarixli 2-1(102)- 1737/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir.

36. Belə olan halda iddiaçının qanunvericiliklə müəyyən edilmiş minimal 25 illik sığorta stajı tələbinə cavab verməsi iş materialları ilə öz təsdiqini tapır.

37. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilən işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan kollegiyanın qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

39. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli 2-1(116)-942/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar