Məhkəmə qərarları › İş №2-1(107)-59/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-59/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-59/2025 15.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X8 və X4 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 2-1(116)-245/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “ailə başçısını itirməyə görə əmək pensiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbində göstərmişdir ki, o, 1987-ci ildə doğulmuşdur və anadangəlmə sağ qolundan şikəstdir. Onun “anadangəlmə ferebral iflicinin qalıq əlamətləri-sağ tərəfli hemipareya diaqnozlu şikəst olmağı 2003-cü ildə 16 yaşında şagird olanda Zaqatala Rayon Hərbi Komissarlığında ilkin hərbi qeydiyyat və dispanser müayinələri zamanı müəyyən edilmişdir. 2005-ci ildə növbəti dəfə həqiqi hərbi xidmətə çağırışçıların tibbi yoxlanılması və qeydiyyatı zamanı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Zaqatala zona Tibbi-Sosial Ekspert Komissi-n SER TSE- 01 Ne 003225 TSEK-də müayinə aktından çıxarışa əsasən uşaqlıqdan 2-ci dərəcəli əlil olduğu müəyyən edilmişdir. İddiaçı həmin tarixdən müddətsiz pensiya alır. İddiaçının anası 18 aprel 2022-ci il tarixdə, atası 06 oktyabr 2022-ci il tarixdə vəfat etmişlər. Anasının pensiyasının iddiaçıya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki- Zaqatala regional Filialına ərizə ilə müracit etmişdir. Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023cü il tarixli imtina məktubu ilə tələbin icrasından imtina etmişdir.

3. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli etiraz məktubunda bildirmişdir ki, müraciətə aidiyyəti üzrə Mərkəzi Filial tərəfindən baxılaraq xx.xx.2023-cü il tarixli 3-17- 1/2-M73068/2023 nömrəli məktubla cavablandırılmışdır. Həmin məktuba əsasən mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində iddiaçının əlillik dərəcəsi haqqında məlumat əks olunmadığı üçün ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışın 3 saylı Şəki-Zaqatala regional filialına təqdim etməklə təkrar müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququna yenidən baxılacaqdır. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna malikdirlər. Lakin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində əlillik dərəcəsi haqqında məlumat əks olunmadığı üçün ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 13 avqust 2024-cü il tarixli 2- 1(116)-245/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi mümkün olmadığı üçün ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün olmamışdır. Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli məktubunda da Nümayəndə2 sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış aşkar edilmədiyi qeyd edilmişdir. Bundan başqa birinci instansiya məhkəməsinin mövqeyinə görə iş materiallarında olan “əlillik” altsistemindən çıxarışa əsasən iddiaçıya xx.xx.2006-cı il tarixdən ümumi xəstəlik səbəbindən əlillik təyin edilmişdir. Həmin çıxarışda diaqnozun “uşaq serebral iflicin qalıq əlamətləri, sağ tərəfli dərin hemiparez. Yaddaş və intellekt zəifliyi” olduğu qeyd edilmişdir. Buradan görünür ki, uşaqlıqdan əlillik müəyyən edilmişdir. Sözügedən əsasa münasibətdə bildiririk ki, iddiaçının əlillik müayinəsinə dair sənədlərdə şəxsin anadangəlmə əlilliyinin olması qeyd edilməmişdir. Belə ki, təqdim olunan çıxarışda uşaqlıqdan əlil ifadəsi qeyd edilmişdir ki, bu ifadənin də məzmunu əlilliyin anadangəlmə olması kimi qiymətləndirilə bilməz. Bu halda xəstəliyin anadangəlmə olması və sonrakı inkşaf dövründə müəyyən məhdudiyyətlərdə özünü göstərməsi və son olaraq 18 yaşdan sonra əlilliyə səbəbiyyət verməsi kimi dəyərləndirilməlidir. Göründüyü kimi sonrakı dövrlərdə xəstəliyin inkşafı ilə əlaqədar olaraq şəxsə yalnız 18 yaşdan sonra əlillik əlamətləri müəyyən edilərək təyinat verilmişdir. Nəzərinizə çatdırırıq ki, qanunvericiliyin yuxarıda sadalanan normalarından da göründüyü kimi, şəxs məhz TSEK-in əlilliyin qiymətləndirilməsi barədə qərar qəbul etdiyi tarixdən əlilliyi olan şəxs hesab olunur. Nəzərə alınmalıdır ki, Fond qanunvericiliklə müəyyənləşdirilmiş əsaslar olduğu təqdirdə müvafiq sosial ödənişləri həyata keçirən qurumdur. Qeyd edilən qərar olmadığı halda, göstərilən şəxslərin “əlilliyi olan şəxs” statusuna sahib şəxs kimi qiymətləndirilməsi və onlara əlilliyi olmayan dövr üzrə Fond tərəfindən müvafiq ödənişlərin verilməsi qanunvericiliklə mümkün hesab edilə bilməz. Birinci instansiya məhkəməsi qərarın nəticə hissəsində iddiaçıya anasının vəfat etdiyi 18 aprel 2022-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini qərara almışdır. Lakin məhkəmə tərəfindən iddiaçının anası vəfat etdikdən sonra atasının müraciəti əsasında ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyi və vəfat etdiyi tarixədək ödənildiyi nəzərə alınmamışdır. Qeyd edirik ki, ailə başçısını itirməyə görə əmək pensiyası iddiaçının atasına tam məbləğdə təyin edilərək ödənilmişdir. Belə olan halda artıq vəfat etmiş şəxsə görə ailə başçısını itirməyə görə əmək pensiyası bir şəxsə tam məbləğdə ödənildiyindən ikinci dəfə yenidən eyni dövrlər üzrə başqa şəxsə ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması qanunvericiliklə mümkün hesab edilə bilməz. Lakin iddia tələbinin təmin edilməsinə fokuslanan birinci instansiya məhkəməsi göstərilən hallara diqqət yetirmədən eyni əmək pensiyasının eyni dövrdə iki ayrı şəxsə ödənilməsinə gətirib çıxaran qərar qəbul edərək müvafiq öhdəliyi cavabdehə həvalə etmişdir. Bildirik ki, iddiaçının atası Məmmədov Zamanbəy Şaban oğluna xx.xx.2024-cü il tarixdə tarixdə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək xx.xx.2024-cü il tarixədək (4 ay) aylıq 420.82 manat məbləğində ödənilmişdir. Onu da qeyd edək ki, müvafiq məsələ iddiaçının özü tərəfindən də müraciət ərizəsində qeyd edilmiş, atası vəfat etdikdən sonra ona pensiya təyin edilməsi üçün müraciət etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 2-1(116)-245/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 2-1(116)-245/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 2-1(116)-245/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

11. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, cavadeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.

2. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, mərhum X1 yaşa görə əmək pensiyası işinə daxil edilmiş əmək kitabçasına və təhsil haqqında diplomun surətinə əsasən onun sosial sığorta stajı 34 il 1 gün təşkil edir.

3. AZ-İİ 275492 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixində vəfat etmişdir.

4. Xİİ-ЖГ 420272 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. Atası Məmmədov Zamanbəy Şaban oğlu, anası X2r.

5. Zaqatala RİHB-nın Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin arayışı;

6. Zaqatala Rayon Hərbi Komisarlığının 08.05.03-cü il tarixli, 2/57 nömrəli müayinə üçün göndəriş məktubu

7. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının stasionar xəstənin tibbi kartından 10/Vİİ.2003-cü il tarixli, 1150 nömrəli çıxarış,

8. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2003-cü il tarixli, 1888 nömrəli səhhətin müayinə edilməsi Aktı.

9. xx.xx.1976-cı il tarixli 41 nömrəli nikahın bağlanması haqqında akt qeydinin surəti,

10. İddiaçı məxsus xx.xx.1954-cü il tarixli 24 nömrəli doğum haqqında akt qeydinin surəti,

11. xx.xx.2023-cü il tarixli xxxxxxx230003 nömrəli müraciət vərəqəsindən görünür ki, iddiaçı ailə başçısını itirməyə göeə əmək pensiyasının təyin olunması üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

13. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 4.4-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir. 5.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir.

15. “Əmək pensiyaları haqqında” Qanunun 13 iyun 2008-ci il tarixdən qüvvəyə minmiş 14.1.1.2-ci maddəsinə əsasən 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxsin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.”

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

17. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır.

18. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

20. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, TSERA-nın Alt sistemindən çıxarışaa əsasən, iddiaçıya 06 yanvar 2006-cı il tarixindən ümumi xəstəlik səbəbi ilə müddətsiz əlillik təyin edilmişdir. Həmin çıxarışda diaqnozun “uşaq serebral iflicin qalıq əlamətləri,sağ tərəfli dərin hemiparez.Yaddaş və intellekt zəifliyi” olduğu qeyd edilmişdir. Əliliyin səbəbi ilə bağlı müayinə aktından görünür ki, uşaqlıqdan əlillik müəyyən edilmişdir. Yəni iddiaçıya əlillik 18 yaşının tamam olduğu tarixdən sonra təyin edilsə də əlillik sonradan deyil, uşaqlıqdan mövcud olmuşdur. İddiaçı əlilliyə görə əmək pensiyasından ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilməsini xahiş etmiş, lakin cavabdeh iddiaçının xahişini təmin etməmişdir.

23. Halbuki “Əmək pensiyaları haqqında” Qanunun 13 iyun 2008-ci il tarixdən qüvvəyə minmiş 14.1.1.2-ci maddəsinə əsasən 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxsin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.”

24. Cavabdehin apellyasiya şikayətini iddiaçının əlilliyinin 18 yaşı tamam olduqdan sonra müəyyən edildiyindən ona şamil olunmaması ilə əsaslandırmışdır.

25. Oxşar analoji işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)2925/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında aşağıdakılar göstərilmişdir : 18 yaşı tamam olmamış şəxsin əlilliyinin müəyyən edilməsi üçün onun qanuni nümayəndəsinin həmin orqana müraciət etməsi, bundan sonra isə əlilliyi müəyyən edən orqanın bu barədə qərar verməsi vacibdir. Hazırkı halda iddiaçının 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə valideynlərinin əlilliyi müəyyən edən orqana müraciət etməsinə dair işdə sübut olmamasına və 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə inzibati aktın (arayışın) olmamasına baxmayaraq, onun anadangəlmə lal-karlığı təsdiq olunduğundan, o, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxslərə bərabər statuslu hesab edilməklə, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olmuşdur.

26. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan əldə olunması halına münasibətdə xüsusi yanaşma tətbiq olunmalıdır.

27. Nəzərə alınmalıdır ki, əlillik anadangəlmə xəstəliklərin və ya çatışmazlıqların, yaxud sonradan qazanılmış xəstəliklərin və ya zədənin, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqların səbəb olduğu əqli və ya fiziki qüsurlar nəticəsində yaranır. Əlilliyin qiymətləndirilməsi və bunun nəticələrindən irəli gələn əlilliyin müəyyən olunmasına və ya imtinaya dair qərar qəbul edilməsi səlahiyyəti TSEK-ə məxsusdur. Əlilliyin qiymətləndirilməsinə dair fəaliyyət isə orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə həyata keçirilir.

28. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığının mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi halında qərarın tarixinə üstünlük verilməsi həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan üstünlük təşkil etməsi prinsipi ilə, eləcə də ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı.

29. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər.

30. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, xx.xx.2023-cü il tarixli xxxxxxx230003 nömrəli müraciət vərəqəsinə əsasən, iddiaçı ailə başçısını itirməyə göeə əmək pensiyasının təyin olunması üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir.

32. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.

33. Belə olan halda məhkəmə kollegiyası yuxarıda qeyd edilən işin faktiki hallarını və istinad olunan qanunvericiliyin maddi və prosessual normalarının tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməsini nəzərə almamış, bununla da məhkəmə inzibati işin faktiki hallarını tam araşdırmadan, sübutları maddi və prossesual normalara uyğun qiymətləndirmədən iddiaçının tələbini təmin etmişdir.

34. Yuxarıda qeyd olunan işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınin üzərinə İddiaçı xx.xx.2023-cü il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır.

35. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İddia tələbi qismən təmin edilərək, Şəki İnzibati Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 2-1(116)-245/2024 nömrəli qərarı İddiaçı 18 aprel 2022-ci il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi hissədə dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınin üzərinə İddiaçı xx.xx.2023-cü il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar