Məhkəmə qərarları › İş №2-1(107)-592/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-592/2025

18.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-592/2025 18.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımın təyin olunaraq, məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 05 avqust 2025-ci il tarixli 2-1(116)-2185/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımın təyin olunaraq, məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən orta aylıq gəliri ondan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olduğu üçün sosial yardım almaq hüququna malik olan aztəminatlı ailəsinə 8 yaşına çatmamış uşağa qulluq edən ona və qeyri-rəsmi nikahdan anadan olmuş 2 uşağına 2023-cü ildə 1 il müddətinə təyin olunmuş sosial yardımın müddəti 2024-cü ilin mart ayında bitmişdir. Sosial yardımı təkrar almaq məqsədi ilə 3 nəfərdən ibarət olan ailə tərkibi haqqında arayışı notariat orqanında təsdiqlədərək 03 aprel 2024cü il tarixli **********175 nömrəli “Ərizə-bəyannamə” ilə müraciət edən zaman ailəsinin tərkibində, gəlirlərində, kommunal və rabitə xərclərində uyğunsuzluq və kənarlaşma aşkarlamayan VEMTAS ailəsinin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə Şöbənin sosial yardım üzrə işçilərinə tapşırıq göndərmişdir. Ödəniş etmədən kirayəçi qismində yaşadığı evə daxil olub axtarış və çəkiliş aparan Şöbənin işçiləri onun ailəsini saxlamağa, birgə təsərrüfat aparmağa, maddi cəhətdən təmin etməyə borclu olmayan, həmin evdə yaşayan yaşayış evinin mülkiyyətçisinə və arvadına görə aztəminatlı ailəsinə- -"Ailə tərkibinin düzgün göstərilməməsi" bəhanəsi ilə qanunsuz imtina cavabı vermişlər. "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanun ailəyə belə bir anlayış vermişdir - qohumluq və ya qanunvericilikdə müəyyən olunmuş digər xüsüsiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər.(1.0.2 m.) Ailə hesab edilə bilmək üçün digər tələblərlə yanaşı, birgə yaşayan şəxslərin ümumi ev təsərrüfatına malik olmaları müəyyən olunmalıdır. Ümumi ev təsərrüfatının birgə aparılması dedikdə, həmin əmlakın birgə qazancın nəticəsində əldə edilməsi başa düşülür. Daşınmaz əmlak üzərində vətəndaşın mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan yaranır. Ödəniş etmədən kirayəçi qismində yaşadığı yaşayış evinin ayrı təsərrüfat aparan mülkiyyətçisi ilə onun ailəsinin mülkiyyətində daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış ümumi birgə ev təsərrüfatı yoxdur. Onunla qohumluq əlaqəsi olmayan, ödəniş etmədən kirayəçi qismində yaşadığı yaşayış evinin mülkiyyətçisi və arvadı onun ailəsini saxlamağa, zorla birgə təsərrüfat aparmağa, maddi cəhətdən təmin etməyə və öz büdcələrinin vəsaiti hesabına aztəminatlı ailəsinə ünvanlı dövlət sosial yardım təyin etməyə və verməyə borclu deyillər.

3. Cavabdeh orqan etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ünvanlı dövlət sosial yardımın (bundan sonra - ÜDSY) təyin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, **********175 nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətə aşağıdakı əsasla imtina verilmişdir: ailə tərkibinin düzgün göstərilməməsi; - Maddi-məişət şəraitinin müayinəsi zamanı tərtib edilmiş xx.xx.2024-cü il tarixli yoxlama aktına və çəkilmiş videogörüntüyə əsasən ünvana gəlmiş əməkdaşlar müayinə zamanı ünvanda özünü qonşu kimi təqdim edən yaşlı qadın aşkarlanmışdır. Həmin şəxs ad, soyad və ata adının X5 olduğunu qeyd etsə də şəxsiyyətini təsdiq edən sənədi əməkdaşlara təqdim etməmiş, bu səbəbdən şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdır. İddiaçı özü də həmin şəxsin qonşusu olduğunu qeyd etmişdir. - Beləliklə həmin şəxsin öz şəxsiyyətini təsdiq edən sənədi təqdim etməməsi və ailə tərkibində qeyd olunmamasına baxmayaraq evdə aşkarlanması imtina üçün əsas olmuşdur. - Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə yenidən ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün cavabdehə müraciət etmiş, müraciət edərkən ailə tərkibinin özü və iki uşağından ibarət olmaqla üç nəfər olduğunu qeyd etmişdir. - Müvafiq müraciətlə bağlı maddi-məişət şəraitinin yoxlanılması məqsədilə ünvana gedilmiş, xx.xx.2025-ci il tarixli yoxlama aktı tərtib edilmiş və həmin yoxlama videogörüntüylə qeydə alınmışdır. Həmin yoxlama zamanı əvvəlki müraciətdə olduğu kimi X5 yenə də ünvanda aşkarlanmış, yoxlama keçirilərkən şəxsiyyət vəsiqəsini təqdim etmədən ünvandan uzaqlaşmışdır. İddiaçı bu səfər onun öz qayınanası olduğunu etiraf etmişdir. - Həmçinin ünvana baxış keçirilərkən iddiaçı evdəki yataqlardan birinin qayınanası G.Şərifovaya aid olduğunu və onun özləri ilə birgə yaşadığını etiraf etmişdir. Əlavə olaraq iddiaçı həyat yoldaşının cəzaçəkmə müəssisəsində olduğunu qeyd etmişdir. - Beləliklə, iddiaçının qayınanası və həyat yoldaşı ailə tərkibində qeyd olunmadığından ikinci müraciətindən də “ailə tərkibinin düzgün göstərilməməsi” əsası ilə imtina edilmişdir. - Qeyd olunanlara əsasən məhkəmənin nəzərinə çatdırılmışdır ki, iddiaçı ilk müraciətdə qayınanası G.Şərifovanı əvvəlcə qonşusu kimi tanıtmış, ikinci müraciətində isə həmin şəxsin qayınanası olduğunu və özü ilə birgə yaşadığını qeyd etmişdir. Həmçinin hər iki müraciətin yoxlanılması zamanı G.Şərifovanın evdə olmasının və yoxlama zamanı şəxsiyyət vəsiqəsini təqdim etmədən ünvandan uzaqlaşmasının təsadüf nəticəsində baş vermədiyi də aşkar surətdə görünür. - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ev təsərrüfatları tədqiqatının əsas yekunlarına dair statistik məcmuəsində ev təsərrüfatının nədən ibarət olmasını qeyd etmişdir. Ev təsərrüfatı - bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və ərzaq məhsullarının istehlakını birgə həyata keçirsinlər. Ev təsərrüfatı bir nəfərdən, bir və ya bir neçə ailədən və ailə üzvü olmayan şəxsdən (şəxslərdən), eləcə də qohum olmayan şəxslərdən ibarət ola bilər. - "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. - “Ünvanlı dövlət sosial yardımı haqqında" xx.xx.2005-ci il tarixli Qanunun 3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. - Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. - Sözügedən Qanunun 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - Sözügedən Qanunun 6.3-cü maddəsinə əsasən, sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. - Sözügedən Qanunun 10.1-ci maddəsinə əsasən, sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. - “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 477 saylı Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X7 və X11 (VEMTAS) yaradılmışdır. - Sözügedən Qaydaların 1.1-ci maddəsinə əsasən, bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının (bundan sonra - sosial yardım) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. - Sözügedən Qaydaların 2.2-ci maddəsinə əsasən, bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs (bundan sonra - Təmsilçi) “Elektron hökumət" və ya Nazirliyin “e-sosial’ internet portallarında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. - Sözügedən Qaydaların 3.2-ci maddəsinə əsasən, VEMTAS tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. - Sözügedən Qaydaların 3.3-cü maddəsinə əsasən, bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. - Sözügedən Qaydaların 3.4.1-cü maddəsinə əsasən, VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Sözügedən Qaydaların 3.4.2-ci maddəsinə əsasən, məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 saylı Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları’nın 1.2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri əmək qabiliyyətli olan ailə üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi səbəblərindən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər. - Sözügedən Qaydaların 3.1-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. - Sözügedən Qaydaların 3.3-cü maddəsinə əsasən, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. - Sözügedən Qaydaların 3.4.2-ci maddəsinə əsasən, məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda. VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. - Sözügedən Qaydaların 5-ci maddəsində ailənin orta aylıq gəlirinin mənbələri və hesablanması metodologiyası qeyd edilmişdir. 5.22-ci maddəyə əsasən, ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox sağlamlıq imkanları məhdud və ya İ və İİ qrup əlil üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür: YM (34.8%+16.7%+7.7%)+R+RM Burada: YM - yaşayış minimumunun ölkə üzrə məbləği; R - ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; RM - mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği. - Ailənin orta aylıq gəliri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır. - Analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-442/2021 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayət təmin edilmişdir. Belə ki, Ali Məhkəmənin mövqeyinə görə iddiaçının ərizə bəyannamədə qeyd etdiyi məlumatlarla maddi-məişət şəraitinin yoxlanılması zamanı aşkar olunmuş məlumatlar arasındakı ziddiyətlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 37 nömrəli Qaydalarda birbaşa olaraq imtina əsası kimi göstərilmişdir. Odur ki, ərizə bəyannamə ilə maddi-məişət şəraitinin yoxlanılması zamanı əldə olunmuş məlumatlar arasındakı uyğunsuzluq birmənalı olaraq imtina əsasıdır. - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 01 dekabr 2010- cu il tarixli Qərarında qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. - Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - Qeyd olunanlardan bir daha aydın olduğu kimi, müayinə əsasında iddiaçının öz ərizə-bəyannaməsində ailə tərkibi barədə düzgün məlumatlar göstərmədiyindən uyğunsuzluqlar aşkarlanmışdır. İddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” xx.xx.2024-cü il tarixli **********175 nömrəli bildirişdən görünür ki, cavabdeh orqan ailə tərkibinin düzgün göstərilməməsi səbəbi ilə sosial yardımın təyin edilməsindən imtina etmişdir. - Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə xx.xx.2024-cü il tarixli məlumat vərəqəsindəki əlavə məlumat hissəsində aşağıdakı məlumatlar qeyd edilmişdir: Müayinə təmsilçi ilə aparılmışdır. Bildirilmişdir ki, yaşadıqları ev keçmiş qayınatasına məxsusdur. Ailə tərkibinin ərizə-bəyannamədə göstərilən 3 nəfərdən ibarət olduğu bildirilsə də MMŞM-i zamanı özünü qonşu kimi təqdim edən yaşlı qadın olmuşdur. Ad soyadının X5 olduğunu qeyd etmişdir. Lakin şəxsiyyət vəsiqəsini və ya digər şəxsiyyətini təsdiq edən sənəd təqdim etməmiş, kimliyini müəyyən etmək mümkün olmamışdır. Ailə gəlirinin 150 AZN atası tərəfindən köməklikdən ibarət olduğunu qeyd etmişdir. Qeyri-rəsmi nikahla evli olmuş, uşaqlar ata soyadındadır. Aliment iddiasının olmadığını bildirmişdir. Həyətyanı sahənin 35 ar olduğunu qeyd etmişdir. - Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə xx.xx.2024-cü il tarixli məlumat vərəqəsindəki əlavə məlumat hissəsində aşağıdakı məlumatlar qeyd edilmişdir: Evə yaxınlaşdığımız zaman həyətdə bir qadın var idi. Həmin şəxs təmsilçinin qayınanası-Şərifova Gülgəz xanım idi. Ünvandan uzaqlaşdı. Həmin vətəndaşın kimliyi müəyyən edilmədi. Şəxsiyyət vəsiqəsi təqdim edilmədi. Təmsilçi bildirdi ki, həyat yoldaşı Təbriz bəy cəzaçəkmə müəssisəsindədir, ayrılmayıb, qayınanası ilə birlikdə bu evdə yaşayır. Ailə tərkibi düzgün qeyd olunmayıb- həyat yoldaşı və qayınanası qeyd edilməyib.

5. Şəki İnzibati Məhkəməsinin (hakim X9) 05 avqust 2025-ci il tarixli 2-1(116)- 2185/2025 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı xx.xx.2024-cü il tarixdən 1 il müddətinə ünvanlı dövlət sosial yardım təyin edilməsi öhdəliyi qoyulmuşdur.

6. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçının ailəsi 3 nəfərdən ibarətdir, onlardan ikisi azyaşlıdır. Cavabdeh orqanın iddiaya qarşı əsas dəlili iddiaçının ailə tərkibinin düzgün göstərilməməsi ilə bağlıdır. Belə ki, cavabdeh orqan maddi-məişət şəraitinin yoxlanılması zamanı iddiaçının ailə tərkibinin özünü qonşu kimi təqdim edən qayınanasından ibarət olmasının aşkar edilməsini bildirir və qeyd edir ki, ailə tərkibinin düzgün göstərilməməsi iddiaçının gəlirlərinin də düzgün göstərilməməsinə səbəb olmuşdur. Lakin, məhkəmə cavabdeh orqanın həmin dəlilini əsassız hesab edir. - Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh müvafiq müraciətin təmin edilməsindən imtina edərkən yalnız birgə yaşama halının mövcudluğuna istinad etmiş, birgə yaşayan şəxsin ümumi birgə təsərrüfat aparmasını subyektiv mülahizələrlə əsaslandırmış və iddiaçının birgə yaşadığı şəxslərlə birgə təsərrüfat aparmadan yaşamasının mümkünsüzlüyünə istinad etmişdir. - Belə ki, cavabdeh bu zaman sübut kimi baxış aktına əsaslanmışdır. Lakin, baxış zamanı yalnız iddiaçının qaynanasının həmin ünvanda yaşadığı müəyyən edilmişdir. Hansı ki, iddiaçı özü də bu halı daha sonra təsdiq etmişdir, həmin hal videogörüntü ilə təsdiq edilməklə cavabdehin iddia ərizəsinə etiraz məktubu ilə də öz təsdiqini tapır. Lakin, bu heç də cavabdeh inzibati orqana iddiaçının və qaynanasının ümumi ev təsərrüfatına malik olması qənaətinə gəlməyə əsas vermir. Belə ki, şəxslərin eyni ünvanda yaşaması faktı özlüyündə birgə yaşayan şəxslərin birgə ev təsərrüfatı aparması qənaətini yaratmır. Ümumi ev təsərrüfatının aparılması dedikdə isə, əldə olunan qazancın ailənin ümumi ehtiyaclarına sərf edilməsi, o cümlədən mövcud əmlakın birgə təsərrüfat fəaliyyətinin nəticəsində əldə edilməsi başa düşülür. Cavabdeh inzibati orqan iddiaçının qaynanası ilə eyni ünvanda yaşama faktını birgə təsərrüfatın aparılması kimi qiymətləndirərək yanlış nəticəyə gəlmiş və əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. - Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçının ailə tərkibinin düzgün göstərilməməsi ilə bağlı cavabdeh orqanın imtinası əsassız olduğundan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Eyni zamanda cavabdeh orqan iddiaçının ailəsinin müraciətdə qeyd edilənlərdən başqa gəlirləri olması barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmiş, məhkəmədə işə baxılan zaman da iddiaçının ailəsinin özünün təqdim etdiyi gəlirlərdən başqa əlavə gəlirlərinin olması müəyyən edilməmişdir. - Məhkəmə imtina məktubunun, həmçinin iddia ərizəsinə etirazın dəlillərinə münasibətdə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, ərizə-bəyannamədə göstərilən məlumatların yoxlanılması zamanı müəyyən uyğunsuzluq aşkarlandıqda, bu halın özü ünvanlı sosial yardımın verilməsindən imtina edilməsinə əsas olmamalıdır. Yəni, sadəcə məlumatlarda fərqin müəyyən edilməsi kifayət deyil ki, dərhal imtina qərarı qəbul edilsin. Uyğunsuzluğun mövcudluğu mütləq şəkildə ünvanlı sosial yardımın təyin edilməsinin məqsəd və tələbləri nəzərə alınaraq diqqətlə qiymətləndirilməlidir. Bu o deməkdir ki, uyğunsuzluq yalnız o halda imtina üçün əsas ola bilər ki, yoxlama zamanı şəxsin bəyan etdiyi məlumatlardan fərqli vəziyyət müəyyən edilsin və bu fərq nəticəsində şəxs artıq qanunvericilikdə göstərilən aztəminatlı meyarlarına uyğun gəlməsin. Başqa sözlə, şəxsin vəziyyətində olan bu fərq onu ünvanlı sosial yardımdan məhrum edən ciddi bir dəyişiklik yaratmalıdır. Ona görə də, hər hansı bir məlumat uyğunsuzluğu deyil, yalnız həmin uyğunsuzluq nəticəsində şəxsin yardım almaq hüququnu itirməsinə səbəb olan uyğunsuzluq imtinanın əsasını təşkil edə bilər. Əgər yoxlama zamanı aşkar edilən uyğunsuzluq belə ciddi nəticələrə gətirib çıxarmırsa, yəni şəxs hələ də ünvanlı sosial yardım almaq üçün nəzərdə tutulan tələblərə cavab verirsə, ona sosial yardımın verilməsindən imtina oluna bilməz. - Məhkəmə bütün qeyd edilən halları nəzərə alaraq hesab etmişdir ki, iddiaçının ailəsinə ünvanlı sosial yardımın təyin edilməsindən imtina etməkdə cavabdeh orqan haqlı olmamışdır. Yuxarıda göstərilən bütün hallara məcmu qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli müraciətə imtinası ləğv edilərək İddiaçı ailə üzvü ilə birlikdə ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 05 avqust 2025ci il tarixli 2-1(116)-2185/2025 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh orqanın apellyasiya şikayəti etiraz ərizəsi ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq bildiririk ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ev təsərrüfatları tədqiqatının əsas yekunlarına dair statistik məcmuəsində ev təsərrüfatının nədən ibarət olmasını qeyd etmişdir. Ev təsərrüfatı – bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və ərzaq məhsullarının istehlakını birgə həyata keçirsinlər. Ev təsərrüfatı bir nəfərdən, bir və ya bir neçə ailədən və ailə üzvü olmayan şəxsdən (şəxslərdən), eləcə də qohum olmayan şəxslərdən ibarət ola bilər. - Ünvanlı dövlət sosial yardımı haqqında qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Sözügedən Qanunun 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən Qanunun 6.3-cü maddəsinə əsasən, sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Sözügedən Qanunun 10.1-ci maddəsinə əsasən, sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. - İddiaçı ünvanlı dövlət sosial yardımın (bundan sonra - ÜDSY) təyin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, **********175 nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətə aşağıdakı əsasla imtina verilmişdir: ailə tərkibinin düzgün göstərilməməsi; - Maddi-məişət şəraitinin müayinəsi zamanı tərtib edilmiş xx.xx.2024-cü il tarixli yoxlama aktına və çəkilmiş videogörüntüyə əsasən ünvana gəlmiş əməkdaşlar müayinə zamanı ünvanda özünü qonşu kimi təqdim edən yaşlı qadın aşkarlamışdır. Həmin şəxs ad, soyad və ata adının X5 olduğunu qeyd etsə də şəxsiyyətini təsdiq edən sənədi əməkdaşlara təqdim etməmiş, bu səbəbdən şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdır. İddiaçı özü də həmin şəxsin qonşusu olduğunu qeyd etmişdir. - Beləliklə həmin şəxsin öz şəxsiyyətini təsdiq edən sənədi təqdim etməməsi və ailə tərkibində qeyd olunmamasına baxmayaraq evdə aşkarlanması imtina üçün əsas olmuşdur. - Əlavə olaraq qeyd edirik ki, iddiaçı xx.xx.2025-ci il tarixdə yenidən ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün cavabdehə müraciət etmiş, müraciət edərkən ailə tərkibinin özü və iki uşağından ibarət olmaqla üç nəfər olduğunu qeyd etmişdir. - Müvafiq müraciətlə bağlı maddi-məişət şəraitinin yoxlanılması məqsədilə ünvana gedilmiş, xx.xx.2025-ci il tarixli yoxlama aktı tərtib edilmiş və həmin yoxlama videogörüntüylə qeydə alınmışdır. Həmin yoxlama zamanı əvvəlki müraciətdə olduğu kimi X5 yenə də ünvanda aşkarlanmış, yoxlama keçirilərkən şəxsiyyət vəsiqəsini təqdim etmədən ünvandan uzaqlaşmışdır. İddiaçı bu səfər onun öz qayınanası olduğunu etiraf etmişdir. - Həmçinin ünvana baxış keçirilərkən iddiaçı evdəki yataqlardan birinin qayınanası G.Şərifovaya aid olduğunu və onun özləri ilə birgə yaşadığını etiraf etmişdir. Əlavə olaraq iddiaçı həyat yoldaşının cəzaçəkmə müəssisəsində olduğunu qeyd etmişdir. Beləliklə iddiaçının qayınanası və həyat yoldaşı ailə tərkibində qeyd olunmadığından ikinci müraciətindən də “ailə tərkibinin düzgün göstərilməməsi” əsası ilə imtina edilmişdir. - Qeyd olunanlara əsasən məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, iddiaçı ilk müraciətdə qayınanası G.Şərifovanı əvvəlcə qonşusu kimi tanıtmış, ikinci müraciətində isə həmin şəxsin qayınanası olduğunu və özü ilə birgə yaşadığını qeyd etmişdir. Həmçinin hər iki müraciətin yoxlanılması zamanı G.Şərifovanın evdə olmasının və yoxlama zamanı şəxsiyyət vəsiqəsini təqdim etmədən ünvandan uzaqlaşmasının təsadüf nəticəsində baş vermədiyi də aşkar surətdə görünür.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz ərizəsi verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1 (116)- 2185/2025 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 05 avqust 2025-ci il tarixli 2-1(116)-2185/2025 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etiraz ərizəsini müdafiə edərək cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

13. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

14. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 56.2. Uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir.

15. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 7.1. sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. 7.2. ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. 7.3. ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 8.1. sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydaları Bənd 2.1. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Bənd 2.3. Sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizəbəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra VEMTAS) göndərir. Bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Bənd 3.2. VEMTAS tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Bənd 3.3. Müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Bənd 3.4. Şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Bənd 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X2 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Bənd 5.1. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Bənd 5.2. Ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Bənd 5.3. Ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. Bənd 5.4. Ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Bənd 5.5. Muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: Bənd 5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Həmin Qaydaların 5.6-cı bəndinə əsasən ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Bənd 5.8. Qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. Bənd 5.11. Natura formasında əldə olunan gəlirlər ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 (otuz) gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. Bənd 6.1. Sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir.

17. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə” Bənd 1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Bənd 3.1.31. qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

Apellyasiya şikayətinin mümkünlüyü

19. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

21. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

22. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

23. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

24. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımın təyin olunaraq, məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir.

25. Cavabdehin mübahisələndirdiyi hal və apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçı ünvanlı dövlət sosial yardımın (bundan sonra - ÜDSY) təyin edilməsi ilə bağlı müraciət etmiş, lakin müraciətində ailə tərkibinin düzgün göstərilməməsi səbəbindən imtina verilmişdir. İddiaçı müraciətində qaynanası G.Şərifovanın onunla birgə yaşadığını qeyd etməmiş, lakin müayinə zamanı qayınanasının özü ilə birgə yaşadığını bildirmişdir.

26. Kollegiya cavabdeh orqanın imtinasında və şikayətində göstərdiyi “ailə tərkibinin düzgün göstərilməməsi” halı ilə bağlı onu qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun ailəyə belə bir anlayış vermişdir - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər. Ünvanlı dövlət sosial yardımla bağlı mübahisələrdə məhz bu anlayış əsas götürülməlidir. Belə ki, ailə hesab edilə bilmək üçün digər tələblərlə yanaşı, birgə yaşayan şəxslərin ümumi ev təsərrüfatına malik olmaları, yəni birgə təsərrüfat aparmış olmaları müəyyən olunmalıdır. Mövcud qanunvericilik bir ünvanda bir neçə ayrı ailə(lər)nin yaşamasının mümkünlüyünü qəbul edir.

27. Ailə Məcəlləsinin 56.2-ci maddəsinə əsasən uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir.

28. Qeyd olunan maddənin tələbindən görünür ki, iddiaçı ilə eyni ünvanda yaşayan qaynana iddiaçı və onun övladını saxlamağa və maddi cəhətdən təmin etməyə borclu deyildir.

29. Cavabdeh apellyasiya şikayətində bildirir ki, yoxlama aktı və videogörüntülərdən məlum olmuşdur ki, müayinə zamanı ünvanda özünü qonşu kimi təqdim edən yaşlı qadın – X4 aşkarlanmışdır. İddiaçı ilk müraciətində həmin şəxsi qonşusu kimi göstərmiş, sonradan isə onun öz qayınanası olduğunu və onlarla birlikdə yaşadığını etiraf etmişdir. Hər iki müraciətin yoxlanılması zamanı Şərifovanın evdə olması və şəxsiyyət vəsiqəsini təqdim etmədən ünvandan uzaqlaşması təsadüfi hal təsiri bağışlamamış və ailə tərkibinin gizlədilməsinə dəlalət etmişdir. İddiaçı daha sonra xx.xx.2025-ci il tarixdə yenidən ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün müraciət etmiş, ailə tərkibini yalnız özü və iki övladından ibarət olmaqla üç nəfər kimi göstərmişdir. xx.xx.2025-ci il tarixli yoxlama aktına və videogörüntülərə əsasən, əvvəlki müraciətdə olduğu kimi, X3 yenidən ünvanda olması və şəxsiyyət vəsiqəsini təqdim etmədən oradan uzaqlaşması müəyyən edilmiş, iddiaçı isə bu dəfə onun qayınanası olduğunu açıq şəkildə təsdiq etmişdir. Bundan əlavə, iddiaçı həyat yoldaşının cəzaçəkmə müəssisəsində olduğunu bildirmişdir. Lakin qayınanası və həyat yoldaşı müraciətdə ailə tərkibində göstərilmədiyindən, cavabdeh tərəfindən müraciət “ailə tərkibinin düzgün göstərilməməsi” əsası ilə təmin edilməmişdir.

30. Hazırkı işdən göründüyü kimi, cavabdeh müvafiq müraciətin təmin edilməsindən imtina edərkən yalnız birgə yaşama halının mövcudluğuna istinad etmiş, birgə yaşayan şəxsin ümumi birgə təsərrüfat aparmasını subyektiv mülahizələrlə əsaslandırmış və iddiaçının birgə yaşadığı şəxslərlə birgə təsərrüfat aparmadan yaşamasının mümkünsüzlüyünə istinad etmişdir.

31. Cavabdeh inzibati orqan sübut kimi baxış aktına əsaslanmışdır. Lakin, baxış zamanı yalnız iddiaçının qaynanasının həmin ünvanda yaşadığı müəyyən edilmişdir. Hansı ki, iddiaçı özü də bu halı daha sonra təsdiq etmişdir, həmin hal videogörüntü ilə təsdiq edilməklə cavabdehin iddia ərizəsinə etiraz məktubu ilə də öz təsdiqini tapır. Lakin, bu heç də cavabdeh inzibati orqana iddiaçının və qaynanasının ümumi ev təsərrüfatına malik olması qənaətinə gəlməyə əsas vermir. Belə ki, şəxslərin eyni ünvanda yaşaması faktı özlüyündə birgə yaşayan şəxslərin birgə ev təsərrüfatı aparması qənaətini yaratmır. Ümumi ev təsərrüfatının aparılması dedikdə isə, əldə olunan qazancın ailənin ümumi ehtiyaclarına sərf edilməsi, o cümlədən mövcud əmlakın birgə təsərrüfat fəaliyyətinin nəticəsində əldə edilməsi başa düşülür. Cavabdeh inzibati orqan iddiaçının qaynanası ilə eyni ünvanda yaşama faktını birgə təsərrüfatın aparılması kimi qiymətləndirərək yanlış nəticəyə gəlmiş və əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, qanunvericilikdə (müvafiq Qaydalarda) "ünvanlı sosial yardımın alınması”ndan imtina əsasları kimi müəyyən edilmiş, o cümlədən "Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7-ci bəndində göstərilən halların iddiaçıya münasibətdə mövcud olmasına dair nə məhkəmə icraatında, nə də iddiaçının müraciəti üzrə inzibati icraat çərçivəsində tutarlı sübut təqdim edilməmiş və dəlil gətirilməmişdir.

33. Cavabdehin imtina məktubunda məsələyə formal yanaşılaraq, həm imtina məktubu, həm etiraz, həm də apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, ərizə-bəyannamədə göstərilən məlumatların yoxlanılması zamanı müəyyən uyğunsuzluq aşkarlandıqda, bu halın özü ünvanlı sosial yardımın verilməsindən imtina edilməsinə əsas olmamalıdır. Yəni, sadəcə məlumatlarda fərqin müəyyən edilməsi kifayət deyil ki, dərhal imtina qərarı qəbul edilsin. Uyğunsuzluğun mövcudluğu mütləq şəkildə ünvanlı sosial yardımın təyin edilməsinin məqsəd və tələbləri nəzərə alınaraq diqqətlə qiymətləndirilməlidir. Bu o deməkdir ki, uyğunsuzluq yalnız o halda imtina üçün əsas ola bilər ki, yoxlama zamanı şəxsin bəyan etdiyi məlumatlardan fərqli vəziyyət müəyyən edilsin və bu fərq nəticəsində şəxs artıq qanunvericilikdə göstərilən aztəminatlı meyarlarına uyğun gəlməsin. Başqa sözlə, şəxsin vəziyyətində olan bu fərq onu ünvanlı sosial yardımdan məhrum edən ciddi bir dəyişiklik yaratmalıdır. Ona görə də, hər hansı bir məlumat uyğunsuzluğu deyil, yalnız həmin uyğunsuzluq nəticəsində şəxsin yardım almaq hüququnu itirməsinə səbəb olan uyğunsuzluq imtinanın əsasını təşkil edə bilər. Əgər yoxlama zamanı aşkar edilən uyğunsuzluq belə ciddi nəticələrə gətirib çıxarmırsa, yəni şəxs hələ də ünvanlı sosial yardım almaq üçün nəzərdə tutulan tələblərə cavab verirsə, ona sosial yardımın verilməsindən imtina oluna bilməz.

34. Bu qərarın 15-ci bəndində qeyd edilən qanuna əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

35. Həmçinin qeyd edilməlidir ki, qanunvericiliyə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

36. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Qaydaların 3.7.1-ci bəndində təsbit edilmiş uyğunsuzluq halının mövcudluğuna istinad edilə bilməsi üçün bu zaman həm də birgə yaşayan sözügedən şəxslərin ümumi birgə təsərrüfat aparması halı da müəyyən olunmalı idi. Cavabdeh isə ümumi birgə təsərrüfat aparılma halının mövcudluğunu müəyyən etmədən ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina etmişdir. Ona görə də, ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı qərarın qəbul edilməsindən imtina olunması qanuni olmamış, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Müvafiq olaraq məhkəmə cavabdehin üzərinə iddiaçının tələbini təmin edən inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoymaqda haqlı olmuşdur.

37. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən cavabdehin ünvanlı dövlət sosial yardım təyin edilməsindən imtinasının əsası kimi qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır.

38. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş "Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbinə uyğun olmamışdır.

39. Məhkəmə kollegiyası yekunda qeyd edir ki, iddiaçının VEMTAS vasitəsilə ünvanlı sosial yardımla bağlı müraciətlərində göstərdiyi və cavabdehin müvafiq məlumatların yoxlanılması zamanı düzgün məlumat vermədiyi hallar kimi göstərdiyi xüsusatlar özü-özlüyündə iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsindən imtinaya səbəb olan hallar kimi qiymətləndirilə bilməz.

40. Məhkəmə kollegiyası sonda onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində texniki səhv olaraq “iddianın təmin edilməsi” göstərilməmiş, lakin yekunda iddia tələbinin təmin edilməsi nəticəsinə gəlinmişdir. Bu halın texniki səhv olduğu nəzərə alınaraq Kollegiya tərəfindən qərarın dəyişdirilməsinə zərurət görülmür.

41. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

42. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 05 avqust 2025-ci il tarixli 2-1(116)-2185/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar