Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-594/2024 24.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala rayon X4 tərəfindən 09 fevral 2004-cü il tarixli 02 saylı iclas qərarı ilə İddiaçı satılmış 0.06 ha torpaq sahəsinə dair DƏDRX-də iddiaçının mülkiyyət hüquqlarının qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli, 2-1(116)-2242/2024 nömrəli qərarından cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Zaqatala rayon X4 tərəfindən 09 fevral 2004-cü il tarixli 02 saylı iclas qərarı ilə İddiaçı satılmış 0.06 ha torpaq sahəsinə dair DƏDRX-də iddiaçının mülkiyyət hüquqlarının qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1579/2024 nömrəli qərardadı ilə Zaqatala rayonu X4 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
3. İddia ərizəsinə əsasən iddiaçı 2004-cü ildə Zaqatala rayon Suvagil Bələdiyyəsinə həyətyanı torpaq sahəsi verilməsi üçün müraciət etmiş, 09 fevral 2004-cü il tarixli 02 saylı iclas protokoluna əsasən Zaqatala rayonu, X4 ərazisindən 0.06 ha torpaq sahəsinin ona satılması barədə qərar qəbul edilmişdir. Daha sonra Suvagil Bələdiyyəsi ilə aralarında Torpaqların alqı-satqısına dair akt tərtib olunmuş və torpaq sahəsinin dəyəri bələdiyyəyə ödənilmişdir. ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarımın Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə müraciət olunmuşdur. Cavabdeh orqan tərəfindən 21 dekabr 2023-cü il tarixdə Daşınmaz Əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş verilmişdir.
4. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, sözügedən 0,06 ha torpaq sahəsinə dair təqdim edilmiş sənədlər qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, Zaqatala rayon X4 tərəfindən ayrılan 0,06 ha torpaq sahəsinə dair “Torpaqların alqısatqısına dair Akt” sənədində tərtib tarixi qeyd olunmamış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən təsdiq olunmamış və qeydiyyata alınmamışdır.
5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 4 sentyabr 2024-cü il tarixli, 2- 1(116)-2242/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
7. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
8. Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddiaya etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli, 2-1(116)-2242/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli, 2-1(116)-2242/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxsin nümayəndəsi iştirak etməmiş, bununla bağlı hər hansı səbəb bildirməmişlər.
11. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
12. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - Zaqatala rayon X2 09 fevral 2004-cü il tarixli 02 saylı qərarı ilə İddiaçı mülkiyyətinə 600 kv.m torpaq sahəsi verilmişdir. - xx.xx.2003-cu il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən Zaqatala rayon X2 hesabına 947000 AZN ödəniş edilmişdir. - Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, Zaqatala rayon X2 09 fevral 2004-cü il tarixli 02 saylı ilə İddiaçı 600 kv.m torpaq sahəsi ayrılmışdır. - Zaqatala rayon X2 xx.xx.2024-cü il tarixli 41 saylı arayışı və əlavə edilən siyahı. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-47/2-2975/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
15. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.
16. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. İnzibati orqanların bu Qanunun 13.3- cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə. 24.1 İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə. 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
17. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
18. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
20. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. Məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, Zaqatala rayon X2 09 fevral 2004-cü il tarixli 02 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilən 0,12 ha torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. İddiaçı tərəfindən torpağın dəyəri xx.xx.2003-cu il tarixdə Zaqatala rayon X2 hesabına ödənilmişdir.
23. Təqdim edilən 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3- 47/2-2975/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı Zaqatala rayonu X4 tərəfindən xx.xx.2004-cü il tarixli 02 saylı iclas qərarı ilə ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin naturada ölçüləri 0.06 hektardır. Həmin torpaq sahəsi Zaqatala rayonu X2 mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aid fərdi yaşayış evlərinintikintisi məqsədi ilə kəndin perespektiv inkişafı üçün nəzərdə tutulmuş ərazidir və torpaq sahəsinin faktiki istifadəçisi İddiaçıdur İddia olunan torpaq sahəsinin döngə nöqtələri, yerləşmə vəziyyəti və naturada ölçüləri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Faktiki istifadə olunan torpaq sahəsi iddiaçıya ayrılmış 0.06 ha torpaq sahəsi ilə üst- üstə düşür. İddiaçıya ayrılmış 0.06 ha torpaq sahəsi və ya faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. İddia olunan torpaq sahəsi üzərində yarımçıq tikili mövcuddur və qapalı həyət daxilindədir.
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
25. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
26. Cavabdehin iddiaya qarşı dəlili həmin torpaq sahəsinə dair alğı-satqı aktının xx.xx.2007-ci il tarixindən sonra tərtib edilməsi ilə bağlı olmuşdur.
27. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.
28. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.
29. Lakin, müvafiq alqı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.
30. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.
31. Odur ki, müvafiq alqı-satqı aktının tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).
32. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
33. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.
34. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
35. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, “Zaqatala rayon X4 tərəfindən 09 fevral 2004-cü il tarixli 02 saylı iclas qərarı ilə İddiaçı satılmış 0.06 ha torpaq sahəsinə dair DƏDRX-də iddiaçının mülkiyyət hüquqlarının qeydə alınaraq çıxarışın verilməsindən imtinasına dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
36. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli, 2-1(116)-2242/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.