Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-599/2023 16.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən, məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin cavabdeh Qəbələ rayonu Soltan-Nuxa bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2006-cı il tarixli 07 saylı torpağın mülkiyyətə verilməsinə dair qərarının qismən, "xxxx" Tikinti, Turizm və Ticarət koLTD şirkəti MMC-yə məxsus 7.0 ha torpaq sahəsinə aid hissəsinin ləğv edilməsi barədə” inzibati iş üzrə iddiaçı tərəfindən verilmiş “iddia ərizəsinin verilməsi üçün ötürülmüş müddətin bərpasına dair” ərizəyə inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2-1(116)-2504/2023 nömrəli qərardadından İddiaçı Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC tərəfindən verilmiş apellyasiya şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin cavabdeh Qəbələ rayonu Soltan-Nuxa bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2006-cı il tarixli 07 saylı torpağın mülkiyyətə verilməsinə dair qərarının və xx.xx.2006-cı il tarixli 432 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair aktın qismən ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Eyni zamanda iddiaçı, “buraxılmış iddia müddətinin bərpa edilməsinə dair” ərizə təqdim edərək iddia müddətinin əsaslı səbəbdən buraxılmasını bildirmiş və bərpa edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2504/2023 nömrəli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
4. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım edilmiş, iddia ərizəsinin “xahiş edirəm” hissəsinin qeyri-müəyyən formada ifadə edilməsi, xx.xx.2006-cı il tarixli 432 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair aktının inzibati akt xüsusiyyətlərinə malik olmaması, buna görə də inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsinin mümkünsüzlüyü, “cavabdehin xx.xx.2006-cı il tarixli 07 saylı torpağın mülkiyyətə verilməsinə dair qərarının ləğvi” tələbinin “mübahisələndirmə haqqında” iddia növünə aid olması, bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmasının zəruriliyi izah edilmişdir.
5. İddiaçının nəzərinə çatdırılmışdır ki, hazırkı iddia ərizəsi mübahisələndirilən qərarın qəbul edilməsindən məlumatlı olduğu xx.xx.2017-ci il tarixdən 5 ildən artıq müddət keçdikdən sonra məhkəməyə təqdim edilmişdir. “Buraxılmış iddia müddətinin bərpasına dair” vəsatətdə xx.xx.2018-ci il tarixdə iddia ərizəsinin geri qaytarılması barədə ərizənin təqdim edilməsinə səbəb olaraq şirkət rəhbərliyinə təhdid və hədə qorxuların edilməsi, bunun nəticəsində həyat və sağlamlıq üçün təhlükə yaradan vəziyyətin mövcud olması qeyd edilmişdir. Lakin, qeyd olunan hallara dair iddia ərizəsinə hər hansı sübut əlavə edilməmişdir. Odur ki, müddətin buraxılmasının qarşısıalınmaz hallarla, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasına dair sübutların təqdim edilməsinin zəruriliyi vurğulanmışdır.
6. Daha sonra iddiaçının nümayəndəsi tələbini dəqiqləşdirərək “cavabdehin xx.xx.2006-cı il tarixli 07 saylı torpağın mülkiyyətə verilməsinə dair qərarının qismən, "xxxx" Tikinti, Turizm və Ticarət koLTD şirkəti MMC-yə məxsus 7.0 ha torpaq sahəsinə aid hissəsinin ləğv edilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia müddətinin buraxılmasını 5 il öncə 2017-2018-ci il tarixdə tərəfindən aradan qaldırılması mümkün olmayan real təhdid, hədə-qorxu ilə əlaqədar olması ilə əsaslandırmışdır. O izahatında bildirmişdir ki, naməlum şəxslər gizli nömrələrdən şirkət rəhbəri kimi ona və ailə üzvlərinə qarşı təhdid hədə-qorxular çatdırmış, həmin təhdid, hədə-qorxular lokal-qısa olmaqla, ərizəni məhkəmədən geri götür, yoxsa nalayiq söyüşlərlə ifadə edilərək ona və ailə üzvlərinə qarşı nələrin baş verəcəyini çatdırmaqdan ibarət olmuşdur. Zəng dərhal bitirildiyindən o, həmin şəxslərin kimliyi barədə ümumiyyətlə məlumatlı olmamışdır. Artıq onların nəyə qadir olduqlarını, istədiklərinə nail olmaq yolunda hər bir qanunsuz hərəkətlərə, əməllərə əl atacaqlarını (real təhdid, hədə-qorxunu) görərək, hiss edərək özünün və ailə üzvlərinə qarşı real təhlükənin əsaslı səbəbini və tərəfindən qarşısıalınmaz halı real - dürüst qiymətləndirə bilmişdir. Bununla da nəticəsi bəlli olmayan real təhlükənin fəsadlarının qarşısının alınması məqsədi ilə hər üç subyektin maddi və vəzifə səlahiyyətlərindən istifadə etməklə nələrin törədə bilmələrinin aydın və aşkar qəbul etmişdir. Göstərilənlərin qarşının alınmasının tək yolunun, şirkətin xx.xx.2018-ci il tarixli ərizə-teleqramını məhkəməyə təqdim etmək idi. Məhkəmənin dayandırılmasına ciddi dəlalət edən amillərin mövcudluğu təqdim etdiyi rəsmi sənədlərdə öz əksini tapır. Odur ki, məcburiyyət qarşısında qalan şirkət rəhbəri kimi, xx.xx.2018-ci il tarixli ərizə-teleqramla real narahat edici və dözülməz qanunvericiliyə zidd münasibətləri, real təhdid və hədə qorxuların nəticəsində ortaya çıxan real həyat və sağlamlıq üçün təhlükə yaradan vəziyyət aradan qalxanadək, iddianın baxılmamış saxlanılması barədə məhkəməyə müraciət etmişdir. Beləliklə, şirkət baş verəbiləcək fəsadlarının real aradan qalxmasının, yenidən təkrarlanmaması etimalını düz 5 il müddətində gözləmək məcburiyyətində qalmışdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti Naxçıvan MR-sı rəhbərliyini vəzifədən azad edərək, digər məmurlara özlərini yığışdırmağa xəbərdarlıq etdiyini bəyan etdikdən sonra, Naxçıvan MR-nın sabiq rəhbərliyinin qanunsuz şirkət və vətəndaşların əlindən alınmış torpaq sahələrinin sahiblərinə qaytarılması üçün aidiyyəti dövlət qurumları tərəfindən rəsmi araşdırmalara başlandığından şirkət məhz indi, 2023-cü ilin iyul ayının ilk günlərindən yuxarıda göstərildiyi kimi, şirkətən asılı olmayan buraxılmış prosesual müddətin bərpa olunmasına mane olan halların, əsaslı səbəbin aradan qalxdığını hesab edərək, məhkəmə qərarlarının nəticə ehtibarı ilə beş ildən sonra, istinad olunan mane olan halların, əsaslı səbəbin aradan qalxdığını hesab edərək xx.xx.2023-cü il tarixli ərizə ilə yanaşı xx.xx.2023cü il tarixli iddia ərizəsi ilə bələdiyyənin əsasız və qeyri qanuni xx.xx.2006-cı il tarixli 07 saylı qərarının, xx.xx.2006-cı il tarixli 432 nömrəli aktın, şirkətə məxsus 7.0 ha torpaq sahəsinə aid hissənin ləğv edilməsi tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq buraxılmış prosesual müddətin bərpası edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
9. Üçüncü şəxs xx.xx.2023-cü il tarixli ərizəsində iddia müddətinin üzürlü səbəbdən buraxılmasına dair hər hansı sübutun mövcud olmamasını bildirmiş və ərizənin təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 18 sentyabr 2023-cü il tarixli, 2-1(116)-2504/2023 nömrəli qərardadı ilə İddiaçı Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin “iddia müddətinin bərpasına dair” ərizəsi mümkün sayılmamış, İddiaçı Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin cavabdeh Qəbələ rayonu Soltan-Nuxa bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2006-cı il tarixli 07 saylı torpağın mülkiyyətə verilməsinə dair qərarının qismən, "xxxx" Tikinti, Turizm və Ticarət koLTD şirkəti MMC-yə məxsus 7.0 ha torpaq sahəsinə aid hissəsinin ləğv edilməsi barədə” iddia ərizəsi mümkün sayılmamışdır.
11. İddiaçı Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi barədə yardım göstərilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mütəxəssis və ya ekspert rəyi əldə olunduğu halda ona uyğun olaraq inzibati iş üzrə iddiaçıya iddia tələbinə uyğun iddianın növünü düzgün seçilməsində yardım edilməlidir. Göründüyü kimi Qəbələ rayon Soltan - Nuxa bələdiyyəsi tərəfindən 6.93 ha torpaq sahəsi İddiaçı Tikinti, Turizm və Ticarət KoLTD Şirkəti MMC-yə satılmış və həmin torpaq sahəsinə dair xx.xx.2004-cü il tarixli alqı-satqı aktının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ Rayon Torpaq Şöbəsində qeydiyyata alınması qərara alınmışdır. Belə olan halda birinci instansiya məhkəməsi Qəbələ rayon Soltan-Nuxa bələdiyyəsi tərəfindən İddiaçı Tikinti Turizm və Ticarət KoLTD Şirkəti MMC-yə satılmış 6.93 ha torpaq sahəsinin Soltan - Nuxa bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı qərarına əsasən "xxxx" MMC-nin direktoru X1 mülkiyyətinə verilmiş 21.83 ha torpaq sahəsi ilə üstüstə düşüb-düşməməsini, faktiki daxilində olub-olmamasını araşdırmamışdır. Beləliklə iddiaçıya bələdiyyə tərəfindən satılmış 6.93 ha torpaq sahəsi ilə “Gilan MMC-nin direktoru X1 mülkiyyətinə verilmiş 21.83 ha torpaq sahəsinin eyni olub-olmadığı müəyyən deyil. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar araşdırılmalı idi. Eyni zamanda şirkət onuda qeyd edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli tövsiyəedici hüquqi yardım xarakterli məktubunda göstərilənlərə əsaslanaraq, iddiaçı xx.xx.2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ünvanladığı ərizədə ilkin iddia tələbinin İddiaçı Tikinti, Turizm və Ticarət KoLTD Şirkəti MMC-nin Qəbələ rayon Soltan-Nuxa bələdiyyəsinə qarşı xx.xx.2006-cı il tarixli 432 nömrə ilə qeydiyyata alınmış bələdiyyənin mülkiyyətində olan torpaqların alqı-satqısına dair aktın qismən, "xxxx" Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-yə məxsus 7.0 ha torpaq sahəsinin 21.83 ha torpaq sahəsinin daxilində əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) "Gilan MMC-nin mülkiyyətinə verilməsi hissəsinin ləgv edilməsi” barədə qərar qəbul eilməsi ilə bağlı hissəsini xaric etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə həmin ərizəyə birinci instansiya məhkəməsi tərəfindən hər hansı hüquqi münasibət bildirilməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)- 2504/2023 nömrəli qərardadının ləğv edilməsini, iddia müddətinin bərpa edilərək, inzibati işin yenidən məhkəmə baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)- 2504/2023 nömrəli qərardadının ləğv edilməsini, iddia müddətinin bərpa edilərək, inzibati işin yenidən məhkəmə baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2-ci bəndinə əsasən işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 2.3-cü bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
16. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
18. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, ilk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.
19. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün:
1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir.
20. İPM-in 35.1-ci maddəsinin mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.
21. İşin materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Qəbələ rayonu Soltan-Nuxa bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı qərarının "xxxx" Tikinti, Turizm və Ticarət koLTD şirkəti MMC-yə məxsus 7.0 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsinə nail olmaqdır. Sözügedən qərardan görünür ki, bələdiyyənin kənd təsərrüfatına yararlı torpaq sahəsindən "xxxx" MMC-yə 21.83 ha torpaq sahəsi satılması qərara alınmışdır.
22. Cavabdehin “xx.xx.2006-cı il tarixli 07 saylı qərarının ləğvi” ilə bağlı tələb “mübahisələndirmə haqqında” iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır.
23. Mübahisələndirilən qərardan iddiaçının xx.xx.2017-ci il tarixdə Şəki İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərəkən məlumatlı olması işin mübahisəsiz halıdır və təqdim edilmiş “buraxılmış iddia müddətinin bərpasına dair” vəsatətdə iddiaçı özü də bunu qeyd edir. (məhkəmənin 2-1(84)-44/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır).
24. Hazırkı iddia ərizəsi isə iddiaçının mübahisələndirilən qərarın qəbul edilməsindən aşkar məlumatlı olmasının müəyyən edildiyi xx.xx.2017-ci il tarixdən 5 ildən artıq müddət keçdikdən sonra məhkəməyə təqdim edilmişdir.
25. “Buraxılmış iddia müddətinin bərpasına dair” vəsatətdə iddiaçı, 23.1.2018-ci il tarixdə iddia ərizəsinin geri qaytarılması barədə ərizəni təqdim etməsinə səbəb olaraq şirkət rəhbərliyinə təhdid və hədə qorxuların edilməsi, bunun nəticəsində həyat və sağlamlıq üçün təhlükə yaradan vəziyyətin mövcud olmasını qeyd etmişdir. Lakin, qeyd olunan hallara dair iddia ərizəsinə hər hansı sübut əlavə edilməmişdir.
26. Eyni zamanda iddiaçı müddətinin buraxılmasını 5 il öncə 2017-2018-ci il tarixdə tərəfindən aradan qaldırılması mümkün olmayan real təhdid, hədə-qorxu ilə əlaqədar olması ilə əsaslandırsa da, həmin hədə-qorxunun kimliyi bilinməyən şəxslər tərəfindən ona edilmiş telefon zəngindən ibarət olmasını bildirir. Nəzərə alınmalıdır ki, iddiaçı ona edilmiş hədə-qorxularla bağlı ümumiyyətlə hüquq mühafizə orqanlarına müraciət etməmiş və onu təhdid edən şəxslərin kimliyini öyrənməyə cəhd etməmişdir.
27. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd olunan halları buraxılmış müddətin bərpası üçün zəruri olan sübut qismində qəbul etməmişdir.
28. Mübahisələndirilən qərarın qəbul edilməsindən xx.xx.2017-ci il tarixdə iddiaçının məlumatlı olması iş materiallarından aşkar göründüyündən və hazırkı iddia ərizəsi 5 ildən artıq müddət keçdikdən sonra verildiyindən müddətin buraxılmasının qarşısıalınmaz hallarla, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasına dair sübutlar təqdim edilməlidir. Belə ki, müddətə riayət olunmasını sübut etmək vəzifəsi ona riayət etməli olan şəxsin üzərinə düşür.
29. Hazırkı halda isə müddətin buraxılmasının qarşısıalınmaz hallarla, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasına dair sübutların təqdim edilməməsi ilə bərabər, müddətə əməl olunmasına mane olan halların hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəlki 15 gün ərzində aradan qalxması da əsaslandırılmamış və müvafiq sübutlar təqdim edilməmişdir.
30. Qeyd olunan sübutlar təqdim edilmədiyi halda müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizənin verilməsi İPM-nin 24.4-cü maddəsinin tələblərinə ziddir. Belə ki, sözügedən norma yalnız təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğu halda müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizənin verilməsinin mümkün olduğunu təsbit etmişdir.
31. Qeyd olunan hallara dair sübutların mövcud olmaması müddətin bərpasına dair ərizənin və eyni zamanda cavabdehin “xx.xx.2006-cı il tarixli 07 saylı qərarının ləğvi barədə” iddia ərizəsinin mümkün sayılmaması üçün əsasdır.
32. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq müvafiq qərarın mübahisələndirilməsi üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətin buraxılması ilə bağlı məhkəmənin mövqeyinə münasibət bildirilməsi və buraxılmış prosessual müddətin İPM-nin 24.2-ci maddəsində qeyd olunmuş hallarla bağlı olmasına dair sübutların xx.xx.2023-cü il tarixə saat 14:30-a təyin edilmiş məhkəmə iclasınadək təqdim edilməsi iddiaçıya təklif edilmiş, əks təqdirdə “buraxılmış müddətin bərpasına dair” ərizənin və iddia tələbinin mümkünlüyü məsələsinə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən hüquqi qiymət veriləcəyi bildirilmişdir.
33. Lakin, tələb edilən sübutlar iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməmişdir.
34. Eyni zamanda birinci instansiya məhkəməsində iş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında bir daha işin halları, “müddətin bərpası barədə” ərizənin və iddia ərizəsinin mümkünsüzlüyü əsasları iddiaçının nümayəndəsinə izah edilmişdir.
35. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə ... İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini... yoxlamalıdırlar.
36. Qanunvericiliyin yuxarıda qeyd olunan normaları birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya izah edilmiş, mübahisənin faktiki və hüquqi halları onunla müzakirə olunmuş və bununla da iddiaçıya zəruri hüquqi yardım göstərilmişdir.
37. Yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı və iddia müddətinin bərpasına dair ərizəni mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
38. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2- 1(116)-2504/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2-1(116)-2504/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.