Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-599/2025 16.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı «artıq ödənilmiş dövlət vəsaitinin iddiaçının hesabına ödənilməsi» tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 avqust 2025-ci il tarixli 2-1(116)-917/2025 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək artıq ödənilmiş 234.93 manat dövlət vəsaitinin iddiaçının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X5 əmək pensiyaçısı olmuş və 13 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Onun ölümü barədə rəsmi məlumat vaxtında daxil olmadığından, ona pensiya ödənişi iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 31 yanvar 2021-ci il tarixədək davam etdirilmişdir. İddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən hazırkı iş üzrə Cavabdeh mərhum atasına pensiya ödənişi ilə bağlı artıq ödənilmiş 884,93 manat pul vəsaitinin qaytarılması barədə 21 aprel 2022-ci il tarixdə xəbərdarlıq məktubu ünvanlanmışdır. X3 dəfni ilə bağlı 600 manat müavinət məbləği həmin borcun bir hissəsi ilə əvəzləşdirilmiş, qalan 284,93 manat pul vəsaitinin 50 manat hissəsi hazırkı Cavabdeh tərəfindən ödənilmişdir. - «Əmək pensiyaları haqqında» Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının həmin maddədə göstərilən ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Bu ondan irəli gəlir ki, əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri ailə başçısının ölümü ilə əlaqədar itirdikləri gəlirlərin kompensasiyası məqsədilə hər ay pul ödənişi (pensiya) ala bilsin. Yəni əmək pensiyaçısı vəfat etdikdən sonra onun qanunla dairəsi müəyyən edilmiş ailə üzvləri vəfat etmiş əmək pensiyaçısına ödənilən (kart hesabına köçürülən) pensiya ödənişini deyil, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyi halda həmin pensiya vəsaitini özlərinə məxsus kart hesabından götürə bilərlər. Həmin artıq ödənilmiş pensiya məbləği «Əmək pensiyaları haqqında» Qanunun 38, 39.4-cü maddələrinə əsasən geri qaytarılmalıdır. Analoji mübahisələrlə bağlı Ali Məhkəmənin müvafiq qərarları mövcuddur.
3. Şəki İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 20 avqust 2025-ci il tarixli 2- 1(116)-917/2025 nömrəli qərardadı iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı «artıq ödənilmiş dövlət vəsaitinin iddiaçının hesabına ödənilməsi» tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır.
4. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisənin publik xarakterdə olması, iddiaçının iddianı qaldırmağa subyektiv hüququnun mövcudluğu kimi ümumi mümkünlük şərtləri tamamlansa da, cavabdehin seçilməsi xüsusatı ilə məhkəmə razılaşmır. - Məhkəmənin qənaətinə görə qaldırılan iddia üzrə Cavabdeh mərhum pensiyaçı X3 övladı olması, onun dəfni ilə bağlı müavinətin verilməsi üçün DSMF-yə müraciət etməsi, hətta tələb olunan artıq ödənişin bir hissəsini ödəməsi belə iddiaya cavab verməli olmasını şərtləndirmir. - Əmək pensiyaçısı X3 vəfatından sonra onun pensiya kartına köçürülmüş vəsaiti hazırkı Cavabdeh əldə etməsi ehtimallara söykənir, həmin vəsaiti əldə etmək imkanı olan şəxslərin dairəsi də geniş ehtimal olunur. Nəzərə alınmalıdır ki, Cavabdeh vəsaiti əldə etməsi ilə bağlı etirafedici yazılı və ya şifahi müraciəti yaxud digər hərəkəti mövcud deyil. Vəsaitin bir hissəsinin (50 manatının) ödənilməsi isə müxtəlif səbəblərdən doğula bilər. Məhkəmə icraatında da Cavabdeh məhkəmə iclasına gəlməmiş və onun müvafiq vəsaitin ondan tələb olunmasına münasibətini aydınlaşdırmaq mümkün olmamışdır. - Məhkəmə hesab etmişdir ki, pensiya təyinatı üzrə artıq ödənilmiş vəsaitin əldə olunması etiraf olunmadıqda, bu hal müvafiq məhkəmə aktı və ya digər mötəbər sənədlərlə təsdiqlənməlidir. Belə olan halda, məhkəmə hazırkı mübahisə üzrə yetərli sübut təqdim edilmədiyindən, Cavabdeh qismində çıxış etməsini adekvat seçim kimi qəbul etmir. Odur ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı «artıq ödənilmiş dövlət vəsaitinin iddiaçının hesabına ödənilməsi» barədə iddiası mümkün sayılmamalıdır.
5. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 20 avqust 2025-ci il tarixli 2-1(116)-917/2025 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmənin Cavabdeh ehtimal olunan subyektlər sırasına aid edərək iddia tələbini mümkün saymaması özü-özlüyündə ehtimallara əsaslanmaqdadır. Belə ki, məhkəmə qərarının əsaslandırma hissəsində də qeyd edilənlərdən göründüyü kimi cavabdeh məhkəmə iclasına gəlməmiş, onun müvafiq vəsaitin ondan tələb olunmasına dair münasibətini aydınlaşdırmaq mümkün olmamışdır. - Qeyd edilənlərdən aydın olduğu kimi, iddia tələbinin mümkün sayılmamasına dair tələblər cavabdehin məhkəmə iclasına gəlməməsi səbəbi ilə əlaqədar aydınlaşdırılmamış bu hal cavabdehin xeyrinə olan hal kimi qiymətləndirilməklə Ali Məhkəmənin mövqeyinə, habelə prosessual hüquq normalarının pozulmasına gətirib çıxarmışdır. Həmçinin cavabdehin mövcud mübahisə üzrə vəsaitin bir hissəsini ödəməsi faktiki olaraq etirafedici hərəkət sayılmaqla onu ehtimal olunan şəxslər dairəsindən çıxaran əsas faktorlardan biri kimi qiymətləndirilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tərəflərin izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)- 917/2025 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası da cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
10. Daha sonra məhkəmə kollegiyası tərəfindən məhkəmə iclas zalında cavabdehlə telefon vasitəsi ilə əlaqə saxlanmış, cavabdeh apellyasiya şikayətinə münasibət bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
11. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
12. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1 əmək pensiyaçısı vəfat etdikdə; ... Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Maddə 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.
13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarı:
Apellyasiya şikayətinin mümkünlüyü
14. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
16. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.
17. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.
18. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.
19. Kollegiya bildirir ki, obyektiv araşdırma prinsipi iddianın mümkünlüyünün və əsaslılığının yoxlanılması zamanı tətbiq olunmalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq.
20. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə tərəflər bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
22. İddiaçı tərəfindən təqdim edilmiş işdə olan sənədlərdən görünür ki, X5 əmək pensiyaçısı olmuş və 13 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Onun ölümü barədə rəsmi məlumat vaxtında daxil olmadığından, ona pensiya ödənişi iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 31 yanvar 2021-ci il tarixədək davam etdirilmişdir. İddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən hazırkı iş üzrə Cavabdeh mərhum atasına pensiya ödənişi ilə bağlı artıq ödənilmiş 884,93 manat pul vəsaitinin qaytarılması barədə 21 aprel 2022-ci il tarixdə xəbərdarlıq məktubu ünvanlanmışdır. X3 dəfni ilə bağlı 600 manat müavinət məbləği həmin borcun bir hissəsi ilə əvəzləşdirilmiş, qalan 284,93 manat pul vəsaitinin 50 manat hissəsi hazırkı Cavabdeh tərəfindən ödənilmişdir.
23. Göründüyü kimi, hazırda iddiaçının hüquqi marağı artıq ödənilmiş dövlət vəsaitinin iddiaçının hesabına ödənilməsinə nail olmaqdır.
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddia tələbini mümkün saymamaqla düzgün nəticəyə gəlməmişdir.
25. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən X3 dəfni ilə bağlı 600 manat müavinət məbləğinin həmin borcun bir hissəsi ilə əvəzləşdirildikdən sonra qalıq qalan 284,93 manat pul vəsaitinin 50 manat hissəsinin hazırkı Cavabdeh tərəfindən ödənilib-ödənilməməsi tam şəkildə araşdırılmamışdır. Həmin pulun həqiqətən onun tərəfindən ödənilməsi mötəbər sübutlarla təsdiq edilmir. Ona görə ki, məhkəmə kollegiyasının iclasında cavabdehlə əlaqə saxlanılan zaman bildirmişdir ki, 900 manat məbləğində pul vəsaiti onun əmək haqqından iddiaçı tərəfindən tutulmuşdur. Əlavə olaraq isə Pensiya Fonduna 50 manat ödəməmişdir, imkanı olmadığı üçün məhkəmə iclasına gələ bilmir.
26. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalı hal ondan ibarət olacaqdır ki, cavabdeh tərəfindən mərhumun kart hesabından pul vəsaitinin götürülüb-götürülməməsi, mərhumun dəfn xərclərinin cavabdeh tərəfindən çəkilibçəkilməməsi, cavabdehin də iddiaçıya müraciət etməkdə məqsədinin onun tərəfindən çəkilmiş dəfn xərclərinin ona ödənilməsi ilə bağlı olub-olmaması, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçıya hər hansı məbləğdə pul vəsaitinin ödənilib-ödənilməməsi.
27. Həmçinin, mərhumun pensiya kartından pul vəsaitinin cavabdeh tərəfindən götürülməsinin sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən bu halı da iddiaçı sübuta yetirməli və bununla bağlı sübutlar-sənədlər məhkəməyə təqdim edilməlidir.
28. Əks halda, birinci instansiya məhkəməsinin də əsaslandırdığı kimi, iddiaçı tərəfindən iddianın əsaslılığı sübuta yetirilmirsə, onda qeyd edilən hallar (hazırki mübahisələndirilən məhkəmə qərarının əsaslandırılması) iddianın mümkün sayılmaması üçün deyil, iddianın rədd olunması üçün əsas olacaqdır.
29. Bundan başqa, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə 'Vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca "bona fides", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada -“qanunsuzluğu bilməmə” və "dürüst davranma" formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-cİ maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
30. Məhkəmə kollegiyasi hesab edir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. İddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi cavabdehin də dinlənilmə hüququnu təmin etmədən iddianı mümkünsüz saymamalı idi. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.
31. Məhkəməyə müraciət etmək hüququ da bu mənada xüsusi önəm daşıyır. Belə ki, sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq hüquqi dövlət prinsipləri baxımından təfsir olunmalı, iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur.
32. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı iddia tələbinin mümkün sayılmaması barədə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, hazırkı mübahisəyə münasibətdə apelyasiya şikayəti qismən əsaslı olduğundan, həmin hissədə təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması və sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
33. İşə baxacaq birinci instansiya məhkəməsi hazırkı mübahisəyə münasibətdə işin hallarını bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməlidir. Bu, məhkəmə tərəfindən düzgün və əsaslı qərarın qəbulu üçün xüsusi əhəmiyyət daşıyır.
34. Birinci instansiya məhkəməsinin qərardadı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin edilməsi üçün iş təkrar Şəki İnzibаti Məhkəməsinə göndərilməli olduğundan, hazırda isə işə mahiyyəti üzrə baxılmadığından şikayət qalan hissədə (iddia tələbinin təmin edilməsi hissəsində) təmin oluna bilməz.
35. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn iddiаnı mümkün saymamaqda düzgün nəticəyə gəlməmişdir. Оnа görə də, Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87-ci mаddəsinə əsаsən, şikаyət qismən təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.
36. Yuxarıda göstərilənlərə və İPM-in 87-ci maddəsinə əsasən məhkəmə kollegiyası
Qərara aldı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 20 avqust 2025-ci il tarixli 2-1(116)-917/2025 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.