Məhkəmə qərarları › İş №2-1(107)-6/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-6/2024

10.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-6/2024 10.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən tərtib edilmiş A seriyalı 156327 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin təyinatı ilə bağlı yol verilmiş texniki səhvin aradan qaldırılaraq, təyinatının yaşayış məntəqələrinin torpaqları (məqsədli istifadə növü həyətyanı) kimi qeyd olunması, o cümlədən həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2-1(116)-85/2023 nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən tərtib edilmiş A seriyalı 156327 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin təyinatı ilə bağlı yol verilmiş texniki səhvin aradan qaldırılaraq, təyinatının yaşayış məntəqələrinin torpaqları (məqsədli istifadə növü həyətyanı) kimi qeyd olunması, o cümlədən həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə iddiaçının Zaqatala rayonu, Çökək kəndində (hazırda Zaqatala şəhər) 0,03 ha həyətyanı torpaq sahəsi vardır. Belə ki, o, həmin torpaq sahəsini Zaqtala RİHB-nin 15 fevral 1999-cu il tarixli, 61 saylı sərəncamı əsasənda bağlanmış alqı-satqı aktına əsasən dəyərini ödəməklə əldə etmişdir. Bundan sonra yəni, 1999-cu ilin ortalarında həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Halhazırda da həmin evdə yaşayır.

3. Lakin, keçmiş Dövlət Torpaq və Xərtəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsi tərəfindən tərtib edilmiş A seriyalı 156327 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli, 81 nömrəli qərarına istinad edilməklə texniki səhv nəticəsində həmin torpaq sahəsinin təyinatı "kənd təsərrüfatı təyinatlı" torpaq sahəsi kimi qeyd edilmişdir.

4. Halbuki, ərizəsində əlavə etdiyi sənədlərdən də göründüyü kimi, qeyd olunan torpaq sahəsinin təyinatı "yaşayış məntəqələri" təyinatlı, məqsədli istifadə növü isə "həyətyanı" torpaq sahəsidir.

5. Qeyd olunanları nəzərə alaraq, keçmiş Dövlət Torpaq və Xərtəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsi tərəfindən tərtib edilmiş A seriyalı 156327 nömrəli "torpaq sahəsinin planı və ölçüsü" sənədində torpaq sahəsinin təyinatı ilə bağlı yol verilmiş texniki səhvin aradan qaldırılması, o cümlədən, həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq, dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi məqsədi ilə cavabdehə müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.

6. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı Çobanov X1 RİHB-nın sərəncamı ilə verilmiş 0,03 ha torpaq sahəsinə dair tərtib edilmiş plan-ölçü sənədində torpağın təyinatı ilə bağlı texniki səhvin aradan qaldırılması və həmin torpaq sahəsini üzərindəki fərdi yaşayış evi ilə birgə dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Zaqatala RİHB-nın 15 fevral 1999-cu il tarixli, 61 saylı Sərəncamı əsasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyətyanı məqsədi ilə iddiaçının əldə etdiyi ünvan 1i ünvanında yerləşən 0,03 ha torpaq sahəsi ərazi idarəsində mövcud olan elektron baza məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd olunmuşdur. Belə ki, Zaqatala RİHB-nın 15 fevral 1999-cu il tarixli, 61 saylı Sərəncamı əsasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyətyanı məqsədi ilə iddiaçının əldə etdiyi 0,03 ha torpaq sahəsi də daxil olmaqla ünvan 1i ünvanında yerləşən 0,0407 ha torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli, 81 nömrəli qərarı ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi iddiaçının mülkiyyətinə verilmiş və həmin torpaq sahəsinə ləğv olunmuş DTXK-nin Zaqatala rayon şöbəsi tərəfindən 04 iyun 2009-cu il tarixli, A № 156327 saylı "Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Aqrar İslahat Komissiyasının qərarı ilə vətəndaşların mülkiyyətinə verilmiş sənədlərdə düzəliş edilməsi və ya onların ləğv edilməsi 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığından iddiaçının ərizəsinin icrası mümkün olmamış və bu barədə ona xx.xx.2021-ci tarixli, **********72 nömrəli məktub göndərilmişdir.

7. İddia tələbinin "məqsədli istifadə növü həyətyanı kimi qeyd olunması" ilə bağlı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu”nun təsdiq edilməsi və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 17 iyun tarixli, 553 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli, 1142 nömrəli Fərmanının 1-ci bəndi üzrə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu təsdiq edilmişdir.

8. Elektron çıxarışda qanunla müəyyən edilmiş kateqoriyalardan biri göstərilir. Müvafiq Fərmanda təqdim edilən elektron çıxarışda torpaq sahəsinin məqsədli təyinatının göstərilməsi ilə bağlı bənd yoxdur. Buna görə də, iddia tələbin ''məqsədli istifadə növü həyətyanı kimi qeyd olunması” hissəsi əsassızdır.

9. İddia tələbinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi ilə bağlı bildiririk ki, torpaq sahəsinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3 maddəsinə əsasən “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən həyata keçirilir”.

10. İddia tələbinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi ilə bağlı hissəsi isə mümkün deyildir. Belə ki, mübahisəli torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli, 81 nömrəli qərarı ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi iddiaçının mülkiyyətinə verilmişdir. Aqrar İslahat Komissiyasının həmin qərarı qüvvədədir. Mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı Aqrar İslahat Komissiyasının həmin qərarı qanunla müəyyən olunmuş qaydada geri çağrılmamış, ləğv edilməmiş və dəyişdirilməmişdir. Belə olan halda həmin qərar hüquqi cəhətdən etibarlı sayılır və mübahisəli torpaq sahəsinin verilməsinə əsas olan həmin qərar etibarlı olduğundan həmin qərar əsasında verilmiş torpaq sahəsinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi mümkün sayıla bilməz.

11. İddiaçının vəkili (nümayəndəsi) birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

12. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

13. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 13 mart 2023-cü il tarixli 2- 1(116)-85/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

14. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon İcra Hakmiyyəti başçısının xx.xx.1999-cu il tarixli sərəncamından görünür ki, ünvan 1i "Bakı fəhləsi” kolxozunun ərazisindən bələdiyyə mülkiyyətinə ayrılmış torpaq sahəsindən Çökəkoba kənd sakini İddiaçı alqı-satqı yolu ilə 0.03 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmçinin, işdə olan 11 fevral 1999-cu il tarixdə, 131 nömrə ilə qeydiyyata alınmış “Torpaqların alqı-satqısına dair” Aktdan da göründüyü kimi, İddiaçı Zaqatala rayonu Çökək kəndində 0.03 ha həyətyanı torpaq sahəsi satılmış və həmin akt iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinin hüquqi varisi olduğu keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsi tərəfindən təsdiq edilmişdir (həmin aktla bağlı qeydiyyat kitabları iş üzrə cavabdeh inzibati orqandadır). Həmçinin, işdə olan sxematik plandan və “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Şəhadətnamədən görünür ki, İddiaçı ayrılmış torpaq sahəsi həyətyanı torpaq sahəsidir və həmin sənədlər iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinin hüquqi varisi olduğu keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsi tərəfindən təsdiq edilmişdir. A156327 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 81 nömrəli qərarına əsasən İddiaçı adına 407,84 kv.m torpaq sahəsinə plan-ölçü sənədi tərtib edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının faktiki istifadəsində olan A156327 nömrəli plan-ölçü sənədində qeyd edilən torpaq sahəsinin naturada ölçüləri 0.0472 ha olmaqla həmin torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aid kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə ayrılmış torpaq sahəsidir. Sözügedən torpaq sahəsinin faktiki istifadəçisi İddiaçıdur. Həmin torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri, sərhədləri, koordinatları və sənəd üzrə yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçıya ayrılmış 0.03 ha torpaq sahəsi ilə A156327 nömrəli plan-ölçü sənədində göstərilən torpaq sahəsi qismən üst-üstə düşür. Mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb edilən fərdi yaşayış evi iddiaçıya ayrılmış torpaq sahəsinin üzərində yerləşir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, TEKUİS məlumatlarına əsasən A156327 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 407.84 kv.m torpaq səhəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlara, uqodiyası tikinti altında kateqoriyası kənd təsərrüfatı ehtiyacları üçün digər ərazilərə aid olmaqla digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1i üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. xx.xx.2009-cu il tarixli subyektlər siyahısında iddiaçının adının qarşısında zəbt olunan torpaq sahəsi 0.04 ha, faktiki torpaq sahəsi 0.0408 ha, mülkiyyətçiyə verilən torpaq sahəsi 0.04 ha qeyd olunmuşdur. Göründüyü kimi, Zaqatala Rayon İcra Hakmiyyəti başçısının xx.xx.1999-cu il tarixli sərəncamı, 11 fevral 1999-cu il tarixdə, 131 nömrə ilə qeydiyyata alınmış “Torpaqların alqı-satqısına dair” Akt, sxematik plan və “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Şəhadətnamə ilə yanaşı iş üzrə cavabdeh inzibati orqan da həm xx.xx.2022-ci il tarixli məktubunda etiraf edir ki, həmin torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aiddir, həm xx.xx.2023-cü il tarixli məktubunda qeyd edir ki, torpaq sahəsinin uqodiyası tikinti altında kateqoriyasına aiddir, həm də "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli məktubda qeyd edir ki, ünvan 1i üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. İddiaçının adı Zaqatala Rayon Aqrar İslahat Komissiyasının siyahılarında torpaq payı (kənd təsərrüfatı təyinatlı) alacaq subyektlər siyahısında yoxdur. Şəki İnzibati Məhkəməsi qərarında qeyd edir ki, “.... İddia tələbinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi ilə bağlı hissəsi isə mümkün deyildir. Belə ki, mübahisəli torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasınının 27 dekabr 1999cu il tarixli, 81 nömrəli qərarı ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi iddiaçının mülkiyyətinə verilmişdir. Aqrar İslahat Komissiyasınının həmin qərarı qüvvədədir. Mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı Aqrar İslahat Komissiyasınının həmin qərarı qanunla müəyyən olunmuş qaydada geri çağrılmamış, ləğv edilməmiş və dəyişdirilməmişdir. Belə olan halda həmin qərar hüquqi cəhətdən etibarlı sayılır və mübahisəli torpaq sahəsinin verilməsinə əsas olan həmin qərar etibarlı olduğundan həmin qərar əsasında verilmiş torpaq sahəsinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi mümkün sayıla bilməz.” Bununla da Şəki İnzibati Məhkəməsi hazırki yanaşması ilə sübutlara düzgün hüquqi qiymət verməmiş və dolayısıyla da İddiaçı inzibati orqan qarşısında əlverisiz vəziyyətə qoyur. İlk olaraq ona görə ki, "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki ünvan 1i üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. İkincisi isə, Zaqatala Rayon İcra Hakmiyyəti başçısının xx.xx.1999-cu il tarixli sərəncamı və 11 fevral 1999-cu il tarixdə, 131 nömrə ilə qeydiyyata alınmış “Torpaqların alqı-satqısına dair” Akt hal-hazırda qüvvədədir və nə cavabdeh inzibati orqan, nə də bir başqa şəxs tərəfindən mübahisələndirilməmişdir. İddiaçı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12 və 13-cü maddələrinin, eləcədə digər aidiyyatı normativ hüquqi aktların tələblərini rəhbər tutmaqla inzibati orqanların inzibati praktikasına etimadla yanaşmışdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2-1(116)- 85/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2-1(116)-85/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2-1(116)-85/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

18. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən mütəxəssis X3 izahatında bildirdi ki, baza məlumatlarında nə görünürsə onu da aid olduğu torpaq sahəsi üzrə rəylərdə qeyd edirlər. Mübahisə predmeti olan torpaq sahəsi kompleks yerquruluşu lahiyələrində keçmiş Çökəkoba kəndi hüdudları daxilində kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə ayrılmış torpaq sahəsi, TEKUİS məlumatlarında isə Zaqatala şəhəri hüdudları daxilində kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi işlənmişdir. Mübahisə predmeti olan torpaq sahəsinin kateqoriyası yaşayış sahələrinə aid olan kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazi, ferma tikintiləri altında olan kənd təsərrüfatı təyinatlı torpaqlar kimi göstərilən torpaq sahələridir. Alt uqodiya isə köhnə DVJ məlumatlarında islahat zamanı müəyyən edildiyi kimi fərdi yaşayış kimi göstərilmişdir.

19. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir.

20. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

21. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Zaqatala Rayon İcra Hakmiyyəti başçısının xx.xx.1999-cu il tarixli sərəncamından görünür ki, ünvan 1i “Bakı fəhləsi” kolxozunun ərazisindən bələdiyyə mülkiyyətinə ayrılmış torpaq sahəsindən Çökəkoba kənd sakini İddiaçı alqı-satqı yolu ilə 0,03 ha həyətyanı torpaq sahəsi verilmişdir. - A156327 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 81 nömrəli qərarına əsasən İddiaçı adına 407,84 kv.m torpaq sahəsinə plan-ölçü sənədi tərtib edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının faktiki istifadəsində olan A 156327 nömrəli plan-ölçü sənədində qeyd edilən torpaq sahəsinin naturada ölçüləri 0.0472 ha olmaqla həmin torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aid kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə ayrılmış torpaq sahəsidir. Sözügedən torpaq sahəsinin faktiki istifadəçisi İddiaçıdur. Həmin torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri, sərhədləri, koordinatları və sənəd üzrə yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçıya ayrılmış 0.03 ha torpaq sahəsi ilə A156327 nömrəli plan-ölçü sənədində göstərilən torpaq sahəsi qismən üst-üstə düşür. Mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb edilən fərdi yaşayış evi iddiaçıya ayrılmış torpaq sahəsinin üzərində yerləşir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, TEKUİS məlumatlarına əsasən A156327 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 407.84 kv.m torpaq səhəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlara, uqodiyası tikinti altında olan torpaqlara, alt uqodiyası fərdi yaşayış, islahat uqodiyası tikinti altı torpaqlara, alt kateqoriyası kənd təsərrüfatı ehtiyacları üçün digər ərazilərə aid olmaqla digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1i üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. - xx.xx.2009-cu il tarixli subyektlər siyahısında iddiaçının adının qarşısında zəbt olunan torpaq sahəsi 0,04 ha, faktiki torpaq sahəsi 0.0408 ha, mülkiyyətçiyə verilən torpaq sahəsi 0.04 ha qeyd olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

22. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

23. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 10. Torpaqların məqsədli təyinatı və hüquqi rejimi

1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir.

2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir.

3. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir.

24. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 18. Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi

1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.

2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşəpark, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri; nəqliyyat, rabitə və mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu, avtomobil, çay, dəniz, hava, boru kəməri nəqliyyatına, mühəndis infrastrukturu və rabitə magistralına aid binalar, tikililər və qurğular altındakı, habelə bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri; təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə yerləşən, turizm və rekreasiya, habelə əhalinin kütləvi istirahəti üçün istifadə olunan xüsusi qorunan ərazilərin, təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma, istirahət (rekreasiya) və tarix-mədəniyyət təyinatlı obyektlərin torpaqları, habelə təbii müalicəvi xassəyə malik olan mənbələr yerləşən və tarix-mədəniyyət abidələri, muzey-qoruqlar və xatirə parkları, qəbiristanlıqlar, məzarlar, arxeoloji abidələr və digər obyektlər yerləşdiyi torpaq sahələri; [18] yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları; kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri; hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri; şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri.

3. Ərazi quruluşu və inzibati ərazi bölgüsü müvafiq qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilir.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısının 2.7-ci bəndinə əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1dək verilmiş qərar.

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

29. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

30. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

31. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

32. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı sözügedən torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları (məqsədli istifadə növünun həyətyanı) kimi qeyd olunmasını tələb etsə də, işdə olan mütəxssis rəyi ilə sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması müəyyən edilmişdir. Həmçinin, cavabdeh orqan tərəfindən təqdim edilmiş mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış qonşu torpaq sahələrinə aid hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin qonşuluğunda yerləşən digər torpaq sahələrinin kateqoriyası da “kənd təsərrüfatı təyinatlı torpaqlar” qeyd edilmişdir. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yalnız kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün müvəqqəti tikililərin və qurğuların quraşdırmasına yol verildiyindən, iddia olunan torpaq sahəsinin təyinatının yaşayış məntəqələrinin torpaqları (məqsədli istifadə növü həyətyanı) kimi qeyd olunaraq həmin torpaq sahəsi və fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınmasından imtina etməkdə cavabdeh orqan haqlı olmuşdur.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

35. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli Sərəncamı ilə ünvan 1 sakini İddiaçı 0.03 ha həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır. Bundan sonra həmin torpaq sahəsinə əlavə olaraq Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 81 nömrəli qərarı ilə 0.0108 ha həyətyanı torpaq sahəsi verilmiş və bunun əsasında A156327 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” tərtib edilmişdir. Belə ki, ünvan 1ində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin 175-ci sırasında İddiaçı adı qeyd edilmişdir. Bununla yanaşı Çökəkoba kənd sakini İddiaçı həyətyanı torpaq sahəsinin ayrılması ilə əlaqədar Çökəkoba kəndinin sxematik planından çıxarışdan da göründüyü kimi Zaqatala Rayon İcra Hakimiyyəti başçısının qərarı ilə həmin torpaq sahəsi üzərində fərdi mənzil tikintisinin aparılmasına razılıq verilmişdir.

36. Eyni zamanda cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının faktiki istifadəsində olan A 156327 nömrəli plan-ölçü sənədində qeyd edilən torpaq sahəsinin naturada ölçüləri 0.0472 ha olmaqla həmin torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aid kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə ayrılmış torpaq sahəsidir. Sözügedən torpaq sahəsinin faktiki istifadəçisi İddiaçıdur. Həmin torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri, sərhədləri, koordinatları və sənəd üzrə yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçıya ayrılmış 0.03 ha torpaq sahəsi ilə A156327 nömrəli planölçü sənədində göstərilən torpaq sahəsi qismən üst-üstə düşür. Mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb edilən fərdi yaşayış evi iddiaçıya ayrılmış torpaq sahəsinin üzərində yerləşir.

37. Bununla yanaşı məhkəmə kollegiyası tərəfindən mübahisə predmeti olan torpaq sahəsinə xx.xx.2023-cü il tarixdə tərəflərin və mütəxəssisin iştirakı ilə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin torpaq sahəsi ətrafında qonşu sahələr və evlər olmaqla hasarlanmış bir ərazidir. Giriş qapısından torpaq sahəsinə daxil olan zaman sağ tərəfdə kürsülü bir mərtəbəli ev yerləşir. Torpaq sahəsinin qalan hissəsində ağaclar əkilmişdir.

38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, inzibati iş üzrə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-in 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuşdur.

39. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısının 2.7-ci bəndinə əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar.

41. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsinin 0.03 ha hissəsi Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli Sərəncamı ilə iddiaçıya verildiyi zaman və həmin torpaq sahəsinə əlavə olaraq Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 81 nömrəli qərarı ilə 0.0108 ha hissəsi verilən zaman torpaq sahəsinin təyinatı həyətyanı torpaq sahələrinə aid torpaq sahəsi olmuş, ünvan 1ində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin 175-ci sırasında İddiaçı adı qeyd edilmişdir. Bununla yanaşı Çökəkoba kənd sakini İddiaçı həyətyanı torpaq sahəsinin ayrılması ilə əlaqədar Çökəkoba kəndinin sxematik planından çıxarışdan da göründüyü kimi Zaqatala Rayon İcra Hakimiyyəti başçısının qərarı ilə həmin torpaq sahəsi üzərində fərdi mənzil tikintisinin aparılmasına razılıq verilmişdir. Bundan əlavə cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə də iddiaçının faktiki istifadəsində olan A 156327 nömrəli planölçü sənədində qeyd edilən torpaq sahəsinin naturada ölçülərinin 0.0472 ha olması, həmin torpaq sahəsinin yaşayış məntəqələri torpaqlarına aid torpaq sahəsi olması, iddiaçıya ayrılmış 0.03 ha torpaq sahəsi ilə A156327 nömrəli plan-ölçü sənədində göstərilən torpaq sahəsinin qismən üst-üstə düşməsi və mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb edilən fərdi yaşayış evinin iddiaçıya ayrılmış torpaq sahəsinin üzərində yerləşməsi müəyyən edilmişdir. Həmçinin, mübahisə predmeti olan torpaq sahəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edildiyindən, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.

42. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, bununla da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələblərinə əsasən, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə əsas olan hallar mövcud olduğundan cavabdehin iddiaçının müraciətindən imtina etməsi əsassız olmuşdur.

43. Bununla da işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən tərtib edilmiş A seriyalı 156327 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin təyinatı ilə bağlı yol verilmiş texniki səhvin aradan qaldırılaraq, təyinatının yaşayış məntəqələrinin torpaqları (məqsədli istifadə növü həyətyanı) kimi qeyd olunması, o cümlədən həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyi qoyulmalı, apellyasiya şikayəti təmin edilməlidir.

45. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2-1(116)-85/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən tərtib edilmiş A seriyalı 156327 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin təyinatı ilə bağlı yol verilmiş texniki səhvin aradan qaldırılaraq, təyinatının yaşayış məntəqələrinin torpaqları (məqsədli istifadə növü həyətyanı) kimi qeyd olunması, o cümlədən həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyi qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar