Məhkəmə qərarları › İş №2-1(107)-60/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-60/2022

15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-60/2022 15.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Mahmudov Ayaz Akif oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı nümayəndəsi X3; Cavabdeh - 13 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 18.01.2019-cu il tarixli, **********7837 nömrəli Qərarının ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2-1(116)-283/2021 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Cavabdeh vergi orqanının 15.11.2018-ci il tarixli qərarı ilə İddiaçı MMC-də 19.11.2018-ci il tarixindən 01.12.2018-ci il tarixinədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Keçirilmiş operativ vergi nəzarəti nəticəsində cavabdeh tərəfindən 18.01.2019-cu il tarixli **********7837 nömrəli və eyni tarixli **********7841 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlar çıxarılmışdır. Birinci qərarla iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2ci maddəsinə əsasən 6792 manat, ikinci qərarla isə həmin Məcəllənin 58.7-1-ci maddəsinə əsasən 5198 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İddiaçı 28.01.2019-cu il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Çağrı Mərkəzinə müraciət edərək keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində İddiaçı MMC-nin vergi məsuliyyətinə cəlb olunmasından şikayət etmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin (indiki Dövlət Vergi Xidməti) 29.03.2019-cu il tarixli **********934400 nömrəli “İnzibati şikayətin təmin edilməsi haqqında qərar”ına əsasən İddiaçı MMC barəsində tərtib edilmiş 31.11.2018-ci il tarixli VN-16 seriyalı 004387 nömrəli akt və həmin akt əsasında qəbul olunmuş 18.01.2019-cu il tarixli **********7841 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar” ləğv edilmişdir. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7841 nömrəli 18.01.2019-cu il tarixli Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin direktoru X4 tərəfindən məhkəməyə ünvanlanan 30 yanvar 2019-cu il tarixli ərizədə iddia tələbi belə əsaslandırılmışdır ki, 18.01.2019-cu il tarixdə 13 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində vergi qanunvericiliyinin pozulması barədə Azərbaycan Republikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən vergi ödəyicisi nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunvericilik pozulmaqla aparılan əməliyyatlara görə 5198 manat məbləğində vergi məsuliyyətinə cəlb olunması barədə Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7841 nömrəli 18.01.2019cu il tarixli Qərar tərtib olunmuşdur. İddiaçı qəbul edilən qərardan narazı qalmış və qərarın ləğv edilməsini xahiş edərək bildirmişdir ki, o, qanun pozuntusuna yol verməmişdir. Vergi orqanı tərəfindən qanunsuz yoxlama keçirilmiş və nəzarət jurnalında qeydiyyat aparılmamışdır. Vergi orqanı iddiaçı barəsində qərar qəbul edərkən, auditor rəyini nəzərə almamışdır. Qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdeh orqanın qəbul etdiyi qərar qanunsuzdur və həmin qərar heç bir hüquqi əhəmiyyət kəsb etmir. Bu səbəblə də iddiaçı qəbul edilmiş qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı MMC-nin məhkəməyə ünvanladığı digər iddia ərizəsində eyni cavabdehə qarşı iddia tələbi qaldırmış və cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7837 nömrəli 18.01.2019cu il tarixli Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə ünvanlanan digər iddia ərizəsində qeyd edilir ki, 18.01.2019-cu il tarixdə 13 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində vergi qanunvericiliyinin pozulması barədə Azərbaycan Republikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən vergi ödəyicisinə məxsus olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyənnaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəlləninn 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmamasına görə 6792 manat məbləğində vergi məsuliyyətinə cəlb olunması barədə Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7837 nömrəli 18.01.2019-cu il tarixli Qərar tərtib olunmuşdur. İddiaçı qəbul edilən qərarla razılaşmamış və bu səbəblə ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində ilkin olaraq qeyd etmişdir ki, yoxlama qanunsuz keçirilib və yoxlamanın nəticəsində qəbul edilmiş qərar qanunsuzdur. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Qeyd olunan hallarla əlaqədar bildirilir ki, 13 saylı ƏVİ-nin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 15.11.2018-ci il tarixli, **********0775 nömrəli qərarına əsasən İddiaçı MMC-də 19.11.2018-ci il tarixdən 01.12.2018-ci il tarixədək olan müddəti əhatə etməklə, “Pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti tədbiri təyin edilmişdir. İddiaçı MMC vergi orqanında olan mənbəyi bəlli baza məlumatlarına əsasən “Ağac və mantardan, nazik yonqarlardan və hörmə üçün materiallardan sair məmulatların istehsalı” (kod 16290) fəaliyyət növü ilə məşğuldur. Operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 130.1-ci maddəsinin tələbləri pozulduğuna görə (Bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmamasına görə) ona 6792 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmçinin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, yoxlama zamanı nəzarət jurnalına qeydiyyat aparılmayıb və vergi orqanı qərar qəbul edərkən auditor rəyini nəzərə almamışdır. Qeyd olunan hallarla əlaqədar bildirilir ki, 30 noyabr 2018-ci il tarixli, 004387 nömrəli aktın 2-ci səhifəsindən də göründüyü kimi nəzarət kitabçası operativ vergi nəzarəti zamanı vergi orqanının vəzifəli şəxsinə (yoxlayıcıya) təqdim edilmədiyi üçün qeydiyyatın aparılması mümkün olmamışdır. Eləcə də vergi ödəyicisinin icra orqanının rəhbəri tələbnaməni almaqdan imtina etmiş və vergi nəzarəti zamanı auditor rəyi təqdim edilməmişdir. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18.01.2019-cu il tarixli, **********7837 nömrəli qərar “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq, 22 yanvar 2019-cu il tarixdə poçtla göndərilmiş və 29 yanvar 2019-cu il tarixdə iddiaçıya sifarişli poçt vasitəsi ilə çatdırılmışdır. Yəni, xəbərnamə rəsmi qaydada 29 yanvar 2019-cu il tarixdə imzalanaraq qəbul edilmiş və məhz həmin tarixdən müddətin axımı başlanmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Yuxarıdan göründüyü kimi vergi ödəyicisi inzibati aktın mübahisələndirmə müddətini ötürmüşdür. Belə ki, müvafiq qərar 29 yanvar 2019-cu il tarixdə təqdim olunmasına baxmayaraq, iddiaçı xeyli gecikdirilmiş qaydada məhkəməyə müraciət etmiş (01 aprel 2019-cu il tarixdə) və bununla da məhkəməyə müraciət edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürülməsinə yol vermişdir. Buna görə də cavabdeh hesab edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18.01.2019-cu il tarixli, **********7837 nömrəli qərarı mübahisələndirmək imkanını itirdiyindən onun iddiası mümkün sayıla bilməz. Həmçinin iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində, inzibati aktın mübahisələndirmə müddətini ötürməsinə dair hər hansı üzrlü səbəb göstərməmişdir (ümumiyyətlə bu barədə iddia ərizəsində heç bir qeyd aparılmamış və ya müraciət olunmamışdır). Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19.11.2019-cu il tarixli, 2-1(84)-518/2019 saylı qərardadı ilə İPM-in 38.1-ci maddəsinin tələbləri nəzərə alınaraq cavabdehə qarşı “cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7837 nömrəli 18.01.2019-cu il tarixli qərarının ləğv edilməsi” barədə iddiası mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 26.12.2019-cu il tarixli, 2-1(107)-713/2019 saylı qərardadına əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19.11.2019-cu il tarixli 2-1(84)-518/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 17.06.2020-ci il tarixli, 2-1(102)-753/2020 saylı qərarı ilə təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 26.12.2019-cu il tarixli, 2-1(107)-713/2019 saylı qərardadı ləğv edilmiş, iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 09.09.2020-ci il tarixli, 2- 1(107)-364/2020 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19.11.2019-cu il tarixli, 2-1(84)-518/2019 saylı qərardadı ləğv edilmiş və iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsinin (hаkim İlqar Cabbarov) 02 fevral 2021-ci il tarixli, 2- 1(116)-283/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı MMC barəsində qəbul olunmuş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7837 nömrəli 18.01.2019-cu il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Şəki İnzibati Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2-1(116)-283/2021 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 07 iyun 2021-ci il tarixli, 2- 1(107)-207/2021 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2-1(116)-283/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 19 oktyabr 2021-ci il tarixli, 2-1(102)-1732/2021 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 07 iyun 2021-ci il tarixli, 2-1(107)-207/2021 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qəbul etdiyi qərarda qeyd etmişdir ki, İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarəti yoxlaması əsassız və qanunsuzdur, buna görə də yoxlamanın nəticəsinə uyğun qəbul edilmiş qərar (inzibati akt) ləğv olunmalıdır. Operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 130.1-ci maddəsinin tələbləri pozulduğuna görə (Bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmamasına görə) ona 6792 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinə görə bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. 71-2.2-ci maddəsinə görə isə elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 71-2.3-cü maddəsinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Həmin Məcəllənin 58.8-ci maddəsinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda, 58.8.2-ci maddənin tələblərinə görə malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Yuxarıda qeyd olunan maddələrin məzmunundan da göründüyü kimi İddiaçı MMC hər hansı fiziki şəxsdən mal (malları) alan zaman 2 nüsxədə olmaqla, alış aktı (bütün rekvizitlər əks olunmaqla) tərtib etməli idi. Lakin iddiaçı vergi ödəyicisi alış aktı tərtib etməmiş, buna görə də qeyd edilən hal haqlı olaraq vergi orqanı tərəfindən pozuntu (qanun pozuntusu) kimi qiymətləndirilərək, onun barəsində maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə isə qeyd olunan halları nəzərə almadan, qərəzli olaraq iddia tələbinin təmin olunması barədə əsassız qərar qəbul etmişdir. Göstərilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2-1(116)-283/2021 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X5 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2-1(116)- 283/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2-1(116)-283/2021 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi). Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində cavabdehin tələbi göstərilmişdir. Məhkəmə kollegiyası işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Cavabdehin apellyasiya şikayəti uğurlu sayılır. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Vergilər Nazirliyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7841 nömrəli, 18 yanvar 2019-cu il tarixli Qərardan müəyyən edilir ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunvericilik pozulmaqla aparılan əməliyyatlara görə 5198.00 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7837 nömrəli, 18 yanvar 2019-cu il tarixli qərardan müəyyən edilir ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən ona məxsus olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyənnaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəlləninn 130.11-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmamasına görə 6792.00 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2ci maddəsinə əsasən ona məxsus olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyənnaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəlləninn 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı birinin olmamasına görə 6792 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qanunsuz və əsassızdır. İddiaçı ayrı-ayrı vətəndaşların həyətyanı sahəsindən qoz ağacı və onun kök hissələrini nağd qaydada almış, həmin şəxslər isə vergi ödəyicisi olmadığı üçün iddiaçıya malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab faktura təqdim etməsi mümkün olmamışdır. İddiaçı ona görə də həmin məhsulun (qoz ağacı və onun kök hissəsinin) kənd təsərrüfatı məhsulu olduğu üçün nağd qaydada ayrı-ayrı şəxslərdən (kəndlilərdən) almış və bu zaman vergi qanunvericiliyinin yuxarıda qeyd olunan normasının tələblərini pozmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticəni əsaslı saymır. Cavabdehin kassasiya şikayəti əsasında hazırkı inzibati işə baxan Ali Məhkəmənin İnzibati kollegiyası 19 oktyabr 2021-ci il tarixli, 2-1(102)-1732/2021 saylı qərarında qeyd etmişdir ki, cavabdehin 15.11.2018-ci il tarixli qərarı ilə İddiaçı MMC-də 19.11.2018-ci il tarixindən 01.12.2018-ci il tarixinədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Nəticədə keçirilmiş operativ vergi nəzarəti nəticəsində cavabdeh tərəfindən 18.01.2019-cu il tarixli **********7837 nömrəli və eyni tarixli **********7841 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlar çıxarılmışdır. Birinci qərarla iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 6792 manat, ikinci qərarla isə həmin Məcəllənin 58.7-1-ci maddəsinə əsasən 5198 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İddiaçı 28.01.2019-cu il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Çağrı Mərkəzinə müraciət edərək keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində İddiaçı MMC-nin vergi məsuliyyətinə cəlb olunmasından şikayət etmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin (indiki Dövlət Vergi Xidməti) 29.03.2019-cu il tarixli **********934400 nömrəli “İnzibati şikayətin təmin edilməsi haqqında qərar”ına əsasən İddiaçı MMC barəsində tərtib edilmiş 31.11.2018-ci il tarixli VN-16 seriyalı 004387 nömrəli akt və həmin akt əsasında qəbul olunmuş 18.01.2019-cu il tarixli **********7841 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar” ləğv edilmişdir. İddiaçı hazırda yoxlama nəticəsində qəbul edilmiş digər 18.01.2019-cu il tarixli **********7837 nömrəli qərarın ləğv edilməsini xahiş edir. Göstərilən qərarın qəbul edilməsi səbəbi vergi ödəyicisinə məxsus malların uçota alınmaması, Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesabfaktura əsasında alınmaması, müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması olmuşdur. Belə ki, 30.11.2018-ci il tarixində keçirilmiş operativ vergi nəzarəti zamanı iddiaçıda 67920 manat sənədsiz mallar aşkar edilmiş və nəticədə 6792 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı izahatında bunun səbəbini ayrı-ayrı vətəndaşların həyətyanı sahəsindən qoz ağacı və onun kök hissələrini nağd qaydada alması və bankdan həmin məhsulun (qoz ağacı və onun kök hissəsinin) kənd təsərrüfatı məhsulu olduğu üçün nağd qaydada çıxarması ilə əlaqələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi də qeyd etmişdir ki, qoz ağacı (onun kötüyü) kənd təsərrüfatı məhsullarına aid edildiyindən vergi ödəyicisi tərəfindən fiziki şəxslərə məxsus həyətyanı torpaq sahələrində becərilmiş qoz ağacının alışı “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsinə uyğun olaraq nağd qaydada həyata keçirilə bilər və İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən ona məxsus olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə faktura və ya elektron vergi hesab faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı birinin olmamasına görə 6792 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qanunsuz və əsassızdır. Belə ki, iddiaçı ayrı-ayrı vətəndaşların həyətyanı sahəsindən qoz ağacı və onun kök hissələrini nağd qaydada almış, həmin şəxslər isə vergi ödəyicisi olmadığı üçün iddiaçıya malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab faktura təqdim etməsi mümkün olmamışdır. İddiaçı ona görə də həmin məhsulun (qoz ağacı və onun kök hissəsinin) kənd təsərrüfatı məhsulu olduğu üçün nağd qaydada ayrı-ayrı şəxslərdən (kəndlilərdən) almış və bu zaman vergi qanunvericiliyinin yuxarıda qeyd olunan normasının tələblərini pozmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarına hazırkı qərarın 34-41-ci bəndlərində göstərilən normaları tətbiq etməli idi. Belə ki, mübahisəni həlli üçün iddiaçının qoz ağacı və onun kök hissələrini nağd yoxsa nağdsız qaydada alması deyil, qeyd olunan məhsulların alınmasının qanunvericiliyin tələbinə uyğun olaraq rəsmiləşdirilməməsi təşkil edir. Hazırkı qərarın 34-41-ci bəndlərində göstərilən maddi hüquq normalarından görünür ki, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə bütün rekvizitlər əks olunmaqla alış aktları və elektron alış aktı tərtib edilməlidir. Hazırkı iş üzrə isə iddiaçının aldığı mallara görə belə aktların tərtib edilməsi müəyyən olunmur. Bu səbəbdən də cavabdeh bu halı pozuntu kimi qiymətləndirərək iddiaçı barəsində hazırkı qərarın 35-ci bəndində qeyd olunan maddi hüquq normalarında nəzərdə tutulan maliyyə sanksiyası tətbiq etmişdir. Məhkəmə isə mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edən göstərilən hallarla bağlı tam, hərtərəfli araşdırma aparmamış, maddi hüquq normasını düzgün tətbiq etməmiş, bununla da hazırkı qərarın 34-43-cü bəndlərində göstərilən normaların tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 58.8-ci maddəsinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə - 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; 58.8.3. bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. Vergi Məcəlləsinin 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Həmin Məcəllənin 71-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Həmin Məcəllənin 71-2.2-ci maddəsinə əsasən elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 71-2.3-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi 01 noyabr 2018-ci il tarixli, Seriya HXG № 015251 saylı “Malların alış aktı”nı təqdim etmişdir. Həmin alış aktı "xxxx" MMC-də çap edilmişdir. Həmin “Malların alış aktı” ilə müəyyən edilir ki, İddiaçı MMC (VÖEN **********) X2 hər kub metri 500 (beş yüz) manat olmaqla cəmi 50000 (əlli min) manat məbləğində 100 (bir yüz) kub metr qoz ağacının kök hissələrini almışdır. Məhkəmə kollegiyası tərəfindən "xxxx" MMC və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinə sorğular verilmişdir. "xxxx" MMC-nin 09 fevral 2022-ci il tarixli, 12 saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı MMC-yə Seriya HXG № 015251 saylı “Malların alış aktı” çap olunaraq 05 fevral 2019-cu il tarixli HXF seriyalı 015417 nömrəli malların təhvil-qəbul aktı ilə təhvil verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin 18 fevral 2022-ci il tarixli, **********924000 nömrəli məktubunda qeyd olunmuşdur ki, 01 noyabr 2018-cİ il tarixli, HXG seriyalı, 015251 nömrəli “Malların alış aktı" məzmunlu ciddi hesabat blankı, müvafiq inzibati iş üzrə iddiaçı hüquqi şəxs İddiaçı MMC-nin (VÖEN **********) sifarişi əsasında “RUMPEL" MMC-də (VÖEN **********) çap edilmiş və vergi orqanında olan mənbəyi bəlli baza məlumatlarına əsasən yuxarıda qeyd olunan ciddi hesabat blankı 5 fevral 2019-cu il tarixdə EAAP seriyalı, 968697 nömrəli elektron qaimə ilə İddiaçı MMC-yə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi malların alış aktı mötəbər sayıla bilməz. Çünki, iddiaçının təqdim etdiyi həmin ciddi hesabat blankı hesab edilən Seriya HXG № 015251 saylı “Malların alış aktı”nın 01 noyabr 2018-ci il tarixdə tərtib edildiyi məlum olur. Lakin iddiaçı sözü gedən malların alış aktını 05 fevral 2019-cu ildə əldə etmişdir. Bu isə həmin alış aktının 01 noyabr 2018-ci il tarixdə deyil, sonralar (05 fevral 2019-cu ildən sonra) tərtib edildiyinə dəlalət edir və onun sübut növü kimi qəbul edilməsi istisna olunur. Beləliklə də iş materialları ilə iddiaçının qoz ağacı və onun kök hissələrini vergi orqanında uçotda olmayan ayrı-ayrı şəxslərdən alarkən həmin məhsulların alınmasının qanunvericiliyin tələbinə uyğun olaraq rəsmiləşdirilmədiyi müəyyən edilir. İddiaçı vergi qanunvericiliyinin yuxarıda sadalanan normalarının tələblərini pozmuşdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzbati orqanın qərarı qanuni və əsaslı olduğuna baxmayaraq birinci instansiya məhkəməsi həmin qərarın qanunsuz və əsassız sayaraq ləğv etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğu üçün təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2-1(116)-283/2021 saylı qərarı ləğv edilməklə iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2-1(116)-283/2021 saylı qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 18.01.2019cu il tarixli, **********7837 nömrəli qərarın ləğv edilməsi tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar