Məhkəmə qərarları › İş №2-1(107)-60/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-60/2024

31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-60/2024 31.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli 2-1(116)-1966/2023 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “60 yaşı tamam olduğuna görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişlərinin hesablanaraq ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək, “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı güzəşti şərtlərlə yaşa görə əmək pensiyasının təyn edilməsi üçün cavabdeh orqana müraciət etmiş cavabdeh orqan iddiaçının ümumi iş stajının 25 ildən az olmasını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.

5. İddiaçı tələb hüququnu - əmək kitabçasına əsasən 23 il 8 ay 2 gün iş stajının olması, xx.xx.1983-cü ildən xx.xx.2001-ci il tarixədək olan dövrdə 18 il 20 gün olmaqla işlədiyi peşənin güzəştli sahəyə aid olması (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 320№-li siyahı üzrə 2140000a-18455 kodu), 2012-2015 ci tarixləri arasında fərdi sahibkarlıqla məşğul olması və müvafiq vergi və sığorta ödənişlərini ödəməsi, xx.xx.1978-xx.xx.1979-cu il tarixləri arasında Azərbaycan SSR Vartaşen rayonu 143 №-li Kənd texniki peşə məktəbində təhsil alması və xx.xx.1979-xx.xx.1981-ci il tarixləri arasında hərbi xidmətdə olması ilə əsaslandırmışdır.

6. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İş materiallarına əsasən, İddiaçı cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2023-cü il tarixdə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçının təqdim etdiyi sənədlər araşdırılaraq güzəştli iş stajının olmaması səbəbilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir.

7. İddiaçının Mərkəzi Filiala təqdim etdiyini sənədlərə əsasən iddiaçının ümumi iş stajı 25 ildən azdır.

8. Belə ki, İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 21 il 07 ay 05 gündür:

1. xx.xx.1979-xx.xx.1981 -ci il; 3. xx.xx.1982-xx.xx.1983-cü il;

2. xx.xx.1981-xx.xx.1982-ci il; 4. xx.xx.1983-xx.xx.2001-ci il.

9. İddiaçı xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən sosial sığorta stajı 01 il 05 ay təşkil edir.

10. Göründüyü kimi İddiaçı ümumi iş stajı ümumilikdə 23 il 05 gün təşkil edir.

11. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20632,82 manat təşkil edir.

12. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.

13. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 16 oktyabr 2023-cü il tarixli 2-1(116)-1966/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

16. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

17. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli 2-1(116)-1966/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavebdehin nümayəndəsi Nümayəndə Mirzali qızı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli 2-1(116)-1966/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli 2-1(116)- 1966/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

20. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı, xx.xx.1961-ci il tarixdə doğulmuşdur. - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 612 nömrəli attestatından və İlk Peşə-İxtisas Təhsili Müəssisəsi Oğuz Peşə Məktəbinin xx.xx.2022-ci il tarixli 57 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdə Oğuz (Vartaşen) rayonu 143 nömrəli peşə məktəbinin traktorçu maşinist ixtisasına daxil olmuş, xx.xx.1979-cu il tarixində həmin ixtisası bitirmişdir. - НЗ ******* nömrəli hərbi biletindən görünür ki, iddiaçı xx.xx.1979 - xx.xx.1981- ci il tarixlərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı 60 yaşının tamamlandığı xx.xx.2021-ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı, xx.xx.2006-cı il tarixinədək olan əmək stajına uyğun 16457,41 manat, həmin tarixdən sonrakı dövr üçün isə 520,02 manat olmaqla, cəmi 16977,43 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 21 il 7 ay 5 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 16457,41 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində 520,02 manat pensiya kapitalı qeydə alınmışdır. Bundan başqa hazırda adıçəkilən şəxsin əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə əsasən 40800,00 manat təşkil edir. Eyni zamanda adıçəkilən şəxsin ümumi iş stajı 23 il 5 gün (xx.xx.2006-cı il tarixinədək 21 il 7 ay 5 gün əmək stajı (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981xx.xx.1982-ci il, xx.xx.1982- xx.xx.1983-cü il və xx.xx.1983-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 1 il 5 ay sığorta stajı (2012-ci il üzrə 1 ay, 2013cü il üzrə 12 ay, 2014-cü il üzrə 1 ay, 2015-ci il üzrə isə 3 ay) təşkil edir. - ИT-İ ******* №-li əmək kitabçasından görünür ki, iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1981-xx.xx.1982, xx.xx.1982-xx.xx.1983, xx.xx.1983xx.xx.2001. - 2012-ci il tarixli fərdi şəxsi hesab vərəqəsindən görünür ki, gəlir məbləği 95 manat, hesablanmış məbləğ 23,75 manat, ödənilmiş məbləğ 46,75 manat qeyd olunmuşdur. Yanvar, Fevral, Mart, Aprel, May, İyun, İyul, Avqust, Sentyabr, Avqust, Sentyabr, Oktyabr və Noyabr ayı üçün gəlir məbləği 8 manat, hesablanmış məbləğ 2 manatdır. Dekabr ayı üçün isə gəlir məbləği 7 manat, hesablanmış məbləğ 1,75 manatdır. - 2013-cü il tarixli fərdi şəxsi hesab vərəqəsindən görünür ki, gəlir məbləği 260 manat, hesablanmış məbləğ 65 manat, ödənilmiş məbləğ 205,25 manat qeyd olunmuşdur. Yanvar, Fevral, Mart, Aprel, May, İyun, İyul, Avqust, Sentyabr, Avqust, Sentyabr və Oktyabr ayı üçün gəlir məbləği 20 manat, hesablanmış məbləğ 5 manatdır. Noyabr və Dekabr ayları üçün isə gəlir məbləği 30 manat, hesablanmış məbləğ 7,5 manatdır. - 2014-cü il tarixli fərdi şəxsi hesab vərəqəsindən görünür ki, ödənilmiş məbləğ 52,50 manat qeyd olunmuşdur. - 2015-ci il tarixli fərdi şəxsi hesab vərəqəsindən görünür ki, gəlir məbləği 250 manat, hesablanmış məbləğ 62,5 manat, ödənilmiş məbləğ 115 manat qeyd olunmuşdur. Yanvar ayı üçün gəlir məbləği 90 manat, hesablanmış məbləğ 22,5 manat, Fevral və Mart ayları üçün isə gəlir məbləği 80 manat, hesablanmış məbləğ 20 manatdır. - Sığortaolunanın hesabından görünür ki, 2012-ci il (yanvar) və 2015-ci il (dekabr) illəri üzrə iddiaçının 2012-ci il üzrə 1 ay, 2013-cü il üzrə 12 ay, 2014-cü il üzrə 1 ay, 2015-ci il üzrə isə 3 ay sığorta stajı cavabdeh orqan tərəfindən qəbul edilmişdir. Cəmi gəlir 605 manat, cəmi hesablanmış məbləğ 151,25 manat, cəmi ödənilmiş məbləğ 419,5 manat, pensiya kapitalı 631,94 manat müəyyən edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

22. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

23. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.

24. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

25. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

26. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli, 530-VİQD№-li Azərbaycan Respublikasının Qanununun 1.4.1-ci maddəsi ilə sözügedən Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Göründüyü kimi maddənin yeni redaksiyasında fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı şərt çıxarılmışdır. 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.

28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VİQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən, istinad olunan dəyişikliklərdən sonra iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 element mövcud olmalıdır:

1. bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 2) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır.

29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

30. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli 2-1(116)-1966/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

31. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

32. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

33. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

35. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1961-ci ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə ki, cavabdeh orqanın verdiyi məlumatlar əsasında müəyyən edilir ki, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20632,82 manat təşkil edir.

36. Odur ki, iddiaçının ən azı 25 il ümumi sosial sığorta stajı olmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının peşə təhsili aldığı (7 ay, 13 gün), hərbi xidmətdə olduğu (2 il, 1 ay, 7 gün) və əmək kitabçasına əsasən işlədiyi (19 il, 5 ay, 28 gün) müddətin cəmi – 22 il, 2 ay, 18 günə bərabərdir.

37. Bununla yanaşı iş materialları ilə müəyyən edilir ki, iddiaçı 2012-2015-ci illərdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və 2012-2013-cü illər üzrə 2 il, 2014-cü il üzrə 1 ay, 2015-ci il üzrə isə 3 ay məcburi dövlət sosial sığorta haqlarını ödəmişdir. Həmin müddətlərin cəmi – 2 il 4 aya bərabərdir.

38. Cavabdeh orqan yuxarıda qeyd edilən müddətlərə münasibətdə 2012-ci il üzrə iddiaçının sosial sığorta stajını yalnız 1 ay üçün - (dekabr ayı) qəbul etdiyini bildirmiş, bunu 46,75 manat pul vəsaitinin məhz dekabr ayında ödənilməsi ilə əsaslandırmışdır. Lakin, nəzərə alınmalıdır ki, sözügedən məbləğ 12 ay üzrə hesablanmış ümumi 95 manat gəlir məbləğinə uyğun olaraq müəyyən edilmiş 23,75 manat pul məbləğinə münasibətdə ödənmişdir. Odur ki, məhkəmə ödənmiş 46,75 manat pul vəsaitinin məhz dekabr ayına yox, bütövlükdə 2012-ci ilə aid olması qənaətindədir.

39. 2015-ci ilə münasibətdə isə iddiaçının yanvar-mart aylarında əldə etdiyi 250 manat gəlirə uyğun olaraq hesablanmış 62.50 manat məcburi dövlət sosial sığorta haqqına münasibətdə 115 manat pul məbləği ödənilsə də, iddiaçının həmin il üzrə mart ayından sonra gəliri və hesablanmış məcburi dövlət sosial sığorta haqqı müəyyən edilmədiyindən, növbəti ayların sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Belə ki, ƏPHQ-nun 21.1-ci maddəsinin tələbinə görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin məcburi dövlət sosial sığorta haqları ödənilməklə fəaliyyət göstərdiyi müddətlərin sığorta stajına daxil edilməsi nəzərdə tutulmuşdur. İddiaçının isə 2015-ci il üzrə yalnız 3 ay ərzində məcburi dövlət sosial sığorta haqları ödənilməklə fəaliyyət göstərdiyi iş materialları ilə müəyyən edilir.

40. Belə olan halda iddiaçının xx.xx.2006-cı il tarixədək müəyyən edilmiş ümumi sosial sığorta stajı ilə (22 il, 2 ay, 18 gün), onun 2012-2015-ci illər üzrə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müddətdə yaranmış sosial sığorta stajını (2 il, 4 ay) topladıqda ümumi sosial sığorta stajı cəmi, 24 il, 6 ay, 18 günə bərabər olur ki, bu da tələb olunan 25 ildən azdır.

41. İddiaçının ümumi iş stajı tələb olunan 25 ildən az olduğundan hər bir halda iddia tələbi uğursuzdur. Buna görə də iddiaçının əlavə olaraq xüsusi iş stajının yoxlanılması zərurəti yoxdur.

42. Göründüyü kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə aparılan araşdırma nəticəsində cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamışdır. İddiaçı ona münasibətdə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab vermir. Cavabdehin imtinası əsaslıdır.

43. Belə olan halda məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində iddiaçının tələbindən imtinası qanunsuz hərəkət sayıla bilməz.

44. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanı nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanaraq ödənilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

45. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli 2-1(116)-1966/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar