Məhkəmə qərarları › İş №2-1(107)-602/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-602/2023

01.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-602/2023 01.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı oğunun Cavabdeh İB-nə qarşı “Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan 0,6366 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçən qaz xəttinin cavabdehin vəsaiti hesabına çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli 2-1(116)-2543/2023 nömrəli qərardadından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı oğu Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan 0,6366 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçən qaz xəttinin cavabdehin vəsaiti hesabına çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə “hüquqi yardımın gösətərilməsinə dair” məktub ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, iddia tələbinə inzibati məhkəmə icraatı çərçivəsində baxıla bilməz.

3. Belə ki, iddiaçı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsində yerləşən qaz xəttinin çıxarılmasını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir.

4. Nəzərə alınmalıdır ki, təbii qazdan istifadə etmək zəruri ictimai ehtiyacdır, onu təmin edən qurumlar isə ictimai xidməti həyata keçirən subyektlərdir, ictimai ehtiyacları ödəyən (elektrik, su, qaz, rabitə və s.) müəssisələr əksər hallarda təbii inhisar xarakteri daşıyırlar, eyni zamanda təbii inhisar subyektləri mülki münasibətlərin də iştirakçılarıdırlar, fiziki və hüquqi şəxslər təbii inhisar subyektlərinin xidmətlərindən müqavilə əsasında yararlanırlar, bu növ müqavilələr mülki hüquq müstəvisində qəbul edilmiş “müqavilə” anlayışından bir qədər fərqli olsa da, onlar mülki hüquq münasibətləri subyektləri arasında yaranırlar və fərdi (xüsusi) xarakter daşıyırlar, bu baxımdan mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır, hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir, hazırkı iş üzrə cavabdeh orqanla iddiaçı arasında hər hansı publik hüquq münasibətləri olmadığından, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz, buna görə də mübahisəyə daşınmaz əmlakın yerləşdiyi yer üzrə ümumi rayon məhkəməsində baxılmalıdır.

5. Yəni, cavabdehin o hərəkəti və ya hərəkətsizliyi inzibati xarakterə malik olacaq ki, onun əsasını inhisarçılıqdan irəli gələn qeyri-bərabər səlahiyyətə dayanan davranış üstünlüyü təşkil etsin. İddiaçıya məxsus olan torpaq sahəsindən istifadə etmə isə, cavabdehin inzibati xarakterli səlahiyyətlər dairəsinə düşməyən, öz təsərrüfat fəaliyyəti ilə əlaqədar iddiaçının mülkiyyətinə təsir edən hərəkətlərdir və iddiaçının öz torpaq sahəsi üzərində mülkiyyət hüququnun müdafiəsi üzrə yaranmış mübahisədir. Buna görə də tələbə mülki məhkəmə icraatında baxılmalıdır.

6. Yuxarıda qeyd olunanlarla bağlı birinci instansiya məhkəməsinin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 (on) gün vaxt verilmişdir. İddiaçı həmin məktubu xx.xx.2023-cü il tarixdə şəxsən qəbul etməsinə baxmayaraq, məhkəmənin mövqeyinə münasibət bildirməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 18 sentyabr 2023-cü il tarixli 2-1(116)-2543/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

8. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi eyni iddia iki dəfə Oğuz Rayon Məhkəməsinin, iki dəfə Şəki İnzibati Məhkəməsinin, bir dəfə də Şəki Kommersiya Məhkəməsinin icraatında olmuş, müvafiq məhkəmələrin hər biri ayrı-ayrılıqda və hər dəfə təkidlə hazırkı işin həmin məhkəmə tərəfindən baxılmalı olmaması əsası ilə işə baxıb iş üzrə yekun qərar və ya qətnamə qəbul etməkdən ya imtina etmiş, ya iddianı mümkün saymamış və ya iddianı aidiyyəti üzrə baxılması üçün göndərmişdir. Şəki İnzibati Məhkəməsinin hazırkı iddianı mümkün saymamasının əsası və səbəbi kimi təbii qazdan istifadə etməyin zəruri ictimai ehtiyac olması, onu təmin edən qurumun isə ictimai xidməti həyata keçirən subyektlər olması göstərilmişdir. Halbuki, hazırkı işin zəruri ictimai ehtiyac və ya ictimai xidməti həyata keçirməklə heç bir əlaqəsi yoxdur. O, həmin əsası və həmin əsasla iddianın mümkün sayılmamasını əsassız hesab etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli 2-1(116)-2543/2023 qərardadının ləğv edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli 2-1(116)-2543/2023 qərardadının ləğv edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

12. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 29 oktyabr tarixli, 585 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh Dövlət Şirkətinin Nizamnaməsinin 2.1-ci maddəsinə əsasən, şirkət respublikanın etibarlı qaz təminatına, xalq təsərrüfatının və əhalinin təbii qaza və ondan istehsal olunan məhsullara, məişət qaz avadanlıqlarına olan tələbatını ödəmək üçün məsuliyyət daşıyır.

15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən, istehlakçı qaz paylayıcısının qərarlarından, digər hərəkət və hərəkətsizliyindən inzibati qaydada və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla məhkəməyə şikayət verə bilər.

16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. - 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. - 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5).

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

18. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.

20. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, təbii qazdan istifadə etmək zəruri ictimai ehtiyacdır, onu təmin edən qurumlar isə ictimai xidməti həyata keçirən subyektlərdir, ictimai ehtiyacları ödəyən (elektrik, su, qaz, rabitə və s.) müəssisələr əksər hallarda təbii inhisar xarakteri daşıyırlar, eyni zamanda təbii inhisar subyektləri mülki münasibətlərin də iştirakçılarıdırlar, fiziki və hüquqi şəxslər təbii inhisar subyektlərinin xidmətlərindən müqavilə əsasında yararlanırlar, bu növ müqavilələr mülki hüquq müstəvisində qəbul edilmiş “müqavilə” anlayışından bir qədər fərqli olsa da, onlar mülki hüquq münasibətləri subyektləri arasında yaranırlar və fərdi (xüsusi) xarakter daşıyırlar, bu baxımdan mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır, hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir, hazırkı iş üzrə cavabdeh orqanla iddiaçı arasında hər hansı publik hüquq münasibətləri olmadığından, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz, buna görə də mübahisəyə daşınmaz əmlakın yerləşdiyi yer üzrə ümumi rayon məhkəməsində baxılmalıdır.

21. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

22. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.

23. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

24. Bununla bağlı olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair qərarına əsasən, təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin qərarda göstərilmişdir ki, elektrik enerjisindən istifadə etmək zəruri ictimai ehtiyacdır, onu təmin edən qurumlar isə ictimai xidməti həyata keçirən subyektlərdir. İctimai ehtiyacları ödəyən ictimai iaşə (elektrik, su, qaz, rabitə və s.) müəssisələri əksər hallarda təbii inhisar xarakteri daşıyırlar. Təbii inhisar müəssisələri bazara təklif etdikləri məhsulu aşağı istehsal xərcləri ilə əldə etməklə yanaşı, hamını həmin məhsulla əlçatan şərtlərlə, rəqabətsiz təmin etmək imkanına malikdirlər. Təbii inhisar müəssisələri sosial sifarişi və tələbatı rəqabətsiz təmin etdiklərinə görə dövlətin nəzarəti ilə tənzimlənən qaydada fəaliyyət göstərirlər.

25. Belə ki, hazırkı iş üzrə mübahisənin subyektləri bir tərəfdən fiziki şəxs, digər tərəfdən isə Cavabdeh İB-dir. İddiaçının hüquqi marağı isə Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, onun xüsusi mülkiyyətində olan 0,6366 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçən qaz xəttinin cavabdehin vəsaiti hesabına çıxarılmasından ibarətdir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 29 oktyabr tarixli, 585 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh Dövlət Şirkətinin Nizamnaməsinə əsasən, Cavabdeh İB ... respublikada vahid qaz sisteminin inkişafı problemlərinin kompleks həllini, təbii qazın qəbulu, nəqli və təmini, məişət qaz avadanlıqlarının istehsalı, qazın emalı, qaz kondensatı və digər məhsulları iqtisadi imkanlar daxilində istehsal etməyi, respublikanın qazlaşdırılması və istehlakçıların qazla təchizatını, qazdan səmərəli istifadə etmək üçün dövlət nəzarətini, normativ sənədləri, itki normativlərini hazırlamağı və təsdiq etməyi, kadrların ixtisasına, işgüzarlığına uyğun seçilməsini, yerləşdirilməsini, onların respublikada, xaricdə hazırlanması və peşəkarlıq səviyyəsinin artırılmasını, əmək kollektivləri ilə bağlanmış müqavilələri yerinə yetirən hüquqi şəxsdir. Bu qurum mülki hüquq münasibətlərinin sabit iştirakçısıdır. Lakin mülki hüquq münasibətlərindən irəli gələn fəaliyyəti həyata keçirməklə yanaşı, Qanunla onlara müəyyən inzibati səlahiyyətlər də verilmişdir.

27. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylan ması xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahəsinə aid edilmişdir. Həmin Qanunun 4-cü maddəsinə uyğun olaraq təbii inhisar – istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin olmadığı şəraitdə tələbatın ödənilməsi daha səmərəli olan və inhisar subyektlərinin istehsal etdiyi (satdığı) əmtəə istehlakda başqa əmtəə ilə əvəz edilə bilməyən əmtəə bazarının vəziyyəti, təbii inhisar subyekti isə təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyektidir.

28. Təbii inhisarların ictimai məqbul davranışının təmin edilməsinin iki vasitəsi mümkündür: dövlət mülkiyyəti və dövlət tənzimlənməsi. “Təbii inhisarlar haqqında” Qanunun 6-cı maddəsinə uyğun olaraq təbii inhisar subyektlərinin fəaliyyəti dövlət tərəfindən tənzimlənir. Təbii inhisar subyekti ilk növbədə dövlətin suveren səlahiyyətlərini həyata keçirən orqan kimi çıxış edir.

29. Eyni zamanda, təbii inhisar subyektləri mülki münasibətlərin də iştirakçılarıdırlar. Bu münasibətlərdə təbii inhisar xarakterli orqanlar bildiriş və xəbərdarlıq xarakterli aktlar qəbul edə bilərlər. Ehtiyac olduğu halda bu aktlar ümumi məhkəmələrdə mülki prosessual qaydada mübahisələndirilir. Lakin təbii inhisar subyektinin mülki hüquq fəaliyyətini həyata keçirməsi onun inzibati orqan olub-olmaması məsələsinin müəyyən edilməsi üçün həlledici meyar deyildir. Bu subyektlər digər şəxslərə münasibətdə məcburi olan aktlar da qəbul və icra edə bilər. Belə halda onların qəbul etdikləri aktlar inzibati akt kimi inzibati məhkəmələrdə mübahisələndirilə bilər.

30. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ təsbit edilmişdir. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir.

31. Təbii inhisar orqanı tərəfindən qəbul edilən aktlar təbiətinə görə fərqli məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər. Məhz bu baxımdan Cavabdeh İB tərəfindən qəbul edilən aktın mahiyyətinin aydın və dəqiq qiymətləndirilməsi həmin aktın mübahisələndirilməsinə dair məhkəmə aidiyyətinin düzgün müəyyən edilməsinə əsas verər.

32. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə uyğun olaraq, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs inzibati orqandır. Dövlət tərəfindən təbii inhisar subyektlərinə inzibati aktlar qəbul etmək suveren səlahiyyətinin ötürülməsi, onların inzibati hüquq müstəvisində fəaliyyətlərini həyata keçirdikləri zaman inzibati orqan kimi çıxış etmələrinə əsas yaradır.

33. İnzibati orqanların siyahısı “İnzibati orqanların Təsnifatı”nda verilmişdir. Həmin Təsnifatda sadalanan inzibati orqanların siyahısı məhdudlaşdırıcı deyil. Belə ki, “İnzibati orqanların Təsnifatı”nın V bəndinə əsasən “qanunvericiliyə uyğun olaraq inzibati akt qəbul etmək səlahiyyəti verilən digər inzibati orqanlar” inzibati orqan hesab edilir. Məhz bu normanın mahiyyətinə görə təbii inhisar müəssisələrinə həvalə edilən inzibati funksiyalar onları müəyyən münasibətlərdə inzibati orqan adlandırmağa əsas verir. Lakin təbii inhisarçı iştirak etdiyi bütün hüquq münasibətlərində inzibati orqanın xüsusiyyətlərini daşımır.

34. Dövlət tərəfindən təbii inhisar müəssisələrinə publik xarakterli səlahiyyətlər də həvalə edilə bilər. Bu halda təbii inhisar müəssisəsi ilə digər subyektlərin münasibətləri hakimiyyət – tabeçilik prinsipi üzərində qurulur. Eyni zamanda, təbii inhisar müəssisəsi publik maraqların təmin edilməsi ilə bağlı hər hansı bir subyektə məhdudlaşdırıcı təsir göstərə bilər.

35. Qeyd edilməlidir ki, inzibati orqanların qəbul etdikləri inzibati aktların və publik hüquq sahəsindəki digər fəaliyyətlərinin üzərində məhkəmə nəzarətinin mövcudluğu hüquqi dövlətin əsas əlamətlərindən biridir. Məhz bu baxımdan Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin normaları əsasında təbii inhisar müəssisəsinin inzibati aktları da məhkəmə qaydasında mübahisələndirilə bilər. Belə olan halda təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən baxılmalıdır.

36. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn iddiаnı mümkün saymamaqda düzgün nəticəyə gəlməmişdir. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.

37. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli 2-1(116)-2543/2023 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar