Məhkəmə qərarları › İş №2-1(107)-603/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-603/2024

12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-603/2024 12.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), X5 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya məxsus ******* saylı əmək kitabçasında olan xx.xx.1980xx.xx.1982 və xx.xx.1985-xx.xx.1993-cü illərdə işlədiyi dövrü iş stajlna daxil edərək pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2-1(116)-2113/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus ******* saylı əmək kitabçasında olan iş stajının əmək stajına hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-1886/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və inzibati iş xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

3. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “iddiaçıya məxsus ******* saylı əmək kitabçasında olan xx.xx.1980-xx.xx.1982 və xx.xx.1985-xx.xx.1993-cü illərdə işlədiyi dövrü iş stajlna daxil edərək pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X6 Filialının üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.Ərizə məhkəmənin 25 iyun 2024-cü il tarixli iclas protokolunun qərardadı ilə icraata qəbul edilmişdir.

4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı xx.xx.1963-cü ildə Kəlbəcər rayonu Ağyataq kəndində anadan olmuşdur. 05 iyun 1980-cı ildə Kəlbəcər rayonu süd və ət emalı zavodunda fəhlə işinə qəbul olunmuş, xx.xx.1982-ci ildə ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçıya məxsus ******* saylı əmək kitabçasında müxtəlif illərdə işləməyi qeyd edilmişdir.İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.Lakin,iddiaçının xx.xx.1980-xx.xx.1982 və xx.xx.1980-xx.xx.1993-cü illər ərzində işlədiyi müddət əmək stajına daxil edilməmişdir. Bildirilmişdir ki, əmək kitabçası qarışıq olaraq kiril və latın qrafikalı həriflərdən istifadə edilmişdir.

5. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddia tələbinə etirazını belə əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2023-cü il tarixdə Fondun Xüsusi şərtlərlə X6 filialı tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilmişdir. İddiaçı Fondun Xüsusi şərtlərlə X6 filialına xx.xx.2023-cü il tarixdə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, mərkəzi filial tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. İddiaçı iddia ərizəsində cavabdeh kimi Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialını qeyd etmişdir. Hesab edirik ki, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı əsl cavabdeh Fondun Xüsusi şərtlərlə X6 filialı ilə əvəz edilməlidir. iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 12 iyun 1980ci il tarixli WT-İ ******* nömrəli əmək kitabçasının surətində qeyd olunan məlumatlar araşdırılarkən 2-3-cü səhifələrdəki qeydlərin həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, sözügedən səhifələrin 2-ci qeydində müvafiq olaraq sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunmuşdur. Göstərilən səbəbdən də xx.xx.1980xx.xx.1982-ci il və xx.xx.1985-xx.xx.1993-cü il tarixləri arasındakı dövrləri iddiaçının iş stajına daxil etmək mümkün deyil. Əlavə olaraq bildiririk ki, iddiaçının ümumi iş stajı 32 il 3 ay 17 gün (xx.xx.2006-cı il tarixədək 14 il 8 ay 17 gün (xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1993- xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), xx.xx.2006-cı il tarixdən sonra 17 il 7 ay) təşkil edir.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 21 avqust 2024-cü il tarixli, 2- 1(116)-2113/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

9. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X6 Filialı tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. Cavabdeh inzibati orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının Mərkəzi Fiiiala təqdim etdiyi 12 iyun 1980-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasının surətində qeyd olunan məlumatlar araşdırılarkən 2-3-cü səhifələrdəki qeydlərin həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, sözügedən səhifələrin 2-cı qeydində müvafiq olaraq sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunmuşdur. Göstərilən səbəbdən də xx.xx.1980-xx.xx.1982-ci il və xx.xx.1985xx.xx.1993-cü il tarixləri arasındakı dövrləri iddiaçının iş stajına daxil etmək mümkün deyil. İddiaçının ümumi iş stajı 32 il 3 ay 17 gün (01.01,2006-cı il tarixədək 14 il 8 ay 17 gün (xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1993-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), 01.01 2006-cı il tarixdən sonra 17 il 7 ay) təşkil edir. İş materialları və məhkəmə qərarının əsaslandırılmasından məlum olur ki, məhkəmə yalnız iddiaçının əmək kitabçası ilə kifayətlənmiş, kitabçadakı qeydlərin mötəbər olubolmamasını, iddiaçının Kəlbəcər rayon “Ət və Süd Emalı” zavodunda işləyib-işləməməsini, müəssisənin həmin dövrlərdə və 1993-cü il tarixdən sonra fəaliyyət göstəribgöstərməməsinə dair faktları araşdırmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2-1(116)-2113/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını və Şəki İnzibati Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2-1(116)-2113/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını və Şəki İnzibati Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2-1(116)- 2113/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - xx.xx.1983-cü il tarixli Əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, iddiaçının ümumi iş stajı 25 ildən çoxdur. İddiaçı 1980-ci ildə əmək fəaliyyətinə başlamış və 1996-cı ilədək müxtəlif müəssisələrdə işləmişdir. Onun 1996-ci ildən sonrakı dövrdə işlədiyi müəssisələr aşağıdakı kimidir: a) xx.xx.1996-cı ildən indiyədək Azərbaycan DRESin (Azərbaycan İES MMC) X3 əməliyyat heyətində növbə rəisi vəzifəsində işləyir. - Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu. - İddiaçıya məxsus ИТ seriyalı ******* nömrəli Əmək kitabçası; - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1963cü il tarixdə anadan olmuşdur. - Kəlbəcər Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli arayışı. - 5. Cavabdehin xx.xx.2024-cü il tarixli etiraz məktubu və ona əlavə olunan sənədlər.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 34.2. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Maddə 34.3. Qəbul edilməsi gözlənilən inzibati akta qarşı qabaqlayıcı (preventiv) iddianın qaldırılmasına yalnız obyektiv səbəblərdən irəli gələn müstəsna hallarda (şəxsin hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilənin qarşısını almağın xüsusilə zəruri olduğu hallarda) yol verilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.

17. “Əmək pensiyaları haqqında" Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - “bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə aylıq pul ödənişidir. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

18. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

19. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. Məhkəmə kollegiyasının araşdırması nəticəsində müəyyən olmuşdur ki, iddiaçıya xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının hüquqi marağı xx.xx.1980- xx.xx.1982 və xx.xx.1980-xx.xx.1993-cü illər ərzində işlədiyi müddət əmək stajına daxil edilməklə pensiyanın yenidən hesablanmasından ibarətdir.

27. Cavabdehin iddia tələbinə dəlili-əmək kitabçasının tərtibi qaydalarının pozulmasından ibarətdir. İddiaçının təqdim etdiyi ИТ seriyalı ******* nömrəli Əmək kitabçasına əsasən müəyyən edilir ki, o qeyd olunan dövrlərdə Kəlbəcər rayonunda Süd və ət emalı zavodunda fəhlə kimi çalışmışdır. İddiaçı xx.xx.1982 –ci il tarixindən hərbi xidmətlə əlaqədar işdən azad edilmiş, xidmət başa çatdıqdan sonra həmin müəssisədə əmək fəaliyyətini davam etdirmişdir.

28. İddiaçı həmin müəssisədə əmək fəaliyyəti Kəlbəcər rayonun işğal olunduğu müddətə kimi davam etdirmiş,07 may 1993-cü ildən hazırkı tarixədək müxtəlif idarə müəssisələrdə işləməkdə davam edir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlillərinin əsasını iddiaçının əmək kitabçasının surətində qeyd olunan məlumatların 2-3-cü səhifələrdəki qeydlərin həqiqiliyinə əsaslı şübhələrin yaranması, yəni sözügedən səhifələrin 2-ci qeydində müvafiq olaraq sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunması təşkil edir.

30. Məhkəmə kollegiyası cavabdehin dəlili ilə razılaşmayaraq qeyd edir ki, bu hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, iddiaçının vəzifəsi ona məxsus əmək kitabçasının lazımi qaydada saxlanılmasını təmin etmək olmuşdur və o, tələbini əsaslandırdığı halları əmək kitabçasındakı müvafiq qeydlərlə sübut edə bilir. Digər müəssisə və orqanların öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmaması isə, iddiaçının hüquqlarının pozulmasına və ona məxsus sənədlərdə icra edilmiş qeydlərin həqiqiliyinin şübhə altına salınmasına səbəb olmamalıdır.

31. Məhkəmə kolegiyası qeyd edir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)- 1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe).

32. Yuxarıda qeyd olunan işin hallarını nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

33. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya məxsus ******* saylı əmək kitabçasında olan xx.xx.1980-xx.xx.1982 və xx.xx.1985-xx.xx.1993-cü illərdə işlədiyi dövrü iş stajlna daxil edərək pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

34. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Xüsusi Şərtlərlə X6 Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2-1(116)-2113/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar