Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-604/2023 29.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonu Cəyirli kəndində yerləşən, 0,0016 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın (elektron çıxarışın) və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 31 iyul 2023-ü il tarixli 2-1(116)-36/2023 nömrəli qərarından üçüncü şəxs X7 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Göyçay rayonu Cəyirli kəndində yerləşən, 0,0016 ha torpaq sahəsinə mərhum X4 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-457/2022 nömrəli qərardadı ilə Göyçay rayonu Cəyirli bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına adi qaydada cəlb edilmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-36/2023 nömrəli qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
4. İddiaçı birinci instansiya məhkəməsinin iclasında tələbini dəqiqləşdirərək “Göyçay rayonun Cəyirli kəndində yerləşən, 0,0016 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın (elektron çıxarışın) və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi ilə əvəz edilmişdir.
6. İddia ərizəsinin əsaslarına görə, mərhum X8 11 iyul 2015-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra Göyçay rayonu Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 41 nömrəli qərarı ilə Göyçay rayonunun Cəyirli kəndində ailə üzvlərinə verilmiş 0,26 ha həyətyanı təyinatlı torpaq sahəsi və sahibkarlığın inkişafı məqsədi ilə Göyçay rayonu Cəyirli bələdiyyəsindən aldığı 0,0016 ha torpaq sahəsi miras qalmışdır. 0.26 ha həyətyanı torpaq sahəsində olan miras paya vərəsəlik açılmış və Göyçay rayon Notariat Kontorunun 15 noyabr 2017-ci il tarixdə verdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçıya və digər qanun üzrə vərəsələrə bərabər hissədə pay verilmişdir. Həmin torpaq sahəsindən üçüncü şəxs Fərid Abuşova çatan payı razılığa əsasən bölüb vermiş, Səlim Abışov və Babək Abuşovla birlikdə həmin paya mülkiyyət hüquqlarını 18 dekabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydə alınmışdır.
7. İddiaçı mərhum ərinin sahibkarlığın inkişafı məqsədi ilə Göyçay rayonu Cəyirli bələdiyyəsindən aldığı torpaq sahəsinə mərhumun adına hüquq müəyyənedici sənəd almaq üçün cavabdehə müraciət etmişdir.
8. Lakin müraciəti təmin edilməmişdir.
9. Cavabdeh orqan xx.xx.2021-ci il tarixli iddia tələbinə etirazında qeyd etmişdir ki, vətəndaş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddəsinə uyğun müraciət etməmişdir.
10. Belə ki, vətəndaşın ərizəsinə heç bir sənəd əlavə olunmamış və ərizə müəyyən olunmuş formaya uyğun təqdim edilməmişdir. Vətəndaş tərəfindən müvafiq olaraq inventarlaşdırmaya şərait yaradılmamışdır.
11. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
12. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən qeydiyyat orqanına təqdim edilən ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
13. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur.
14. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı və onun vəkili (nümayəndəsi) iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişlər.
15. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
16. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs X9 iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
17. Digər üçüncü şəxs iddia tələbinə münasibət bildirməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
18. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 31 iyul 2023-ü il tarixli 2- 1(116)-36/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
19. Üçüncü şəxs X7 həmin qərardan apellyasiya şikayəti vermişdir.
20. Üçüncü şəxs X7 məhkəmə kollegiyasının iclasında şifahi vəsatət verərək iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(107)-604/2023 nömrəli qərardadı ilə vəsatətin təmin edilməməsi qərara alınmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
21. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 29 oktyabr 1986-cı ildə Göyçay rayonu Cəyirli kəndində anadan olmuşdur. Təxminən 2002-ci ildən mərhum atası X8 ilə birlikdə kənddə balaca bir torpaq sahəsində özləri üçün səyyar şəkildə ət kəsimi ilə məşğul olmaq üçün şərait qurmuşlar (Həmin şərait dörd ədəd turba üzərində çardaq qurulmasından ibarət olmuşdur). Daha sonra təxminən 2006-cı ildən atası qoca və xəstə olduğundan bütün işləri ona həvalə etmiş və faktiki olaraq işlərlə (mal kəsimi, ət satımı, obyektin abadlaşdırılması və sair.) o məşğul olmuşdur. 2007-ci ildə Rayon İcra Hakimiyyəti tərəfindən onlara çöldə ət satımının qadağan edilməsi barədə xəbərdarlıq edilmişdir. Bundan sonra 2007-ci ildə tərəfindən əlavə olaraq yüngül konstruksiyadan hazırlanmış köşk alınaraq həmin torpaq sahəsindən kənarda (təxminən 14 metr) yerləşdirilmiş və həmin köşkdə ət satışı ilə məşğul olmuşdur. Həmin köşkü atasının torpağında yerləşdirməsinə səbəbi o olmuşdur ki, həmin vaxt atası torpaq sahəsində daşdan ət dükanı tikəcəyini bildirmişdir. O da bu səbəbdən köşkü hazırkı yerində qoymuşdur. Həmçinin, 2010-cu ildə də, yenidən həmin obyektdə əsaslı təmir işləri aparılmışdır. Daha sonra 2019-cu ildə ümumiyyətlə həmin köşk tərəfindən tam şəkildə təmir edilmiş və müsair formaya salınmışdır. Məhkəmənin sorğusuna əsasən cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, Göyçay rayon Cəyirli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarı ilə ayrılmış, 0.0016 ha torpaq sahəsinə dair koordinatlar mövcud olan torpaqayırma sxemi mövcud olmadığı üçün torpaq sahəsinin yerləşdiyi ərazinin döngə nöqtələrinin koordinatlarını, xüsusiyyətlərini (təyinatı, uqodiyası (əkin olduqda kənd təsərrüfatına yararlı, yararsız və ya az yararlı olması göstərilməklə), statusu, mülkiyyətçisi, faktiki istifadəçisi, döngə nöqtələri, yerləşmə vəziyyəti və s.) və digər torpaq sahələri ilə üst-üstə düşmə halının mövcud olubolmamasını müəyyən etmək mümkün olmamışdır, iddiaçı tərəfindən naturada göstərilən 0.0016 ha torpaq sahəsi elektron bazada təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, islahat uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyət növü bələdiyyə göstərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi Göyçay Rayon İcra Hakimiyyəti başçısının Cəyirli kənd İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyinə müraciət edərək nümayəndəlikdən məktub almışdır. Kənd icra nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli 5-46-18/2-20/2023 nömrəli məktubda göstərilmişdir ki, hazırda X5 istifadəsində olan tikili mərhum X1 vəfat etdiyi günə kimi qəssab kimi işlədiyi tikili olmuşdur. İşə baxan birinci instansiya məhkəməsi də həmin məktubu əsas götürərək iddianı təmin etmişdir. Birinci instansiya məhkəməsi nəyə istinadən hazırki mübahisə üzrə cəlb edilməyən qurumun məktubunu əsas götürmüşdür? Həmçinin, icra nümayəndəliyindən verilmiş məktuba diqqət yetirdikdə görünür ki, həmin məktubda bələdiyyə tərəfindən mərhum atası X3 torpaq sahəsinin onun istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsinin olması ilə bağlı hər-hansı bir qeyd göstərilməmişdir. Məhkəmənin hansı sənədə əsasən hazırkı iddianı təmin etməsi iş materiallarından görünmür. Həmçinin iddiaçının çıxarış verilməsini tələb etdiyi 0,0016 ha torpaq sahəsi 2007-ci ildən Göyçay rayon Cəyirli bələdiyyəsi tərəfindən mərhum atası X2. İşə baxan birinci instansiya məhkəməsi isə bələdiyyənin hazırki mübahisə ilə bağlı mövqeyini öyrənmədən mübahisələndiriyi qərarı qəbul etmişdir. Nə qədər ki, cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində Göyçay rayon Cəyirli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarı ilə ayrılmış, 0.0016 ha torpaq sahəsinə dair koordinatlar mövcud olan torpaqayırma sxemi mövcud olmadığı üçün torpaq sahəsinin yerləşdiyi ərazinin döngə nöqtələrinin koordinatlarını, xüsusiyyətlərini (təyinatı, uqodiyası (əkin olduqda kənd təsərrüfatına yararlı, yararsız və ya az yararlı olması göstərilməklə), statusu, mülkiyyətçisi, faktiki istifadəçisi, döngə nöqtələri, yerləşmə vəziyyəti və s.) və digər torpaq sahələri ilə üst-üstə düşmə halının mövcud olub-olmamasını müəyyən etməyin mümkün olmaması göstərilmişdir. Göyçay rayon Cəyirli bələdiyyəsinin mövqeyinin öyrənilməsi zəruri idi. Belə ki, yalnız torpağı satan qurum olan bələdiyyə həmin torpağın real yerini bilə bilərdi ki, birinci instaniya məhkəməsi həmin məsələni diqqətdənkənar qoymuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 31 iyul 2023-ü il tarixli 2-1(116)-36/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 31 iyul 2023-ü il tarixli 2-1(116)-36/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X7 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 31 iyul 2023-ü il tarixli 2-1(116)- 36/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
24. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh və digər üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. 25 Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
26. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AZ-İ 741760 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. - Göyçay rayonu Cəyirli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarından görünür ki, X10a 16 kv.m torpaq sahəsi satılmışdır. - AA 556367 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd İddiaçı adına Göyçay DNK-nın xx.xx.2019-cu il tarixli payların bölüşdürülməsi müqaviləsinə istinad olunmaqla Göyçay rayon Cəyirli kəndində yerləşən 0,1773 ha torpaq sahəsinə tərtib olunmuşdur. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Göyçay rayon Cəyirli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarı ilə ayrılmış, 0.0016 ha torpaq sahəsinə dair koordinatlar mövcud olan torpaqayırma sxemi mövcud olmadığı üçün torpaq sahəsinin yerləşdiyi ərazinin döngə nöqtələrinin koordinatlarını, xüsusiyyətlərini (təyinatı, uqodiyası (əkin olduqda kənd təsərrüfatına yararlı, yararsız və ya az yararlı olması göstərilməklə), statusu, mülkiyyətçisi, faktiki istifadəçisi, döngə nöqtələri, yerləşmə vəziyyəti və s.) və digər torpaq sahələri ilə üst-üstə düşmə halının mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəfindən naturada göstərilən 0.0016 ha torpaq sahəsi elektron bazada təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, islahat uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyət növü bələdiyyə göstərilmişdir. - Göyçay Rayon İcra Hakimiyyətinin başçısının Cəyirli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-46-18/2-20/2023 nömrəli məktubundan görünür ki, hazırda X5 istifadəsində olan tikili mərhum X1 vəfat etdiyi günə kimi qəssab kimi işlədiyi tikili olmuşdur.
TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
29. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 58.1-ci. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
30. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
31. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
32. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
33. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. İş materialları ilə müəyyən edildi ki, Göyçay rayonu Cəyirli bələdiyyəsinin 30 may 2007-ci il tarixli, 06 saylı qərarı əsasında X10a 16 kv.m torpaq sahəsi satılmış, satılmış torpaq sahəsinin dəyəri X10 tərəfindən ödənilmşdir. Sözügedən torpaq sahəsi həmin vaxtdan onun istifadəsində və sahibliyində olmuşdur. Mübahisələndirilən torpaq sahəsinin X10un qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, satılması nəzərdə tutulan torpaq sahəsinə dair tərtib edilmiş sxem və alqısatqı aktı ilə təsdiq edilir. Beləliklə, torpaq sahəsi Cəyirli bələdiyyəsinin mülkiyyətində olmuş, bələdiyyə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara qismən riayət edilməklə iddiaçıya satılmışdır.
36. Cavabdeh orqan təqdim etdiyi mütəxəssis rəyində qeyd etmişdir ki, iddia olunan torpaq sahəsinə dair koordinatlar mövcud olan torpaqayırma sxemi mövcud olmadığı üçün torpaq sahəsinin yerləşdiyi ərazinin döngə nöqtələrinin koordinatlarını, xüsusiyyətlərini və digər torpaq sahələri ilə üst-üstə düşmə halının mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Odur ki, məhkəməyə iddiaçı tərəfindən naturada göstərilən 0.0016 ha torpaq sahəsinin elektron baza məlumatları təqdim edilərək həmin torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, islahat uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyət növü bələdiyyə qeyd edilmişdir.
37. İş materiallarına olan Göyçay rayon İcra Hakimiyyətinin başçısının Cəyirli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-46-18/2-20/2023 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, hazırda X5 istifadəsində olan tikili mərhum X1 vəfat etdiyi günə kimi qəssab kimi işlədiyi tikili olmuşdur.
38. Məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, X10un istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsi ona məhz bələdyyə tərəfindən satılmış torpaq sahəsi olmuş və sözügedən torpaq sahəsi mərhumun və ailə üzvlərinin qanuni istifadəsində olduğundan (üzərində qəssablıq fəaliyyəti üçün nəzərdə tutulmuş tikili inşa edilərək istifadə olunmuşdur) ötən 15 il müddətində həmin torpaq sahəsindən istifadə edilməsi hər hansı mübahisə predmeti olmamşdır.
39. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.
40. Odur ki, prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).
41. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
42. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.
43. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe).
44. Konstitusiya Məhkəməsinin qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edərək məhkəmə qeyd edir ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində mövcud olan pozuntuların mövcudluğu özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtinanın müstəqil əsasını təşkil edə bilməz. Bu halda, reyestrdə qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan imtina əsaslarını konkret işin faktiki və hüquqi hallarına istinadla əsaslandırmalı, eləcə də bu halın hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə imtinada, həmçinin mütləq "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır.
45. Yuxarıda istinad olunan normalara əsasən torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
46. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır.
47. Torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. Qeyd olunmalıdır ki, torpaq sahəsinin mərhuma ayrıldığı və onun istifadəsində olduğu müddətdə müvafiq qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. ("İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.
48. Həmçinin nəzərə almaq lazımdır ki, mübahisələndirilən torpaq sahəsi səlahiyyətli orqanın - bələdiyyənin qərarı əsasında ayrılmışdır. X10 qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir (hazırda mərhumun oğlu - üçüncü şəxs - tərəfindən istifadə davam etdirilir). Bununla da X10un inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, mərhum, qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
49. Bundan əlavə, yuxarıda istinad edilən qanunvericilik aktlarına əsasən cavabdeh inzibati orqanın istər imtinanın verildiyi zaman, istərsə də hazırda olan statusu baxımından torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olubolmamasına nəzarəti isə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
50. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq belə hesab etmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhuma məxsusluğunun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən müvafiq qeydiyyatin aparılması üçün yetərli əsas sayılmalıdır.
51. Bununla yanaşı qeyd edilməlidir ki, daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan, qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.”
53. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2-1(102)- 1435/2023 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir.
54. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır
55. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
56. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Göyçay rayonu Cəyirli kəndində yerləşən, 0,0016 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın (elektron çıxarışın) və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
57. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ: Üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 31 iyul 2023-ü il tarixli 2-1(116)-36/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.