Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-608/2025 10.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək kitabçasında qeyd edilmiş, işlədiyi illəri dövlət qulluğuna aid staj kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, ona sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 avqust 2025-ci il tarixli 2-1(116)-1590/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı “əmək kitabçasında qeyd edilmiş, işlədiyi illəri dövlət qulluğuna aid staj kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, ona sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanuna əsasən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdeh orqana müraciət edərək əmək pensiyasının təyin edilməsini xahiş etdi. Cavabdeh orqan imtina verərək bildirdi ki, dövlət qulluğu stajı 15 ildən az təşkil edir. İmtina məktubunu xx.xx.2024-cü il tarixdə almışdır. Cavabdeh orqan dövlət qulluğu stajını düzgün hesablamamış və onun verdiyi imtina qanunsuz və əsassızdır. Belə ki, cavabdeh dövlət qulluğu stajının 15 ildən az olduğunu yazıb, lakin hansı təşkilatda işlədiyi stajı dövlət qulluğu hesab etdiyi və hansı təşkilatda olan stajın dövlət qulluğu hesab etmədiyini özünün imtina məktubunda qeyd etməmişdir. Əmək kitabçasına və digər sənədlərə əsasən dövlət qulluğunda olan stajı 15 ildən çox təşkil edir. Belə ki, xx.xx.2003-cü ildən xx.xx.2015-dək = 11 il 9 ay təşkil edir. xx.xx.2015-ci ildən xx.xx.2018-dək = 3 il 4 ay təşkil edir. Bunların cəmi isə 15 il 1 ay təşkil edir. İmtina əsassızdır.
3. Cavabdeh orqan iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, İddiaçı ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi xahişi ilə xx.xx.2024-cü il tarixli ərizə ilə inzibati orqana müraciət etmiş, ona cavabdehin xx.xx.2024-cü il tarixli 3- 17-1/2-X-255497/2024 nömrəli məktubu ilə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Həmin imtina məktubuna əsasən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən onun dövlət qulluğu stajı 15 ildən az təşkil etdiyindən İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Hesab edirik ki, İddiaçı iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Etirazın əsasları və tətbiq edilməli hüquq normaları: “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7.1-ci maddəsinə əsasən dövlət orqanı - Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən. Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Qanunun 14.1-ci maddəsinə əsasən dövlət qulluqçusu - bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. - Dövlət qulluqçularının pensiya təminatı “Dövlət qulluğu haqqında" Qanunun 23.1-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) uyğun olaraq həyata keçirilir. - Qanunun 20.1.7-ci maddəsinə əsasən şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya: Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq inzibat və yardımçı vəzifələr tutmalı, yaxud; 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da; 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. - Qanunun 20.11-ci maddəsinin 1 və 2-ci bəndləri və “Dövlət qulluğu haqqında" Qanunun 23.2-ci maddəsinin məzmunundan görünür ki, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. 20.11. sabiq dövlət qulluqçularının əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 23.2. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. - Bildirirlər ki, iddiaçı iddia ərizəsində dövlət qulluğu stajının 15 il 01 ay təşkil etdiyini qeyd edərək xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Əmlak Məsələləri Dövlət Komitəsi 17 saylı ərazi idarəsində işlədiyi dövrün dövlət qulluğu stajı kimi nəzərə alınmalı olduğu qənatindədir. - İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətində İddiaçı xx.xx.2015-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi 17 saylı ərazi idarəsinə 3 ay müddətinə məsləhətçi vəzifəsinə təyin edildiyi (müsahibə və ya müsabiqə yolu ilə tutulduğu halda həmin tarixə qədər), xx.xx.2016-cı il tarixdə həmin idarədə öz xahişi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edildiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək yuxarıda adı qeyd olunan idarədə müvafiq vəzifədə əmək qanunvericiliyinin normalarına əsasən əmək fəaliyyəti ilə məşğul olmuşdur. - Qeyd edilənlərə əsasən iddiaçının xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək işlədiyi dövrlər dövlət qulluğu stajı kimi nəzərə alınması mümkün deyildir. - Bununla da, işin faktiki halları və qanunverilik normaları nəzərə alınmaqla bildirirlər ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən İddiaçı dövlət qulluğu stajı 15 ildən az-14 il 03 ay 06 gün (xx.xx.2003-xx.xx.2015-ci il və xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. - Beləliklə, İddiaçı dövlət qulluğu stajı 15 ildən az müddəti əhatə etdiyindən ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbi təmin olunmamışdır; - İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surəti; - Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş xx.xx.2015-ci il tarixli QK-203 nömrəli əmrin surəti; - Cavabdehin etiraz məktubu və ona əlavə edilmiş sənədlər.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) 19 avqust 2025-ci il tarixli 2-1(116)-1590/2025 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək kitabçasında qeyd edilmiş, işlədiyi illəri dövlət qulluğuna aid staj kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, ona sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, işin mübahisəli halı iddiaçının dövlət qulluğu stajının müddəti ilə bağlıdır. Hazırkı halda iddiaçının dövlət qulluğunda işlədiyi təsdiq olunsa da, lakin onun qulluq stajının 15 ildən az olması müəyyən edilir. Bu fakt iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli məktubunda da öz təsdiqini taparaq, iddiaçının xx.xx.2015-xx.xx.2016-cı il tarixlərində müddətli əmək müqaviləsi üzrə işlədiyi məlum olur. Belə olan halda iddiaçının dövlət qulluğu stajı 15 ildən az olduğundan ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası əsaslı olmuşdur.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, Şəki İnzibati Məhkəməsinin 19 avqust 2025-ci il tarixli 2-1(116)-1590/2025 nömrəli qərarının ləğv edilməsinə və iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək ƏMDK-nin 17 saylı Ərazi Şöbəsində məsləhətçi, Zaqatala rayonu torpaqlarından istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə müfəttiş vəzifəsində işləmişdir. - Məhkəmənin istinad etdiyi məktubda qeyd olunmuşdur ki, həmin tarixlərdə müddətli əmək müqaviləsi üzrə işləmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, həmin tarixlərdən o, dövlət qulluqçusu olaraq fəaliyyət göstərmişdir. - Belə ki, bundan əvvəlki iş yerində əmək müqaviləsinə xitam verilərkən onun dövlət qulluğuna xitam verilməmişdir. Onun dövlət qulluğuna xitam verilməsinə dair hər hansı bir əmr yoxdur. - Ərizəsinə əlavə etdiyi ƏMDK-nin sədri cənab Kərəm Həsənovun imzası və möhürü ilə təsdiq edilmiş xidməti vəsiqədən də görünür ki, o, xx.xx.2015-ci il tarixdən yuxarıda qeyd olunan vəzifədə fəaliyyət göstərməyə başlamışdır. Əgər onun dövlət qulluğu olmamış olsaydı və yaxud da dövlət qulluğuna xitam verilmiş olsaydı xidməti vəsiqəsində vəzifə sözünün qarşısında müvəqqəti icra edən şəxs sözləri yazılmalı idi. - Bundan başqa məhkəmə araşdırmamışdır ki, mübahisəli dövrdə aldığı əmək haqqı nədən ibarət olmuşdur. - Bundan başqa məhkəmə araşdırmamışdır ki, əvvəlki iş yerində əmək müqaviləsi xitam verilərkən onun dövlət qulluğuna xitam verilməmiş və daha sonra eyni təşkilata əmək müqaviləsi ilə işə başlamış, dövlət qulluqçusuna aid xidməti vəsiqəsi verilmiş və dövlət qulluğunun xitam verilməsi ilə bağlı hər hansı bir əmrin olub-olmadığı müəyyən olmamışdır. Məhkəmənin diqqətinə çatdırır ki, onun dövlət qulluğuna xitam verilmədiyinə görə xx.xx.2015-ci il tarixli əmrlə işə qəbul olunması dövlət qulluğu hesab edilməlidir. - Məhkəmənin diqqətinə çatdırır ki, əmək kitabçasında 1 noyabr 2018-ci il tarixli əmrdən görünür ki, həmin tarixdə onun dövlət qulluğuna xitam verilmişdir. Həmin tarixədək isə dövlət qulluğuna xitam verilməsinə dair hər hansı bir əmr mövcud deyildir. 5 iyun 2015ci il tarixli əmrdə də, 26 aprel 2016-cı il tarixli 90 və 91 saylı əmrlərdə də onun dövlət qulluğuna qəbul olunmağı ilə bağlı hər hansı bir müddəa yazılmamışdır. Ona görə ki, onun dövlət qulluğuna bundan əvvəl xitam verilməmişdir. Bundan əvvəl yalnız əmək müqaviləsinə xitam verilmişdir. Ona görə də, o, həmin illər dövlət qulluqçusu hesab olunmuşdur. - Buradan görünür ki, məhkəmə onun ərizəsi üzrə işi kifayət qədər araşdırmamış və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Cavabdehin apellyasiya şikayətinə etirazı onunla əsaslandırılmışdır ki, hesab edirlər ki, İddiaçı apellyasiya şikayəti əsassızdır və aşağıda qeyd edilən əsaslara görə məhkəmə tərəfindən təmin edilməməli, həmin iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1 (116)-1590/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır: - Bildirirlər ki, iddiaçı iddia ərizəsi və apellyasiya şikayətinin məzmununda dövlət qulluğu stajının 15 ildən çox təşkil etdiyini qeyd edərək xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək Əmlak Məsələləri Dövlət Komitəsi 17 saylı ərazi idarəsində işlədiyi dövrün dövlət qulluğu stajı kimi nəzərə alınmalı olduğunu iddia etmişdir. İddiaçı sözügedən tarixlərdə əmək müqaviləsi üzrə işlədiyini qeyd etsə də, dövlət qulluqçusu olaraq fəaliyyət göstərdiyini, dövlət qulluğuna xitam verilmədiyini, bu barədə hər hansı bir əmr olmadığını bildirmişdir. - İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətində İddiaçı xx.xx.2015-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi 17 saylı ərazi idarəsinə 3 ay müddətinə məsləhətçi vəzifəsinə təyin edildiyi (müsahibə və ya müsabiqə yolu ilə tutulduğu halda həmin tarixə qədər), xx.xx.2016-cı il tarixdə həmin idarədə öz xahişi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edildiyi qeyd edilmişdir. - Birinci instansiya məhkəməsi haqlı olaraq qərarında qeyd etmişdir ki, iddiaçının müvafiq vəzifədə əmək qanunvericiliyinin normalarına əsasən əmək fəaliyyəti ilə məşğul olması faktı iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli məktubunda da öz təstiqini taparaq, onun xx.xx.2015-xx.xx.2016-cı il tarixlərində müddətli əmək müqaviləsi üzrə işlədiyi məlum olmuşdur. Bu barədə iş materiallarına əmrdən çıxarışlar əlavə edilmişdir. - Göründüyü kimi iddiaçı xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək yuxarıda adı qeyd olunan idarədə müvafiq vəzifədə əmək qanunvericiliyinin normalarına əsasən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bununla da sözügedən dövrlərin dövlət qulluğu stajı kimi nəzərə alınması mümkün deyildir. - Beləliklə, işin faktiki halları və qanunverilik normaları nəzərə alınmaqla bildiririk ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən İddiaçı dövlət qulluğu stajı 15 ildən az-14 il 03 ay 06 gün (xx.xx.2003 - xx.xx.2015-ci il və xx.xx.2016 - xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. - Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olduğundan Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)- 1590/2025 nömrəli qərarı qanuni və əsaslı olmuş, odur ki, məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmamışdır. - Odur ki, apellyasiya şikayətinin təmin olunmaması və Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-1590/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-1590/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraza uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-1590/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
14. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1.1 dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; Maddə 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı; Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Maddə 23.2-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır.
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
Apellyasiya şikayətinin mümkünlüyü
17. İddiaçı tərəfindən apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
18. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
20. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
23. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
25. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona əmək kitabçasında qeyd edilmiş, işlədiyi illəri dövlət qulluğuna aid staj kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, ona sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
26. İddiaçının mübahisələndirdiyi hal və apellyasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, o, dövlət qulluğu stajının ümumilikdə 15 ildən artıq olduğunu bildirərək, xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək Əmlak Məsələləri Dövlət Komitəsinin 17 saylı ərazi idarəsində işlədiyi dövrün dövlət qulluğu stajı kimi nəzərə alınmalı olduğunu, əmək müqaviləsi əsasında faktiki olaraq dövlət qulluqçusu kimi vəzifə funksiyalarını icra etdiyi və dövlət qulluğuna xitam verilməsi barədə hər hansı əmrin mövcud olmadığı üçün həmin dövrün dövlət qulluğu stajına daxil edilməməsinin qanunsuz və əsassız olduğunu qeyd etmişdir.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır ki, iddiaçının dövlət qulluğu stajı 15 ildən az olduğundan ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası əsaslı olmuşdur.
28. Belə ki, kollegiya tərəfindən iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilin araşdırılması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərmişdir.
29. Həmin sorğuya cavab olaraq, xx.xx.2025-ci il tarixli, 3-21-3/2-21707/2025 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Komitənin 17 saylı ərazi şöbəsinin məsləhətçisi vəzifəsində işləmiş İddiaçı xx.xx.2015-xx.xx.2016-cı illərdə müddətli əmək müqaviləsi ilə fəaliyyət göstərmiş və həmin dövrdə dövlət qulluğu ilə əlaqədar hər hansı mükafat almamışdır. Həmçinin İddiaçı xx.xx.2014-cü ildə 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, lakin o, xx.xx.2015-xx.xx.2016-cı il tarixlərində dövlət qulluqçusu olmadığı və müddətli əmək müqaviləsi ilə fəaliyyət göstərdiyi üçün ixtisas dərəcəsinə görə əlavə haqq almamışdır.
30. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, dövlət qulluqçusu yalnız həmin Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilmiş, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içmiş, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir.
31. Bununla yanaşı, həmin qanuna əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 23.2-ci maddəsinə əsasən, dövlət qulluqçusunun pensiyasının məbləği onun dövlət qulluğu stajından və dövlət məvacibinin məbləğindən asılıdır.
32. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur.
33. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçının əvvəlki iş yerində əmək müqaviləsi xitam verilərkən onun dövlət qulluğuna xitam verilməmiş və daha sonra eyni təşkilata əmək müqaviləsi ilə işə başlamış, dövlət qulluqçusuna aid xidməti vəsiqəsi verilmiş və dövlət qulluğunun xitam verilməsi ilə bağlı hər hansı bir əmrin olub-olmadığı müəyyən olmamışdır. Məhkəmənin diqqətinə çatdırır ki, onun dövlət qulluğuna xitam verilmədiyinə görə xx.xx.2015-ci il tarixli əmrlə işə qəbul olunması dövlət qulluğu hesab edilməlidir.
34. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının 4-6-cı səhifələrində qeyd edilmişdir ki, Ləğvetmə Komissiyasının 12 fevral 2015-ci il tarixli 01 nömrəli qərarı ilə 13 fevral 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanına əsasən X4 Komitəsi ləğv edildiyi üçün “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə əsasən iddiaçının əmək müqaviləsinə xitam verilmişdir.
35. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.2-ci maddəsində göstərilir ki, dövlət qulluğuna dövlət orqanı ləğv edildikdə xitam verilir.
36. Göründüyü kimi, iddiaçının işlədiyi X4 Komitəsi ləğv edildiyindən onun da dövlət qulluğuna xitam verilmişdir. Odur ki, dövlət qulluğuna xitam verilməsi ilə bağlı ayrıca əmr və ya qərar qəbul edilməsinə zərurət yoxdur.
37. İddiaçının təqdim etdiyi xidməti vəsiqəyə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasında İddiaçı xx.xx.2015-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi 17 saylı ərazi idarəsinə 3 ay müddətinə məsləhətçi vəzifəsinə təyin edildiyi (müsahibə və ya müsabiqə yolu ilə tutulduğu halda həmin tarixə qədər), xx.xx.2016-cı il tarixdə həmin idarədə öz xahişi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edildiyi qeyd edilmişdir.
38. Göründüyü kimi, iddiaçı xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək yuxarıda adı qeyd olunan idarədə müvafiq vəzifədə əmək qanunvericiliyinin normalarına əsasən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmin dövrdə isə müqavilə əsasında işlədiyindən sözügedən dövrlərin dövlət qulluğu stajı kimi nəzərə alınması mümkün deyildir.
39. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 15-2-ci maddəsində qeyd edilir ki, - 15-2.1. Dövlət qulluqçusuna qulluq keçdiyi dövlət orqanında xidməti vəsiqə verilir. - 15-2.2. Xidməti vəsiqə dövlət qulluqçusunun tutduğu dövlət qulluğu vəzifəsini və ona verilmiş ixtisas dərəcəsini təsdiq edən rəsmi sənəddir. - 15-2.3. Xidməti vəsiqənin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
40. İddiaçının təqdim etdiyi xidməti vəsiqəsində isə vəzifəsinin adı qeyd edilsə də, ixtisas dərəcəsinə dair hər hansı məlumat göstərilməmişdir. Xidməti vəsiqənin 05 iyun 2015-ci il tarixdə verildiyini və həmin tarixdə onun müqavilə ilə işə qəbul edildiyini nəzərə aldıqda ixtisas dərəcəsinin qeyd ediləməməsi də gözləniləndir.
41. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, əmək kitabçasında 1 noyabr 2018-ci il tarixli əmrdən görünür ki, həmin tarixdə onun dövlət qulluğuna xitam verilmişdir. Həmin tarixədək isə dövlət qulluğuna xitam verilməsinə dair hər hansı bir əmr mövcud deyildir. 5 iyun 2015-ci il tarixli əmrdə də, 26 aprel 2016-cı il tarixli 90 və 91 saylı əmrlərdə də onun dövlət qulluğuna qəbul olunmağı ilə bağlı hər hansı bir müddəa yazılmamışdır. Ona görə ki, onun dövlət qulluğuna bundan əvvəl xitam verilməmişdir. Bundan əvvəl yalnız əmək müqaviləsinə xitam verilmişdir.
42. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının 8-ci səhifəsində iddiaçının 26 aprel 2016-cı il tarixli 91 saylı əmrlə Əmlak Məsələləri Dövlət Komitəsi 17 saylı ərazi şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilməsi (DQHQ-nun 21.1.6-cı maddəsi) qeyd edilmişdir.
43. Göründüyü kimi, işəgötürən orqan tərəfindən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.6-cı maddəsinə istinad edilməklə, yəni əvvəl işlədiyi dövlət orqanı ləğv edildiyindən vəzifəsinə uyğun olaraq yenidən tutduğu vəzifəyə təyin edilmişdir.
44. Həmçinin o, xx.xx.2016-cı il tarixdə 90 nömrəli əmrlə həmin idarədə öz xahişi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir.
45. Göründüyü kimi, həm yuxarıda qeyd edilən normalar, həm də sorğuya verilmiş cavab iddiaçının xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək Əmlak Məsələləri Dövlət Komitəsinin 17 saylı ərazi idarəsində işlədiyi dövrün dövlət qulluğu stajı kimi qiymətləndirilməməsi barədə mövqeni təsdiqləyir.
46. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayətində dövlət qulluğu stajına daxil edilməsini tələb etdiyi xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək Əmlak Məsələləri Dövlət Komitəsi 17 saylı ərazi idarəsində işlədiyi dövrlər üzrə fəaliyyət dövrü nəzərə alınmadığından, nəticə etibarilə tələb olunan 15 illik staj tamamlanmır və bu, iddiaçının həm iddia ərizəsində, həm də apellyasiya şikayətində göstərdiyi 15 ildən artıq dövlət qulluğu stajı olması barədə iddiasının əsassız olduğunu göstərir.
47. Belə olan halda məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində iddiaçının tələbindən imtinası qanunsuz hərəkət sayıla bilməz.
48. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanı nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının imtinası iddiaçının hazırki tələbinə münasibətdə qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
49. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 19 avqust 2025-ci il tarixli 2-1(116)-1590/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.