Məhkəmə qərarları › İş №2-1(107)-61/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-61/2022

27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-61/2022 27.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı Ucar ərazi idarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı Ucar ərazi idarəsinə qarşı “05.08.2009-cu il tarixli ipoteka müqaviləsi əsasında qeydə alınmış Göyçay şəhəri N.Nərimanov küçəsi 111 ünvanında yerləşən fərdi yaşayış evinə dair ipotekanın dövlət qeydiyyatının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(116)- 865/2021 nömrəli qərardadından iddiaçının nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 05.08.2009-cu il tarixli ipoteka müqaviləsi əsasında qeydə alınmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair ipotekanın dövlət qeydiyyatının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi 28.04.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin 05.08.2019-cu il tarixli 2(046)-14/2019 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" QSCnin cavabdehlər X8, İddiaçı və X9 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilk iddiası qismən təmin edilərək, 25.12.2012-ci il tarixli 26R000001877 saylı kredit razılaşması üzrə 18.334,08 ABŞ dolları əsas, 16.515,40 ABŞ dolları faiz, 1.000 ABŞ dolları cərimə olmaqla, cəmi 35.849,48 ABŞ dolları məbləğdə pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının X2 tutulub "xxxx" QSC-yə ödənilməsi, ilk iddia tələbinin cavabdehlər İddiaçı, X10 və X9 münasibətdə və qalan hissədə təmin edilməməsi, iddiaçılar X6, İddiaçı və X7 cavabdehlər "xxxx" QSC-yə, Göyçay rayon Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinə qarşı “ipoteka müqavilələrinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş ilkin iddia üzrə 30 manat dövlət rüsumunun 5 manatının "xxxx" QSC-yə aid edilməsi, 25 manatının X2 tutulub "xxxx" QSC-yə ödənilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçılara aid edilməsi, iş üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının X2 tutularaq "xxxx" QSC-yə ödənilməsi, iş üzrə 400 manat məhkəmə qiymətləndirmə ekspertizası xərcinin 40 manatının "xxxx" QSCdən, 360 manatının X2 tutularaq Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.11.2019-cu il tarixli, 2(107)3156/2019 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" QSC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Göyçay Rayon Məhkəməsinin 05.08.2019-cu il tarixli, 2(046)-14/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.11.2019-cu il tarixli, 2(107)3156/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" QSC tərəfindən kasasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16.06.2020-ci il tarixli Qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, 24 iyul 2009-cu il tarixli kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış 27 iyul 2009-cu il və 05 avqust 2009-cu il tarixli ipoteka müqavilələrində zəruri şərtlər göstərilmədiyindən və sonradan "xxxx" QSC ilə X11 arasında bağlanmış 25 dekabr 2012-ci il tarixli kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsinə dair 21.03.2013-cü il tarixli 1877 sayl saziş üzrə cavabdeh-ipoteka qoyanlar X7 və İddiaçı razılığı alınmadığından ipoteka müqavilələr bağlanmamış hesab edilməlidir. Ona görə də, ilk iddia tələbinin cavabdehlər İddiaçı, X10 və X9 münasibətdə və X10 və İddiaçı məxsus fərdi yaşayış evlərinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, əldə edilən vəsaitin borcun ödənilməsinə yönəldilməsi, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun X2, X3, İddiaçı və X4 ümumi qaydada tutulması, fərdi yaşayış evlərinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra cavabdehlərin həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi və onların həmin əmlaklardan çıxarılması, əmlakların boşaldılaraq alıcıya təhvil verilməsi təmin edilməmişdir. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə "xxxx" QSC ilə X11 arasında bağlanmış 25 dekabr 2012-ci il tarixli kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsinə dair 21.03.2013-cü il tarixli 1877 saylı saziş üzrə cavabdeh ipoteka qoyanlar X7 və İddiaçı razılığı alınmaması səbəbindən ipoteka müqavilələri bağlanmamış hesab edildiyi üçün, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində ipoteka müqavilələri əsasında yüklü edilmiş daşınmaz əmlaklar girovdan azad edilməlidir. Şəki İnzibati Məhkəməsinin (hakimi Fərid İsmayılzadə) 26 oktyabr 2021-ci il tarixli, 2-1(116)-865/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “05.08.2009-cu il tarixli ipoteka müqaviləsi əsasında qeydə alınmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair ipotekanın dövlət qeydiyyatının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçının nümayəndəsi Qanuni nümayəndə Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(116)-865/2021 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2-1(116)-865/2021 nömrəli qərardadının ləğv edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “05.08.2009-cu il tarixli ipoteka müqaviləsi əsasında qeydə alınmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair ipotekanın dövlət qeydiyyatının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddianın mümkün sayılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(116)-865/2021 nömrəli qərardadının ləğv edilməsi və inzibati işin baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı Ucar ərazi idarəsinin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(116)- 865/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İPM-in 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın mənasından göründüyü kimi, iddia o zaman məhkəmə tərəfindən mümkün sayılır ki, ərizədə inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmış olsun. Həmin normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının nəticəsi ilə razılaşmır. Belə ki, işin birinci məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı arzuladığı məqsədə müvafiq ipoteka müqaviləsinin ləğvini və ya etibarsızlığını mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə tələb etməklə nail ola bilər. Həmin ipoteka müqaviləsinin qüvvədən düşəcəyi təqdirdə, hazırkı iddia ilə məhkəməyə müraciət etmək zərurəti olmadan əmlak üzərindən yüklülüyün götürülməsi məsələsi öz həllini tapacaqdır. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Göyçay Rayon Məhkəməsinin 05.08.2019-cu il tarixli 2(046)-14/2019 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" QSCnin cavabdehlər X8, İddiaçı və X9 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilk iddiası qismən təmin edilərək, 25.12.2012-ci il tarixli 26R000001877 saylı kredit razılaşması üzrə 18.334,08 ABŞ dolları əsas, 16.515,40 ABŞ dolları faiz, 1.000 ABŞ dolları cərimə olmaqla, cəmi 35.849,48 ABŞ dolları məbləğdə pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının X2 tutulub "xxxx" QSC-yə ödənilməsi, ilk iddia tələbinin cavabdehlər İddiaçı, X10 və X9 münasibətdə və qalan hissədə təmin edilməməsi, iddiaçılar X6, İddiaçı və X7 cavabdehlər "xxxx" QSC-yə, Göyçay rayon Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinə qarşı “ipoteka müqavilələrinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.11.2019-cu il tarixli, 2(107)3156/2019 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" QSC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Göyçay Rayon Məhkəməsinin 05.08.2019-cu il tarixli, 2(046)- 14/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.11.2019-cu il tarixli, 2(107)3156/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" QSC tərəfindən kasasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16.06.2020-ci il tarixli Qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ona görə də hazırkı iddiaçı tərəfindən təkrar olaraq ipoteka müqaviləsinin etibarsızlığına dair iddia ərizə ilə müraciət edilməsinə zərurət qalmamışdır. İddiaçının mülkiyyətində olan daşınmaz əmlakın üzrəində yüklülüyün ləğv edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, imtina məktubu aldıqdan sonra həmin orqanın hərəkətlərindən narazı qaldığı üçün məhkəməyə müraciət etmişdir. Beləliklə, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış nəticədə iddia tələbini mümkün hesab etməmiş, bununla da qanunveriicliyin tələblərinə uyğun olmayan qərardad qəbul etmişdir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 87.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır. Apellyasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçının nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(116)-865/2021 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı Ucar ərazi idarəsinə qarşı “05.08.2009-cu il tarixli ipoteka müqaviləsi əsasında qeydə alınmış Göyçay şəhəri N.Nərimanov küçəsi 111 ünvanında yerləşən fərdi yaşayış evinə dair ipotekanın dövlət qeydiyyatının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılsın. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar