Məhkəmə qərarları › İş №2-1(107)-611/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-611/2025

25.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-611/2025 25.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər idarəsinin Cavabdeh MMC-yə qarşı “cavabdehin xx/xx/2024 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 39426.68 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə (Göyçay şəhərində dəyəri 50000,0 manat məbləğində qiymətləndirilən 1 ədəd avtonəqliyyat vasitəsi (**-AZ- *** qeydiyyat nişanlı)) 50000 manat məbləğində siyahıya alınmış əmlakının hərrac vasitəsilə satılması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 avqust 2025-ci il tarixli e-2-1(116)-2222/2025 nömrəli qərarından Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx/xx/2024 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 39426.68 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə (Göyçay şəhərində dəyəri 50000,0 manat məbləğində qiymətləndirilən 1 ədəd avtonəqliyyat vasitəsi (90- AZ703 qeydiyyat nişanlı)) 50000 manat məbləğində siyahıya alınmış əmlakının hərrac vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vergi ödəyicisi Cavabdeh MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Həmçinin Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2024-cü il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2024-cü il tarixə yaranan 47687.74 manat borcuna görə 50000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2024-cü il tarixli **********1 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 2 vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 39426.68 manat ödənilməmiş borcu qalmışdır.

3. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İddiaçı tərəfindən “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. - “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2024-cü il tarixli protokola əlavədən görünür ki, cavabdehə məxsus Göyçay şəhərində dəyəri 50000,0 manat məbləğində qiymətləndirilən 1 ədəd avtonəqliyyat vasitəsi (**-AZ-*** qeydiyyat nişanlı) 50000 manat məbləğində əmlakı iddiaçı tərəfindən siyahıya alınmışdır. - “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2024-cü il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak saxlanılması üçün cavabdehə təhvil verilmişdir. - “Hüquqi şəxs haqqında məlumat”dan görünür ki, cavabdeh (VÖEN **********) Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) 26 avqust 2025-ci il tarixli, e-2-1(116)-2222/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək Cavabdeh MMC-nın Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 39426.68 manat məbləğində borcunun ödənilməsi təmin etmək məqsədi ilə 50000 manat dəyərində siyahıya alınmış əmlakın (Göyçay şəhərində dəyəri 50000,0 manat məbləğində qiymətləndirilən 1 ədəd avtonəqliyyat vasitəsi (**-AZ-*** qeydiyyat nişanlı) ticarət şəbəkələrində satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək öhdəliyinin iddiaçının üzərinə qoyulması qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respubilkasının Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. - Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. - VM-nin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.

7. Cavabdeh MMC həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 26 avqust 2025-ci il tarixli e-2-1(116)-2222/2025 nömrəli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən məhkəmə qərarı əsassız olduğundan, eləcə də obyektivliyi ozündə əks etdirmədiyindən ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. - Bildirmək istəyir ki, əvvəla vergi orqanının qeyd etdiyi xx.xx.2024-cü il tarixli qərar, xx.xx.2024-cü il tarixli protokol və xx.xx.2024-cü il tarixli məktub onlara təqdim edilməmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli protokol birtərəfli qaydada tərtib edilmiş, həmin protokolun tərtib edilməsində MMC-nin səlahiyyətli nümayəndələrinin iştirakı təmin edilməmişdir. Vergi orqanı xx.xx.2024-cü il tarixli qərarda guya MMC-nin borcunun 47.687,74 manat olduğunu qeyd etsə də, məhkəmədə borcun 39.426,68 manat olduğunu bildirmişdir. Bundan başqa qeyd edirlər ki, Cavabdeh MMC-nin Dövlət Sosial Müdafiə Fonduna heç bir borcu yoxdur. Odur ki, Dövlət Vergi Xidmətinin 9 saylı ərazi Vergilər İdarəsi tərəfindən hesablanmış vergi borcu tamamilə əsassızdır. - Bundan başqa qanunverici onu da nəzərə almışdır ki, iddiaçı vergi orqanı öz səlahiyyətləri daxilində iddia qaldırmadan pul tələbinə dair olan qərarlarının icrasını təmin edə bilər. Göründüyü kimi, inzibati orqan olan iddiaçı - vergi orqanı məcburi qaydada icra edilməsi üçün tələb etdiyi vergi borcunun tutulması barədə qərarı vergi ödəyicisinin yerləşdiyi yerin icra məmuruna göndərmək əvəzinə, təxminən bir ilə yaxın vaxt keçdikdən sonra vergi borcunun tutulmasına dair təkrarən qərar qəbul edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etməklə yuxarıda şərh edilən qanunvericiliyin tələblərini pozmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. İddiaçı apellyasiya şikayətinə etirazın dəlillərini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən dəlil olaraq apellyasiya şikayətində əks olunanlara münasibət bildirərək qeyd etmək istəyirlər ki, vergi ödəyicisi olan Cavabdeh MMC-i Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. - Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2024 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2024-cü il tarixə yaranan 47687,74 manat borcuna görə (Göyçay şəhərində dəyəri 50000,0 manat məbləğində qiymətləndirilən 1 ədəd avtonəqliyyat vasitəsi (**-AZ-*** qeydiyyat nişanlı)) 50000,0 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2024 tarixli **********1 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 2 vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2024 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. - Cavabdehin vergi orqanının xx.xx.2024-cü il tarixli qərarının, xx.xx.2024-cü il tarixli protokolun və xx.xx.2024-cü il tarixli məktubun onlara təqdim edilmədiyini, həmçinin xx.xx.2024-cü il tarixli protokolun birtərəfli qaydada tərtib edildiyini, həmin protokolun tərtib edilməsində MMC-nin səlahiyyətli nümayəndələrinin iştirakının təmin edilməməsinə dair dəlilinə münasibət bildirirərək qeyd etmək istərdik ki, əmlakın siyahıya alınması haqqında xx.xx.2024-cü il tarixli **********1 nömrəli qərar cəmiyyətin rəhbərinə təqdim edilmiş və o qərarla tanış olmuş, həmçinin 2 müşahidəçinin iştirakı ilə tərtib edilmiş əmlakın siyahıya alınması haqqında xx.xx.2024-cü il tarixli **********1 saylı protokol cəmiyyətin rəhbəri X3 tərəfindən imzalanmış və möhürlə təsdiqlənmişdir. Əlavə olaraq bildiririk ki, cəmiyyətin rəhbəri X3 xx.xx.2024-cü il tarixli izahatında siyahıya alınmış əmlakın cəmiyyətə məxsus olmasını qeyd etmişdir. - Məlumat üçün bildiririk ki, cavabdehin qeyd etdiyi “Vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xx.xx.2024-cü il tarixli **********629700 tarixli xəbərdarlıq məktubu vergi ödəyicisinə göndərilmiş və qeyd olunan məktub vergi ödəyicisi tərəfindən oxunmuşdur (cədvəl əlavə olunur). - Cavabdehin vergi orqanının xx.xx.2024-cü il tarixli qərarında guya MMC-nin borcunun 47.687,74 manat olduğunu qeyd etsə də, məhkəmədə borcun 39.426,68 manat olduğunu bildirmişdir qeydinə münasibət bildirirərək qeyd etmək istərdik ki, qərar əsasında vergi ödəyicisinin xx.xx.2024-cü il tarixə 47687,74 borcu olmuş, vergi orqanı tərəfindən məhkəmədə iddia qaldırıldığı müddətə qeyd olunan borc məbləğindən 8259,56 manat borc məbləği ödənilmişdir. Cəmiyyətin dövlət büdcəsinə 39426,68 manat ödənilməmiş borcu qalmışdır (şəxsi hesab vərəqəsi əlavə olunur). - Cavabdeh MMC-nin Dövlət Sosial Müdafiə Fonduna heç bir borcu yoxdur, odur ki, 9 saylı ərazi Vergilər İdarəsi tərəfindən hesablanmış vergi borcu tamamilə əsassızdır qeydinə cavab olaraq bildiririk ki, Cavabdeh MMC-nin Dövlət Sosial Müdafiə Fonduna yox, dövlət büdcəsinə borcu yaranmışdır. - Göründüyü kimi, cavabdehin şikayətdə göstərdiyi dəlillər sadəcə özünü müdafiə məqsədi daşıyır, heç bir tutuarlı səbəb göstərilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, barəsində şikayət olunan qərar maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması ilə qəbul edildiyi üçün və dövlətin tərəfdar çıxdığı beynəlxalq hüquqa zidd olmadığı üçün həmin qərarın ləğvi üçün heç bir faktiki və hüquqi əsas yoxdur. Odur ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)- 2222/2025 saylı qərarının dəyişdirilməməsi və apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 73.1. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 14.“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.

15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər. …. 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1 Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək …. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: …. 23.1.15-1. Hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək. … Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 89. Əmlakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. … Maddə 90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası 90.1 Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.

16. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 81.4. Maraqlı şəxs inzibati aktı onun üçün daha əlverişli olan qanuni üsul və vasitələrlə icra etməyə haqlıdır.

Apellyasiya şikayətinin mümkünlüyü

17. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

19. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

20. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

21. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

22. İş materiallarından göründüyü kimi, cavabdeh fiziki şəxs kimi vergi orqanında qeydiyyata alınaraq adına ********** VÖEN verilmişdir. Cavabdeh - vergi ödəyicisi olan Cavabdeh MMC-i Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə 47687,74 manat borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir.

23. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2024-cü il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2024-cü il tarixə yaranan 47687,74 manat borcuna görə (Göyçay şəhərində dəyəri 50000,0 manat məbləğində qiymətləndirilən 1 ədəd avtonəqliyyat vasitəsi (**-AZ-*** qeydiyyat nişanlı)) 50000,0 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2024-cü il tarixli **********1 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 2 vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir.

24. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2024-cü il tarixə 47687,74 borcu olmuş, vergi orqanı tərəfindən məhkəmədə iddia qaldırıldığı müddətə qeyd olunan borc məbləğindən 8259,56 manat borc məbləği ödənilmişdir. Cəmiyyətin dövlət büdcəsinə 39426,68 manat ödənilməmiş borcu qalmışdır.

25. Hazırda iddiaçının hüquqi marağı cavabdehin xx.xx.2024-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 39426,68 manat borcunu ödəməsinə görə onun, qiyməti 50000 manat məbləğində qiymətləndirilən 1 ədəd avtonəqliyyat vasitəsinin (90-AZ703 qeydiyyat nişanlı) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmasından ibarətdir.

26. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, yuxarıda göstərilən vergi qanunvericiliyinin tələblərinə əsasən əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının qeyd edilən məktubuna münasibət bildirilməmiş, o cümlədən cavabdeh şikayətində borcunun olmadığını qeyd etsə də, qeyd edilən borcun ödənilməsinə dair məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə göndərərək 1 ay müddətinə bütün borcların ödəniləcəyini, ödənişlərin həyata keçirilməsi məqsədi ilə məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Hazırda isə ötən müddət ərzində borcun ödənilməsi təmin edilməmişdir.

27. Bundan başqa, məhkəm kollegiyası cavabdehin vergi orqanının xx.xx.2024-cü il tarixli qərarının, xx.xx.2024-cü il tarixli protokolun və xx.xx.2024-cü il tarixli məktubun onlara təqdim edilmədiyi, həmçinin xx.xx.2024-cü il tarixli protokolun birtərəfli qaydada tərtib edildiyi, həmin protokolun tərtib edilməsində MMC-nin səlahiyyətli nümayəndələrinin iştirakının təmin edilməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, əmlakın siyahıya alınması haqqında xx.xx.2024-cü il tarixli **********1 nömrəli qərar cəmiyyətin rəhbərinə təqdim edilmiş və o qərarla tanış olmuş, həmçinin 2 müşahidəçinin iştirakı ilə tərtib edilmiş əmlakın siyahıya alınması haqqında xx.xx.2024-cü il tarixli **********1 saylı protokol cəmiyyətin rəhbəri X3 tərəfindən imzalanmış və möhürlə təsdiqlənmişdir. Eyni zamanda, cəmiyyətin rəhbəri X3 xx.xx.2024-cü il tarixli izahatında siyahıya alınmış əmlakın cəmiyyətə məxsus olmasını qeyd etmişdir.

28. Bundan başqa, cavabdehin qeyd etdiyi “Vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xx.xx.2024-cü il tarixli **********629700 tarixli xəbərdarlıq məktubu vergi ödəyicisinə göndərilmiş və qeyd olunan məktub vergi ödəyicisi tərəfindən 07 yanvar 2025-ci il tarixdə oxunmuşdur. Cədvəl iddiaçının təqdim etdiyi etiraza əlavə edilmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, büdcə qarşısında öhdəlik davam etdiyi müddət ərzində öhdəliyin həcmindən asılı olmayaraq siyahıya alınmış əmlakın satılması əsaslı hesab olunmalıdır. Belə yanaşma, ödəyicinin siyahıya alınmış yeganə əmlakının olduğu hallara da aiddir. Lakin ayrı-ayrı işin halları mütənasiblik və ədalətlilik prinsipləri baxımından xüsusi yanaşmanı da tələb edə bilər. Məhkəmə məhz xüsusi hallardan çıxış etməklə və həmin xüsusi halları sözügedən prinsiplərin tələbləri ilə əlaqələndirməklə siyahıya alınmış əmlakın satılmasından imtina barədə qərar da verə bilər. Belə hallar o zaman yol verilən ola bilər ki, ödəyicinin nəzərə alınmalı olan ciddi diqqətəlayiq maraqları mövcud olsun. Eyni zamanda, nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 81.4-cü maddəsinə görə maraqlı şəxs inzibati aktı onun üçün daha əlverişli olan qanuni üsul və vasitələrlə icra etməyə haqlıdır.

30. Məhkəmə sözügedən qaydada davranmaq üçün əsasların mövcud olubolmadığı məsələsini həll edərkən bir sıra meyarlar baxımından qiymətləndirmə aparmalıdır. İlk növbədə, aşağıdakı məsələlərin aydınlaşdırılması və qiymətləndirilməsi təmin olunmalıdır: -borcun məbləği və ödənilməməsinin müddəti; -ödənilməmənin səbəbləri; -ödəyicinin büdcə öhdəliklərini yerinə yetirməyə yönəlmiş davranışlarına məcmu halda qiymət verildikdə onun vicdanlı hesab edilməsinin mümkünlüyü; -satılmalı olan əmlakın təyinatı, həmin əmlakın gələcəkdə ödəməni həyata keçirməyə imkan verən sahibkarlıq fəaliyyətində istifadəsinin mümkünlüyü; -əmlakın satılmasının ödəyicinin şəxsi, ailə və sahibkarlıq fəaliyyətində yaradacağı diqqətə alınmalı olan mümkün nəticələr; -ödəyicinin bildirdiyi diqqətəlayiq maraqların, eləcə də icranı onun üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təklifinin mövcudluğu; - vergi orqanının sərgilədiyi diqqətə alınmalı olan davranışlar və s.

31. Qeyd edilən halların araşdırılması və qiymətləndirilməsi məhkəmənin xidməti vəzifəsinə görə müstəqil qaydada toplayacağı sübutlarla yanaşı, həm də sübutetmə yükünün bölüşdürülməsi qaydasında tərəflərin hər birinin təqdim etməli olduğu sübutlardan da asılıdır. Ona görə də, məhkəmə sübutetmə yükünün bölüşdürülməsi qaydasından çıxış etməklə məsələni tərəflərlə müzakirə etməli, onlara müvafiq sübutları təqdim etmək hüququnu və təqdim etməmənin doğuracağı hüquqi nəticələri də izah etməlidir.

32. Məhkəmə kollegiyası tərəfindən də qeyd edilən xüsusat üzrə araşdırma aparılmış və məlum olmuşdur ki, hazırda cavabdehin qeyd edilən borc üzrə siyahıya alınmış əmlakının satılmaması üçün xüsusi hallar mövcud deyil və ona görə də, mütənasiblik və ədalətlilik prinsiplərinin tələbləri ilə əlaqələndirilməklə siyahıya alınmış əmlakın satılmasından imtina barədə qərar qəbul edilməsi qanunvericiliyin tələblərinə ziddir. Belə hallar o zaman yol verilən ola bilər ki, ödəyicinin nəzərə alınmalı olan ciddi diqqətəlayiq maraqları mövcud olsun.

33. Qeyd olunan halların araşdırılıb tərəflərlə müzakirə edilməsi üçün cavabdehə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, müvafiq sübutları təqdim etmək hüququ və təqdim etməmənin doğuracağı hüquqi nəticələri bildirişlə izah olunmuş, lakin hər hansı səbəb gətirmədən cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə kollegiyası cavabdehin borcun əmlak hesabına ödənilməsi vəzifəsindən azad etməməsi qənaətindədir.

34. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi üsulu kimi Vergi Məcəlləsinin 89 və 90-cı maddələrində əmlakın siyahıya alınması və siyahıya alınmış əmlakların satılmasına dair tənzimləmələr mövcuddur. Qeyd edilən tənzimləmələrin mənasına görə, yekun məqsədə xidmət edən, birbiri ilə əlaqəli, lakin iki müstəqil təmin etmə üsulu mövcuddur - əmlakın siyahıya alınması və siyahıya alınmış əmlakın məhkəmə qaydasında qəbul edilən qərar əsasında satılması.

35. Siyahıya alınmaya münasibətdə qanunvericinin riayət edilməsi məcburi olan şərt kimi müəyyən etdiyi hallardan biri də mütənasiblik və ardıcıllıqla bağlı tələblərə əməl olunmasıdır. Buna görə, yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Digər tərəfdən, əmlakın siyahıya alınması Vergi Məcəlləsinin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla və yenə Məcəllənin 89.6-cı maddəsində müəyyənləşdirilmiş ardıcıllığı riayət edilməklə həyata keçirilməlidir.

36. Siyahıya alınmış əmlakın məhkəmə qaydasında qəbul edilən qərar əsasında satılması imkanı isə vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə ödənilməsinin siyahıya alınma mərhələsindən sonra gələn təminat üsulu kimi çıxış edir. Qanunvericilikdə bu hüquqi imkandan istifadə edilməsinin qayda və şərtləri dəqiq tənzimlənmişdir. Buna görə, əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.

37. Beləliklə, vergi orqanı tərəfindən belə iddia verilənədək siyahıya alınma barədə qərar qəbul edilməli, həmin qərarın qəbul edilməsindən 30 gün keçməsinə baxmayaraq büdcə qarşısında olan öhdəlik yenə də yerinə yetirilməmiş olmalıdır.

38. Bundan başqa, yalnız siyahıya alınmış əmlakların satılması barədə qərar çıxarıla bilər, siyahıya alınmamış əmlaklar barəsində belə qərar verilə bilməz.

39. Məhkəmə siyahıya alınmış bütün əmlakların deyil, qərar qəbul edilən ana mövcud borc nəzərə alınmaqla zəruri və kifayət olan həcmdə əmlakların satılması haqqında qərar verməlidir. Bunun üçün məhkəmə, ilk növbədə, məhz qərar çıxardığı ana mövcud olan dəqiq borc məbləğini müəyyən etməli, aradan keçən zaman ərzində borcun ödənilməsinə yönəlmiş hərəkətlərin edilib-edilmədiyini araşdırmalıdır. Məhkəmə üçün həlledici olan həmin anda mövcud olan borc məbləğinin dəqiq müəyyənləşdirilməsidir. Çünki məhz qərar çıxarıldığı anda mövcud olan borc məbləğini ödəmək üçün zəruri və kifayət olan həcmdə əmlakların satılması haqqında qərar verilməlidir.

40. Vergi Məcəlləsinin 90.1-ci maddəsində istifadə olunan “zəruri və kifayət olan həcmdə” ifadəsi mütənasiblik və ədalətlilik prinsiplərinin tələblərinin nəzərə alınmasını tələb edir. Mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar.

41. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər.

42. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir.

43. Mütənasiblik prinsipinin tələbləri baxımından nəzərə alınmalı olan ümumi maraq qismində vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə alınmasının təmin edilməsi çıxış edir. Buna görə, sözügedən borclar dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Qeyd edilən ödənişlərin ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusion vəzifələrindən biridir. Vergi ödəyicilərinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir. Odur ki, sözügedən borclar ödəyicilər tərəfindən könüllü ödənilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş məcburetmə vasitələrinin tətbiqi ilə alına bilər. Digər tərəfdən, cəmiyyətin ümumi maraqları həmçinin onu tələb edir ki, həmin borcların mümkün qədər operativ qaydada və tam məbləğdə büdcəyə ödənilməsi təmin edilməlidir.

44. Şəxslərin diqqətə alınmalı olan maraqları qismində isə o hallar çıxış edir ki, əgər qanunvericilikdə nəzərdə tutulmuşdursa, tələb yönəldilə bilməyən əmlaklar satıla bilməz. Müvafiq olaraq siyahıya alınmasından asılı olmayaraq məhkəmələr belə əmlakların satılması barədə qərar verməməlidirlər. Bundan başqa, şəxslər satılma zamanı ardıcıllıqla bağlı tələblərə riayət olunmasını, eləcə də əmlakların dəyərinin düzgün müəyyənləşdirilməsini də tələb edə bilərlər. Dəyərin düzgün müəyyənləşdirilməsi ona görə əhəmiyyət kəsb edir ki, borcun ödənilməsi üçün kifayət edən əmlak satışa çıxarılmalıdır.

45. Məhkəmə kollegiyası onu da qeyd edir ki, bir qayda olaraq, büdcə qarşısında öhdəlik davam etdiyi müddət ərzində öhdəliyin həcmindən asılı olmayaraq siyahıya alınmış əmlakın satılması əsaslı hesab olunmalıdır. Belə yanaşma, dəyərindən asılı olmayaraq ödəyicinin siyahıya alınmış yeganə əmlakının olduğu hallara da aiddir. Lakin məhkəmə həm də nəzərə almalıdır ki, hər bir konkret işin xüsusi halları mütənasiblik və ədalətlilik prinsipləri baxımından xüsusi yanaşmanı da tələb edə bilər. Belə xüsusi hallarda yanaşmanın müəyyənləşdirilməsi yuxarıda qeyd olunun meyarlar nəzərə alınmaqla ümumi və xüsusi maraqların əlaqəli qiymətləndirilməsindən asılı olacaqdır. Hazırda araşdırma zamanı da cavabdehə münasibətdə xüsusi yanaşma halları müəyyən edilməmişdir.

46. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

47. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 26 avqust 2025-ci il tarixli e-2-1(116)-2222/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar