Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-613/2024 24.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən, məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və X4 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı torpaq sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında reyestrdən çıxarışın və plan-ölçünün verilməsi barədə iddia tələbi üzrə iş materiallarına və iddiaçının yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə Şəki İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli 2-1(116)-353/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Balakən rayonu Gərəkli bələdiyyəsinin 24 sentyabr 2004-cü il tarixli 17 nömrəli iclas protokolundan çıxarışa əsasən İddiaçı bələdiyyənin perspektiv inkişaf fondundan 0,08 ha torpaq sahəsi ayrılmışdır.
2. Torpaq sahəsinə dair müvafiq sənədlər ona təqdim edilmədiyindən, iddiaçı həmin bələdiyyəyə qarşı torpaq sahəsinə dair ayrıc aktının təqdim edilməsi tələbi ilə Şəki İnzibatiİqtisadi Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin 2-1(84)-282/2017 saylı 14 sentyabr 2017-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
3. Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-2/2019 saylı 16 aprel 2019-cu il tarixli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 14 sentyabr 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilərək cavabdehin üzərinə 0,08 ha torpaq sahəsinə dair ayrıc aktının tərtib edilməsi öhdəliyi qoyulmuşdur.
4. İddiaçı sonradan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin) 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət edərək sözügedən 0,08 ha torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinanın səbəbi kimi bildirmişdir ki, torpaq sahəsinə dair Balakən rayonu Gərəkli bələdiyyəsinin qərarının əsli, alqı-satqı aktı, müvafiq icra hakimiyyəti orqanının rəyi və bələdiyyə ilə bağlanmış alqı-satqı müqaviləsi təqdim edilməmişdir.
5. Bundan sonra İddiaçı 4 noyabr 2020-ci il tarixdə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətrinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürmüşdür.
6. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmə icraatının gedişində məhkəmənin 4 mart 2021-ci il tarixli qərardadı ilə Balakən rayonu Gərəkli bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Qərar yazılı şəkildə tərtib edilir və hakim (işə kollegial qaydada baxıldıqda, məhkəmə tərkibinə daxil olan hakimlərdən hər biri) tərəfindən imzalanır.
8. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-353/2021 saylı 16 iyun 2021-ci il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilməmişdir. Məhkəmənin qənaəti belə olmuşdur ki, iddiaçının faktiki olaraq mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid ictimai tikililər üçün nəzərdə tutulan torpaq sahəsidir. Həmin torpaq sahəsi «Bələdiyyə torpaqlarının idarə olunması haqqında» Qanunun 7.2-ci maddəsinə görə xüsusi mülkiyyətə verilə bilməz.
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-358/2021 saylı 22 sentyabr 2021-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-106/2022 saylı 11 yanvar 2022ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. İddiaçı 1 aprel 2024-cü il tarixdə Şəki İnzibati Məhkəməsinə “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə” ərizə ilə müraciət edərək bildirmişdir ki, hüquqi və faktiki halları eyni olan, oxşar inzibati mübahisə üzrə iddiaçının xeyrinə Ali Məhkəmənin İnzibati Kollegiyası 2-1(102)-1794/2023 saylı 10 avqust 2023-cü il tarixli qərar qəbul etmişdir.
12. Şəki İnzibati Məhkəməsinin 6 iyun 2024-cü il tarixli qərardadı ilə İddiaçı ərizəsi mümkün sayılmamışdır. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddiaçı tərəfindən verilmiş “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə” ərizəyə İPM-in 100-cü maddəsinə uyğun sübutlar əlavə edilmədiyindən, ərizə mümkün sayılmamalıdır.
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-501/2024 saylı 13 avqust 2024-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Şəki İnzibati Məhkəməsinin 6 iyun 2024-cü il tarixli qərardadı ləğv edilmiş və inzibati iş baxılması üçün həmin məhkəməyə qaytarılmış, apellyasiya şikayəti “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi” hissəsində təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə” ərizəni müdafiə etdiyini bildirmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
15. Şəki İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 11 sentyabr 2024-cü il tarixli 2-1(116)-353/2021 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.
16. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ərizəçi olaraq o, “yeni açılmış sübut və halı" onun işindən sonra 2 il keçdikdən, məhkəməyə eyni gündə ərizə ilə müraciət etdikləri, eyni torpaq sahəsi üzrə çıxarılan Şəki Apellyasiya və Ali Məhkəmənin qərarına əsaslanaraq: yəni, X1 işi ilə bağlı icraat zamanı mübahisə edilən torpaq sahəsinin “ictimai tikililər üçün nəzərdə tutulmadığı” yaşayış məntəqələri torpaq sahəsi olduğunun təsdiq edilməsi ilə əlaqələndirmişdir. Bu hal yeni sübutdur və yeni haldır. X10 Məhkəməsi, Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası işi tam hərtərəfli araşdırsaydılar və bu halı üzə çıxarsaydılar, onda istər 1-ci və ya 2-ci instansiya məhkəməsinin qərarları ilə də iddiası təmin edilərdi. Mübahisə edilən torpaq sahəsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (0,08 ha torpaq sahəsinə ayrıc aktının hazırlanması tələbi ilə bağlı) torpağa yerində baxış keçirmiş həmin ərazidə mövcud olan boş 0,2073 ha torpaq sahəsinin yaşayış məntəqələri torpağı olduğunu müəyyənləşdirmişdir (Şəki Apellyasiya Məhkəməsinin 30 aprel 201 ö cu il tarixli 2-1 (107)-22019 nömrəli qərarı.) Mübahisə edilən torpaq sahəsinin “ictimai tikililər üçün nəzərdə tutulması”nın və ya yaşayış məntəqəsi torpağına aid olması halına dair məlumatın məhkəməyə təqdim edilməsi imkanı xaricində olub. İş materiallarında həmin torpaqla bağlı Balakən rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin rəyində də açıq şəkildə qeyd olunub ki. həmin torpaq sahəsi yaşayış məntəqələri torpağına aid olduğu üçün həyətyanı torpaq sahəsinin ayrılması məqsədə uyğundur. İddiasına baxan məhkəmələr Memarlıq şöbəsinin rəyinə ümumiyyətlə fikir verməmişlər. Məhkəmələr iddianın təmin edilməməsi haqda qərar çıxararkən ancaq və ancaq cavavdeh orqan olan 18 saylı Zaqatala Ərazi İdarəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki Regional Ərazi İdarəsinin, Gərəkli bələdiyyəsinin və ləğv edilmiş TDİT üzrə Dövlət Agentliyinin mübahisə edilən torpağın “ictimai tikililər üçün nəzərdə tutulduğuna" dair heç bir əsası olmayan məktublarına əsaslanıb iddiasını təmin etməmişlər. Həmin qurumların məhkəməyə təqdim etdikləri məktublarında qeyd etdikləri tam yalan məlumatlar, yəni saxta məlumatlar olmuşdur. Onların bu məlumatlarının da saxta olması da Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2023-cü il tarixli 2-1(107)-95/2023 və Ali Məhkəmənin İnzibati Kollegiyasının 10 avqust 2023-cü il tarixli 2-1(102)-1794/2023 nömrəli qərarları ilə təsdiq edilmişdir. Şəki İnzibati Məhkəməsi, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli Qərardadında qeyd edilən göstərişi yerinə yetirərək çıxardığı 19 sentyabr 2024-cii il tarixli 2-1(116)-353/2021 nömrəli qərardadı ilə “yeni açılmış halla bağlı” iddiasını təmin etməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, istinad etdiyi ‘‘digər oxşar inzibati mübahisə üzrə yuxarı instansiya məhkəməsinin qərarı ilə bağlı xüsusatların ilkin İcraatda ona- iddiaçıya məlum olması mümkünsüzdür, çünki, barəsində ərizə verdiyi qərar 11 yanvar 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir, istinad etdiyi Ali Məhkəmənin qərarı isə 10 avqust 2023-cü il tarixlidir. Lakin məhkəmə belə bir nəticəyə gəlir ki, ərizəçinin dəlili kimi oxşar inzibati mübahisə üzrə (yəni eyni torpaq sahəsi üzrə) məhkəmə qərarı yeni sübut və hal qismində qiymətləndirilə bilməz. İşi ilə bağlı məhkəmə qərarının qəbul edilməsi üçün əsas olmuş faktiki və hüquqi hallar maraqlı şəxs olan iddiaçı X5 xeyrinə dəyişmişdir. X7 və Ali məhkəmənin yuxarıda qeyd edilən qərarları ilə təsdiq edilmişdir ki, mübahisə obyekti olan 0,08 ha torpaq sahəsi ictimai tikililər üçün nəzərdə tutulmuş torpaq sahəsi olmamaqla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 7.2 maddəsində qeyd edilən ümumi istifadə torpaqları sırasına da aid deyil. Şəki İnzibati Məhkəməsi xx.xx.2021-ci il tarixli, Şəki Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli, Ali Məhkəmə 4 fevral 2022-ci il tarixli aktlarını çıxararkən Gərəkli bələdiyyəsinin, DƏDRX-ın 18 saylı Zaqatala Ərazi İdarəsinin, ƏMDX-ın Şəki Ərazi İdarəsinin və X3 Təşkili üzrə Dövlət Agentliyinin qanunazidd hərəkətləri ilə həqiqəti əks etdirməyən yalan məlumatlı məktubları əsasında çıxarmışlar Yuxarıda qeyd edildiyi kimi, işi ilə bağlı yekun məhkəmə qərarı 11 yanvar 2022-ci ildə çıxarılıb və qanuni qüvvəyə minib. Yeni halın açılmasına səbəb olan yekun məhkəmə qərarı 10 avqust 2023cii ii tarixlidir. İstinad etdiyi Ali Məhkəmənin qərarını əldə edən 18 saylı Ərazi İdarəsi X2 məktubla müraciət edərək bildirmişdir ki, torpağının az bir hissəsi (83 kv.m) örüş torpaq sahəsinə düşür deyə yeni bir problem yaradır. Bildirmişdir ki, ərizə yazıb 83 kv.m torpaqdan imtina etdiyi halda ona çıxarış verərlər. Ş.Əmiqadayeva da onlara bildirmişdir ki, bu günə kimi o yer ictimai tikili altı idi, indi örüş sahəsini oldu. Beləcə mübahisə uzandı. Bir müddət Çıxarışın götürülməsindən imtina etdi. 18 saylı Ərazi İdarəsi də ona bildirmişdir ki, yenidən məhkəməyə versin. Bununlada Ş.Əmiqadayeva xx.xx.2023-ci il tarixdə 83 kv.m torpaq sahəsindən imtina etməsi haqda və çıxarışla bağlı ərizə yazmışdır. Çıxarış Ş.Əmiqadayevaya 2024-cü yanvar ayının 1-ci yarsında təqdim edilmişdir. Ona da bu haqda məlumat vermişdir. O da 18 saylı Ərazi İdarəsinin Balakən şöbəsinə getmiş, 0,08 ha torpaq sahəsinə xəritə üzrə baxdırmış və torpağına çıxarış verilməsi üçün heç bir maneənin olmadığını bildirmişlər. O da, 3 aylıq müddəti ötürmədən aidiyyəti ərizə ilə Şəki İnzibati məhkəməsinə müraciət etmişdir. Qeyd olunanlara və mövcud qanunvericiliyə əsaslanaraq Şəki İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli qərardadını ləğv edib, icraatın təzələnməsi haqda qərardad çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
18. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli qərardadını ləğv edib, icraatın təzələnməsi haqda qərardad çıxarılmasını xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh məktubla müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, üçüncü şəxs isə nümayəndəsinin iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir.
20. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. İnzibati Prosessual Məcəllə: Maddə 100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 101. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
22. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. Apellyasiya instansiyası məhkəməsinin hazırkı qərardadın təsviri hissəsində qeyd olunan 13 avqust 2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası aşağıdakıları vurğulamışdır: “Əgər birinci instansiya məhkəməsi iddiaçı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə bağlı İPM-in 100-cü maddəsinə uyğun sübutlar əlavə olunmaması barədə nəticəyə gəlirsə, İPM-in 106.3-cü maddəsinin tələblərinə əsasən ərizəyə baxaraq mühiyyəti üzrə qərar qəbul etməli idi. Hazırkı işdə bu, baş verməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddiaçının yeni açılmış hallara dair ərizəsini mümkün saymamaqda doğru nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyasının qənaətinə əsasən hazırkı halda araşdırmanın nəticəsi və istinad olunan sübutlar ərizənin rədd edilməsi üçün əsas sayılmalıdır. Məhkəmə tərəfindən yuxarıda göstərilən halların mövcud olması qənaətinə gəlinərsə, bu hallar ərizənin mümkün sayılmaması üçün deyil, ərizənin rədd olunması üçün əsas olacaqdır.”
25. İPM-in 87.9-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
26. Məhkəmə kollegiyası ərizəyə mahiyyəti üzrə baxılması ilə əlaqədar diqqətə çəkir ki, İPM-in 1.1- ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.
27. İPM-in 98.1-ci maddəsinə görə Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
28. İPM-in 100-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.
29. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, bildirdiyi “digər oxşar inzibati mübahisə üzrə yuxarı instansiya məhkəməsinin qərarı” ilə bağlı xüsusatların ilkin icraatda ona – iddiaçıya məlum olması mümkünsüzdür, çünki, barəsində ərizə verdiyi qərar 11 yanvar 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir, istinad etdiyi Ali Məhkəmənin qərarı isə 10 avqust 2023-cü il tarixlidir.
31. Lakin məhkəmə kollegiyası belə nəticə gəlir ki, ərizəçinin (iddiaçının) dəlili kimi oxşar inzibati mübahisə üzrə məhkəmə qərarı yeni sübut və ya hal qismində qiymətləndirilə bilməz.
32. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə İPM-in 100-cü maddəsində nəzərdə tutulan kriteriyalar (sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə) ödənilmədiyindən, İPM-in 106-cı maddələrinin tələblərinə əsasən ərizə təmin edilə bilməz.
33. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə” ərizəsi təmin edilməməlidir.
34. Beləliklə yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
35. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli 2- 1(116)-353/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli 2-1(116)-353/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.