Məhkəmə qərarları › İş №2-1(107)-613/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-613/2025

23.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-613/2025 23.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-291/2023 saylı, 04 may 2023-cü il tarixli qərarına əsasən ona ödənməli olan pensiya məbləğinin illik indeksasiya nəzərə alınmaqla düzgün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 avqust 2025-ci il tarixli 2-1(116)-3029/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-291/2023 saylı, 04 may 2023-cü il tarixli qərarına əsasən ona ödənməli olan pensiya məbləğinin illik indeksasiya nəzərə alınmaqla düzgün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə tərəfindən 13 avqust 2025-ci il tarixli məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçının şifahi vəsatəti əsasında cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunması iclas protokolunun qərardadına əsasən təmin edilmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-351/2022 saylı qərarından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(107)-291/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək cavabdehə müraciət etdiyi 21 avqust 2018-ci il tarixdən 3 il geri, yəni 21 avqust 2015-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi qoyulmuşdur. Belə ki, ona təyin edilmiş pensiyanın Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-291/2023 saylı, 04 may 2023- cü il tarixli qərarına əsasən düzgün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması tələbi ilə yenidən inzibati məhkəməyə müraciət etmişdir.

4. Cavabdeh inzibati orqan “iddianın mümkünsüzlüyünə dair” ərizə ilə müraciət edərək İddiaçı iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 13 avqust 2025-ci il tarixli 2- 1(116)-3029/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-291/2023 saylı, 04 may 2023cü il tarixli qərarına əsasən ona ödənməli olan pensiya məbləğinin illik indeksasiya nəzərə alınmaqla düzgün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır.

6. Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ona təyin edilmiş pensiyanın Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)- 291/2023 saylı, 04 may 2023-cü il tarixli qərarına əsasən düzgün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması tələbi ilə yenidən inzibati məhkəməyə müraciət etmişdir. İddia tələbinin məzmunundan da aydın görünür ki, iddiaçının hazırki tələbi Şəki Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərarın icrası ilə bağlıdır. Ona görə də, iddiaçının cavabdeh orqanın onun barəsində qəbul edilmiş qərarın icrası ilə bağlı hər hansı hərəkətini mübahisələndirdiyi halda, yekun məhkəmə aktını qəbul etmiş məhkəməyə ərizə ilə müraciət etməlidir. Belə ki, qeyd edilən mübahisəyə artıq mahiyyəti üzrə baxıldığından və iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul edildiyindən, hazırki hüquqi mübahisənin yenidən inzibati məhkəmə icraatı çərçivəsində araşdırılması mümkün deyildir (iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan inzibati məhkəmə icraatı çərçivəsində həmin qərar ilə müəyyən edilmiş hallara yenidən baxıla bilməz). Məhkəmə qeyd etmişdir ki, iddiaçının hazırkı məzmunlu ərizəsi Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1120/2025 saylı 14 yanvar 2025-ci il tarixli qərardadına əsasən mümkün sayılmamış, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.

7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 13 avqust 2025-ci il tarixli 2-1(116)-3029/2025 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbini mümkün hesab etməklə iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun tələbi və şikayəti "Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-291/2023 saylı 04 may 2023cü il tarixli qərarının düzgün icra edilməməsidir. Cavabdeh orqanın əməlləri nəticəsində o, 9 il gec pensiyaya çıxıb, buna baxmayaraq, Ali Məhkəmə onun konstitusiya hüquqlarını kobud surətdə pozaraq, bunun 3 ilinin ödənməsi haqqında qərarı dəyişdirmədən saxladı. Hal hazırda 420 manat pensiya alır (ancaq bu məbləğ 600 manata qədər olmalıdır), 9 ildə bu məbləğ 45000 manat edir. Məhkəməyə müraciətində ona ödəniləsi olan pensiya məbləğinin illik indeksasiya nəzərə alınmaqla, düzgün (yəni yuxarıda göstərdiyi, ona ödənməmiş vəsaitin) hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Cavabdeh orqanın apellyasiya şikayətinə etirazı onunla əsaslandırılmışdır ki, hesab edir ki, icraatınızda olan 2-1(107)-613/2025 nömrəli iş üzrə apelyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. İddiaçı hazırki iddia tələbi üzrə qanuni qüvvəsini almış məhkəmə qərardadı mövcuddur. Həmçinin nəzərə çatdırırıq ki, İddiaçı hal-hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən əvvəlki məhkəmə prosesi gedişində təqdim etmədiyi hər hansı sənəd məhkəməyə təqdim etməmişdir. Təqdim edilmiş sənədlər əvvəlki məhkəmə mübahisəsinin obyektləri olmuş, həmin sənədlərə də məhkəmə qərarı ilə hüquqi qiymət verilmişdir. - Göründüyü kimi hazırkı iddia ərizəsində qeyd olunan “01 sentyabr 2023-cü il tarixdən 01 oktyabr 2024-cü il tarixədək sosial yardımın aztəminatlı ailəyə təyin olunaraq birdəfəlik ödənilməsi" tələbinə münasibətdə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur və iş üzrə qəbul edilmiş qərarlarda iddiaçının ailəsinə sözügedən dövrdə sosial yardım edilməsi məsələsinə konkret hüquqi qiymət verilmiş, cavabdeh inzibati orqanın sosial yardımın təyin olunmasından imtina ilə bağlı hərəkətləri qanuni hesab olunmuşdur. Buna görə hazırki hüquqi mübahisənin yenidən inzibati məhkəmə icraatı çərçivəsində araşdırılması mümkün deyildir. Belə ki, iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan inzibati məhkəmə icraatı çərçivəsində həmin qərar ilə müəyyən edilmiş hallara yenidən baxıla bilməz. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddianın mümkün sayılması və iddia tələbinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

12. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 45.5. İddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; ... Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

13. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı:

Apellyasiya şikayətinin mümkünlüyü

14. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

17. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

18. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

19. Kollegiya qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla doğru nəticəyə gəlmişdir.

21. Belə ki, iş materiallarından görünür ki, iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərə aid olan iş stajının düzgün hesablanması və ona 57 yaşının tamam olduğu 2012-ci il 6 fevraldan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması” barədə tələbi üzrə inzibati məhkəmə icraatı qaydasında məhkəmə mübahisəsi olmuş və Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-351/2022 saylı qərarı ilə iddia təmin edilməmişdir. Daha sonra həmin qərardan iddiaçı apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(107)-291/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin üzərinə İddiaçı hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək cavabdehə müraciət etdiyi 21 avqust 2018-ci il tarixdən 3 il geri, yəni 21 avqust 2015-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi qoyulmuşdur.

22. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ona təyin edilmiş pensiyanın Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-291/2023 saylı, 04 may 2023cü il tarixli qərarına əsasən düzgün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması tələbi ilə yenidən inzibati məhkəməyə müraciət etmişdir.

23. Bundan başqa, iddiaçının hazırkı məzmunlu ərizəsi Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1120/2025 saylı 14 yanvar 2025-ci il tarixli qərardadına əsasən mümkün sayılmamış, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.

24. Hazırkı icraat çərçivəsində isə eyni iddia tələbinə münasibətdə də iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan əsasla mümkün sayılmamışdır.

25. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı eyni cavabdehə qarşı eyni tələblə və eyni əsasla məhkəməyə müraciət etmiş, Şəki İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə iddia mümkün sayılmamış və həmin qərardad qanuni qüvvəyə minmiş, həmçinin iddiaçının hazırkı iddia tələbinin predmeti və əsasları ilə eyni olan tələb üzrə iddianın mümkün sayılmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadında qeyd edilən iddianın mümkün sayılmamasına əsas olmuş hallar aradan qalxmamışdır.

26. Məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1- ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). İPM- in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (15.4-cü bənd). İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5-ci bənd). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd).

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının eyni məzmunlu iddiasının dəlillərinə birinci instansiya məhkəməsi qiymət vermiş və düzgün olaraq göstərmişdir ki, iddia tələbinin məzmunundan da aydın görünür ki, iddiaçının hazırki tələbi Şəki Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərarın icrası ilə bağlıdır. Ona görə də, iddiaçının cavabdeh orqanın onun barəsində qəbul edilmiş qərarın icrası ilə bağlı hər hansı hərəkətini mübahisələndirdiyi halda, yekun məhkəmə aktını qəbul etmiş məhkəməyə ərizə ilə müraciət etməlidir. Belə ki, qeyd edilən mübahisəyə artıq mahiyyəti üzrə baxıldığından və iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul edildiyindən, hazırki hüquqi mübahisənin yenidən inzibati məhkəmə icraatı çərçivəsində araşdırılması mümkün deyildir.

28. Göründüyü kimi, iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan inzibati məhkəmə icraatı çərçivəsində həmin qərar ilə müəyyən edilmiş hallara yenidən baxıla bilməz.

29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdeh orqanın onun barəsində qəbul edilmiş qərarın icrası ilə bağlı hər hansı hərəkətini mübahisələndirdiyi halda, yekun məhkəmə aktını qəbul etmiş məhkəməyə ərizə ilə müraciət etməlidir. Bununla bağlı əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə lüzum yoxdur. İddiaçının hazırki tələbi üzrə ortaya çıxan məsələlər Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(107)- 291/2023 nömrəli qərarının icrası çərçivəsində baxılaraq müzakirə olunmalıdır. Odur ki, iddiaçıya izah olunur ki, o, Şəki İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sözügedən qərarının icra olunmadığını və onun icrası ilə bağlı qərar qəbul olunmasını xahiş etməlidir.

30. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Ümumilikdə Kollegiya, iddiaçının dəlillərini birinci instansiya məhkəməsinin qərardadının ləğvinin əsası kimi qəbul etmir.

31. Bundan əlavə, iddiaçı apelyasiya şikayətində iddia tələbinin mümkün hesab edilməsinə dair qərar çıxarılmasını xahiş edir.

32. Bununla bağlı isə qeyd olunmalıdır ki, iddia tələbinin mümkün hesab edilməsi hazırda mübahisələndirilən qərardadın ləğvindən asılı (törəmə) tələb olduğundan, həmin qərardad isə ləğv olunmadığından apelyatorun qeyd edilən tələbi də təmin edilə bilməz.

33. Bundan əlavə, iddiaçı apelyasiya şikayətində iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş edir.

34. Bununla bağlı isə qeyd olunmalıdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmçinin, nəzərə almaq lazımdır ki, iddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.

35. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 avqust 2025-ci il tarixli 2-1(116)-3029/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 13 avqust 2025-ci il tarixli 2-1(116)-3029/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar