Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-615/2024 26.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Ucar rayon Buzxanalı Sallaqxanada işlədiyi xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi illərin sığorta stajı kimi qəbul edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 03 may 2023-cü il tarixli 2-1(116)-478/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək “Ucar rayon Buzxanalı Sallaqxanada işlədiyi xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi illərin sığorta stajı kimi qəbul edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, təqdim edilən əmək kitabçası, hərbi biletin surətlərinə və digər sənədlərə əsasən sığorta stajı 20 il 11 ay 3 gün təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Təqdim etdilən əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1985-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Ucar Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 50 №-li arxiv arayışına əsasən xx.xx.1985-ci il tarixindən xx.xx.1997ci il tarixinədək Qaradağlı kənd sabiq “Lenin” adına sovxozun əmək günləri uçotu və son hesablaşma cədvəllərində 138 ay əməkhaqqı hesablandığı müəyyən edilmiş və yalnız əməkhaqqı hesablanan aylar sığorta stajına daxil edilmişdir. Fondun 2 saylı X9 Filialının müvafiq xidməti məktubuna əsasən xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək Ucar rayon Buzxanalı Sallaqxananın arxiv sənədləri Ucar Rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin müəssisədə iddiaçının əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmadığından qeyd edilən dövrlər sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
- AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1957ci ildə doğulmuşdur. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin 28 fevral 2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, "xxxx" ASC-i (VÖEN **********) X2 bazasında yaradılıb, onun hüquqi varisi olmaqla xx.xx.2007-ci il tarixində qeydiyyata alınmışdır. - xx.xx.1978-ci il tarixdə tərtib edilmiş “Kolxozçunun əmək kitabçası”, Ucar Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 57 nömrəli məktubu və həmin məktubun verilməsinə əsas olmuş hesablaşma kitablarından çıxarışlar; - Əmlak Məsələləri Dövlət Xİdmətinin xx.xx.2023-cü il tarixli məktubu.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 03 may 2023-cü il tarixli 2- 1(116)-478/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı Ucar rayon Buzxanalı Sallaqxanada işlədiyi xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi illərin sığorta stajına daxil edərək, ona xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı – xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2022-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1957-ci ildə doğulub). İşdə olan xx.xx.1977-ci ildə tərtib edilmiş əmək kitabçası, iddiaçıya məxsus НЗ № ******* nömrəli hərbi biletdən müəyyən edilir ki, iddiaçının ümumi sosial sığorta stajı 28 il 7 ay 19 günə bərabərdir. Cavabdehin iddia tələbinə etirazının dəlili – Ucar rayon Buzxanalı sallaqxananın sənəd və materialları arxivə təhvil verilmədiyindən iddiaçının xx.xx.1997-ci ildən xx.xx.2004-cü il tarixinədək əmək fəaliyyətinin araşdırılmasının mümkün olmaması, buna görə də qeyd olunan dövrün sosial sığorta stajına daxil edilməməsi ilə bağlıdır. xx.xx.1977-ci ildə tərtib edilmiş əmək kitabçasında iddiaçının xx.xx.1997-ci ildən xx.xx.2004-cü il tarixinədək Ucar rayon Buzxanalı sallaqxananın işləməsi barədə qeydlər icra olunmuşdur. Həmin müddətin araşdırılmasının mümkünsüzlüyünə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin müəssisənin o dövr üçün fəaliyyəti davam etmiş, habelə 2007-ci ildə "xxxx" ASC-i kimi hüququ varisi tərəfindən fəaliyyət bərpa olunmuşdur. Həmin müəssisənin sənədlərinin arxivdə mövcud olmamasına münasibətdə məhkəmə qeyd edir ki, göstərilən hal iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyini şübhə altına almır. Belə ki, müvafiq sənədlərin arxivə təhvil verilməsi iddiaçının vəzifəsi olmadığından, qeyd olunan hal onun ziyanına şərh edilə bilməz. Bundan başqa işdə olan Əmlak Məsələləri Dövlət Xİdmətinin məktubu ilə müəyyən olunur ki, Ucar Buzxanalı sallaqxanası xx.xx.2007-ci il tarixdə özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Odur ki, əmək kitabçasında icra edilmiş qeydlərin mötəbərliyinə və iddiaçının işlədiyi müəssisənin mövcudluğuna hər hansı şübhə yoxdur. İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdur.
7. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 03 may 2023-cü il tarixli 2-1(116)-478/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2-1(107)-8/2024 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Şəki İnzibati Məhkəməsinin 3 may 2023-cü il tarixli 2-1(116)-478/2023 nömrəli qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar çıxarılaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Ucar rayon Buzxanalı Sallaqxanada işlədiyi xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi illərin sığorta stajı kimi qəbul edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.
9. İddiaçı tərəfindən həmin qərardan kassasiya şikayəti verilmişdir.
10. Kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(102)- 2057/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-8/2023 saylı qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün göndərilməsi qərara alınmışdır.
Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı ərizə ilə xx.xx.2022-ci il tarixində inzibati orqana müraciət etmiş, lakin iddiaçıya xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün olmadığı bildirilmişdir. İmtinanın əsasları kimi iddiaçının təqdim etdiyi əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyi və iddiaçının ümumi sığorta stajının qanunla nəzərdə tutulan dövrdən (25 ildən) az olduğu qeyd edilmişdir. Şəki İnzibati Məhkəməsi iddiaçının ümumi sosial sığorta stajının 28 il 7 ay 19 gün olduğu qənaətinə gəlmişdir. Məhkəmə qeyd edir ki, sorğulara gələn cavablara əsasən mübahisələndirilən dövrlərdə Ucar rayon Buzxanalı Sallaqxana müəssisəsi fəaliyyətini davam etdirmiş və xx.xx.2007-ci il tarixdən özəlləşdirilərək “Ucar Buzxana" ASC olaraq fəaliyyət göstərmişdir. Ancaq məhkəmə iddiaçının əmək kitabçasının doldurulması ilə bağlı məsələyə hüquqi qiymət verməmiş, əmək kitabçasının mötəbərliyini şübhə altına almamışdır. İddiaçının xx.xx.2006cı il tarixə qədər mübahisələndirilməyən sosial sığorta stajı 20 il 11 ay 3 gün təşkil edir (hərbi xidmət illəri daxil olmaqla). İddiaçının iş stajı ilə bağlı mübahisələndirilən dövrlər xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək Ucar rayon Buzxanalı Sallaqxanadakı əmək fəaliyyəti dövrüdür (7 il 1 ay 6 gün). xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək əmək fəaliyyəti dövrlərinə münasibətdə araşdırma aparmaq zərurəti yaranmışdır. Belə ki, DSMF-in 2 saylı X9 Filialının xx.xx.2022-ci il tarixli **********08 nömrəli xidməti məktubuna əsasən iddiaçının sözügedən müəssisədə işləməsi faktı həmin idarənin sənədlərinin Ucar rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün yoxlanılması mümkün olmamışdır. İddiaçının xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək əmək fəaliyyəti haqqında qeydlərdə əmək kitabçasının doldurulması qaydası pozulmuşdur. Belə ki, həmin qeydlərdə latın qrafikalı əlifbadan istifadə edilmiş, daha sonra üzərində kiril qrafikalı hərflə düzəliş edilmişdir. İddiaçının əmək kitabçası mübahisələndirilən dövrlərə münasibətdə mötəbər hesab oluna bilməz. Bu səbəbdən də, məhkəmə tərəfindən həmin dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Mübahisələndirilən dövrlər (7 il 1 ay 6 gün) iddiaçının sosial sığorta stajına daxil edilə bilmədiyindən tələb olunan müddət (25 il) tamamlanmır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 03 may 2023-cü il tarixli 2-1(116)-478/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı hazırki məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılıb Şəki İnzibati Məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
16. İnzibati Prosessual Məcəllə: Maddə 14.3 inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
17. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədən düşmüş): Maddə 67. mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: ... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
21. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
Apellyasiya şikayətinin mümkünlüyü
24. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Bundan başqa, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(102)-2057/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2024-cü il tarixli, 2-1(107)-8/2024 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
29. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
30. Ali Məhkəmə hazırki iş üzrə qərarda qeyd etmişdir ki, hazırkı işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı işlədiyi illərin sığorta stajı kimi qəbul edərək, yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən şəxsin yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajı olmalıdır. - İşdən müəyyən olunur ki, cavabdeh iddiaçının 20 il 11 ay 3 gün sığorta stajının olmasını qəbul edir və bu işin mübahisəsiz halını təşkil edir. - Hazırda cavabdeh iddiaçının xx.xx.1997-ci ildən xx.xx.2004-cü il tarixinədək Ucar rayon Buzxanalı Sallaqxananın işləməsini mübahisələndirir. - Apellyasiya məhkəməsi iddiaçıya məxsus əmək kitabçasında mübahisələndirilən dövrlə bağlı qeydlər kiril qrafikalı əlifba ilə yazılmasına istinad edərək iddianı rədd etmişdir. - Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dəlil “əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiya”nın tətbiqindən istisnaya əsas vermir. - Belə ki, əmək kitabçasının doldurulması ilə bağlı yol verilən pozuntu (kiril qrafikalı əlifbadan istifadə) iddiaçının təqsiri kimi qiymətləndirilə bilməz, həmçinin sosial təminat hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz. Digər tərəfdən, əmək kitabçasının doldurulması iddiaçı tərəfindən həyata keçirilməmişdir və həmçinin, qeyd edilən pozuntu sözügedən müəssisənin məsul şəxsinin məsuliyyətində olan məsələdir. - Apellyasiya məhkəməsi isə işin araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmiş, sadəcə "xxxx" X13 Cəmiyyətinin hazırda fəaliyyətdə olub-olmaması barədə sorğular vermiş və həmin müəssisənin xx.xx.2017-ci ildən fəaliyyətinin dayandırması barədə Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş cavab məktubundan sonra apellyasiya məhkəməsi iddiaçıya məxsus əmək kitabçasında olan qeydlərin mötəbərliyinə əsaslı şübhələr olması qənaətinə gəlmişdir. - Halbuki məhkəmənin göndərdiyi sorğulara alınan cavablardan müəyyən olunur ki, Ucar rayonu Küçəkənd kəndində yerləşən Buzxanalı Sallaqxana 1990-cı ildən 2012-ci ilədək fəaliyyət göstərmişdir (Pirkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubu (iş səh. 172)), bundan əlavə 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2007-ci il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmış, "xxxx" Açıq Səhmdar Cəmiyyəti X2 bazasında yaradılmış və onun hüquqi varisidir. Həmçinin həmin məktubda qeyd edilmişdir ki, "xxxx" ASC-nin baza məlumatlarına əsasən fəaliyyət növü “İxtisaslaşdırılmış mağazalarda ət və ət məhsullarının pərakəndə satışı” və cəmiyyətin hüquqi ünvanı Ucar rayonu Bərgüşad kəndi cəmiyyətin rəhbəri X6 olaraq qeyd olunmuşdur. Vergi ödəyicisinin rəsmi müraciətinə əsasən cəmiyyətin fəaliyyəti xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər və yenidən rəsmi müraciətinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2122-ci il tarixədək dayandırılıb. - Yəni müəyyən olunur ki, iddiaçının əmək kitabçasında qeyd olunan 1997-2004 dövrdə iddiaçının traktorçu vəzifəsində işlədiyi müddətdə müəssisə fəaliyyətdə olmuşdur.
31. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyinə uyğun olaraq həmçinin aşağıdakıları qeyd etməyi zəruri sayır.
32. Cavabdehin mübahisələndirdiyi hal və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Şəki İnzibati Məhkəməsi iddiaçını ümumi sosial sığorta stajının 28 il 7 ay 19 gün olduğu qənaətinə gəlmişdir. İddiaçının xx.xx.2006-cı il tarixə qədər mübahisələndirilməyən sosial sığorta stajı 20 il 11 ay 3 gün təşkil edir (hərbi xidmət illəri daxil olmaqla). İddiaçının iş stajı ilə bağlı mübahisələndirilən dövrlər xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək Ucar rayon Buzxanalı Sallaqxanadakı əmək fəaliyyəti dövrüdür (7 il 1 ay 6 gün). Məhkəmə bu hissədə mübahisəyə düzgün hüquqi qiymət verməyərək müəssisənin fəaliyyətini araşdırmamışdır.
33. Ali Məhkəmənin həmin hüquqi mövqeyinə əsasən məhkəmə kollegiyası məhkəmə iclasında qeyd edilən xüsusatlar üzrə araşdırma aparmış və məlum olmuşdur ki, iddiaçıya məxsus əmək kitabçası və hərbi biletə əsasən iddiaçının ümumi sosial sığorta stajı 28 il 7 ay 19 günə bərabərdir.
34. İşdə olan Pirkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-80/23/2-46/2024 nömrəli məktubundan görünür ki, Ucar rayonu Küçəkənd kəndində yerləşən Buzxanalı Sallaqxana 1990-ci ildən 2012-ci ilədək fəaliyyət göstərmişdir.
35. Həmçinin Əmlak Məsələləri Dövlət Xİdmətinin məktubu ilə müəyyən olunmuşdur ki, Ucar Buzxanalı sallaqxanası xx.xx.2007-ci il tarixdə özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Odur ki, əmək kitabçasında icra edilmiş qeydlərin mötəbərliyinə və iddiaçının işlədiyi müəssisənin mövcudluğuna hər hansı şübhə yoxdur.
36. Bundan başqa 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2007-ci il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmış, "xxxx" Açıq Səhmdar Cəmiyyəti X2 bazasında yaradılmış və onun hüquqi varisidir. Həmçinin həmin məktubda qeyd edilmişdir ki, "xxxx" ASC-nin baza məlumatlarına əsasən fəaliyyət növü “İxtisaslaşdırılmış mağazalarda ət və ət məhsullarının pərakəndə satışı” və cəmiyyətin hüquqi ünvanı Ucar rayonu Bərgüşad kəndi, cəmiyyətin rəhbəri X6 olaraq qeyd olunmuşdur. Vergi ödəyicisinin rəsmi müraciətinə əsasən cəmiyyətin fəaliyyəti xx.xx.2017ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər və yenidən rəsmi müraciətinə əsasən xx.xx.2022ci il tarixdən xx.xx.2122-ci il tarixədək dayandırılmışdır.
37. Məhkəmə kollegiyası cavabdehin qeyd edilən dəlillərini əsassız sayır. Hesab edir ki, iş materiallarına əlavə edilmiş sübutlar cavabdehin bu dəlillərini təkzib edir.
38. Cavabdeh orqanın apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçının xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək əmək fəaliyyəti haqqında qeydlərdə əmək kitabçasının doldurulması qaydası pozulmuşdur. Belə ki, həmin qeydlərdə latın qrafikalı əlifbadan istifadə edilmiş, daha sonra üzərində kiril qrafikalı hərflə düzəliş edilmişdir. Lakin, məhkəmə bu hissədə mübahisəyə düzgün hüquqi qiymət verməyərək müəssisənin fəaliyyətini araşdırmamış, əmək kitabçasını düzgün doldurulmadığı halda mötəbər hesab etmişdir.
39. Qeyd edilən dəlil ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı daxili əmrlər qəbul etmək, həmin əmrlər barədə qeydləri əmək kitabçasında qeyd etmək səlahiyyəti işəgötürən müəssisə rəhbərliyi tərəfindən həll edilməli olan haldır.
40. Məhkəmə kollegiyası onu da qeyd edir ki, əmək kitabçasının doldurulması işəgötürən tərəfindən həyata keçirilən məsələdir. Yəni əmək kitabçasındakı qeydlərin məzmununun fərqli qrafikalarda qeyd edilməsi işçinin hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.
42. Məhkəmə kollegiyası cavabdehin dəlili ilə bağlı aşağı instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır ki, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın 2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur.
43. Məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
44. Həmçinin, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ucar Rayon İcra Hakimiyyəti Ucar Rayon Dövlət Arxivindən birinci instansiya məhkəməsinə göndərilmiş 05 noyabr 2022-ci il tarixli, 57 nömrəli məktubdan görünür ki, Ucar rayon Buzxanalı- Sallaqxana adlı müəssisəyə aid sənədləri Ucar rayon Dövlət Arxivinə təhvil verilməmişdir.
45. Cavabdehin də mübahisələndirdiyi hal və apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, DSMF-in 2 saylı X9 Filialının xx.xx.2022-ci il tarixli **********08 nömrəli xidməti məktubuna əsasən iddiaçının sözügedən müəssisədə işləməsi faktının yoxlanılması həmin idarənin sənədlərinin Ucar rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün mümkün olmamışdır.
46. Məhkəmə kollegiyası qeyd edir ki, adıçəkilən müəssisə ilə bağlı mübahisəli dövrə aid arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
47. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləməsinə, həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasındakı müvafiq qeydlərin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.
48. Göründüyü kimi, həm məhkəmə, həm də cavabdeh orqan iddiaçının yuxarıda qeyd edilən mübahisələndirilən dövr üzrə həmin müəssisənin fəaliyyətinin olubolmamasını təsdiq edən müvafiq sənədlər təqdim edilməsi üçün sorğular vermişlər. Həmin sorğulara verilən cavab məktublarından mübahisələndirilən illərdə müəssisənin fəaliyyət göstərməməsi müəyyən edilməmiş, sadəcə olaraq həmin orqanlar haqqında təhvil-təslim aktlarına əsasən sənədlərinin müvafiq orqanlara təqdim edilməməsi müəyyən edilmişdir. Belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirilən dövrlərdə işlədiyi müəssisənin fəaliyyətinin olmaması barədə cavabdeh orqanın apellyasiya şikayətinin dəlili də əsassızdır.
49. Bundan əlavə əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə cavabdeh tərəfindən qaldırıldığından formalaşmış məhkəmə təcrübəsinə əsasən əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır.
50. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasının latın qrafikalı əlifbanın istifadə edilməsi daha sonra üzərində kiril qrafikalı hərflə düzəliş edilməsi iddiaçının təqsiri ilə bağlı olan hal deyil.
51. Bir sözlə, cavabdehin göstərdiyi dəlillər 1997-2004-cü illər iddiaçının traktorçu vəzifəsində işləməməsinə dəlalət etmir.
52. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “Ucar rayon Buzxanalı Sallaqxanada işlədiyi xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək müddət də onun stajına əlavə edilməlidir.
53. Beləliklə iddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 20 il 11 ay 3 gün stajı ilə onun Ucar rayon Buzxnalı Sallaqxanadakı işlədiyi 7 il 1 ay 6 gün müddəti topladıqda iddiaçının əmək kitabçasına əsasən 25 ildən artıq sığorta stajı olduğu təsdiq olunur.
54. Göründüyü kimi, iş materialları iddiaçının qeyd olunan işlərdə və müddətlərdə əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir, hazırki araşdırma isə iddiaçının həqiqətən sosial sığorta stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsini mötəbər qaydada müəyyən edir.
55. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
56. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 25 il sosial sığorta stajı olduğu halda cavabdehin iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməlidir.
58. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 03 may 2023-cü il tarixli 2-1(116)-478/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.