Məhkəmə qərarları › İş №2-1(107)-615/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-615/2025

25.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-615/2025 25.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «əlilliyin ləğv edilməsi haqqında qərarın mübahisələndirilməsi» tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 avqust 2025-ci il tarixli 2- 1(116)-1313/2025 nömrəli qərarından cavabdeh Dövlət Sosial X6 Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçının hərbi xidmət keçdiyi müvafiq dövrün üçqat hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «əlilliyin ləğv edilməsi haqqında 30 avqust 2024-cü il tarixli 3-17-1/3-1-69182/2024 nömrəli qərarın ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona verilmiş 2-ci dərəcə əlillik əsas götürülməklə əlilliyə görə əmək pensiyası təyinatı aparılmış, lakin sonradan 2024-cü ilin avqust ayında pensiya ödənişi dayandırılmışdır. Sonradan cavabdehə müraciət etsə də, imtina cavabı almışdır. Cavabdehin gətirdiyi səbəb ondan ibarətdir ki, qanunla 9 il sığorta stajı tələb olunduğu hada, onun 8 il 7 ay 5 gün stajı mövcuddur. Cavabdeh inzibati orqan tərəfindən ona bildirilmişdir ki, əlilliyə görə əmək pensiyası ləğv edilmiş və pensiya təyinatı üzrə artıq ödəmə müəyyən edilmişdir. İlkin təyinat zamanı onun 1992 – 1996-cı illərdə hərbi xidmət dövrünün 1 günü 3 gün hesablanmışdır. Lakin cavabdeh sonradan müharibədə iştirak etdiyi hər günü 2 gün hesablamış, bu səbəblə onun əmək pensiyasını ləğv etmiş və pensiyanı sosial müavinətlə əvəz etmişdir. İddiaçı döyüş bölgəsində xidmət etdiyi dövrdə hər günün 3 gün hesablanmasını qanunun tələbi sayır və cavabdehin hərəkətlərini və imtinasını mübahisələndirir.

4. Cavabdeh orqan etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya 13 sentyabr 2024-cü il tarixli məktubla əlilliyə görə əmək pensiyası təyinatından imtina olunmuşdur. İlkin olaraq ona 1 oktyabr 2016-cı il tarixdə əmək pensiyası təyin edilmiş və əlillik müddəti başa çatdığından, pensiya ödənişi 31 dekabr 2020-ci il tarixdə dayandırılmışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əlillik” altsistemində olan məlumatlara əsasən iddiaçının 26 iyul 2021-ci il tarixdən 31 iyul 2026-cı il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyi müəyyən edildiyindən, 26 iyul 2021-ci il tarixdən pensiyanın ödənişi bərpa edilmişdir. Xidməti araşdırma zamanı onun əlilliyə görə əmək pensiyası üçün qanunla tələb olunan 9 il sığorta stajının olmadığı (8 il 7 ay 5 gün) müəyyən edilmiş və bu səbəbdən əlillik hüququ ləğv edilmiş və pensiya ödənişi 31 avqust 2024-cü il tarixdən dayandırılmışdır. İddiaçıya sosial müavinət təyin edilmişdir. İstər iddiaçının hüququ yarandığı zaman, istərsə də hal-hazırda qüvvədə olan qanunvericiliklə müharibə dövründə xidmət dövrləri üç qat deyil, iki qat hesablanır. Bu səbəbdən də iddiaçıya əmək pensiyasının təyin edilməsi qanunvericiliyə ziddir. İddianın təmin edilməməsi məhkəmədən xahiş olunur.

5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İddiaçıya məxsus НЗ6200640 nömrəli hərbi biletin surəti; - Cavabdeh orqanın 13 sentyabr 2024-cü il tarixli 3-17-1/2-K-220165/2024 nömrəli əlilliyə görə əmək pensiyasının ləğv edilməsi və sosial müavinətin təyin edilməsi barədə məktubu; - İddiaçının şəxsiyyət vəsiqəsinin surəti; - iddiaçıya məxsus 044036 nömrəli vəsiqənin surəti.

6. Şəki İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 25 avqust 2025-ci il tarixli 2- 1(116)-1313/2025 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 30 avqust 2024-cü il tarixli 3-17-1/3-1- 69182/2024 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, iddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 30 avqust 2024-cü il tarixli 3-17-1/3-1-69182/2024 nömrəli qərarı qanuna ziddir və İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. - Hazırkı iş üzrə də cavabdeh orqan iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi barədə qərarını növbəti qərarı ilə ləğv etmiş, lakin məhkəmə icraatında həmin ikinci (30 avqust 2024-cü il tarixli) qərarın qəbulu üzrə inzibati icraatda ciddi qanun pozuntusu müəyyən edilmişdir. - Nəzərə alınmalıdır ki, cavabdehin “iddiaçıya əlilliyə görə əmək pensiyası təyinatı barədə” 1 oktyabr 2016-cı il tarixli qərarına münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədiyindən, hazırkı İddiaçı qanunla qorunan etimadı mövcuddur. Həmin qərarın həm də adıçəkilən Qanunun 67.5-ci maddəsində qeyd olunan “başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurması” halları da müəyyən edilmir. Odur ki, cavabdeh iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi barədə qərarını 30 avqust 2024-cü il tarixdə, yəni bir neçə ildən sonra ləğv etməklə qeyd olunan Qanunun 67.12-ci maddəsinin tələblərini pozmuşdur. Pensiya təyinatı barədə qərar hətta qanunsuz olsaydı da, həmin qərarın ləğv edilməsinin mümkünlüyü üzrə 1 illik müddət ötmüşdür. - Məhkəmə diqqətə çəkir ki, mübahisə predmeti olan 30 avqust 2024-cü il tarixli 3- 17- 1/3-1-69182/2024 nömrəli qərar mahiyyətinə görə iki hissədən ibarətdir: əlilliyə görə əmək pensiyasının, yəni bu təyinat barədə qərarın ləğvi və pensiya üzrə artıq ödəmə hesablanması. - Göründüyü kimi, 30 avqust 2024-cü il tarixli qərarın bəndləri bir-biri ilə əlaqəlidir, hətta ikinci bənd (hissə) birincidən asılı və törəmədir. - «İnzibati icraat haqqında» Qanunun 69.1-ci maddəsinə görə inzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi bu Qanunun 65-ci, 67-ci və 68-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Qanunun 69.2-ci maddəsinə görə inzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi həmin aktın digər hissələrinin etibarsız sayılmasına və ya ləğv edilməsinə (həmin hissələr birbiri ilə əlaqədar deyildirsə) səbəb olmur. - Belə olan halda, məhkəmə hesab etmişdir ki, mübahisələndirilən 30 avqust 2024cü il tarixli qərarın birinci hissəsinin ləğvi ikinci (artıq ödəmə barədə) hissəsinin də ləğvini şərtləndirir. - Məhkəmə cavabdeh inzibati orqanın iddiaçıya təyin olunmuş əmək pensiyasının ləğvi barədə qərarın ləğv edilməsi üzrə gətirdiyi maddi hüquq norması üzrə dəlili ilə bağlı isə qeyd etmişdir ki, cavabdeh orqanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən aldığı məlumatda iddiaçının döyüşən ordunun tərkibində 16 aprel 1994-cü il tarixdən 12 may 1994-cü il tarixədək olması bildirilmişdir. Həmin dövr 2005-ci ilədək qüvvədə olmuş pensiya qanunvericiliyi normalarına əsasən üç qat hesablandıqda belə, iddiaçının 9 il sığorta stajı tamamlanmır. Bununla belə məhkəmə işdə olan sənədlərə və mövcud qanunvericiliyin müddəalarına əsasən mübahisəyə qiymət verərək, cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır və hesab etmişdir ki, İPM-in 14.1-ci maddəsinə əsasən sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan hazırkı məhkəmə icraatında “iddiaçıya təyin edilmiş əlilliyə görə əmək pensiyasının ləğv edilməsi barədə” qərarını qəbul edərkən icraatın başlanmasını formal şəkildə xüsusatlarla əsaslandırmış, bu qərarın qəbulu üzrə 1 illik müddət kriteriyasını gözləməmiş, iddiaçının qanunla qorunan etimad hüququna tələb olunan səviyyədə yanaşmamışdir. - Odur ki, məhkəmə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 30 avqust 2024-cü il tarixli 3-17-1/3-1-69182/2024 nömrəli qərarını qanunsuz sayır və bu qərarın qəbulunu iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində dəyərləndirir.

8. Cavabdeh Dövlət Sosial X6 Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 25 avqust 2025-ci il tarixli 2-1(116)-1313/2025 nömrəli qərarının ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh orqanın apellyasiya şikayəti iddiaya etiraz ərizəsi ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, İddiaçı təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin xx.xx.2015-ci il tarixli SB-185 nömrəli arayışının surətində olan məlumata əsasən xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək döyüşən ordunun tərkibində olduğu dövr ikiqat ölçüdə, xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək hərbi xidmət dövrü, 074595 nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1996-cı il tarixindən xx.xx.1999cu il tarixinədək əmək fəaliyyəti dövrü və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən onun fərdi şəxsi hesabının sığorta hissəsində 2015-2016-cı illər üzrə pensiya kapitalı qeydə alınan 1 il 6 ay daxil olmaqla ümumilikdə 8 il 7 ay 5 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. - Bundan başqa, şəxsə əmək pensiyası cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. İddiaçıya münasibətdə də səhv qismində faktiki sığorta stajının 9 il hesablanması (əslində 8 il 7 ay 5 gün) təşkil edir. Belə ki, xx.xx.2016-cı il tarixində iddiaçıya əlilliyə görə əmək pensiyası təyin olunması üçün onun 42 yaşına münasibətdə 9 il sığorta stajı tələb olunur. (42-15=27 27*4=108 108:12=9 il) Amma cavabdeh orqan tərəfindən bütün dövrlərin sığorta stajına hesablandığı halda 8 il 7 ay 5 gün faktiki sığorta stajının olduğu müəyyən edilmişdir. Buna görə də, cavabdeh oqran özünün təyinatla bağlı qərarını ləğv etməkdə haqlı olmuşdur. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu məhdud ictimai resursların qeyriməqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

11. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 avqust 2025-ci il tarixli 2-1(116)-1313/2025 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

14. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunu: 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. . . . İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir . . . v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti. Həmin Qanunun 68-ci maddəsi 1 sentyabr 2005-ci il tarixli 977-İİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə həmin maddəyə dəyişiklik edilənədək aşağıdakı redaksiyada olmuşdur: - Pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti – üçqat ölçüdə.

15. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu: 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31 – 80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. ... Həmin maddənin 1 oktyabr 2016-cı il tarixdə (iddiaçıya ilkin əllillik təyinatı aparılan dövrdə) qüvvədə olan tələblərinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunanın ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Maddə 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6-cı maddəsinə görə maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.12-ci maddəsinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.

Apellyasiya şikayətinin mümkünlüyü

17. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

19. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

20. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

21. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

22. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı «cavabdeh orqanın 30 avqust 2024-cü il tarixli 3-17-1/3-1- 69182/2024 nömrəli qərarının ləğv edilməsinə nail olmaqdan ibarətdir.

23. İş materiallarından görünür ki, İddiaçı 1974-cü il təvəllüdlüdür. 1992 – 1996-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmət dövründə aldığı xəsarətə görə iddiaçıya aidiyyəti orqan tərəfindən 2016-cı ildə 2-ci dərəcə əlillik verilmiş və təyinata görə tələb olunan 9 il sığorta stajının toplandığı əsas götürülərək, ona Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlliliyə görə əmək pensiyası təyin edilmişdir. Əlilliyin müddəti 2020-ci ildə başa çatmışdır. Yenidən ona 26 iyul 2021-ci il tarixdən 31 iyul 2026-cı il tarixədək səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olmaqla 2-ci dərəcə əlillik təyin olunmuşdur. Bununla əlaqədar pensiya ödənişi hazırkı cavabdeh Dövlət Sosial Müdafiəsi X7 şəxsinin (bundan sonra – DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən bərpa edilmişdir. Bundan sonra, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 30 avqust 2024-cü il tarixli 3-17-1/3-1-69182/2024 nömrəli qərarı ilə iddiaçıya təyin edilmiş əmək pensiyasını ləğv etmiş və əvvəlki dövr üzrə artıq ödənilmiş 1.222,62 manat pensiya məbləği hesablamışdır. Sözügedən qərar əsasında ona pensiya ödənişi dayandırılmışdır.

24. Cavabdehin mübahisələndirdiyi hal və apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçının sığorta stajı əmək pensiyası üçün qanunla tələb olunan minimum 9 ildən az olmuşdur (8 il 7 ay 5 gün), döyüş dövrləri isə yalnız ikiqat hesablanmalı idi. Cavabdeh bu əsaslarla pensiyanın ləğvini qanuna uyğun hesab edir və apellyasiya şikayətində iddianın təmin edilməməsini xahiş edir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın iddiaçıya qarşı tətbiq etdiyi imtina və apellyasiya şikayətində göstərdiyi əsaslarla bağlı birinci instansiya məhkəməsinin qənaəti haqlı və qanuna uyğundur.

26. Belə ki, ilk növbədə nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati aktın ləğvi üçün müəyyən edilmiş 1 illik müddət keçdikdən sonra həmin aktın ləğvinə yol vermək mümkün deyildir. İddiaçıya ilk dəfə əlilliyə görə əmək pensiyası 1 oktyabr 2016-cı il tarixində təyin edilmiş, daha sonra ona 26 iyul 2021-ci il tarixdən 31 iyul 2026-cı il tarixədək səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olmaqla 2-ci dərəcə əlillik təyin olunmuşdur. Cavabdehin isə həmin pensiya təyinatını ləğv etməsi 30 avqust 2024-cü il tarixində baş vermişdir. Bu, təyinat tarixindən təxminən 8 il sonra olmuşdur ki, qanunla müəyyən edilmiş müddətin bariz şəkildə pozulması ləğvetmə qərarını hüquqi qüvvədən məhrum edir.

27. Beləliklə, qanunsuz olduğu iddia edilən akt uzun müddət keçdikdən sonra ləğv edilə bilməz. Bu baxımdan birinci instansiya məhkəməsi qanunun müddət məhdudiyyətlərinə dair tələblərini tam və düzgün tətbiq etmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin (2-1(102)-3135/2024 saylı üçulduzlu qərarı) formalaşdırdığı hüquqi mövqeyə əsasən:

29. “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan tələblərinə görə, inzibati orqanlar qanuna riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Obyektiv araşdırma prinsipini təsbit edən normaya əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

30. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

31. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı və s.) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

32. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, həmin tələblərə və prosedurlara uyğun aparılmış icraat üzrə materiallar və həmin materiallar üzrə inzibati orqanın qəbul etdiyi əsaslandırılmış qərar, maraqlı şəxsin narazı qaldığı təqdirdə həmin qərarın mübahisələndirilməsi imkanlarının qiymətləndirilməsi və onun səmərəli hüquqi müdafiə imkanları ilə təchiz olunması məqsədlərinə xidmət edir.

33. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

34. Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı.

35. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur.

36. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

37. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır.

38. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər.

39. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir.

40. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir.

41. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər”.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyasının yenidən hesablanması” haqqında 30 avqust 2024-cü il tarixli 3-17-1/3-1- 69182/2024 nömrəli qərarla iddiaçıya təyin olunmuş pensiyanın ləğv edilməsi ilə qanunvericiliyin müddəalarına əməl etməmişdir. Odur ki, inzibati orqanın qərarının əsaslı olması ilə bağlı inzibati orqanın apellyasiya şikayətində əks etdirdiyi dəlillərin hüquqi əsas yoxdur.

43. Kollegiya həmçinin bildirir ki, cavabdeh orqan apellyasiya şikayətində iddiaçının döyüş dövrlərinin yalnız ikiqat hesablanmalı olduğunu əsas gətirərək, onun sığorta stajının əmək pensiyası üçün tələb olunan səviyyəyə çatmadığını iddia etmişdir.

44. Bununla bağlı kollegiya bildirir ki, iş materiallarından və mövcud qanunvericilikdən aydın olur ki, iddiaçının döyüş fəaliyyətində olduğu 1994-cü il dövrü həmin tarixin hüquqi rejiminə əsasən üçqat hesablanmalı idi. 2005-ci ilə qədər qüvvədə olan pensiya qanunvericiliyi döyüş bölgəsində xidmət göstərilmiş müddətin üçqat hesablanmasını tələb edirdi və bu, həm dövrün qanunvericiliyi, həm də hüquqi təcrübə ilə təsdiqlənir. İddiaçının əmək pensiyası almaq hüququnun formalaşdığı dövrdə tətbiq olunan hüquqi normalar da göstərir ki, döyüş dövrləri üçqat hesablanmalı və stajın tamamlanması bu qaydaya əsasən təmin olunmalıdır.

45. Belə ki, döyüş dövründə xidmət etmiş şəxslərin sığorta stajının üçqat hesablanması barədə müddəalar iddiaçının hüquqlarını qoruyur və mübahisənin düzgün qiymətləndirilməsi üçün vacibdir.

46. Həmçinin qeyd olunur ki, iddiaçının əmək pensiyası hüququnun formalaşdığı dövrdə qüvvədə olan qanunvericilik aktları və sosial müdafiə sistemində tətbiq olunan prosedurlar nəzərə alınmalıdır.

47. Göründüyü kimi, cavabdeh orqanın iddiaçının stajının çatmadığını əsas gətirərək pensiyanın ləğvini qanuna uyğun hesab etməsi arqumenti mövcud olmuş qanunvericiliklə uzlaşmır.

48. Kollegiya vurğulayır ki, cavabdehin 30 avqust 2024-cü il tarixli qərarı iddiaçının qanunla qorunan etimad hüququnu kobud şəkildə pozmuşdur. İddiaçının pensiya təyinatı uzun müddət qüvvədə olmuş, faktiki ödənilmiş və onun sosial təminat hüquqları bu müddət ərzində qorunmuşdur. Belə olan halda, cavabdehin sonradan qəbul etdiyi aktın qanunsuzluğu və müddət məhdudiyyətlərinə zidd olması onu hüquqi baxımdan əsassız edir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın apellyasiya şikayətində təqdim etdiyi arqumentlər – döyüş dövrlərinin ikiqat hesablanması və sığorta stajının yetərsizliyi – iddiaçının qanunla qorunan hüquqlarına mənfi təsir göstərən halları aradan qaldırmaq üçün kifayət etmir. Mövcud qanunvericilik və faktiki halların təhlili göstərir ki, iddiaçının əmək pensiyası almaq hüququ formalaşmışdır və bu hüquq tam olaraq qorunmalıdır.

50. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunubqorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

51. Göründüyü kimi cavabdeh orqanın formal yanaşması nəticəsində, xüsusilə əmək pensiyası alan həssas şəxslərin hüquqlarını müdafiə edən inzibati aktların ləğv olunması qanunvericilik normalarına ziddir və hüquqi baxımdan qəbul edilə bilməz və belə formal prosedur çərçivəsində qəbul edilmiş qərar yalnız iddiaçının əlilliyə görə əmək pensiyasının təyinatına mənfi təsir etmir, eyni zamanda bütün əmək pensiyası alanların inzibati orqanlara və vahid sistemə qarşı hüquqi etimadın etibarlılığını azaldır.

52. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edildiyi hazırda mübahisələndirilən qərarından verdiyi apellyasiya şikayətinin ümumilikdə dəlilləri əsassızdır. Buna görə də iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

54. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

55. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Dövlət Sosial X6 Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 avqust 2025-ci il tarixli 2-1(116)-1313/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar