Məhkəmə qərarları › İş №2-1(107)-616/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-616/2024

19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-616/2024 19.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı oğlunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Azərişıq ASC-nin xx.xx.2023-cü il tarixli 13-13/2-2/06-N-8145/2-5/2023 nömrəli imtinasının qanunsuz hesab edilməsi, İddiaçı oğlunun mülkiyyətində olan Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən həyətyanı sahəsindən elektrik verilişi xəttinin dayağının Azərişıq ASC-nin öz hesabına çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2-1(116)-1618/2024 nömrəli qərarından İddiaçı oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Nümayəndə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərişıq ASC-nin xx.xx.2023-cü il tarixli 13-13/2- 2/06-N-8145/2-5/2023 nömrəli imtinasının qanunsuz hesab edilməsi, İddiaçı oğlunun mülkiyyətində olan Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən həyətyanı sahəsindən elektrik verilişi xəttinin dayağının Azərişıq ASC-nin öz hesabına çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan iddiaçı vəsatətlə müraciət edərək iddiaçı qismində oğlu İddiaçı oğlunun qeyd edilməsini xahiş etmişdir. Vəsatət məhkəmənin xx.xx.2024- cü il tarixli qərardadı ilə təmin edilmişdir.

3. İddia ərizəsinin əsaslarına görə, Böyük Dəhnə kəndində yerləşən 0,253 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Həmin torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ xx.xx.2021-cı ildə qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. İddiaçı oğlunun mülkiyyətində olan torpaq sahəsinin ortasında yüksək gərginlikli elektrik dirəyi vardır. Həmin elektrik dirəyinin İddiaçı oğlunun mülkıyyətində olan torpaq sahəsində qalması onun mülkiyyət hüquqlarını pozur. Həmin elektrik dirəyinin mövcudluğuna görə mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə bilmir, orada tikinti işləri apara bilmirik. Ona görə də X1 xx.xx.2023-cü il tarixdə, ərizə işə Azərişıq ASC-yə müraciət edərək Şəki rayonu Böyük Dəhnə kəndində yerləşə torpaq sahəsindən elektrik dirəyinin çıxarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən imtina məktubu verilmişdir.

4. Cavabdeh inzibati orqan iddia tələbi ilə bağlı münasibətində (etiraz) bildirmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi dayaq 35/10 kV-luq Dəhnə y/st-dan çıxan 10 kV-luq Aran hava xəttinin dayağıdır. Dayaq həmin ərazidə layihə əsasında 1960-cı ildə quraşdırılmışdır. Lakin sonradan həmin ərazi torpaq sahəsi kimi vətəndaşa satılmışdır. İddiaçının dəfələrlə müraciəti əsasında dayağın həmin torpaq sahəsindən çıxarılması üçün “Asan xidmət” mərkəzinə müraciət olunması tövsiyyə olunmuş və iddiaçı Şəki rayonu Böyük Dəhnə kənd sakini Nümayəndə tərəfindən “Asan xidmət" mərkəzinə BOE**********7874 saylı, 10.11 202-ci il tarixli ərizə ilə müraciət olunmuşdur. "xxxx" ASC tərəfindən müraciət əsasında həmin əraziyə baxış keçirilmiş və baxış əsasında müraciətin təmin olunması məqsədi ilə "xxxx" ASC tərəfindən smeta hesabatı aparılmışdır. Qeyd olunan hava xətti layihə əsasında 1960-cı il tarixində X2 tərəfindən quraşdırılaraq istismara verilmişdir. Lakin Nümayəndə oğla həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququ qeyd olunan hava xətti istismara verildikdən sonra, yəni xx.xx.2021-ci ildə verilmişdir. Nümayəndə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ hava xətti istismara verildikdən sonra verildiyindən onun iddiası əsasızdır. Nəzərinizə çatdırmaq istəyirik ki, 0.4 kV-luq elektrik verilişi xəttinin köçürülməsi üçün tərtib olunmuş smeta dəyəri "xxxx" ASC-nin müvafiq bank hesabına ödənildikdən sonra işin icrası təmin oluna bilər.

5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 17 sentyabr 2024-cü il tarixli, 2-1(116)-1618/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2-1(116)-1618/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2-1(116)-1618/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

11. Məhkəmə kollegiyası onun iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.

12. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının tələbinin icrasından imtina edilmişdir. - xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0.253 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı oğlunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - 24.05.2022-ci il tarixli Qiymətlərin Razılaşdırma protokolunun surəti.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən: İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:\ 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması” Qaydası: 1.1. Bu Qayda “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsinə uyğun olaraq hazırlanmışdır və aşağıdakı tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, enerji təchizatı layihəsinin hazırlanması və verilməsi, habelə elektrik şəbəkəsinə qoşulması üzrə prosedur və tələbləri müəyyən edir: 1.1.1. məişət abonentlərinin və tələb olunan gücü 200 kVt-a qədər olan (200 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin;

17. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

18. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.

19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

21. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsi və iddianın tələbə cavab verməli olan inzibati orqana yönəldilməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı mülkiyyətində olan torpaq sahəsində yerləşən elektrik xəttinin yerinin dəyişdirilməsi, elektrik dayaqlarının çıxarılmasından ibarətdir. İddiaçı elektrik xətti və dayaqlarının mülkiyyətində olan torpaq sahəsində yerləşdiyindən cavabdehin vəsaiti hesabına həmin prosesin icrasını cavabdehdən tələb etmişdir. Cavabdehin təqdim etidyi xərclərin smetası haqqında məlumatdan görünür ki, iddiaçının tələbinin icrasından imtina edilmiş, lakin həmin xərcin ödəniləcəyi halda müvafiq tələbin təmin ediləcəyi bildirilmişdir. Göründüyü kimi hazırkı mübahisənin əsası müvafiq smetanın ödənilməsi ilə bağlıdır.

24. Hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi bilavasitə sübutetmə yükünə bağlıdır. Məhkəmə qərarının əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Hazırkı mübahisəyə münasibətdə sübutetmə yükü inkar edənin deyil, iddia edənin üzərinə düşür. Nəzərə almaq lazımdır ki, iddiaçının tələbinin icrası ilə bağlı cavabdeh tərəfindən müvafiq xərclərlə bağlı müqavilə təklifi tələbin icrasının həmin şərtlərdə mümkünlüyü isbat edir. İddiaçı burada xərclə bağlı məbləği deyil, xərcin olmasını istisna edir ki, bu cür hallarda həm də cavabdehin belə öhdəlik daşıdığını sübut etmək vəzifəsi daşıyır.

25. İşin təqdim edilən sənədlərindən göründüyü kimi elektrik dayaqları həmin ərazidə layihə əsasında 1960-cı ildə quraşdırılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etmiş və müvafiq tələblə müraciət etmişdir. Burada mülkiyyət hüququnun müdafiəsi baxımından cavabdehin tələbin icrasını təmin etmək vəzifəsi yaranmışdır.

26. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinə əsasən “Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) "xxxx" Açıq Səhmdar Cəmiyyəti haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli 1045 nömrəli Sərəncamına əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək yaradılmışdır.

27. Cəmiyyətin əsas məqsədləri Azərbaycan Respublikasının ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirməkdən, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya əsasən tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması məqsədilə texniki şərtlərin və enerji təchizatı layihəsinin hazırlanması “ASAN Kommunal” mərkəzləri yaradılmadığı regionlarda bu mərkəzlər yaradılanadək “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilir.

29. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

31. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Azərişıq ASC-nin xx.xx.2023-cü il tarixli 13-13/2-2/06-N-8145/2-5/2023 nömrəli imtinasının qanunsuz hesab edilməsi, İddiaçı oğlunun mülkiyyətində olan Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən həyətyanı sahəsindən elektrik verilişi xəttinin dayağının Azərişıq ASC-nin öz hesabına çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

32. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2-1(116)-1618/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar