Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-617/2024 28.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli №**********305100 saylı qərarının və xx.xx.2024-cü il tarixli № 3-21-2-2/2- 19719/2024 saylı qərarının 4.840,80 AZN (dörd min səkkiz yüz qırx manat, 80 qəpik) hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2-1(116)-2705/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “xx.xx.2024-cü il tarixli №**********305100 saylı qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmiş və **********saylı VÖEN almışdır. Birliyin Azərbaycan Respublikasının xəzinadarlığında büdcə hesabı var. MMC-də 2018-ci ildən hal-hazırki dövrə qədər bir neçə dəfə vergi yoxlaması aparılmış, müəssisənin sahibkarlıq fəaliyyəti dövründə heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtlı-vaxtında aparılmışdır. Müəssisə eyni analoji iş və xidmətləri aparılması ilə məşğul olmuş və müəssisənin fəaliyyətində heç bir vergilərin azaldılması faktı aşkarlanmamışdır. "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli **********208700 saylı qərarla 2023-cü ilin dekabr ayı üçün 1.236.904,46 AZN (bir milyon iki yüz otuz altı min doqquz yüz dörd , 46 q.) ƏDV hesablanmışdır və xx.xx.2024- cü il tarixdə müəssisənin şəxsi hesab vərəqəsinə işlənmişdir. Bununla əlaqədar Şəki İnzibati Məhkəməsinə müraciət edilmiş və iddia tələbi təmin edilmişdir. Buna baxmayaraq Vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli **********305100 saylı qərarla 2023-cü il üçün 1.248.187,69 ( bir milyon iki yüz qırx səkkiz min yüz səksən yeddi, 69 q.) mənfəət vergisi hesablanmışdır və müəssisənin şəxsi hesab vərəqəsinə işlənmişdir. Eyni zamanda vergi orqanı bununla kifayətlənməyərək bu kameral məbləğin 1/4-i də avans rüblük mənfəəti hesablamışdır.
3. Müəssisə tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə hesablanmış kameral vergi məbləğinin hesablanmamasına dair çoxlu saylı müraciətlər edilməsinə baxmayaraq, inzibati orqan tərəfindən heç bir tədbir görülməmiş, vergi məbləğləri azaldılmamışdır. Kameral barədə xəbərdarlıq məktubu müəssisə tərəfindən alınarkən vaxtında müvafiq tələb olunan sənədlərin vergi orqanına göndərilməsinə baxmayaraq, hesablamalar qanunsuz olaraq aparılmışdır. Müəssisə tərəfindən “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 00+000-76+658 km hissəsinindəki mühəndis kommunikasiya xətlərinin tikilməsi, köçürülməsi və yenidən qurulması” layihəsi üzrə xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-dən (VÖEN: **********) ilə “SUBPODRATÇİ” müqaviləsi bağlanılmış və müvafiq olaraq müqaviləyə aid 6871691,45 AZN əsas məbləğində işlər görülmüşdür. Müəssisəyə hesablanmış ƏDVnin əsasında "xxxx" MMCnin əməliyyat aparıldığı tarixdən sonra, yəni xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilməsi olmuşdur. Əlbəttə ki, müəssisə tərəfindən "xxxx" MMC ilə əməliyyatlar aparılarkən, yəni onlar tərəfindən elektron qaimə faktura təqdim edilərkən və müvafiq mallar alınarkən "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə məlumat olmamışdır, həmçinin həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır.
4. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qəbul edilir. Halbuki iddiaçı, "xxxx" MMC ilə əməliyyat apararkən "xxxx" MMC riskli vergi ödəyicisi siyahısında olmamışdır. Bu özü göstərir ki, "xxxx" MMC real mal təqdim edən şirkətdir, belə ki onun müvafiq xidmətlər göstərməsi və işləri görməsi barədə müvafiq dövlət orqanlarından lisenziya da almışdır. 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarda isə vergi ödəyicisinin hansı hallarda riskli vergi ödəyicisi hesab edilməsi meyarları müəyyən edilmişdir. Bu nöqteyi nəzərdən vergi orqanının "xxxx" MMC-yə münasibətdə ƏDV hesablamasının aparılmasını ədalətsiz və qanunsuz hesab edir. ƏDV hesablanması barədə qərardan isə müraciətlərinin heç birinə cavab verilməmişdir. Vergi orqanı tərəfindən nəzərə alınmamış ƏDV məbləğinə uyğun dövriyyəyə 20% əsassız olaraq mənfəət vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yəni vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir.
6. İddiaçı, qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə "xxxx" MMC-nin riskli vergi ödəyicisi olmayan müəssisə kimi aparmışdır. İddiaçı həmin müəssisənin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş (əməliyat aparılarkən elektron xəbardarlığın verilməməsi və riskli vergi ödəyicilərinin reystrinə daxil edilməməsi), müəssisənin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfindən də, iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisənin riskli vergi ödəyicisi olmasından öncə aparılması işin mübahisəsiz halıdır. Eyni zamanda məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, bu tip işlər üzrə artıq Ali Məhkəmənin İnzibati Kollegiyasının ümumiləşmiş mövqeyi də mövcuddur, kifayət qədər oxşar məhkəmə qərarları qəbul edilmişdir. Qeyd edilənlərə əsasən də iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur. Müəssisənin xərc sənədləri sırf ciddi mühasibat sənədləri olduğundan, eyni zamanda Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 15(116)- 20/2024 saylı qərardadı ilə ƏDV-nin hesablanması barədə xx.xx.2024-cü il tarixli kameral qərarın icrası dayandırıldığından mənfəət vergisinin hesablanması qanunsuz və əsassızdır.
7. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, 2023-cü il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin qarşılıqlı təhlili zamanı "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlar “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarının tələblərinə əsasən əmtəəsiz əməliyyatlar olması aşkar olunmuş və xx.xx.2024-cü il tarixli **********305100 nömrəli qərarla 1 248 187,69 manat məbləğində mənfəət əlavə vergisi hesablanmışdır. Qeyd edilənlər ilə əlaqədar iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 2023-cü il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə" xx.xx.2024-cü il tarixli **********256100 nömrəli "məktub göndərilmiş və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur.
8. İddiaçının xx.xx.2024-cü il tarixli cavab məktubunda "xxxx" MMC (VÖEN: **********) ilə əməliyyatlar aparılarkən adı gedən vergi ödəyicisinin riskli vergi ödəyicisi və ya onun riskli vergi ödəyicisi siyahısında olmadığı, habelə buna dair heç bir əlavə məlumatı olmadığı bildirilmişdir. Təqdim edilmiş sənədlərin vergi orqanının uçot-baza məlumatları ilə üzləşdirilməsi zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli EBDH seriyalı 889326 nömrəli, xx.xx.2023-cü il tarixli EBDB seriyalı 138954 nömrəli və xx.xx.2023-cü il tarixli EBDF seriyalı 429945 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli əməliyyatlar hesab olunmuşdur. Qeyd edilən elektron qaiməfakturalar üzrə müvafiq olaraq 2 803 110,38 manat, 2 210 728,27 manat və 1 857 852,80 manat məbləğində kənarlaşmalar yaranmış və öncəki dövr mənfəət vergisi bəyannamə göstəricilərinə əsasən 630 753,0 manat zərər məbləği nəzərə alınmaqla 1 248 187,69 manat məbləğində əlavə vergi hesablanmışdır.
9. Belə ki, riskli hesab olunan elektron qaimə-fakturaları təqdim edən şəxs "xxxx" MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-ixrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinin xx.xx.2024-cü il tarixli **********291400 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 saylı Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2-ci maddəsinə əsasən riskli vergi ödəyicisi olduğu müəyyən edilmişdir. İddiaçı iddia tələbinin əsası kimi “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 00+000- 76+658 km hissəsinindəki mühəndis kommunikasiya xətlərinin tikilməsi, köçürülməsi və yenidən qurulması” layihəsi üzrə xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə müqavilə bağlandığı və müvafiq olaraq müqaviləyə aid işlər görüldüyü, habelə adı gedən vergi ödəyicilərinin riskli vergi ödəyicisi siyahısında olmadığı və əməliyyatların vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilənədək həyata keçirilməsi ilə əsaslandırmışdır.
10. Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Həmin Məcəllənin 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır.
11. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Qərarı ilə müəyyən edilmiş Meyarlarda əməliyyatın riskli və əmtəəsiz əməliyyat hesab olunması üçün əsas göstəricilər müəyyən edilmişdir. Həmin Meyarların 2.1.2-ci bəndinə əsasən aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə ödəyici riskli vergi ödəyiciləri siyahısına aid edilir. 3.1 -ci bəndinə əsasən, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə və vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) həmin əməliyyatlar əmtəəsiz əməliyyatlar hesab olunur.
12. Nəzərə almaq lazımdır ki, vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********291400 nömrəli vergi ödəyicinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar hal hazırda qüvvədədir və həmin qərarla təsdiq edilmiş "xxxx" MMC tərəfindən aparılmış əməliyyatların əmtəəsiz əməliyyatlar olması, həmçinin müvafiq ödəyicinin riskli ödəyicilər siyahısına aid edilməsi faktiki olaraq iş üzrə mübahisələndirilən hallara aid edilməmişdir. Kameral vergi yoxlaması zamanı elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatlarda Meyarların 3.1-ci bəndinə uyğun olaraq vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi, yəni müvafiq olaraq aparılmış mal təqdim edilməsi üzrə əməliyyatlarda təqdim edilmiş malların rəsmi olaraq "xxxx" MMC-nin alışında olmadığı halda "xxxx" MMC-ə təqdim etməsi aşkar olunmuşdur. Bu səbəbdən "xxxx" MMC riskli vergi ödəyicisi siyahısına aid edilmiş, müqavilə tərəfləri arasında aparılmış əməliyyat isə 2.1.2-ci bəndə əsasən əmtəəsiz əməliyyatlar hesab edilmişdir.
13. Bununla yanaşı, vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi barədə qərarın əməliyyatdan sonra qəbul edilməsi aparılmış əməliyyatların riskli və ya əmtəəsiz əməliyyatlar hesab edilməməsinə əsas ola bilməz. Belə ki, əməliyyat aparıldığı anda onun riskli və ya əmtəəsiz əməliyyat olubolmaması və onu aparan tərəfin riskli vergi ödəyicisi olub-olması müəyyən edilir və qərar əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olması barədə yox, ödəyicinin riskli vergi ödəyici olması barədə çıxarılır. Yəni, ödəyicinin riskli vergi ödəyicisi olması əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olmasına deyil, əksinə əməliyyatın riskli və ya əmtəəsiz olması ödəyicinin riskli vergi ödəyici olmasına səbəb olur. Odur ki, riskli vergi ödəyicisi siyahısına daxil edilmə barədə qərarın əməliyyatların aparılmasından sonra qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Nəticə etibarı ilə, qərarın əməliyyatdan sonra və ya əvvəl qəbul edilməsi əməliyyatın özlüyündə riskli və ya əmtəəsiz əməliyyat olması nəticəsini dəyişdirmir.
14. Qeyd olunduğu kimi qanunverici orqan əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş mallar üzrə vergi ödəyicisi tərəfindən ödənilmiş əlavə dəyər vergisinin əvəzləşdirilməsi hüququnu məhdudlaşdırmışdır. Bu səbəbdən "xxxx" MMC tərəfindən göstərilən qaimə-fakturalar üzrə edilmiş əlavə dəyər vergisinə dair əvəzləşmələr nəzərə alınmamış, yaranmış kənarlaşmalar üzrə əlavə vergi hesablanmışdır. Qeyd olunduğu kimi qanunverici orqan əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş mallar üzrə vergi ödəyicisi tərəfindən ödənilmiş məbləğlərin xərcə aid edilməsini məhdudlaşdırmışdır. Bu səbəbdən "xxxx" MMC tərəfindən göstərilən qaiməfakturalar üzrə edilmiş ödənişlər xərc kimi nəzərə alınmamış, yaranmış kənarlaşmalar üzrə əlavə vergi hesablanmışdır Qeyd olunanları nəzərə alaraq iddiaçının iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
15. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
16. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 10 sentyabr 2024-cü il tarixli, 2-1(116)-2705/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır.
17. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
18. Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazın dəlilləri ilə əsaslandırmış , apellyasiya şikayətinin təmin olunması, Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2-1(116)-2705/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2-1(116)-2705/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC barədə çıxarılmış xx.xx.2024-cü il tarixli № **********305100 saylı və xx.xx.2024-cü il tarixli № 3-21-2-2/2-19719/2024 saylı qərarın 4.840,80 AZN (dörd min səkkiz yüz qırx manat, 80 qəpik) hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Eyni zamanda apellyasiya şikayətinin təmin edilməsi məsələsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi.
21. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - 9№-li Yol İstismarı” MMC şəxsi hesab vərəqəsi. - Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarış. - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli, **********305100 №-li Qərar. - “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********291400 №-li qərar.
TƏTBİQ EDİLƏN HÜQUQ
22. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
23. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara risk meyarlarına cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır.
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
25. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, qismən əsaslıdır, ona görə də apellyasiya şikayəti qismən uğurlu olacaqdır.
26. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).
27. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.
28. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Mübahisələndirilən qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş və iddiaçı tərəfindən İPMnin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti ərzində mübahisələndirilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərtinə əməl olunmuşdur.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçının nümayəndəsi və vəkili işə apellyasiya qaydasında baxılan zaman iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC barədə çıxarılmış xx.xx.2024-cü il tarixli № **********305100 saylı və xx.xx.2024-cü il tarixli № 3-21-2-2/2- 19719/2024 saylı qərarın 4.840,80 AZN (dörd min səkkiz yüz qırx manat, 80 qəpik) hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdehin xx.xx.2024-cü il tarixli **********305100 saylı qərarının və xx.xx.2024-cü il tarixli № 3-21-2-2/2-19719/2024 saylı qərarının 4.840,80 AZN (dörd min səkkiz yüz qırx manat, 80 qəpik) hissəsi istisna olmaqla qalan hissədə ləğvinə nail olmaqdır.
32. Ləğv edilməsi tələb edilən mübahisələndirilən cavabdehin xx.xx.2024-cü il tarixli **********305100 saylı qərarına əsasən iddiaçıya 1 248 187,69 manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır.
33. Belə ki, cavabdeh orqanın qənaətinə görə "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli EBDH seriyalı 889326 nömrəli, xx.xx.2023-cü il tarixli EBDB seriyalı 138954 nömrəli və xx.xx.2023-cü il tarixli EBDF seriyalı 429945 nömrəli elektron qaiməfakturalar üzrə aparılan əməliyyatlar riskli əməliyyatlar hesab olunmuşdur. Qeyd edilən elektron qaimə-fakturalar üzrə müvafiq olaraq 2 803 110,38 manat, 2 210 728,27 manat və 1 857 852,80 manat məbləğində kənarlaşmalar yaranmış və öncəki dövr mənfəət vergisi bəyannamə göstəricilərinə əsasən 630 753,0 manat zərər məbləği nəzərə alınmaqla 1 248 187,69 manat məbləğində əlavə vergi hesablanmışdır.
34. İddiaçının dəlili isə ondan ibarətdir ki, o, “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 00+000-76+658 km hissəsinindəki mühəndis kommunikasiya xətlərinin tikilməsi, köçürülməsi və yenidən qurulması” layihəsi üzrə xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə müqavilə bağlamış və müvafiq olaraq müqaviləyə aid işlər görmüşdür. Habelə adı gedən vergi ödəyicilərinin riskli vergi ödəyicisi siyahısında olmamış və əməliyyatların vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilənədək həyata keçirilmişdir. Vergi orqanı tərəfindən hesablanmış 1.248.187,69 manat mənfəət vergisi müəssisənin şəxsi hesab vərəqəsinə işlənmiş və bu kameral məbləğin ¼ hissəsində avans rüblük mənfəəti hesablanmışdır.
35. Göründüyü kimi iddiaçı barəsində 1 248 187,69 manat məbləğində əlavə mənfəət vergisi hesablanması barədə xx.xx.2024-cü il tarixli **********305100 saylı qərarın qəbul edilməsinə səbəb "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatların riskli əməliyyatlar hesab olunmasıdır.
36. Lakin, "xxxx" MMC xx.xx.2024-cü il tarixdə **********291400 nömrəli qərarla riskli vergi ödəyicisi hesab edilmişdir. Yəni, iddiaçı ilə "xxxx" MMC arasında elektron qaiməfakturalar üzrə əməliyyatlar aparılan zaman sonuncu, riskli vergi ödəyicisi hesab edilməmişdir.
37. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir.
38. Qanunvericilik “əmtəəsiz əməliyyat” termininə Məcəllədə hüquqi izah versə də, (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” termininə Məcəllədə aydınlıq gətirilməmişdir.
39. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: 1) vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; 2) vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
40. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsi, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir.
41. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur.
42. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır.
43. Yuxarıda qeyd edildiyi kimi, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir.
44. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər.
45. Lakin, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir.
46. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməlidir.
47. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 16-cı maddəsi vergi ödəyicisinin vəzifələrini təsbit etmiş, həmin vəzifələrin arasında malların alınması zamanı satıcının idxalında və ya onun tərəfindən rəsmi qaydada həmin malların alınmasının araşdırılması göstərilməmiş, o cümlədən rəsmi qaydada alış sənədləri olmayan satıcıdan malların alınmasını qadağan edən hər hansı imperativ norma da mövcud deyil.
48. Cavabdeh vergi orqanı iddiaçıya mənfəət vergisi hesablayarkən yalnız iddiaçının qarşılıqlı əməliyyat apardığı (mal aldığı) subyektin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərməsinə, müvafiq olaraq aparılmış mal təqdim edilməsi üzrə əməliyyatlarda təqdim edilmiş malların rəsmi olaraq "xxxx" MMC-nin alışında olmamasına (təsdiqedici sənədlərlə alınmayan malların satılması) halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutub-tutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçının qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
49. Analoji faktlara əsaslanan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır.
50. Vergi orqanı tərəfindən hesablanmış 1.248.187,69 manat mənfəət vergisinin ¼ hissəsində avans rüblük mənfəətin hesablaması ilə bağlı iddiaçının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, mənfəət vergisinin avans məbləği müəssisələr tərəfindən hər rübdə, həmin rübün gözlənilən mənfəətinin məbləğinə və verginin dərəcəsinə əsasən müəyyən edilir.
51. Avans ödənilmiş vergi məbləği rüb, yarımil, 9 ay və il başa çatdıqdan sonra faktiki mənfəətə görə yenidən haqq-hesab edilərək dürüstləşdirilir. Faktiki mənfəət üzrə büdcəyə hesablanan verginin məbləği avans ödənilmiş vergi məbləğindən çox olduqda fərq məbləği əlavə olaraq büdcəyə ödənilir, az olduqda artıq ödənilmiş məbləğ növbəti ödəniş hesabına aid edilir, yaxud ödəyicinin ərizəsinə əsasən vergi müfəttişliyinin rəyi ilə maliyyə orqanı tərəfindən 10 gün ərzində ona qaytarılır.
52. Odur ki, mübahisələndirilən mənfəət vergisinin ¼ hissəsində avans rüblük mənfəətin vergi orqanı tərəfindən hesablanmasına baxmayaraq, avans rüblük mənfəət faktiki mənfəətə uyğun formalaşdığından iddiaçının mübahisələndirdiyi əlavə mənfəət vergisi ilə bağlı qərarın ləğvi həmin məbləğin də dəyişməsinə səbəb olacaqdır.
53. İddia tələbinin “cavabdehin xx.xx.2024-cü il tarixli № 3-21-2-2/2-19719/2024 saylı qərarının 4.840,80 AZN (dörd min səkkiz yüz qırx manat, 80 qəpik) hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi” hissəsinə münasibətdə isə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli № 3-21-2-2/2-19719/2024 saylı qərarda xx.xx.2024-cü il tarixli №**********305100 saylı qərarla eynilik təşkil edən lakin əlavə olaraq 4.840,80 AZN mənfəət vergisi hesablaması aparılmışdır.
54. Qərarların qəbul edilmə səbəbləri araşdırılarkən hər iki qərarın qəbul edilmə səbəbinin 2023-cü il ərzində "xxxx" MMC ilə (VÖEN: **********) aparılmış 6871691,45 manat dəyərində əməliyyatların riskli hesab edilməsi olduğu müəyyən edilir. Belə ki, vergi orqanı əvvəlki kameral qərarla hesabladığı məbləği sonuncu qərarla yenidən göstərmişdir. Həmin qərarda olan 4.840,80 AZN əlavə hesablamanı isə iddiaçı etiraf etmiş və həmin hissədə qərarın ləğv edilməsini tələb etməmişdir.
55. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin xx.xx.2024-cü il tarixli № 3-21-2-2/2-19719/2024 saylı qərarının 4.840,80 AZN (dörd min səkkiz yüz qırx manat, 80 qəpik) hissəsi istisna olmaqla qalan hissəsinə münasibətdə xx.xx.2024-cü il tarixli №**********305100 saylı qərara dair mövqe tətbiq olunmalıdır.
56. Beləliklə, işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli №**********305100 saylı qərarı və xx.xx.2024-cü il tarixli № 3-21-2-2/2-19719/2024 saylı qərarı 4.840,80 AZN (dörd min səkkiz yüz qırx manat, 80 qəpik) hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməlidir.
57. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2-1(116)-2705/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlərlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli №**********305100 saylı qərarı və xx.xx.2024-cü il tarixli № 3-21-2-2/2-19719/2024 saylı qərarı 4.840,80 AZN (dörd min səkkiz yüz qırx manat, 80 qəpik) hissəsi istisna olmaqla qalan hissədə ləğv edilsin. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.