Məhkəmə qərarları › İş №2-1(107)-62/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-62/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-62/2022 19.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1086/2021 nömrəli, 02.11.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 27.04.2021-ci il tarixli, 2-1(112)-5190/2021 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş 22.06.2021-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin dəftərxanasına daxil olmuş və həmin tarixdən icraata qəbul edilmiş sayılmışdır. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1086/2021 nömrəli, 02.11.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü fəslinə uyğun olaraq iddianın növləri düzgün tətbiq edilməmiş və əsassız olaraq cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmədiyi bildirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1 -ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1 -ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də müvafiq dəyişikliklər edildikdən sonra iddiaçının müraciətinə baxılacağını bildirmişdir. Bununla da, iddiaçının müraciəti cavabdehin hərəkətsizliyi səbəbindən dolayı yolla təmin edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 02.11.2021 -ci il tarixli, 2-1(116)- 1086/2021 nömrəli qərardadı ləğv edərək, “Müharibə veteram" adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə iddianın mümkün hesab edilməsi və baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Digər tərəflər məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iclasda iştirak etməmişlər. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi İddiaçı apellyasiya şikayətini vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 10 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1086/2021 nömrəli, 02.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1086/2021 nömrəli, 02.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Müdafiə Nazirliyi Şəxsi Heyət İdarəsinin 09.02.2021- ci il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı anoloji tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinə mahiyyəti üzrə baxılmamışdır. SX ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, müvafiq hərbi biletdə iddiaçının 21.09.2020-ci ildə SHXÇDX-nin Qəbələ rayon şöbəsi tərəfindən hərbi xidmətə cəlb edilməsi, 31.12.2020-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması, N saylı hərbi hissənin tərkibində 27.09.2020-ci il tarixdən 10.11.2020-ci il tarixədək Talış-Suqovuşan istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, ərizəni təmin etməməklə prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə nail olmaqdır. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi hal inzibati aktla bağlı deyil, cavabdehin üzərinə öhdəliyin qoyulması ilə bağlıdır. Belə olan halda iddianın növü “öhdəliyin icrası haqqında” iddiadır. Hazırkı iddia “öhdəliyin icrası haqqında” iddia olduğundan cavabdehin imtinasının olub-olmaması iddianın xüsusi mümkünlük şərti kimi yoxlanılmalı və iddia tələbi yalnız cavabdehin imtinası olduğu halda və ya cavabdehin hərəkətsizliyi səbəbindən iddiaçının müraciəti cavablandırılmadığı halda mümkün sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Odur ki, iddianın əsaslılığını yoxlamamışdan əvvəl iddiaçının müvafiq ərizə ilə cavabdehə müraciət edib-etmədiyi, həmçinin cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtina edib-etmədiyi müəyyən edilməlidir. İşin müəyyən edilən hallarından göründüyü kimi, iddiaçı, cavabdeh inzibati orqana ona “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün müraciət etmiş, cavadeh inzibati orqan isə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də müvafiq dəyişikliklərin edilməsindən sonra müraciətə mahiyyəti üzrə baxılmasının mümkün olacağı bildirilmiş, məhkəməyə ünvanladığı iddia tələbinə münasibətində də cavabdeh inzibati orqan eyni hüquqi mövqedə olmuşdur. Yəni, cavabdeh inzibati orqan iddiaçının müraciətinə mahiyyəti üzrə baxmamış və müraciətin təmin edilməsindən imtina etməmişdir. Odur ki, hazırki mərhələdə iddia tələbinə münasibətdə inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmir. Bundan başqa məhkəmə kollegiyası iddiaçının diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli sərəncamı ilə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi kateqoriyalar əsasında 2022-ci il yanvarın 1-dən etibarən “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanına uyğun olaraq “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün (bundan sonra – Azərbaycan Respublikası Prezidentinin təqaüdü) təyin edilməsi və ödənilməsinin təmin edilməsi qərara alınmış və bununla bağlı Azərbaycan Respublikasının Nazirlər Kobinetinə müvafiq tapşırıqlar verilmişdir. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Bundan başqa İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015- ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərardad qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərardadı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-1086/2021 nömrəli, 02.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1086/2021 nömrəli, 02.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar