Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-62/2023 12.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1971-ci ildən 1988-ci ilə kimi Yevlax rayon X6 kolxozunda, 1989-cu ildən 1996-cı ilə kimi Kövər kənd Qarabağ kolxozunda və 1997-ci ildən 1999-cu ilə kimi X1 İdarəsində işlədiyi illərin sosial sığorta stajına əlavə edilməsi və xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2- 1(116)-1635/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “1971-ci ildən 1988-ci ilə kimi Yevlax rayon X6 kolxozunda, 1989-cu ildən 1996-cı ilə kimi Kövər kənd Qarabağ kolxozunda və 1997-ci ildən 1999-cu ilə kimi X1 İdarəsində işlədiyi illərin sosial sığorta stajına əlavə edilməsi və ona pensiya təyin edilməsi zamanı həmin illərin nəzərə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “1971-ci ildən 1988-ci ilə kimi Yevlax rayon X6 kolxozunda, 1989-cu ildən 1996-cı ilə kimi Kövər kənd Qarabağ kolxozunda və 1997-ci ildən 1999-cu ilə kimi X1 İdarəsində işlədiyi illərin sosial sığorta stajına əlavə edilməsi və xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, hərbi xidmət, X7 filialının xx.xx.2021-ci il tarixli 385/10 nömrəli və xx.xx.2022-ci il tarixli 108/10 nömrəli arxiv arayışlarında qeyd edilmiş müddətləri nəzərə almaqla, əlilliyə görə əmək pensiyasının ödənilməsinin dayandırıldığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək pensiya kapitalının qeydə alınmamasını və əmək kitabçasının mövcud olmamasını bildirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını ilkin imtina məktubunun dəlillərinə uyğun əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi, birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - X7 filialının xx.xx.2021-ci il tarixli 385/10 nömrəli və xx.xx.2022-ci il tarixli 108/10 nömrəli arxiv arayışlarından görünür ki, iddiaçı 1971-ci ildən 1988-ci ilə kimi Yevlax rayon X6 kolxozunda, 1989-cu ildən 1996cı ilə kimi Kövər kənd Qarabağ kolxozunda və 1997-ci ildən 1999-cu illərdə X1 İdarəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. - H3 ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1972-xx.xx.1974-cü illərdə hərbi xidmətdə olmuşdur. - AZE 04332847 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1953-cü ildə doğulmuşdur. Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1635/2022 nömrəli saylı qərarı ilə (hаkim Vüqar Musayev) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin X9 Filialının üzərinə iddiaçının 1971-ci ildən 1988ci ilə kimi Yevlax rayon X6 kolxozunda, 1989-cu ildən 1996-cı ilə kimi Kövər kənd Qarabağ kolxozunda və 1997-ci ildən 1999-cu ilə kimi X1 İdarəsində işlədiyi illərin sosial sığorta stajına əlavə edilməklə, İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1635/2022 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin müvafiq şöbəsinə ərizə ilə müraciət etmişdir. İddiaçı Yevlax rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 385/10 nömrəli arayışına əsasən 1971-1988-ci illərdə Yevlax rayon X6 kolxozunda, 1989-1996-cı illərdə Yevlax rayon Kövər kənd Qarabağ kolxozunda və 1997-1999-cu illərdə X2 idarəsində işlədiyini iddia edir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı 1971-1988-ci illərdə Yevlax rayon X6 kolxozunda, 1989-1996-cı illərdə Yevlax rayon Kövər kənd Qarabağ kolxozunda və 1997-1999-cu illərdə X2 idarəsində işlədiyini iddia etdiyi dövr əmək kitabçasında qeyd edilmədiyindən yaşa görə əmək pensiyasınının təyin edilməsinin müsbət həlli mümkün olmamışdır. İş materiallarından aydın olur ki, İddiaçı xx.xx.1953-cü il təvəllüdlüdür. Qanunvericiliklə müəyyən edilən şərtlər ödənildiyi halda yaşa görə pensiya hüququ 63 yaş 21,06.2016-cı il tarixində yaranır. Məlumat üçün bildiririk ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş və daha sonra xx.xx.2021-ci il tarixdə növbəti yoxlanış zamanı əlillik dərəcəsi verilməsindən imtina edilmişdir. Həmçinin İddiaçı 28 02.2021-cı il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1635/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X5 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1635/2022 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(116)- 1635/2022 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını iddiaçının mübahisələndirdiyi iddia predmeti, cavabdehin isə apellyasiya şikayətində irəli sürdüyü dəlillər həddində araşdırmalıdır. Məhkəmə kollegiyası aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçı, xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası aldığını, daha sonra əlillik dərəcəsinin verilməsindən imtina olunduğunu və xx.xx.2021-ci il tarixdən ona yaşa görə müavinət təyin edildiyini bildirir. Cavabdehin iddia tələbinə etirazının dəlili - iddiaçının əmək fəaliyyətini təsdiq edən əmək kitabçası olmadığından sözügedən illərin sosial sığorta stajına daxil edilməsinin mümkünsüzlüyü ilə bağlıdır. Lakin, birinci instansiya məhkəməsi cavabdehin həmin dəlilini haqlı olaraq əsassız hesab etmişdir. Belə ki, istinad olunan Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajının ... arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilməsinin, həmçinin 3cü bəndində əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışların qəbul edilməsinin mümkünlüyü birmənalı olaraq təsbit edilmişdir. İşdə olan X7 filialının xx.xx.2021-ci il tarixli 385/10 nömrəli və xx.xx.2022-ci il tarixli 108/10 nömrəli arxiv arayışları və həmin arayışların verilməsinə əsas olmuş hesablaşma kitablarından çıxarışlarla müəyyən edilir ki: - Yevlax rayonu X6 kolxozunda 1971-1989-cu illərdə kişilər üçün adam günü norması 240 gün müəyyən edilmiş, 1975-1988-ci illərdə iddiaçı minimum adam günü normasını yerinə yetirmişdir ki, həmin müddət bütövlükdə 14 ilə bərabərdir. Həmin kolxozda iddiaçı, 1971-ci ildə - 25, 1974-cü ildə - 132 gün işləmişdir. Həmin illər üzrə minimum adam günü norması 240 gün olduğundan iddiaçının minimum adam günü normasından az işlədiyi müəyyən olunur və əmək stajı faktiki müddətə uyğun hesablanaraq, 7 ay 26 gün müəyyən edilir (25+132=157/240=0.65). - Kövər kənd Qarabağ kolxozunda 1989-1996-cı illərdə iddiaçı minimum adam günü normasını yerinə yetirmişdir ki, həmin müddət bütövlükdə 8 ilə bərabərdir. - X2 idarəsində 1997-ci ildə iddiaçıya 6 ay, 1998-ci ildə 8 ay, 1999-cu ildə 2 ay əmək haqqı hesablanmışdır və həmin müddətlərin cəmi 1 il 4 aya bərabərdir (hətta əmək stajı kolxoza uyğun faktiki müddətə uyğun hesablandıqda belə həmin müddət 1 il 12 günə bərabər olur – 61+125+62=377/240=1.57). Yuxarıda qeyd edilən müddətlərin üzərinə iddiaçının hərbi xidmətdə olduğu 2 il 21 gün toplandıqda iddiaçının 26 il 17 gün (14 il 7 ay 26 gün + 8 il + 2 il 21 gün + 1 il 4 ay) ümumi sosial sığorta stajı yaranır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyası araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. Buna görə də birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1635/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-62/2023
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-62/2023
12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver