Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-620/2023 06.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahısına salınmaqla Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi mənzillə təmin olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 2-1(116)- 1449/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahısına salınmaqla Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi mənzillə təmin olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsinə əsasən iddiaçı X1, xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, xx.xx.2002-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikası Silahlı Qüvvələrində gizir rütbəsində fasiləsiz olaraq həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2020-ci il tarixli 0170 gm nömrəli əmri ilə (xidmət müddəti başa çatdığına görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrində müxtəlif hərbi hissələrdə ümumilikdə N (iyirmi bir) il 3 (üç) ay qüsursuz xidmət etmişdir.
3. Bu məqsədlə (dövlət vəsaiti hesabına mənzillə təmin edilmək üçün) onun Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə ünvanladığı müraciətə baxldıqdan sonra, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi rəisinin 10 noyabr 2022-cı il tarixli 7078 nömrəli məktubu ilə imtina cavabı verilmişdir.
4. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçının göstərilən üç şərtlərdən biri olmadığından müvafiq siyahıya daxil edilə bilməz, çünki “hərbi qulluqçu ən azı 20 (iyirmi) təqvim ili və daha çox xidmət etməsi” şərti mövcud deyil. İddiaçının müddətli həqiqi hərbi xidməti Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında keçdiyindən Azərbaycan Ordusunda xidmət müddətinə əlavə edilmir. Müdafiə Nazirliyinin Mənzil-İstismar idarəsinin 01 aprel 2023-cü il tarixli 1283 nömrəli məktubundan görünür ki, İddiaçı xidmət müddəti Azərbaycan Ordusunda 18 il 09 ay 29 gün təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 26 sentyabr 2023-cü il tarixli 2-1(116)-1449/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
6. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
7. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə “Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və ya daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli 15 noyabr 2021-ci il tarixli Fərmanı, Fərmanın adında və 1-ci hissədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi Fərmanın məqsədinin məhz Azərbaycan Ordusunda xidmət etmiş hərbi qulluqçularla bağlı olması aşkar surətdə müəyyən edilmişdir. Azərbaycan Ordusu və Azərbaycan Respublikasının Silahlı Qüvvələri anlayışları arasında fərqləndirmə aparılmışdır ki, Azərbaycan Ordusu dedikdə, Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə başa düşülür. Məhkəmə qərarının təsviri hissəsində qeyd edir ki, iddiaçının 12 oktyabr 1996-cı il tarixdən 17 aprel 1999-cü il tarixədək müddətli həqiqi hərbi xidməti Azərbaycan Respublikası Milli Təlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında keçmiş və iddiaçının ehtiyata buraxıldığı zaman qüvvədə olan normaya əsasən onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq xidməti olmuşdur. Müdafiə Nazirliyinin Mənzi İstismar İdarəsi iddiaçının 12 oktyabr 1996-cı il tarixdən 17 aprel 1999-cu il Azərbaycan Respublikası Milli Təlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında həqiqi hərbi xidmət keçməsi barədə məlumat vermişdir. İddiaçının Sərhəd Qoşunlarında xidmətdə olan xidmət dövrünün Azərbaycan Ordusunda xidmət dövrünə daxil edilməsindən söhbət gedə bilməz. Bu səbəbdən də hazırkı üzrə iddiaçının 20 təqvim ili və daha çox Azərbaycan Ordusunda xidmət etməsi də mövcud olmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 2- 1(116)-1449/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
8. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
9. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
10. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 313 nömrəli, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-43-61/2-84/2023 nömrəli Arayışından görünür ki, 1978-ci il təvəllüdlü ehtiyyatda olan baş gizir X1 xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2002-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində (gizirlərin və miçmanların həqiqi hərbi xidməti) həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini –Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmri ilə (xidmət müddəti başa çatdığına görə) xx.xx.2020-ci il tarixdə ehtiyata buraxılmışdır. SX seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surətindən görünür ki, X1 xx.xx.1999-cu il tarixdən xx.xx.2020-ci il tarixədək (20 il) SQ TTM, 2009, 651, 708, 190, 703, 701, N və N nömrəli hərbi hissələdə xidmət keçmişdir; Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 0139t nömrəli xx.xx.2008-ci il tarixli, 028t nömrəli xx.xx.2011-ci il tarixli, 0103t nömrəli 24.06.213-cü il tarixli, 050t nömrəli xx.xx.2015-ci il tarixli, 0164t nömrəli xx.xx.2018- ci il tarixli, 084 nömrəli xx.xx.2020-ci il tarixli əmrləri ilə iddiaçı X1 medallarla təltif edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. İnzibati Prosessual Məcəllə: Maddə 8.1.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
12. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı:
1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. 3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.
13. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci il Fərmanına əsasən: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1144) aşağıdakı dəyişikliklər edilsin:
1. Adında və 1-ci hissədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilsin.
2. Preambulanın üçüncü abzasında “silahlı qüvvələrdə” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilsin.
14. Azərbaycan Respublikasının 17 may 2002-ci il tarixli, 333-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Qüsursuz xidmətə görə" medalı haqqında Əsasnamə:
1. “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər.
2. “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” 1- ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 2- ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 3- cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
16. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyildir, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
17. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
18. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
19. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının müddətli həqiqi hərbi xidmətini Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında keçmişdir.
23. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə ordu sıralarından ehtiyata buraxılmışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilməsi Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci il Fərmanına əsasən həyata keçirilmişdir. Göründüyü kimi iddiaçının ehtiyata buraxıldığı zaman qüvvədə olan normalara əsasən onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq xidməti olmuşdur. İddiaçı “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi ilə təltif edilmişdir.
24. Beləliklə, iddiaçının 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması onu “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına aid etməyə əsas verdiyindən, həmin Fərman ona da şamil edilməlidir.
25. İddiaçının hüquqi statusu (20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması), onu “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına daxil etməyə imkan verdiyindən, sözügedən Fərman ona da şamil edilməlidir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-357/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarında təsbit olunan hüquqi mövqe).
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətində iş üzrə göstərilən dəlillər əsassızdır.
27. Yuxarıda qeyd olunan hallarla bağlı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinasının əsası kimi iddiaçının müddətli həqiqi hərbi xidmətini Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında keçməsini göstərməsi onun hüquqlarının pozulmasına gətirib çıxarır.
28. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
29. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 2-1(116)-1449/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.