Məhkəmə qərarları › İş №2-1(107)-620/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-620/2025

21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-620/2025 21.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X4 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və almadığı pensiya haqlarının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli 2-1(116)-1563/2025 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “xx.xx.2021-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və almadığı pensiya haqlarının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinə əsasən, “İddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur, hazırda Mingəçevir şəhərində yaşayır. xx.xx.1992-ci ildən xx.xx.2012-ci il tarixədək Mingəçevir şəhərində yerləşən "xxxx" MMC-də işləmişdir. Bu günədək ümumi iş stajı 40 ildən çoxdur. "xxxx" MMC-nin qazan-turbin sexinin elektrik avadanlıqlarına xidmət və təmir edən elektrik çilingəri və təmirçi-çilingər vəzifəsində zərərli iş şəraitində 19 ildən çox, yəni 10 dekabr 1992-ci il tarixdən 02 iyul 2012-ci il tarixədək işləmişdir. Zərəli iş şəraitində işlədiyi üçün müəssisə tərəfindən iddiaçıya aylıq əmək haqqına xx.xx.1992-ci il tarixdən xx.xx.2012-ci il tarixədək 8-12% miqdarında əlavə əmək haqqı ödənilmiş, əmək məzuniyyətinə 06 təqvim günü əlavə edilmişdir. Yuxarıda qeyd etdikləri, "xxxx" MMC-nin cavabdehə ünvanlandırdığı xx.xx.2024-cü il tarixli, 0761 saylı arayışında, digər sənədlərdə də öz əksini tapmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə sənədlərini Mingəçevir regional “ASAN xidmət” mərkəzinə təqdim etmiş, sənədləri oradan cavabdehə göndərilmişdir. Cavabdehin göndərdiyi xx.xx.2024-cü il tarixli, 3-17-1/2-0246450/2024 saylı “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubunu iddiaçı xx.xx.2024-cü il tarixdə almışdır. Cavabdeh məktubunda göstərmişdir ki, “Müvafiq sorğuya cavab olaraq, 24.05.24-cü il tarixli və 18.09.24-cü il tarixli məktublarda qeyd olunan məlumatlara əsasən yuxarıda göstərilən vəzifələrdə işlənən müddətdə qazanxana, turbin (buxar-qaz.turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə məşğul olmamısınız. Bu səbəbdən də, həmin dövrləri güzəştli iş stajına aid etmək mümkün deyil. Göstərilən səbəbdən də güzəştli iş stajı yoxdur. Maraqlıdır, hansı səbəbdən və hansı əsasa görə cavabdeh hesab edir ki, iddiaçı yuxarıda göstərilən vəzifələrdə işlədiyi müddətdə qazanxana, turbin (buxar-qaz turbini) avadanlığına xidmət və təmiri ilə məşğul olmamışdır və iddiaçının xx.xx.1992-ci ildən xx.xx.2012-ci il tarixlərədək işlədiyi dövrü güzəştli iş stajına aid etmək mümkün deyildir. Cavabdehin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etməsi aşağıda qeyd etdiklərinə əsasən tam əsassız və qanunaziddir. Belə ki, AR Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı" bölməsinin (24-cü bölmə) “a" yarımbəndində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsi nəzərdə tutulmuşdur. Cavabdeh adıgedən Siyahının 24-cü bölməsinin “a” yarımbəndində yazılan “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığına xidmət və təmiri” işində işlədiyini əsassız olaraq qəbul etmir. Baxmayaraq ki, "xxxx" MMC-nin direktoru, əsas rəhbər işçilərinin imzası ilə cavabdehə göndərdiyi, xx.xx.2024-cü il tarixli, 0761 saylı “İşin xarakteri haqqında” arayışın 3-cü abzasında yazır: “İddiaçı 10 dekabr 1992-ci il tarixdən xx.xx.2012-ci il tarixədək zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr 3-4 sinif təhlükəli, səs-küy, havanın hərəkət surətinin, nisbi rütubətin, iş yerində havanın temperaturunun normadan yuxarı faktorları mövcud olduğu şəraitdə işləmişdir. Həmin arayışın 4-cü abzasında müəssisənin rəhbərliyi konkret olaraq vurğulayır: “İddiaçı xx.xx.1992-ci ilin tarixdən xx.xx.2012-ci il tarixinədək vəzifə borcunu tam iş günü ərzində enerji bloklarında, Qazan-Turbin sexində elektrik avadanlıqlarına xidmət və təmir işlərini zərərli iş şəraitində yerinə yetirmişdir. Həmin məktubun 5-ci abzasında isə iddiaçıya zərərli iş sahəsində və şəraitində işlədiyi üçün aylıq məvacibinə əlavə əmək haqqı ödənildiyi və məzuniyyət günləri də verildiyi qeyd edilir. Beləliklə, yuxarıda qeyd etdiklərindən və qanunvericiliyin tələblərindən də göründüyü kimi cavabdehin güzəştli şərtlərlə pensiya təyinatından imtina etməsi tamamilə qanunazidd və əsassızdır”.

3. Cavabdeh iddia ərizəsinə etirazında bildirmişdir ki, İddiaçı ərizə ilə Mərkəzi Filiala müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin müraciətə baxılaraq İddiaçı xx.xx.2024-cü il tarixli 3-17-1/2-V246450/2024 nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialıəsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-669/2024 nömrəli qərarında qeyd olunmuşdur ki, məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyi mövqeyə uyğun olaraq ilk öncə qeyd edir ki, iddiaçının əmək fəaliyyətinə dair məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmasa da, əmək pensiyasının təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Əlavə olaraq bildirilmişdir ki, Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq, işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma apanlmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən edilməlidir. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)482/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında da qeyd olunmuşdur ki, məhkəmə kollegiyası nəzərə alır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Eyni ilə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etmeyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə kollegiyası, həmçinin oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma apanlmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır (2-1(102)- 1410/2021, 2-1(102)- 131/2022, 2-1(102)-1399/2023 nömrəli işlər üzrə qərarlar). Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 159-cu maddəsinin 1-ci hissəsinə əsasən, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) müəyyən edilməsi həmin iş yerlərində, peşələrdə və vəzifələrdə işləmiş şəxslərə münasibətdə “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinin tətbiqi üçün özü-özlüyündə əsas vermir. Qeyd olunduğu kimi, güzəştli iş stajına dair arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla (məsələn, eyni müəssisədə, eyni əmək şəraitində həmin vəzifəni icra etmiş və ya icra edən digər şəxslərin təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlədiklərinə dair məlumatlar, həmin işlərin icrası məqsədləri üçün müəssisəyə daxil olan (alınan, tədarük edilən) və tətbiq edilən boyaq materiallarının və onların qatqılarının kimyəvi tərkibi barədə tədarükçünün məlumatları, şahidlərin ifadələri və s.) iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, "xxxx" ASC “Azərbaycan istilik Elektrik Stansiyası" MMC-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli arayışlarında xx.xx.1992-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində Elektrik sexinin “Blokların generator təsərrüfatına və elektroliz qurğularına xidmət və təmir briqadasında" elektrik maşınlarını təmir edən elektrik çilingəri, xx.xx.2003-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində "Liftlərə, stansiyanın qaldırıcı mexanizmlərinə və köməkçi obyektlərinə, elektrik avadanlıqlarına xidmət və təmir edən briqadasında" təmirçi çilingər vəzifələrində işlədiyi qeyd olunmuşdur. Sözügedən arayışda göstərilən məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə iki dəfə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublarda qeyd olunan məlumatlara əsasən iddiaçı yuxarıda göstərilən vəzifələrdə işlədiyi müddətdə qazanxana, turbin (buxarqaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə məşğul olmamışdır. Bu səbəbdən də, həmin dövrləri güzəştli iş stajına aid etmək mümkün olmamışdır. Göstərilən səbəbdən də, iddiaçının güzəştli iş stajı yoxdur.” Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.”.

4. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) 15 sentyabr 2025-ci il tarixli 2-1(116)-1563/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi xx.xx.1992-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək elektrik maşınlarını təmir edən elektrik çilingəri və xx.xx.2003-cü il tarixindən xx.xx.2012ci il tarixinədək təmirçi çilingər vəzifələrində işləsə də, həmin peşələr Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət sahəsi ilə eynilik təşkil etmədiyindən sözügedən dövrlər güzəştli iş stajına daxil edilməmişdir. Buna baxmayaraq məhkəmə müvafiq dövrləri güzəştli sığorta stajı kimi nəzərə almaqla maddi və prosessual pozuntulara yol vermişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli 2-1(116)-1563/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli 2-1(116)-1563/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli 2-1(116)- 1563/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

11. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir.

1. ИТ-İ seriyalı ******* nömrəli Əmək kitabçasının surəti;

2. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu;

3. xx.xx.2024-cü il tarixli 07/61 nömrəli İşin xarakteri haqqqında Arayış;.

4. 01.07.2009-cu il tarixli Əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi.

5. AZFE N B.M müəssisəsinin xx.xx.2021-ci il tarixli güzəştli arayışı;

6. AZE ********* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür.

7. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 07/62 Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayış,

8. Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin xx.xx.2024-cü il tarixli 07/63 Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayış,

9. Cavabdehin xx.xx.2025-ci il tarixli etiraz məktubu və ona əlavə edilmiş sənədlər. 10.Cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 33 il 2 gün (xx.xx.2006-cı il tarixinədək 25 il 2 gün (xx.xx.1979-xx.xx.1983cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984xx.xx.1986-cı il, xx.xx.1986xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1992-ci il, xx.xx.1992xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 8 il) təşkil edir. Bundan başqa, İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 60 yaşının tamamlandığı 22 iyun 2021-ci il tarixinə ona münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 33652,50 manat təşkil edirdi. TƏTBİQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 32.1.Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 2 nömrəli əlavə (23 yanvar 2007-ci il tarixədək qüvvədə olmuş) 21400000 Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı 2140000a—18455 qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”

24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

18. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli 2-1(116)-1563/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

21. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2021-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və almadığı pensiya haqlarının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

24. Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddiaçının yuxarıda göstərilən vəzifələrdə işlədiyi müddətdə qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə məşğul olmaması ilə əsaslandırmışdır.

25. Yuxarıda istinad olunan normaların müddəaları baxımından, iddiaçıya 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplaması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını, yəni ümumi iş stajını və güzəştli pensiya hüququ verən stajı həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanması.

26. İş materiallarına əsasən iddiaçının ümumi iş stajı 33 il 2 gün təşkil edir.

27. "xxxx" ASC-nin “X1 Stansiyası” MMC-nin iddiaçıya dair tərtib edilmiş xx.xx.2024cü il tarixli arayışlarında onun elektrik sexində elektrik maşınlarını təmir edən elektrik çilingəri vəzifəsində güzəştli iş stajı 10 il 8 ay 26 gün, elektrik sexində təmirçi çilingər vəzifəsində 08 il 09 ay 27 gün təşkil etdiyi qeyd olunmuşdur.

28. Bundan əlavə “İşin xarakteri haqqında arayış”da qeyd olunmuşdur ki, “İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü), xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək "xxxx"-nın 2 nömrəli Qazan-Turbin sexinin, Əməliyyat heyətinə öyrənən İV qrup turbin avadanlıqları üzrə nəzarətçi maşinist vəzifəsinə işə qəbul edilmişdir. (Əmr № 482/K xx.xx.1992). xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Elektrik sexinin “Blokların generator təsərrüfatına və elektroliz qurğularına xidmət və təmir briqadasında” 4-cü dərəcəli elektrik maşınlarını təmir edən elektrik çilingəri vəzifəsində (Əmr №509,xx.xx.1992) xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci it tarixədək həmin sexdə 5-ci dərəcəli elektrik maşınlarını təmir edən elektrik çilingər elektrik çilingəri vəzifəsində (Əmr №122/K,xx.xx.1996). xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək 6-cı dərəcəli elektrik maşınlarını təmir edən elektrik çilingər elektrik çilingəri vəzifəsində (Əmr №59/K,xx.xx.1997) xx.xx.2003-cü il tarixdən xx.xx.2012- ci il tarixədək həmin sexin “Liftlərə, stansiyanın qaldırıcı mexanizmlərinə və köməkçi obyektlərinə, elektrik avadanlıqlarına xidmət və təmir edən briqadasında” 6-cı dərəcəli təmirçi- çilingər vəzifəsində işləmişdir. xx.xx.2012-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr №147/Ş, xx.xx.2012). xx.xx.1992-ci il tarixdən xx.xx.2012-ci il tarixədək zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr 3-4 sinif təhlükəli, səsküy,havanın hərəkət surətinin, nisbi rütubətin,iş yerində havanın temperaturunun normadan yuxarı faktorları mövcud olmuşdur. xx.xx.1992-ci il tarixdən xx.xx.2012-ci il tarixədək vəzifə borcunu tam iş günü ərzində enerji bloklarında, Qazan- Turbin sexində elektrik avadanlıqlarına xidmət və təmir işlərini zərərli iş şəraitində yerinə yetirmişdir. Zərərli iş sahəsində işlədiyi üçün İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək aylıq məvacibinin 12 % miqdarında və xx.xx.2003-cü il tarixdən xx.xx.2012-ci il tarixədək aylıq məvacibinin 8% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə 06 təqvim günü məzuniyyət günü verilmişdir. "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqər "xxxx" MMC “Azərbaycan İstilik Elektrik Stansiyası" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. İddiaçı işlədiyi illər ərzində xx.xx.1992-ci il tarixdən xx.xx.2012-ci il tarixədək tutduğu elektrik maşınlarını təmir edən elektrik çilingəri və təmirçi-çilingər vəzifəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının 2 nömrəli Siyahısının 13-cü bölməsinin ”a” bəndində və 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24-cü. “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin” “a” bəndində göstərilmiş, qazanxana, turbin (buxar qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığını və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidməti üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələrinin xüsusiyyətlərinə uyğundur, qeyd edilən vəzifəylə eyni xidmətləri yerinə yetirmişdir.”.

29. Göründüyü kimi sadalanan arayışların qanunsuzluğu ilə bağlı hər hansı şübhə olmadığından məhkəmə onları mötəbər sübut kimi qəbul edir.

30. Anoloji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin bir sıra qərarlarında qeyd edilmişdir ki, “...əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər (H.X.Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 2-1(102)-641/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli; K.Q.Yusifov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 2-1(102)1094/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli; Z.A.Ağayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 2-1(102)-171/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli və s.).

31. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır:

1. iddiaçı tələb olunan yaş həddinə çatmalıdır.

2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır.

3. ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır.

32. İş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan çoxdur.

33. Onun işlədiyi “elektrik çilingərləri” vəzifəsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 24-cü bölməsinin “a)” bəndinə (qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri) uyğundur.

34. Belə ki, iddiaçının icra etdiyi funksional vəzifələrin bir qisminin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr olması həm iş materiallarına əlavə edilən iddiaçının işlədiyi müəssisələrdən verilmiş iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu əks etdirən iddiaçının tutduğu vəzifəyə malik olduğu peşəyə görə gördüyü işin xarakteri haqqında güzəştli arayışlar, həm də əmək kitabçası ilə təsdiq olunur.

35. Beləliklə, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək belə qənaətə gəlir ki, iddiaçının 12 il 06 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olduğundan, həmçinin, tələb olunan yaş həddinə çatdığından iddiaçının xx.xx.2021-ci il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1961-ci ildə doğulub, ümumi şərtlərlə kişilər üçün yaş tələbi 5 il azaldılmaqla). Həmçinin, iddiaçı hüququnun yarandığı tarixindən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən yuxarıda qeyd olunan dövr üçün pensiya kapitalı tələbi yoxdur.

36. Belə ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

37. Məhkəmə kollegiyasının qənaətinə görə yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının güzəştli şərtlərlə iş stajı tələb olunan minumum dövrdən artıq olduğundan cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı xx.xx.2021-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və almadığı pensiya haqlarının ona ödənilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

39. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli 2-1(116)-1563/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar