Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-623/2025 11.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi phş-ya qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və İddiaçı əlilliyinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 avqust 2025-ci il tarixli 2-1(116)-393/2025 nömrəli qərarından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “01 dekabr 2023-cü il tarixli qərarın ləğv edilməsi və pensiya verilməsinin bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı birinci Qarabağ Müharibəsində iştirak etmişdir. Həmin döyüşlərdə yaralanmış və üçüncü dərəcəli xəsarət almışdır. Bununla əlaqədar xx.xx.1993-cü il tarixdə iddiaçıya əlil olduğuna görə pensiya təyin edilmişdir. Əlillik hərbi xidmət keçmə zamanı alınmış və həmin dövrdən 01 dekabr 2023-cü il tarixə kimi pensiya ilə təmin olunmuşdur. 01 dekabr 2023-cü il tarixdə pensiya dayandırılmışdır. Əsas ondan ibarət olmuşdur ki, əlillik təyinatı barədə qüvvədə olan qərar ləğv edilmişdir. İddiaçı bildirir ki, o heç bir orqana çağrılmamış və pensiyanın dayandırılmasından xəbəri olmamışdır. Bununla əlaqədar ƏƏSM-nin tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat X7 müraciət etmişdir, iddiaçıya məktub göndərilərək bildirilmişdir ki, X6 İsmayıllı rayon şöbəsi tərəfindən 13 noyabr 2013-cü il tarixində dövlət qulluqçusu kimi İİİ dərəcəli əlilliyə görə pensiya təyin edilib. Əlillik təyinatı barədə qüvvədə olan qərarın ləğv edilməsi ilə əlaqədar Elçin Nəcəfovun pensiya ödənişi 01 dekabr 2023-cü il tarixdən dayandırılıb. Buna görə də, xx.xx.2013-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə adı çəkilən şəxsə ödənilmiş 93045,34 manat pensiya məbləği artıq ödənilmiş pul vəsaiti hesab edilir. İddiaçının xəbəri olmadan və Tibbi Sosial Ekspert Komisiyasının qərarı olmadan pensiyadan məhrum edilmişdir. Əslində isə qeyd olunan komissiya tərəfindən yoxlanılmalı və bundan sonra ekspert qərarı verilməli və pensiyanın təyin olunubolunmaması məsələsi həll edildikdən sonra pensiyanın dayandırılması məsələsi həll olunmalı idi. İşə əlavə etdiyi sənədlərdən də görünür ki, İİ qrup əlilldir və həmin əlillik hərbi xidməti vəzifəsi həyata keçirərkən alınmışdır və heç bir əsas olmadan pensiyadan məhrum edilmişdir.
3. Cavabdeh orqan məhkəməyə təqdim olunmuş iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının övladının sağlamlıq vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2002-ci il tarixli göndərişi əsasında baxılmış, Diaqnoz: “Diaqnoz öz təsdiqini tapmaması”; Səbəb: “Tibbi-Sosial Ekspert Komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilir.” barədə imtina qərarı verilmişdir. Bildirir ki, İsmayıllı rayon sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı əlillik vəziyyəti Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə əsasında xx.xx.2002-ci il tarixində qiymətləndirilmiş və ona “Sol mil dirsək sinirinin travmatik nevriti. Sol əlin tutma funksiyasının pozulması ilə” diaqnozu ilə 2.3. bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qruplari üzrə araşdırılması məqsədi ilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-Ə- 26954/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixinə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən "Əlillik" altsistemində Tibbi-Sosial Ekspert Komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilir. - Məlumat üçün bildirir ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il tarixli 16 yanvar 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il tarixli 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (Dundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. - Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"-nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyi birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərillir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydada əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu; - İddiaçıya məxsus 200227 seriya nömrəli əlillik vəsiqəsinin surəti; - İddiaçıya məxsus HЗ ******* seriya nömrəli hərbi biletin surəti.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) 27 avqust 2025-ci il tarixli 2-1(116)-393/2025 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdehin 01 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və İddiaçı pensiya verilməsinin bərpa edilməsi öhdəliyinin Cavabdeh PHŞ-nin üzərinə qoyulması qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən göndəriş əsasında “İnzibati icraat haqqında” Qanunun tələbləri baxımından hər hansı inzibati icraat aparılmadan, əlilliyin səbəb-əlaqəsinin dəyişdirilməsindən imtina edilməklə bərabər iddiaçıya təyin edilmiş müddətsiz əlillik də ləğv edilmişdir. Bu isə adıçəkilən Qanunun tələbləri baxımından yolverilməzdir. - Hazırkı mübahisəyə münasibətdə məhkəmənin araşdırması zamanı iddiaçıya müddətsiz əlillik dərəcəsinin təyin edilməsi barədə qərarın inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edildiyi və ya dəyişdirildiyi, bununla bağlı qanunvericiliyin tələblərinə uyğun icraat aparıldığı və icraatın nəticəsinə dair müvafiq qərarın qəbul edildiyi müəyyən olunmamışdır. Həmçinin bu icraatla bağlı iddiaçının lazımi qaydada məlumatlandırılmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. - Yuxarıda qeyd olunan normaları işin hallarına tətbiq edən məhkəmə hesab etmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı əlilliyinin ləğvi barədə cavabdehin faktiki hərəkətləri əsassız olmuşdur. Belə ki, mübahisələndirilən qərar inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilməmişdir. Odur ki, iddia təmin edilməli, iddiaçıya təyin edilmiş əlillik ləğv edildiyi tarixdən bərpa edilməlidir.
7. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Hüquqi Şəxsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 27 avqust 2025-ci il tarixli 2- 1(116)-393/2025 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - Qanunvericilik Agentliyə öz verdiyi qərarın düzgünlüyünə şübhə yarandığı halda əsaslığının yenidən yoxlanması üçün hüquq vermişdir. Bu hüquqdan istifadə edilməsi nəticəsində şəxsin dəyişkən sağlamlıq vəziyyəti ilə əlaqədar yeni halın aşkarlandığı halda barəsində yeni qərar qəbul etməkdə də tam haqlıdır. - Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Agentlik müayinə-müalicə müəssisəsi deyil, həmin müəssisələr tərəfindən aparılmış laborator və instrumental müayinələrin nəticələrini və müalicə müddətlərinin qiymətləndirməsini həyata keçirən orqandır. Əyani müayinə zamanı vətəndaşın xəstəlik müddətində aldığı müalicələri əks etdirən sənədlər qiymətləndirilərək barəsində yekun qərar qəbul edilir. - Maddi hüquq normalarının tələbləri baxımından Şəki İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Şəki İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini və tələbin dəyişdirilməsi barədə ərizəni müdafiə edərək cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin üzərinə “cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və İddiaçı əlilliyinin bərpa edilməsi öhdəliyinin qoyulması”-nı xahiş etdi. Əlavə olaraq hazırki iddianın təmin edilməsini, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 dekabr 2025-ci il tarixli, 2-1(107)-623/2025 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.
12. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 3.1 Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Bənd 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Bənd 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Bənd 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
Apellyasiya şikayətinin mümkünlüyü
18. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olsa da, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, İddiaçı xx.xx.2002-ci ildə təyin edilmiş müddətsiz 3-cü dərəcə əlilliyin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və onun əlilliyinin bərpa edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.
20. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya müddətsiz 3-cü dərəcə əlilliyin ləğv edilməsi barədə qərarın ləğv edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələ birinci instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
21. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
22. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlsə də, mübahisənin predmeti Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının iddiaçı barəsində olan 06 noyabr 2023-cü il tarixli qərarı olmasına baxmayaraq, iddiaçının əlilliyə görə pensiyasının dayandırıldığı tarixi əsas götürərək həmin tarixdə iddiaçı barəsində Agentlik tərəfindən qəbul edilmiş mövcud olmayan qərarın ləğv edilməsi məsələsinə baxmışdır.
24. Belə ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 06 noyabr 2023-cü il tarixli qərarından da görünür ki, İddiaçı əlillik vəziyyəti Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə əsasında xx.xx.2002-ci il tarixdə qiymətləndirilmiş və ona “Sol mil dirsək sinirinin travmatik nevriti. Sol əlin tutma funksiyasının pozulması ilə” diaqnozu ilə 2.3. bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Əlillik təyinatının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-Ə-26954/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixinə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən Əlillik altsistemində Tibbi-Sosial Ekspert Komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlilliyinin ləğvi ilə bağlı hüquqi nəticə yaradan qərar məhz Agentliyin xx.xx.2023-cü il tarixli qərarıdır. Ona görə də həmin qərar ləğv edilməlidir. Həmçinin hazırkı iş üzrə cavabdeh də məhz Agentlikdir.
26. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, ilk olaraq iddiaçının hüquqlarının pozulması onun pensiya hüququnun deyil, həmin hüququn yaranmasına əsas olan əlillik statusunun ləğv edilməsi ilə bağlı olmuşdur. Pensiya hüququnun bərpası hazırki mübahisəyə münasibətdə əlillik statusunun mövcudluğundan asılı (törəmə) tələb olduğundan, cavabdeh inzibati orqan isə pensiyanın bərpa edilməsi ilə bağlı cavabdehlik daşımadığından, cavabdehin üzərinə pensiyanın bərpa edilməsi deyil, əlilliyin bərpa edilməsi öhdəliyi qoyulmalıdır.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.
28. Cavabdeh orqan apellyasiya şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən Agentlik əlilliyin qiymətləndirilməsi ilə bağlı qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olduqda şəxsi əyani müayinəyə cəlb etmək və müayinənin nəticələrinə uyğun olaraq müvafiq qərar qəbul etmək səlahiyyətinə malikdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində hansı hallarda Agentliyin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb etməsi öz əksini tapmışdır. Qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır.
30. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin ləğv edilməsi imkanını tanımışdır.
32. Qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməli idi. Hazırkı halda bu, baş verməmişdir.
33. Hazırkı işin hallarından göründüyü kimi cavabdeh orqan ümumiyyətlə iddiaçıya xx.xx.2002-ci ildə təyin edilmiş əlilliyi yenidən təftiş etmək niyyətində olmamışdır. İddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın ləğvi faktiki olaraq hər hansı daxili audit yoxlaması, o cümlədən ilkin təyinatın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların yoxlanılması ilə bağlı aparılan icraatın nəticəsində baş verməmişdir.
34. Belə ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar kimi qəbul edilə bilər. Lakin həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni, daxili audit yoxlaması iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, qurum ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, onun əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır.
35. Göründüyü kimi “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Cavabdeh isə əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutları təqdim etməmişdir.
36. Qeyd olunanları nəzərə almadan cavabdeh orqan 25 oktyabr 2002-ci ildə təyin edilmiş əlillik təyinatının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlara malik olmadan, əvvəllər təyin edilmiş əlilliyi də ləğv etmişdir. Odur ki, hazırki iş üzrə əvvəllər iddiaçıya müddətsiz üçüncü dərəcə əlillik təyin olunduğuna görə onun barəsində ekspertiza keçirilməsinə də zərurət yoxdur.
37. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlillərində göstərdiyi hallar əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut hesab edilə bilməz.
38. Həmçinin, cavabdeh orqan iddiaçı barəsində TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmadan onu təkrar əyani müayinəyə cəlb etməkdə də haqlı olmamışdır.
39. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan əlilliyin müəyyən olunması barədə qərarın ləğvi ilə bağlı məsələni həll edərkən, eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və sahəvi normativ aktların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
40. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni, inzibati orqan qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə, ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur.
41. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında" Qanunun 13-cü maddəsinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
42. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də "İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
43. Məhkəmə kollegiyası cavabdehin dəlillərini birinci instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
44. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).
45. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.
46. Bununla yanaşı, nəzərə alınmalıdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).
47. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edildiyi hazırda mübahisələndirilən qərarından verdiyi apellyasiya şikayətinin ümumilikdə dəlilləri əsassızdır. Buna görə də iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını təmin edərək müddətsiz əlilliyin ləğv edilməsinə dair cavabdeh tərəfindən qəbul edilmiş qərarı ləğv etməkdə haqlı olmuşdur.
49. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddia təmin edilməklə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı xx.xx.2002-ci ildə təyin edilmiş müddətsiz 3-cü dərəcə əlilliyin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və İddiaçı əlilliyinin bərpa edilməsi öhdəliyi qoyulmalıdır.
50. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 avqust 2025-ci il tarixli 2-1(116)-393/2025 nömrəli qərarı dəyişdirilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin üzərinə İddiaçı xx.xx.2002-ci ildə təyin edilmiş müddətsiz 3-cü dərəcə əlilliyin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və onun əlilliyinin bərpa edilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.