Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-626/2023 06.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “10 dekabr 2021-ci il tarixdə təyin edilmiş əlillik səbəb əlaqəsinin “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” kimi qeyd edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2-1(116)-254/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin təyin edilməsi bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. xx.xx.2023-cü il tarixli birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək “10 dekabr 2021-ci il tarixdə təyin edilmiş əlillik səbəb əlaqəsinin “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” kimi qeyd edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin iclas protokolu ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı xx xxxx 1975-ci il tarixdə Şəki rayonu Oxud kəndində anadan olmuşdur. Birinci Qarabağ döyüşlərində iştirak etmiş və döyüşlər nəticəsində İİ qrup müharibə əlili olmuşdur. Özü özünü idarə etmək qabliyyətində deyil. Demək olar ki, mədə bağırsağı öz fəaliyyətini itirmişdir. Mədəsi kaprondandır. Özü müharibə vaxtı kantuziya almışdır. Belə bir vəziyyətdə onun əlillik səbəbinin dəyişdirilməsi qanunazidd olmuşdur. Onun əlillik səbəbi əsassız və qanunsuz olaraq dəyişdirilmişdir. O, birinci Qarabağ müharibəsində iştirak etmiş və müharibə nəticəsində güllə yaraları almışdır. Onun əlillik səbəbi sırf birinci Qarabağ müharibəsinin nəticəsi olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidməti tərəfindən verilmiş arayışdan göründüyü kimi ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik verilmişdir. Bundan sonra ona təkrar müayinələrdə müddətsiz ikinci dərəcəli əlillik qeyd edilmiş və səbəb kimi ümumi xəstəlik göstərilmişdir.
5. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı müvafiq Hərbi Həkim Komissiyasının qərarı və ya şəhadətnaməsi əsas götürülür.
6. Müəyyən olunmuşdur ki, İddiaçı hərbi səbəblə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Agentliyin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı və əyani müayinənin nəticəsində onda MHHK-nın qərarlarında qeyd edilən diaqnozlar öz təsdiqini tapmamışdır. Lakin müayinə zamanı yanaşı gedən xəstəliklər müəyyən edildiyindən “ümumi xəstəlik” səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə əsaslı və düzgün qərar qəbul edilmişdir. Hesab etmişlər ki, iddiaçının tələbi əsassız və qanunsuzdur.
7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahatlar verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 20 sentyabr 2023-cü il tarixli 2-1(116)-254/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. Cavabdeh apellyasiya şikayətini etirazın dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsini 20 sentyabr 2023-cü il tarixli 2- 1(116)-254/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə və iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsini 20 sentyabr 2023-cü il tarixli 2-1(116)-254/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər.
12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.
13. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
14. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli 897 nömrəli məktubundan görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsindədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına 0344003AALUC nömrəli Göndərişdən görünür ki, İddiaçı “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Hərbi travma: Qarın boşluğunu dəlib keçən odlu silah güllə yaralanması səbəbli laporatomiya, qaraciyərin, yoğun bağırsağın, qalxan, köndələn çənbər bağırsaq hissəsinin bağırsaq müsariqəsinin zədələnməsi” diaqnozu qoyulmuşdur. İddiaçı üçün ətraflı qiymətləndirmə məlumatlarının təsdiqlənmiş surətlərindən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə müddətsiz 3-cü dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə 2-ci dərəcə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə 2-ci dərəcə, xx.xx.2021-ci il tarixdə müddətsiz 2-ci əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının iyun 2022-ci il tarixli qərarı ilə iddiaçıya ümumi xəstəlik səbəbi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxs Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 513 nömrəli Arayışından görünür ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı həqiqətən « Hərbi əməliyyatlar nəticəsində odlu salahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hərbi travma: Qarın boşluğunun dəlib keşən odlu silah güllə yaralanması səbəbli laporatomiya, qaraciyərin, yoğun bağırsağın, qalxan, köndələn şənbər bağırsaq hissəsinin bağırsaq müsariqəsinin zədələnməsi » ilə yaralanmış, ağırlaşma digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər Cərrahi əməliyyat: qaraciyərin, yoğun bağırsaq və bağırsaq müsariqəsi yaraların tikilməsi, Periton bitişmələri Qarın boşluğunun drenaj olunmasından sonrakı bitişmə xəstəliyi, Bağırsaq bitişmələri, keçməməzlik ilə Hissəvi bağırsaq keçməməzliyi” yanaşı xəstəliklər Nevrasteniya Asteno nevrotik vəziyyət, Üzvi mənşəli pozğunluğu Üzvi mənşəli şəxsiyyət pozuntusu, intellektin enməsi və davranış pozuntusu diaqnozları ilə xəstədir, hal- hazırda yataq rejimindədir. Xəstənin vəziyyəti təxliyəyə imkan vermir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
16. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71 -ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
17. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2.-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. 2019-cu ildə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”nin: 4.2. bəndinə görə “göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7. bəndinə görə isə “səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
18. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın 2.2. bəndinə görə " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu; 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
20. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2-1(116)-254/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. İş materialları ilə müəyyən edilmişdir ki, 0344003AALUC nömrəli Göndərişdən görünür ki, İddiaçı “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Hərbi travma: Qarın boşluğunu dəlib keçən odlu silah güllə yaralanması səbəbli laporatomiya, qaraciyərin, yoğun bağırsağın, qalxan, köndələn çənbər bağırsaq hissəsinin bağırsaq müsariqəsinin zədələnməsi” diaqnozu qoyulmuşdur. Hazırki iş üzrə mübahisənin predmetini iddiaçıya cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilməsi təşkil edir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: - 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. - 7.2-ci bəndinin a) yarmbəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarı çıxarır. «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə görə göndərişlər “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə hərbi həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir.
27. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın tələbinə görə şəxsə hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilir. İddiaçının əlilliyi hazırda mübahisə predmeti deyildir. Mübahisə əlilliyin səbəb əlaqəsi ilə bağlıdır.
28. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın tələbinə görə şəxsə hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilir.
29. Təlimata görə hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. (Azərbaycan Respublikasının Ali Məhkəməsinin № 2-1(102)- 700/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarında təsbit olunan hüquqi mövqe).
30. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçıya MN-nin MHHK-nın xx.xx.1994-cü il tarixli arayış verilmiş, ona “Qarın boşluğunu dəlib keçən odlu silah güllə yaralanması səbəbli laporatomiya, qaraciyərin, yoğun bağırsağın, qalxan, köndələn çənbər bağırsaq hissəsinin bağırsaq müsariqəsinin zədələnməsi” diaqnozu qoyulmuşdur.Həmin travmanın səbəbli əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. İddiaçıya əvvəllər həmin səbəbli əlaqə əsasında müddətsiz olaraq üçüncü dərəcə əlillik təyin olunmuş, 2015-ci ildən etibarən iddiaçının səhhətində baş vermiş ağırlaşmalara uyğun olaraq həmin meyar əsasında İİ dərəcə əlillik təyin edilmişdir.
31. İddiaçının hərbi xidmətlə əlaqədar əlillik səbəbləri ştatlı HHK tərəfindən tərtib edilmiş qərar əsasında təyin edildiyindən cavabdeh iddiaçının xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsini müəyyən etməyə borclu olmuş, bu barədə hər hansı əlavə tibbi sənədlərin tələb edilməsinə zərurət qalmamışdır. (Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2- 1(102)-2315/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarında təsbit olunan hüquqi mövqe).
32. Məhkəmə kollegiyasının qənaətinə görə belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan iddia tələbi təmin olunmalıdır.
33. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
34. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2-1(116)-254/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.