Məhkəmə qərarları › İş №2-1(107)-629/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-629/2023

28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-629/2023 28.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı Oğuz rayonu Xaçmaz kəndində yerləşən, qanuni istifadəsində olan 1,11 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibаti iş üzrə (Açar sözlər: ləğv, məhkəmə icraatının davam etdirilməsi üçün göndərmə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı Oğuz rayonu Xaçmaz kəndində yerləşən, qanuni istifadəsində olan 1,11 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2-1(116)-51/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə аçıq məhkəmə iclаsındа baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət İddiaçı cavabdeh DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “dövlət aktının ləğv edilməsi, torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəyişərək “Oğuz rayonu Xaçmaz kəndində yerləşən, qanuni istifadəsində olan 1,11 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hаkim Vüqar Musayev) 31 oktyabr 2022-ci il tarixli, 2- 1(116)-51/2022 saylı qərarı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayonu Xaçmaz kəndində yerləşən, qanuni istifadəsində olan 1,11 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi təmin edilməmişdir. Qərardan nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2023-cü il tarixli, 2- 1(107)-138/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2-1(116)-51/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilmiş, cavabdehin üzərinə Oğuz rayonu Xaçmaz kəndində yerləşən, İddiaçı faktiki istifadəsində olan 1,11 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)- 1625/2023 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 2-1(107)-138/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən qərarında göstərilmişdir ki, “Şəki İnzibati Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli İddiaçı, X3 və X13 tərəfindən verilmiş iddia ərizəsinə məhkəmə tərəfindən münasibət bildirilməmiş, eyni zamanda İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş dəqiqləşdirilmiş iddia ərizəsi barədə nə protokol qaydasında, nə də ki, qərardad qəbul edilmədən ərizə icraata qəbul edilmiş, bununla da, İPM-in 54-cü maddəsinin tələbini pozmuşdur. Digər tərəfdən, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(07)138/2023 saylı qərardadı ilə X7; X2 və X3 üçüncü şəxslər kimi icraata cəlb edilmişlər. Halbuki, nə iddia ərizəsindəki dəlillərə əsasən, həm də iş materiallarında olan “Ölüm haqqında şəhadətnamə”yə əsasən X7 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Bundan əlavə, iş materiallarında olan sənədlərdən görünür ki, torpaq sahəsi X7 və onun ailə üzvlərinin (X11, İddiaçı, X4 və X13) ümumi birgə mülkiyyətinə verilmişdir. Belə olan halda isə, həmin şəxslər (vəfat etdiyi halda isə hüquqi varisləri) hazırkı iddia tələbində iddiaçı qismində çıxış etməlidirlər, üçüncü şəxs kimi yox. Lakin, işə baxan aşağı instansiya məhkəmələri İddiaçı iddia ərizəsi ilə hazırkı tələblə təkbaşına müraciət etməsinə subyektiv hüququnun olmaması məsələsinə qiymət verməmişlər. Eyni zamanda, X5 vəfat etdiyi nəzərə alınmaqla onun qanuni vərəsələrinin kimliyi müəyyən edilməmiş, X11 nə iddiaçı nə də üçüncü şəxs kimi icraata cəlb edilməmiş (vəfat etməsi ilə bağlı iş materiallarında məlumat yoxdur), əlavə olaraq, ailə üzvlərinin adına çıxarışın verilməsini xahiş etməklə qeyri-müəyyən tələb irəli sürmüş (ailə üzvlərinin adı dəqiqləşdirilməmişdir) və qeyri-müəyyən tələb olaraq da apellyasiya instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Beləliklə, hazırkı iddia üzrə subyektiv hüquq məsələsi aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmamış və qiymətləndirilməmiş, o cümlədən iddia tələbi qeyri-müəyyən şəxslər dairəsi ilə bağlı təmin edilmişdir. Hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi Xaçmaz kəndində yerləşən “Turan” k/t məhsulları kooperativinin istifadəsində olan torpaq sahələrinin islahatı barədə “Xaçmaz”-İ X18 Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı protokolundan çıxarışa, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 67 saylı iclas protokolundan çıxarışa istinad edir. Qeyd edilməlidir ki, iş materiallarında olan Xaçmaz kəndində yerləşən “Turan” k/t məhsulları kooperativinin istifadəsində olan torpaq sahələrinin islahatı barədə “Xaçmaz”-İ X18 Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı protokolundan çıxarışın məzmununda iclasın sədrinin adından qeyd edilmişdir ki, “...bu günə qədər kənddə normadan artıq həyətyanı torpaq sahəsindən istifadə edilir ki, həmin həyətyanıdan artıq sahələrin hesabı onlara veriləcək torpaq payından çıxılmasını daha məqsədə uyğun hesab etdiyini bildirdi...”. Həmin protokolun qərara aldı hissəsində isə qeyd edilmişdir ki: “...2.“Turan” təsərrüfatına əhatə edən... torpaq payı alacaq subyektlərin tərtib edilmiş siyahısı təsdiq edilsin. ... 5. Ailə başçılarının qaytanlanmış torpaq kitabında olan həyətyanı torpaq sahələri onların mülkiyyətinə verilsin. 6. Bu günə kimi ayrı-ayrı ailələr tərəfindən salınmış bağ sahələri, onların mülkiyyətlərinə verilməklə onlara düşəcək torpaq payına daxil edilərək çıxılsın. ... 10. Qərarın təsdiqi Oğuz rayon Aqrar İslahat Komissiyasından xahiş edilsin.” Digər tərəfdən, iş materiallarında olan Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 67 saylı iclas protokolundan çıxarışın məzmununda “iclas gündəliyi” hissəsində qeyd edilmişdir ki, “Oğuz rayonunun Xaçmaz kənd X18 komissiyasının 20 iyun 1998-ci il tarixli 5 saylı yığıncaq qərarının təsdiqi barədə”, “qərar alır” hissəsində isə qeyd edilmişdir ki, “1. Oğuz rayon Xaçmaz kənd Aqrar-İslahat komissiyasının 20 iyun 1998-ci il tarixli 5 saylı yığıncaq qərarı təsdiq edilsin. 2. Oğuz rayon Xaçmaz kəndində özəlləşdiriləcək torpaq paylarının bölünüb rəsmiləşdirilməsinə köməklik göstərilməsi Respublika Aqrar İslahat Komissiyasından xahiş edilsin...”. Sözügedən qərardan çıxarışın “qərar alır” hissəsində sonradan qələmlə düzəliş edilmiş və “5” rəqəmi “14” rəqəminə dəyişdirilmişdir (iş v. 6). Bundan əlavə, iş materiallarında olan KOD 40509018, JN-472F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” 2006-cı il tarixli Şəhadətnamədə və KOD 40509018, JN-472G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” 2006-cı il tarixli Şəhadətnamədə Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 67 saylı qərarına istinad edilmiş, JN- 189 KOD 40509018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında isə Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 67 saylı qərarına istinad edilmişdir. Əlavə olaraq, iş materiallarında olan Oğuz rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş Oğuz rayon Xaçmaz kənd “Turan” kooperativi inzibati ərazi vahidi üzrə pay almaq hüququ olan vətəndaşların X1 (4 nəfər ailə üzvləri ilə birgə-X11, İddiaçı və X4) qarşısında “0.30-qaytanlanmış kitabda həyətyanı sahə və 2.00-faktiki torpaq sahəsi” rəqəmləri və sözləri yazılmışdır. Eyni zamanda, həmin siyahıya da sonradan qələmlə düzəliş edilmişdir (ailə başçısının sıra nömrəsi və ardıcıl sıra nömrəsi hissəsinə). Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iş materiallarında olan sənədlərin məzmununda ziddiyyətli hallar mövcuddur və bu hallar aşağı instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Nəzərə alınmalıdır ki, hazırkı halda iddiaçının tələbi ailə üzvləri ilə birgə istifadələrində olan 1.11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması olduğundan və tələb Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 1 saylı Bakı Ərazi İdarəsinə yönəldiyindən, tələbin əsaslı olması “ Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində sadalanan əsaslar olduğu halda mümkündür. Hazırkı halda isə iddiaçının istinad etdiyi sənədlərin məzmunu natamam və ziddiyyətlidir. Aşağı instansiya məhkəmələri isə tələb üzrə hərtərəfli araşdırma aparmamış, torpaq islahatı zamanı iddiaçıya və ailə üzvlərinin istifadəsinə ayrılan torpaq sahəsi ilə bağlı sənədləri tələb etməmiş və tədqiq etməmiş (iddiaçıya və ailə üzvlərinin istifadəsinə faktiki nə qədər torpaq sahəsi ayrılması, eyni zamanda istifadələrində olan torpaq sahəsi ilə pay torpağının əvəzləşdirilib-əvəzləşdirilməməsi və sair ilə bağlı), iddiaçının hüquqi marağına uyğun iddia qaldırmaqda yardım etməmişdir (əgər aqrar islahat komissiyasının qərarı düzgün icra edilməmişsə, iddiaçı və ailə üzvləri qərarıın düzgün icra edilmə ilə bağlı müvafiq iddia ilə çıxış etməlidirlər). Həmçinin apellyasiya instansiya məhkəməsi iddia tələbini 1.11 ha torpaq sahəsinə münasibətdə iddia tələbini təmin etməklə nəzərə almamışdır ki, dövlət aktı ilə 0.89 ha, dövlət şəhadətnamələri isə müvafiq olaraq 0.30 ha və 0.07 ha torpaq sahələri verilmiş, bu isə ümumilikdə 2.36 ha torpaq sahəsi edir. Əlavə olaraq, JN-189 KOD 40509018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı qüvvədən düşməsi barədə də iş materiallarında sübut yoxdur. Digər tərəfdən, cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna qoşma kimi əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki,JN-189 kod 40509018 nömrəli Dövlət Aktına əsasən 0,89 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi (əkin) ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Məhkəmə kollegiyası cavabdehin “torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı” olması ilə bağlı dəlilləri ilə əlaqədar qeyd edir ki, iş materiallarında olan cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna qoşma kimi əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçıların faktiki istifadə etdikləri və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdikləri 1,11 ha torpaq sahəsi Oğuz rayon Xaçmaz kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, təyinatı yaşayış məntəqəsi torpaqları, uqodiyası çoxillik əkmələr olmaqla Xaçmaz bələdiyyəsinin mülkiyyətinə aiddir. Digər tərəfdən isə, cavabdeh torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğunu bildirir, həmçinin apellyasiya instansiya məhkəməsinin qərarında da qeyd edilmişdir ki, “iddiaçının və onun ailə üzvlərinin faktiki istifadəsində 2,00 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi olmasına baxmayaraq Azərbaycan Respublikası “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinin tələbi pozularaq ona 0,89 ha kənd təsərrüfatı torpaq sahəsi verilmiş, 1,11 ha hissəsi isə verilməmişdir. Göründüyü kimi, iş materiallarında olan sübutlar və tərəflərin dəlilləri ziddiyyətli olmaqla, məhkəmənin mövqeyi də əsaslı olmamışdır. Bundan əlavə, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli məktubuna qoşma kimi əlavə edilmiş mütəxəssis rəyi, cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna qoşma kimi əlavə edilmiş mütəxəssis rəyi və cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna qoşma kimi əlavə edilmiş mütəxəssis rəyinin məzmunu da ziddiyyətlidir. Belə ki, xx.xx.2021-ci il tarixli rəydə qeyd edilmişdir ki, İddiaçı JN-189 KOD 40509018 nömrəli Dövlət Aktı ilə verilmiş 0.89 ha pay torpaq sahəsinin 0.69 ha hissəsi (sxem 3), JN472G Şəhadətnamədə qeyd edilən 0.30 ha torpaq sahəsinin 2978 kv.m hissəsi (sxem 1), JN472F saylı Şəhadətnamədə göstərilən 0.07 ha torpaq sahəsi isə (sxem 3) hazırda faktiki istifadələrində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. xx.xx.2022-ci il tarixli rəydə isə qeyd edilmişdir ki, iddiaçıların faktiki istifadələrində olan 2,28 hektar torpaq sahəsi 0,98 və 1,3 hektar olmaqla 2 ayrı ərazidə yerləşir, JN-189 kod 40509018 nömrəli Dövlət Aktına əsasən 0,89 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi (əkin) ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna qoşma kimi əlavə edilmiş mütəxəssis rəyində isə qeyd edilmişdir ki, JN-189 kod 40509018 nömrəli Dövlət Aktında qeyd edilmiş 0,89 ha torpaq sahəsi iddiaçıların faktiki istifadəsində olan 1,91 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)- 1625/2023 nömrəli qərarında göstərilənlərdən də görünür ki, hazırki iş üzrə əhəmiyyətli sayda və geniş həcmdə sübutların araşdırılması tələb olunur. Belə olan halda, həmin qərarda göstərilən məsələlərin araşdırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinin tələbi baxımından məhkəmə icraatının davam etdirilməsi zəruridir. Məhkəmə kollegiyası işdə olan sənədləri araşdıraraq hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2-1(116)-51/2022 nömrəli qərarı ləğv edilməli, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı Oğuz rayonu Xaçmaz kəndində yerləşən, qanuni istifadəsində olan 1,11 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş məhkəmə icraatının davam etdirilməsi üçün Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 89-cu massəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2-1(116)-51/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı Oğuz rayonu Xaçmaz kəndində yerləşən, qanuni istifadəsində olan 1,11 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş məhkəmə icraatının davam etdirilməsi üçün Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə təqdim edildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar